Müsəlmanlar

Qadınların şahidliyi

QADINLARIN ŞAHİDLİYİ ((Abdulaziz Bayındır, Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə surələri və şərhlər, Təknur Nəşriyyatı, Bakı, 2005, s. 202-207.))

Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər iki kişi yoxdursa, qəbul edəcəyiniz [razı olacağınız] bir kişi ilə iki qadının şahidliyi kifayət edər. Biri yanılsa, digəri ona xatırlatsın. Şahidlər çağırıldıqları zaman boyun qaçırmasınlar. Borc istər böyük, istərsə kiçik olsun, borcu öz vədəsi ilə birlikdə yazmağa ərinməyin! Bu, Allah yanında doğru, şahidlik üçün daha etibarlı və sizin şübhəyə düşməməyiniz üçün daha münasib olar (Əl-Bəqərə surəsi, 2/282).

Qurani-Kərim şahidlik məsələsində kişi ilə qadın arasında fərq qoymadığı halda, fiqh ənənəsində fərq qoyulmuş, hətta məhkəmədə cəza və qisas məsələlərinə baxıldığı zaman, bütün şahidlərin kişi olması şərti irəli sürülmüşdür. Digər məhkəməlik işlərdə isə şahidlik etmək üçün iki kişi, yaxud da bir kişi ilə iki qadın kifayət etmişdir. Borca səbəb olan hüquqi münasibətlərin müəyyənləşdirilməsi ilə əlaqədar olan ayədə belə buyurulur:

Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər iki kişi yoxdursa, qəbul edəcəyiniz [razı olacağınız] bir kişi ilə iki qadının şəhadəti kifayət edər. Biri yanılsa, digəri ona xatırlatsın (Əl-Bəqərə, 2/282).

Ayənin cümlələri arasındakı əlaqəyə diqqət yetirilmədiyi təqdirdə, belə bir qənaətə gəlmək olar ki, bu ayə şahidlik məsələsində kişi ilə qadın arasında fərq qoyub. Belə ki, əvvəlki fəqihlər də bu cür davranıblar. Ayənin davamı belədir:

Şahidlər çağırıldıqları zaman boyun qaçırmasınlar. Borc istər böyük, istərsə kiçik olsun, borcu öz vədəsi ilə birlikdə yazmağa ərinməyin! Bu, Allah yanında doğru, şahidlik üçün daha etibarlı və sizin şübhəyə düşməməyiniz üçün daha münasib olar.

«Bu, şahidlik üçün daha etibarlıdır» ifadəsi borcu həm yazı ilə müəyyənləşdirmək baxımından, həm də şahidliyin kifayət edib-etməməsi baxımından qiymətləndirilə bilər. «Daha etibarlı» ifadəsi «etibarlı» sözünün ziddidir. Etibarlı olan iki şey müqayisə edildikdə, ikisindən birinə «daha etibarlı» demək mümkündür. Əgər burada bir kişi ilə iki qadının şahidliyinin daha etibarlı olduğu deyilirsə, bu şərtə riayət etmədən yerinə yetirilən şahidliyi etibarlı qəbul etmək lazımdır.

Vəsiyyətə şahidlik etməyə dair ayələr bu məsələyə bir aydınlıq gətirir və yuxarıdakı hökmün borcun yazı ilə müəyyən edilməsilə yanaşı, şahidliyin kifayət edib-etməməsilə də əlaqədar olduğunu göstərir. Allah Təala belə buyurur:

Ey möminlər! Sizin aranızdan bir şəxs ölüm döşəyində vəsiyyət edəcəyi zaman, aranızdan iki etibarlı [ədalətli] şəxsi şahid tutun. Əgər səfərdə isəniz və ölüm gəlib çatarsa, özünüzdən olmayan iki nəfər də ola bilər. Əgər (onlar şahidlik etdikləri zaman) şübhələnsəniz, namazdan sonra onları tutub saxlayın. Onlar belə and içsinlər: “Vallah, istərsə, qohumumuz olsun, öz andımızı heç bir qiymətə satmarıq. Allah üçün edilən şahidliyi gizlətmərik. Elə olsa, biz şübhəsiz ki, günahkarlardan olarıq!”.

