Peyğəmbərin hər dediyi vəhydir?
Bir çoxları, Qurani-Kərimdə keçən: “O, öz arzusuna görə danışmır. Danışdığı o şey, özünə göndərilən vəhydən ibarətdir.” (Nəcm 3-4) Ayələrini dəlil göstərərək, peyğəmbər əleyhissəlamın hər dediyinin vəhy olduğu qənaətinə gəlirlər. Bu məqaləmizdə bunun nə qədər doğru olub-olmadığı üzərində durulacaqdır.
Dini məslələrdə bir iddianın doğru olub-olmadığını bilmək üçün həm bu ayələri başındakı və sonundaki ayələr ilə həm də mövzuyla bağlı digər ayələri birlikdə oxuyub anlamalıyıq. Yəni, Quranı Quran[1] kimi oxumalıyıq. Çünki Allah belə əmr edir.[2] Bir yerdə bir ayə gördüyümüz zaman Quranın başqa yerində mütləq onun bir mütəşabihinə/bənzəyəninə də baxmalı və birlikdə oxuyub anlamağa çalışmalıyıq. Əksi təqdirdə ayəni səhv başa düşər ya da mövzuya səhv yanaşmış olarıq.
Əlaqədar ayənin başındakı ayə ilə birlikdə başlayaq:
“Sizin yoldaşınız (Muhəmməd) nə yoldan çıxmadı nə də əyri fikirlərə düşmədi.
O, öz arzusuna görə də danışmır.
Danışdığı o şey, özünə göndərilən vəhydən ibarətdir.” (Nəcm 2-4)
İndi bu və sonrakı ayələri yaxşı başa düşmək və “göndərilən vəhy”in nə olduğunu bilmək üçün Quranın başqa yerindəki buna bənzəyən ayələrin bir neçəsini nümunə vermək istəyirik:
“Həqiqətən O (Quran), çox möhtərəm bir elçinin sözüdür!
O, bir şairin sözü deyildir. Nə qədər də az inanırsınız!
O, bir kahinin sözü də deyildir. Nə qədər də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən endirilmişdir.” (Haqqə 69/40-43)
Bu ayələri birlikdə oxuduğumuz zaman söhbətin açıq-aşkaq Allahdan nazil olan vəhydən/Qurandan getdiyi görülür. Rəsulullah, bir elçi olaraq Allahdan gələn həmin vəhyi/Quranı təbliğ edir, müşriklər isə bunu qəbul etmirdilər. Bu səbəblə onun elçiliyinə və gətirdiyi kitaba həm özlərinin həm də başqalarının inanmaması üçün: “Bu adam yoldan çıxıb! Özündən nələr uydurur? Dəlidir! Kahindir! Şairdir!” – deyirdilər.
Uca Allah iftiralara cavab olaraq elçisinin dili ilə Nəcm surəsinin 4-cü ayəsində: “Danışdığı o şey, özünə göndərilən vəhydən ibarət” –olduğunu söylədiyi kimi, yuxarıdakı yuxarıdakı Haqqə surəsinin 41-42- ci: “O, bir şairin sözü deyildir. O, bir kahinin sözü də deyildir. Nə qədər də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən endirilmişdir.” –ayələrində də Peyğəmbərin söylədiklərindən vurgulanan şeyin Qurandan ibarət olduğunu bildirməkdədir.
Biz bunu bir başqa mütəşabih/bənzər ayədədə də açıq-aşkar görməkdəyik:
“Biz ona şeir öyrətməmişik, buna lüzum da yox. Ona öyrətdiyimiz ancaq zikir/zehndə tutulması lazım olan doğru bilik və açıq-aşkar Qurandır. Onunla diriləri xəbərdar etsin və deyilən o söz/cəza, kafirlər/görməzlikdən gələnlər üzərinə gerçəkləşsin.” (Yasin 36/69-70).
Rəsulullah bir elçi olaraq –hər nə qədər Məkkəlilər xoşlanmasa da- ona vəhy olunanı təbliğ etməklə mükəlləfdir. Bu səbəblə Rəbbimiz elçisinin vəzifəsini belə açıqlayır:
“Mənim vəzifəm sadəcə Allahdan gələni, onun göndərdiklərini çatdırmaqdır…” (Cin 72/23).
