Müsəlmanlar

Qurani-Kərimdə sağlam yaşama elminin sirrləri.

Qurani-Kərimdə sağlam yaşama elminin sirrləri: bədən sağlamlığını təmin edən sağlam ruh və sağlam ruhu təmin edən nəfsi tərbiyə

Qurbanova Lamiyə Mehdi qızı

ADPU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

“İnsanlardan eləsi var elmsizlik üzün­dən boş-boş söhbətlərilə azdırar adam­ları Allah yolundan…” (31-Luqmən surəsi, ayə 6), “Bəsirətlər gəlibdir sizə öz Rəbbinizdən. Kim görürsə, bu onun lehinədir, kim kordursa, əleyhinə…”
(6-Ənam surəsi, ayə 104), “Yalnız doğru yoldan
yayınan kəs dindən-imandan yayınar” (51-Zəriyət surəsi, ayə 9), “…“Bilənlərlə bilməyənlər birmidir?” An­caq ağıl yiyələri bunu düşünüb an­lar” (39-Zumər surəsi, ayə 9), “Kitabı O göndərmiş Sənə. Aydın anlamlıdır burda bəzi ayələr. Kitabın anasıdır bu ayələr…”, “Ona iman gətirdik, Rəbbi­miz­dən gəlir hər şey” deyər dərin alim­lər. Yalnız ağıllı adam­lar bunu düşünüb anlar” (3-Əl-i İmran surəsi, ayə 7), “… De ki, “Artır elmimi, Rəbbim” (20-Ta-hə surəsi, ayə 114).

Sağlamlıq ilahi nemət kimi insana bəxş edilir və bu nemətin qorunması Allah qarşısında insandan məsuliy­yət sahibi olmağı tələb edir, Qurani-Kərimdə bu barədə deyilir: “Hər nə istəmişsiniz vermiş sizə. Saymaq istəsə­niz də saya bilməzsiniz Allahın nemətlərini…”
(14-İbra­him surəsi, ayə 34).
Sağlamlığın nə olduğunu insan bərk xəstələnəndə daha yaxşı başa düşür, yalnız bu halda insan sağlamlıqla bağlı sahib olduğunu qiymətlən­dir­­mə­yi öyrənir və həqiqətən də “Allahın qiymətli hədiy­yəsi” kimi sağlamlığının qədrini bilir. İnsan düzgün qidalan­ma, idman və sağlam həyat tərzi ilə öz bədənini gücləndirə, sağlamlığını qoruya bilər. Bu barədə Qurani-Kərimdə deyilir: “Ey insanlar, yeyin yer üzündə olan halal, təmiz şeylərdən, yeriməyin şeytanım yerişini, açıq­ca düşməndir o sizə. Pis, əxlaqsız işlər görməyi, Alla­ha qarşı bilmədiyiniz şeyləri söyləməyi buyurar sizə” (2-Baqara surəsi, ayə 168-169), “İtaət eləyin Allaha və Rəsuluna. Bir-birinizlə çəkişməyin, yoxsa uduzarsınız, taqətdən düşərsiniz. Səbrli olun, səbrlilərin tərəfindədir Allah” (8-Ənfəl surəsi, ayə 46), “Dünyanın­ və axi­rətin ­nemətinin yaxşısını onlara vermiş Allah. Gözəl dav­rananları sevər Allah” ( 3-Əl-i İmran surəsi, ayə 148).