Əgər onların günaha batdıqları məlum olsa, o zaman onların yerinə ölən şəxsə daha yaxın olan iki nəfər keçər və: “Vallah, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz haqsızlıq etmərik. Əks təqdirdə, biz şübhəsiz ki, zalimlərdən olarıq”, – deyə and içərlər (Əl-Maidə, 5/106-107).

Bu ayələrdə kişi ilə qadın arasında fərq qoyulmadan etibarlı iki müsəlman şahidə üstünlük verilmişdir. Əgər vəsiyyət səfərdə edilirsə, müsəlman olmayan iki şəxsin şahidliyinin kifayət etdiyi bildirilmişdir. Səfərin xüsusi şərtlərinə görə şahidlərin hamısı qadın, yaxud hamısı kişi və ya bir qadın və bir kişi ola bilər.

Əgər şahidlər yalandan şahidlik edib, günahkar olsalar, bu zaman ölən şəxsin iki qohumu şahidlik edib, əvvəlki şahidlərin şahidliyini etibarsız hala gətirməlidirlər. Ölən şəxsin qohumları qadın da ola bilər.

Burada dəlil kimi götürülməli olan cümlə budur: “Bu, şahidliyi lazım olduğu kimi yerinə yetirmələrinin ən aşağı səviyyəsidir” (Əl-Maidə 5/108). Bu cümləni Əl-Bəqərə surəsinin 282-ci ayəsindəki «Bu, şahidlik üçün daha etibarlıdır» cümləsi ilə müqayisə etdikdə, məlum olur ki, şahidlərin iki kişi və yaxud bir kişi ilə bir qadın olması bir qayda deyildir.

Bu məsələdə aşağıdakı hədis də dəlil kimi götürülmüşdür:

İki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər sayılması onun ağlının çatışmazlığını göstərir (Müslüm, İman, 132).

Ağıl sözü Ərəb dilində bilik məlumat mənası da verir. ((Rağib Əl-İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992.)) Ağıl çatışmazlığı (ağlın nöqsanlı olması) əslində bilik çatışmazlığı və məlumatın azlığıdır. İnsanın bilmədiyi bir məsələ barəsində şahidlik etməyi çətindir. Çünki o məsələni lazım olduğu kimi qavrayıb, başa düşə bilmir. Bu da şübhələnməyə səbəb olur. Qadınlar ümumiyyətlə borca səbəb olan hüquqi əlaqələrə maraq göstərmirlər. Buna görə də onların bu mövzu ətrafındakı məlumatları məhdud olur. Buradan belə bir nəticə çıxır ki, yuxarıdakı hədis Əl-Bəqərə surəsinin 282-ci ayəsini izah edir. Çünki insan yaxşı bilmədiyi bir mövzuda gördüyü və eşitdiyi şeylərin hansının əsas məsələ ilə, hansının da təfərrüatlarla əlaqədar olduğunu başa düşə bilmir və asanlıqla səhv edir.

A) ZİNAYA ŞAHİDLİK ETMƏK

Dörd məşhur məzhəb zina məsələlərində qadınların şahidliyini qəbul etmir. Halbuki, Qurani-Kərim bu barədə qadınla kişi arasında bir fərq qoymamışdır. Allah Təala bu barədə belə buyurur:

Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan [mömin şəxslərdən] dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, qadınları ölənə qədər, ya da Allah onlara bir yol açanadək evlərdə həbs edin (Ən-Nisa, 4/15)!

Lian ((Lian sözünün mənası bir-birini qarşılıqlı surətdə lənətləməkdir. Bu söz İslam hüququnda bir istilah kimi ərin öz arvadını zina ilə təqsirləndirməsini və sübut üçün dörd şahid gətirə bilməməsi halında ər-arvadın məhkəmədə şəriət qaydalarına müvafiq olaraq dörd dəfə şəhadət verdikdən sonra özlərinə lənət oxumalarını ifadə edir – tərcüməçinin qeydi.)) ilə əlaqədar olan ayələr qadınların zinaya şahidlik etmələri məsələsini izah edir:

Arvadlarına zina suçu atıb, özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi özünün doğru dediyinə dair dörd dəfə Allahın adına and içərək şahidlik etməsi, beşinci dəfədə isə əgər yalan deyirsə, Allahın lənətinin öz üzərinə olmasını diləməyidir.