“Onlara de ki: Mən sadəcə Rəbbimdən mənə vəhy olunana/Qurana tabeyəm…” (Əraf 7/203).
Yəni, mən özüm də sizə təbliğ etdiyim/çatdırmaq istədiyim o vəhyə tabeyəm. Çünki hamımımız o vəhydən sorumluyuq, Allahın göndərdiyi kitabdan hesaba çəkiləcəyik.[3] Siz isə təbliğ etdiyim o vəhyə görə məni boş şeylərlə ittiham edirsiz.
Halbuki, Məkkəlilər Muhəmməd əleyhissəlama vəhy gəlmədən qabaq “güvənilən, əmin” bir şəxsiyyət olaraq baxırdılar. Nə zaman ki Allahdan gələn vəhyi onlara çatdırmağa başladı, onu “dəli, şair və kahin” olaraq görməyə başladılar.
İndi isə, “O, öz arzusuna görə də danışmır. Danışdığı o şey, özünə göndərilən vəhydən ibarətdir.” Ayəsindən sonra gələn ayəni nəzərdən keçirək. Sonrasından gələn ayə:
“Onu ona (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.” (Nəcm 53/5)
Nəyi öyrətdi? Öyrətdiyi şey nədir? Əslində bu ayə, ilk ayələrdən etibarən peyğəmbərin nə barədə danışdığı, söhbətin nədən getdiyinin cavabını açıq-aydın vermiş olur. Allahın əmri Cəbrayılın vasitəsi ilə peyğəmbərimizə vəhy/Quran öyrədilir və o da öyrəndiyini insanlara çatdırır. Burada söhbət açıq şəkildə Qurandan getdiyi üçün, heç bir alim bu barədə başqa bir şey iddia etməmişdir.
Rəbbimiz, bu surənin son ayələrindən birində də Rəsulullahın çatdırmaq istədiyi sözlərin Qurandan ibarət olduğunu bizə belə bildirməkdədir:
“Elə isə siz bu sözə/Qurana təəccübmü edirsiniz?” (Nəcm 53/59).
Yuxarıdakı mövzuyla əlaqəli bütün ayələr Quranın bir şair ya da kahin sözü olmadığını, çox qüvvətli bir elçinin yəni Cəbrayılın Allahdan alıb təbliğ etdiyi bir söz yəni Quran olduğu bildirilməkdədir.[4] Arxasından, Quranın Allah tərəfindən nazil olduğu təsdiq edilməkdə, Peyğəmbərin onun üzərində hər hansı bir qarışacağı, səlahiyyəti olmadığı göstərilməkdədir.
Əgər bir çox ənənəvi din mənsubu və təriqətçilərin iddia etdikləri kimi peyğəmbər ancaq vəhy ilə danışdığı doğru olsaydı, onda peyğəmbərin heç bir mövzuda istişarə etməsi, ictihad etməsi ve başqalarından bir şey soruşması lazım deyildi.[5] Niyə onda Quranda peyğəmbərlə əlaqəli belə şeylərdən bəhs edilsin?
Bundan əlavə, Quranda Nəbimizin bir çox yerdə xəta etdiyini və xəbərdarlıq[6] aldığını açıqca görməkdəyik:
- “Ey Nəbi! Zövcələrinin könlünü qazanmaq üçün Allahın sənə halal qıldığını nə üçün haram edirsən?!” (Tahrim 66/1).
- Allah səni əfv etsin! Doğru söyləyənlər sənə bəlli olmamış, yalancıların da hələ kim olduğunu öyrənmədən onlara (döyüşə qatılmamağa) niyə icazə verdin?” (Tövbə 9/43)
- Döyüş yerində düşməni təsirsiz hala gətirmədən əsir götürmək heç bir Nəbiyə yaraşmaz! Siz, o anda əlinizə keçəcək şeylər istəyirsiniz. Allah isə sonrasını istəyir. Allah Əzizdir, hikmət sahibidir. Allahın daha əvvəlcədən qeydə aldığı bir qərarı olmasaydı, götürdüyünüz şeydən ötrü sizə mütləq böyük bir əzab toxunardı.” (Ənfal 8/67-68).