Sağlamlıqbütün canlı varlıqlara şamil edilən elə bir durumdur ki, bu durumda orqanizmi təşkil edən daxili orqanlar öz funksiyalarını müvəffəqiyyətlə yerinə yetirə bilir, orqanizmdə heç bir narahatlıq, xəstəlik olmur. İnsanda digər canlılardan fərqli olaraq sağlamlıq həm psixi, həm fiziki, həm də sosial aspektlərdə yaşanan komfortun məcmusunu özündə təcəssüm etdirir. Fiziki, psixi və sosial sağlamlıq bir-birilə qırılmaz şərtlərlə vəhdətdədir, hər üçü qaydada olanda bütövləşərək sağ­lam­lığı təmin edir, ancaq hər birinin də özünəməxsus təminat qanunauyğunluqları, mexanizmləri, tələb və şərtləri mövcuddur. Ayrı-ayrılıqda onları təhlil edək. Başlayaq sosial sağlamlıqdan: sosial sağlamlıq insanın sosial status və mövqeyindən məmnunluğunu, sosiallaş­ma prosesinin normal gedişatını özündə əks etdirir. So­siallaşma (lat. socialis – ictimai deməkdir) – sosial rol­ları, qayda-qanunları, dəyərləri, yenilikləri, təcrübələ­ri, nailiyyətləri mənimsəməklə fərdin cəmiyyətə inteqra­si­yası və ictimai münasibətlərə adaptasiyası prosesidir. Sosiallaşmanın keyfiyyəti sosial təcrübənin mənimsənil­məsi səviyyəsi ilə müəyyən edilir. İnsan sosial təcrübəyə yiyələndikcə sosial münasibətlərdə qarşılıqlı təsirə mə­ruz­ qalır və nəticədə sosiallaşma prosesi daha da tək­milləşir. Sosial münasibətlərin konstruktiv yönümdə qurulması şəxsi keyfiyyətlərin lazımi səviyyədə formalaşdırılma­sını tələb edir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: “Zalımlıq eləmiş kimsələr əzabı gördülərmi, yumşaldıl­maz əzabları və möhlət də verilməz heç onlara”
(16-Nəhl surəsi, ayə 85), “İnsaflı olmağı, yaxşılıqlar eləməyi, əqrabaya öz haqqını verməyi buyurar Allah. Zinanı, fənalığı, zülmü yasaq buyurar Allah. Öyüd alasız deyə beləcə öyüd verər sizə O” (16-Nəhl surəsi, ayə 90), “Bəndələrinə de ki, danışarkən bir-birinə gözəl-gözəl sözlər desinlər…” (17-İsra surəsi, ayə 53), “…Allahın hökmüylə insanlar bir-birinə yardım etməsəydilər, dağı­lar­dı monastırlar, kilsələr, sinaqoqlar və Allahın adının çox anıldığı məscidlər. Ona yardım göstərənə mütləq yardım edər Allah…” (22-Hacc surəsi, ayə 40). 
Sosiallaşma şəxsiyyətin formalaşdırılması prosesi ilə düz mütənasibdir. Fərdin sosial mühitdə həyati fəaliyyəti üçün tələb olunan təcrübəsinin yoxluğu və ya hər hansı səbəbdən itirilməsi onun özünüreallaşdırmasına, sosial fəaliyyətinə neqativ təsir göstərir. Belə prosesə desosial­laş­ma (lat. de (nəyinsə itirilməsi, yoxluğu) + sosiallaş­ma) deyilir. Desosiallaşmanın səbəbləri müxtəlif ola bilər: uzunmüddətli istirahət, psixi gərginlik, uzunmüddətli yataq xəstəsi olmaq, canlı ünsiyyətdən təcrid olunmaq (məsələn, internetlə ünsiyyətə üstünlük vermək) və s. Sosial mühitin tələbləri stabil qalmır, vaxtaşırı dəyişilir və sosiallaşma statusunun saxlanılması cəmiyyətdəki dəyişiklikliyə uyğun təkmilləşmə tələb edir. Bu məqsəd­lə də, fərd bütün ömrü boyu təkrar-təkrar sosiallaşmaya məcbur olur. Bu proses isə, resosiallaşma (lat. re (təkrar, fəaliyyətin yenilənməsi) + sosiallaşma) adlanır. İnsan sosial mühitə inteqrasiya olunmaqla yanaşı, sosial ədəb-ərkan, qayda-qanunları da öyrənir və onlara əməl edir. Bu proses isə, mədəniləşmə kimi qəbul olunur. So­sial­laş­ma ilə mədəniləşmənin fərqli cəhəti ondan ibarətdir ki, insan ədəb qaydalarına tam riayət etməsə də sosialla­şa bilər, amma mədəniləşmənin səviyyəsi ədəb qaydalarına riayət etmənin səviyyəsi ilə birbaşa bağlıdır. Deməli, sosiallaşma prosesində fərd sosial mühitə daxil olur və sosial qaydaları öyrənməklə cəmiyyətin bir üzvünə çevrilir, mədəniləşmə prosesində isə, insan konkret ola­raq mədəni adət-ənənələrə, əxlaq qaydalarına, davra­nış normalarına əməl edir, onları təkmilləşdirir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: “Gözəl bir iş üçün iltimas edənə də pay düşər həmin işdən. Pis bir iş üçün iltimas edənə də pay düşər həmin işdən. Hər şeyin əvəzini verər Allah. Sizi bir salamla salamlayanı daha gözəl salamla salamlayın, ya da eynilə salamlayın. Şübhəsiz, hər şeyin hesabını çəkəndir Allah” (4-Nisə surəsi, ayə 85-86), “Sən də incitmə yetimi. Acılayıb rədd eləmə pay umanı. An həmişə Rəbbinin Sənə olan nemətini” (93-Duha su­rə­si,­ ayə 9-11). Qeyd edilən məqamların normal gedişatı sosial sağlamlığın uğurunu şərtləndirir.