Qadının isə ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması və beşinci dəfədə əgər əri doğru deyirsə, Allahın qəzəbinin öz üzərinə olmasını istəməsi o cəzanı öz üstündən götürür (Ən-Nur, 24/6-9).

Burada kişinin: “Allah şahidim olsun ki, mən düz deyirəm!”, – deyə söylədiyi hər ifadə bir şahidlik sayılmışdır. Kişinin bunu dörd dəfə təkrar etməsi dörd şahidlik sayılır və onu zina iftirası günahından xilas edir. Qadının isə: “Allah şahidim olsun ki, ərim yalan deyir!”, – deməsi bir şahidlik sayılmışdır. Bu cümləni dörd dəfə təkrarlaması dörd şahidlik sayılaraq onu cəzadan xilas etmişdir. Beləliklə də, kişinin dörd şahidliyi qadının dörd şahidliyinə bərabər sayılmışdır.

Ər-arvadın şahidlik edərkən dedikləri cümlələrin axırıncı hissələrindən başqa bütün sözlərin eyni olması diqqətəlayiqdir. Kişinin ifadəsi təsdiq, qadının ifadəsi isə inkar formasındadır. Eyni dəyərdə olan təsdiq cümləsi inkar cümləsini qüvvədən salmış və ərin şahidliyi sayəsində cəza tətbiq edilməsinin qarşısını almışdır. Bu isə açıq-aydın göstərir ki, qadınlar zina məsələlərində şahidlik edə bilərlər. Bu məsələdə qadının şahidliyi kişinin şahidliyi ilə bərabər və eynidir.

B) BOŞANMAYA ŞAHİDLİK ETMƏK

Allah Təala belə buyurur:

Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla saxlayın, ya da xoşluqla ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin (Ət-Talaq, 65/2)!

Burada da qadınla kişi arasında ayrı-seçkilik edilməyib.

C) PEYĞƏMBƏRİMİZİN İZAHI

Peyğəmbərimizin bu izahı da bizim şərhlərimizin düzgün olduğunu göstərir:

Uqbə ibn Əl-Harisə Əbu İhabın qızı Ümmü Yəhya ilə evlənmişdi. Uqbə deyir ki, bir gün zənci bir cariyə gəlib bizə belə dedi: “Mən sizin ikinizi də əmizdirmişəm, ikinizə də süd vermişəm”. Sonra mən bunu peyğəmbər əleyhissəlama danışdım və o, məndən üz çevirdi. Mən onun qabağına keçib, dediyimi təkrar etdim. Peyğəmbər əleyhissəlam: “İndi necə olacaq? Cariyə sizin ikinizə də süd verdiyinə dair bir qənaətə gəlib”, – deyə buyurdu və Uqbənin o qızla evlənməyini qadağan etdi. ((Əl-Buxari, Şəhadət, 13.))

Peyğəmbərimizin belə buyurmağına baxmayaraq, fiqhdə süd qohumluğunun müəyyən olunması üçün qadınların şahidliyinin kifayət etmədiyinə dair bir qayda vardır. Bu məsələ ilə əlaqədar olaraq Ömər Nasuhi Bilmən belə deyir:

Süd qohumluğu məsələsində şahidliyin miqdarı mötəbər olmaq şərtilə iki kişi və ya bir kişi ilə iki qadındır. Lakin bu məsələdə yalnız bir kişinin, yaxud da yalnız iki və ya daha artıq qadının şahidliyi qəbul edilməz. ((Ömər Nasuhi Bilmən, eyni əsər, II cild, s. 88, 296-cı paraqraf.))

Saytımızın materiallarından istifadə zamanı mənbə kimi http://www.muselmanlar.com və bütöv keçid (link) göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.