Əslində ənənəvi din mənsublarının bu cür xətalara düşməsinin təməlində yatan əsl faktor, Quranda Muhəmməd əleyhissəlamla əlaqəli keçən “Nəbi və Rəsul” kəlmələrinin bir-birindən fərqli anlama gəldiyi həqiqətini gözardı etmələri və bu iki vəsfin hər birinə öz haqqını verməmələrindən qaynaqlanmaqdadır.
Səhabə, peyğəmbər əleyhissəlamın hər sözünü vəhy olaraq görmüşmü?
Biz bir müsəlman olaraq dinimizdə bir şeyin doğru-olub olmadığını bilmək üçün, ilk əvvəl o şey haqqında “Allah nə deyir?” – deyə, Onun kitabına baxarıq. Əgər orda tapa bilməsək, “peyğəmbər əleyhissəlam bu haqda nə demiş nə etmiş” deyə, Qurana uyğunluq yönündən baxıb dəyərləndirməliyik. Orda da olmazsa, Allahın əmr etdiyi qaydada bu mövzuda çalışan işin əhli insanlara danışmalı və çalışmalarına baxmalıyıq.[7]
Hər hansı bir səhabə, peyğəmbər əleyhissəlamın hər dediyinin vəhy olduğunu rəvayət etməsi bir yana, belə bir şeyi heç ağlından belə keçirməmişdir.[8] Çünki onlar Quranı və peyğəmbəri layiqi ilə tanıyan və hər birini yerinə görə dəyərləndirməyi bacaran şəxslər idi.
Səhabə, peyğəmbər əleyhissəlamdan bir şey duyduğu zaman: “Bu sənin öz sözünmü yoxsa Allahdan gələn vəhydirmi?” – deyə, soruşardılar. Bunu onlardan gələn rəvayətlərdən də görmək olar:
Bədr döyüşündən qabaq Nəbimiz döyüşmək üçün mövqe axtarırdı. Ordusunu Bədr quyuları önündə durmasını istədi. Səhabədən Hubab ibn Munzir adında biri dedi ki;
“Ey Allahın elçisi! Ordunu burada durdurmaq sənin fikrinmi, yoxsa bu barədə sənə vəhymi gəldi? Bu Allahın əmrimi?”
Nəbimiz: “Xeyr! Bu mənim öz fikrimdi”, – buyurdu.
Səhabi: “Elə isə ey peyğəmbər! Buraya yağış yağdığı zaman ayaqlarımız yer tutmaz, palçıq olar. Quyuların arxa tərəfinə möqelərimizi qursaq daha yaxşı olar.
Bunun üzərinə Nəbimiz, Munzirin söylədiklərini qəbul etdi. Ordusunu Bədr quyularının arxasına yerləşdirdi.”[9]
Artıq ona: “Sən kimsən ki, mənə iş öyrədirsən? Mən nə desəm o olacaq”, – demədi.
Hətta səhabə, peyğəmbər əleyhissəlamın bir tövsiyədə belə bir xəta etdiyini qeyd etmişdir:
Peyğəmbərimiz əleyhissəlam, Mədinəyə gələndə aşı vurmaqla məşğul olan bir tayfaya rastlayır. Yanındakılara onların nə ilə məşğul olduqlarını soruşur. Səhabə, onların xurma ağaçlarını aşıladıqlarını söyləyir. Peyğəmbər, bunu etməmələrinin daha yaxşı olacağını, bunun bir fayda saxlamayacağını ifadə edir. Bunun üzərinə onlar aşı vurmağı dayandırırlar. Ancaq hasad zamanı gələndə bir çox ağaç meyvə vermədi, bəziləri də olan meyvəsini tökdü. Səhabə bu vəziyyəti peyğəmbərə bildirdikləri zaman, onlara: “Mən sadəcə zənnimi ifadə etdim. Əgər aşılama sizə bir fayda təmin edirsə, onu edin. Siz dünyanızın bu işini məndən yaxşı bilirsiniz! Ancaq sizə Allah adından bir söz deyərsəm onu alın! Çünki mən Ona əsla yalan isnad etmərəm!” – buyurdu.[10]
İndi bunun kimi bir çox hədisi peyğəmbərə gələn qeyri-mətluv vəhy olaraq görərsək, onda xətalı nöqsanlı bir vəhyin də varlığını qəbul etmək məcburiyyətindəyik.