Keçək fiziki sağlamlığa: fiziki sağlamlıq somatik fəaliyyətin ən müvəffəqiyyətli halını ifadə edir. Fiziki sağlamlığın təminatı fizioloji gigiyena qaydalarına düz­gün riayət olunmasından, sağlam qidalanma, yuxu reji­minə, istirahətə əməl etmənin vərdişə çevrilməsin­dən ası­lı­dır. Müsəlmanlardan Ramazan ayında oruc tutmaları tələb olunur ki, bu da insanları fizioloji gigiyena baxı­mın­dan nizam-intizama və sağlamlığa qarşı daha da diqqətli olmağa təşviq edir, məsələn, orucun düzgün tutulma qaydalarına riayət etmək immunitetin artmasına səbəb olur, oruc zamanı bədənin qoruyucu resursları səfərbər edilir, hüceyrələr bərpa olunur, meta­bo­lizm aktivləşir, orqanizm toksinlərdən təmizlənir; günün mü­əy­yən saatlarında ac qalmaq yağ turşularının oksidləş­məsinə, kilo itkisinə və pis xolesterin adlanan aşağı sıxlıqlı xolesterinin səviyyəsinin aşağı düşməsinə səbəb olur; oruc zamanı pəhrizə riayət etmək pis vərdişlərin rədd edilməsinə (bədənin təmizlənməsinə), qanda qlü­ko­za səviyyəsinin azalmasına, maddələr müba­dilə­sinin nor­mal­laşmasına səbəb olur; oruc, həzm sisteminin və onun fəaliyyətini tənzimləyən mərkəzi sinir sisteminin fizioloji istirahətinə kömək edir; qida həcminin azalması səbəbindən mədə-bağırsaq traktında (həzm yolunda) yük azalır (mədənin turşuluğu nisbətən aşağı enir), həzm sisteminin ümumi vəziyyəti yaxşılaşır və s. Ramazan ayında qidalanma mədəniyyəti də təbliğ olunur: qida bədəni yükə salmamaq üçün sadə və do­yum­lu olmalı, gündəlik pəhrizdən çox da fərqlənmə­mə­lidir, qidalan­mada balans gözlənilməlidir, iftar zamanı çox yemək olmaz. İftar zamanı yavaş həzm olunan qida­lar (kəpək, tərəvəz, meyvələr, o cümlədən qurudulmuş meyvələr və s.)­ yemək, yağlı və qızardılmış qidalardan, yüksək şəkərli qidalardan uzaq durmaq tövsiyə olunur. İftardan sahura (sahur – oruc tutmadan öncə, səhər açıl­ma­mışdan yeyilən yemək) qədər bol maye içmək (sahur zamanı isə qanda mineral duzların konsentrasiyası azal­dığından çoxlu ma­ye içməmək daha yaxşıdır) lazım­dır, kompleks karbo­hidratlardan (məsələn: xurma, banan, badamdan və s.) da istifadə etmək tövsiyə olunur. Ramazanla bağlı Qurani-Kərimdə qeyd olunur:“Ey mö­min­­lər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi sizə də oruc buyu­ruldu ki, Allaha qarşı çıxmaqdan çəkinə­siniz. Sizdən kim xəstədirsə, yaxud yol üstədirsə oruc tutmadığı günlərin əvəzini başqa bir vaxt çıxmalı. Oruca tab gətirməyənlər bir yazığı doyuracaq qədər fidyə verməlidirlər. Xeyirxahlığı könüldən eləyənin qabağına xeyirxahlıq çıxar. Bilsəy­diniz orucun nə qədər xeyri var sizə. İnsanlara yol göstərən, doğru nədir, əyri nədir – ayırd edən Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü oruc tutsun. Kim xəstədirsə, yaxud yol üstədirsə, oruc tutmadığı günlərin əvəzini baş­qa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq istər, çətin­ləşdirmək istəməz. Orucu başa vurub tamamlama­ğı­nızı, sizə doğru yolu göstərdiyinə görə şükr eləməyinizi, Onu uca tutma­ğı­nızı istər Allah” (2-Baqara surəsi, ayə 183-185), “Müsəlman, mömin, itaətkar, doğrucul, səbrli, tə­vazökar, sədəqə verən, oruc tutan, namusunu qoruyan, Allahın adını tez-tez anan kişilərə, qadınlara məğrifət və böyük bir əcir hazırlamış Allah” (33-Əhzəb surəsi, ayə 35).­