Bir də ki madəm Peyğəmbərin öz sözləri də vəhy olaraq qəbul edilirsə, onda bu qədər əhəmiyyətli bir şeyin yazılmasına niyə səhabə qarşı çıxdı? Bəyəm Quranın Allah tərəfindən qorunacağını səhabə bilmirdimi ki, Onun hədislərlə qarışacağından qorxdular və yazmadılar.
Səhabənin, Rəsulullah əleyhissəlamın Allahın elçisi olduğuna inanmaları, Muhəmməd əleyhissəlamın sadəcə “Mən Allahın elçisiyəm” deməsi və onların da: “Bəli, sən Allahın elçisisən” – deyə, qəbul etməsi ilə deyil, Quranın Muhamməd əleyhissəlamın öz sözü olmadığını və bizzat Allahın sözü olduğunu anlamaları ilə birlikdə olmuşdur.
Bu barədə əksər müfəssirlərin görüşü də ayədə bildirildiyi kimi: “Danışdığı şey Qurandan ibarət” olduğu yönündədir. İbn Kəsir təfsirində Kurtubinin ayəylə əlaqəli görüşünü belə nəql edər: “O, Quranı öz həvasından söyləməz” (Nəcm 53/4). Yəni Onun söylədikləri, onun şəxsi keyfi görüşü deyildir.[11]
Beləliklə, Nəcm 4-cü ayəsində keçən “Danışdığı o şey özünə göndərilən vəhydən ibarət” sözündən peyğəmbərin hər söylədiyinin və etdiklərinin eyni zamanda vəhy qeyri-mətluv olduğu qənaətinə gəlmək, böyük bir xətadır. İnsanlarda belə bir peyğəmbər təsəvvürü yaratmaq, onu ilahlaşdırmağa və şirk günahına yönləndirməyə çalışmaqdır.
Nəticə etibarı ilə, Nəcm surəsinin əlaqədar ayələrinin, Məkkədə Allahın elçisinə atılan müxtəlif ittihamlar və iftiralara cavab mahiyyətində olduğu görülür. Ayələrdə peyğəmbərin Quranı öz başına uydurmadığını, başqalarından öyrənmədiyini, bir dəli ya da şair olmadığını, cinlərin təsirinə düşmədiyini, söylədiyi şeylərin özünə nazil olan vəhy/Quran olduğunu bildirilir. Bilavasitə, bu və digər ayələrdən peyğəmbərimizin qeyri-mətluv vəhy aldığını və Quran xaricində bir vəhylə danışdığını, nəticədə onun hər sözünün vəhy olduğunu irəli sürmək, həm peyğəmbərimizə həm də Allaha iftira etməkdən başqa bir şey deyildir.
Araşdırmacı yazar: Aydın Mülayim.
[1] Quran, “oxumaq” mənasına gəldiyi kimi, “toplamaq” mənasına da gəlir. Bir şeyi ya da bir mövzunu doğru-düzgün anlamaq üçün o mövzuda keçən ayələri birlikdə Quran şəklində oxumalıyıq. “Bu bir həqiqət ki, biz, inanan və güvənən xalqa bir rəhbər və rəhmət olması üçün bir elm üzrə təfsilatlı izah etdiyimiz bir kitab gətirdik.” (Əraf 7/52)
[2] Bax: İsra 17/106; Qiyamət 75/17-18.
[3] Bax: Zuxruf 43/43-44.
[4] Bax: Fəxrəddin Razi “Təfsirul Kəbir”, Nəcm surəsi təfsiri, c. 11.
[5] Bax: Ali İmran 3/159; Yunus 10/94-95.
[6] Bax: Abəsə 80/1-10.
[7] Bax: Ali İmran 3/7; Araf 7/52; Nəhl 16/43; Ənbiya 21/7; Füssilət 41/3; Şura 42/38.
[8] Bunu Quranda peyğəmbər və səhabə arasında keçən mövzulardan, rəvayətlərdən və tarixi hadisələrdən də görmək mümkündür.
[9] Bax: Zeynî Dahlan, es-Sîretu’n-nebeviye, 1/196.
[10] Müslim, “Fədail”, 38, 139. İbn Macə, Ruhun, 15.
[11] Əlavə məlumat üçün bax: İbn Kəsir (ö. 774/1373), “Təfsirul Qurani Azim”, Qahirə, 2005, VII, 446.