İslamda həm psixi sağlamlığın, həm də fiziki sağ­lam­lığın qorunmasına xidmət edən namaz (namaz (fars.-ca نماز‎) və ya “salat” (ərəbcə  الصلاة‎, əs-salat) iba­dət, dua mənalarda işlənir) həyata keçirilir: namaz zamanı in­san­lar Allaha dualar edərək ruhən təmizlən­mək, günah­lar­dan uzaq durmaqla bağlı şüuraltına proq­ramlar yüklə­yirlər (autogen məşqə bənzər mexa­nizmə dua terapiyası da əlavə olunur), eləcə də diz çökmə və səcdə kimi fiziki hərəkətlərlə bədənin gümrahlığı təmin olunur. Namaz barədə Qurani-Kərimdə qeyd olunur: Günəş qərbə əyiləndən gecənin zülməti gələnə qədər namaz qıl. Quran oxunan sübh namazını da unutmaya­san. Mələklər şahidlik edərlər sübh vaxtının namazına. Gecənin bir vaxtı oyan və yalnız Sənə aid olan namazı da qıl. Bəlkə həmd edilən bir məqama qovuşdura Rəbbin Səni bununla. De ki, Rəbbim, məni salacağın yerə sidq ilə sal razı qalım, çıxaracağın yerdən də elə çıxar ki, ürəyim orda qalmasın. Mənə Öz dərgahında dəlil ver köməyim olsun” (17-İsra surəsi, ayə 78-80), “…Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət eləyin. Allah istəyir sizdən – Peyğəmbər əhlindən çirkinliyi uzaq eləyə, sizi hər cür eyblərdən tərtəmiz təmizləyə” (33-Əh­zəb surəsi, ayə 33), “Namazları və orta namazı qılmaq­da olun. Allahın hüzuruna qalxın sevgi ilə, sayğı ilə. Bir təhlükə qarşısında qorxsanız, piyada, minikdə ikən namaz qılın. Təhlükə sovuşanda Allahı anın, bilmə­diyiniz  şeyləri sizə öyrətdiyi sayaq anın Onu” (2-Baqa­ra­ surəsi, ayə 238-239), “…Sən səcdədə ol, yaxınlaş Alla­ha”­
(96-Alaq surəsi, ayə 19).
Elmi araş­dır­malar, təbii müşa­hidələr göstərir ki, sidqi – ürəklə namaz qılan insanlar daha sağlam həyat tərzi sürürlər: günün müxtəlif vaxtla­rın­da edilən namaz hərəkətləri ürəyin yorğunlu­ğunu aradan qaldırır, insanın daim gümrah qalmasına kö­mək edir; namaz əsasında edilən fiziki hərəkətlər qan dövra­nı­nın təzələnməsinə, nəfəsin canlan­masına, ibadət edə­nin emosional vəziyyətinin, həyat keyfiyyətinin, ümu­­­mi rifahının yaxşılaşmasına sə­bəb olur; dözüm və mətinliyi artırır, insanları günah işlərdən uzaqlaşmağa kökləyərək mənəvi rahatlığı təmin edir və s. Namaz paklığın təcəs­sümüdür: insan bədəni təmiz olmalıdır, na­maz öncəsi yuyunma qaydaları fiziki gigi­ye­na tələbləri ilə eynidir.

İnsanda sağlam ruh, həyat eşqi varsa, istər sosial, istərsə də fiziki problemlərin öhdəsindən də müvəffə­qiy­yətlə gəlmək mümkündür. Çünki, insana təkan verən ən böyük qüvvə psixi enerjidir, bu enerjinin təminatçısı isə psixi sağlamlıqdır: psixi sağlamlıq (bəzən mental sağlamlıq da deyilir) – insanın daxili potensialının real­laş­masına  kömək edən, adi həyati problemlərin həlli za­manı yaşanan stresslərdən psixi homeostazı (neytrallı­ğı­) mühafizə edən, insanın həyati və işgüzar fəaliyyətinin məhsuldarlığını artıran, eləcə də mənəvi rahatlığı təmin edən durumu əks etdirir. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara, ümumi­likdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində ifadə olunur. Psixi sağlamlığa təsir edən faktorlar üç böyük qrupa bölünür: 1) insandan asılı olmayan daimi təsirlər (irsiyyət, ekoloji durum, siyasi vəziyyət, sosial-iqtisadi, demoqrafik, qlobal dəyişikliklər və s.); 2) insandan asılı olan daimi təsirlər (həyat tərzi, qidalanma rejimi, fiziki və psixi yüklənmə, adətlər, vər­dişlər, özünütəkmilləş­dir­mə, dünyagörüşü, savad, özü­­nə nəzarət, özünüreallaşdır­maq və s.); 3) əlavə təsirlər (ekstremal hallar, gözlə­nilməz xəbərlər, hadisələr, itkilər və s.).  Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil, belə po­zuntuları olmayan bir çox insanların da psixi prob­lemləri mövcuddur… Psixi sağlamlıq insanın daxili potensialının reallaşdırılmasına təkan ve­rən əmin-amanlıq vəziy­yə­tidir. Deməli, psixi sağlam­lıq həm insa­nın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyə­tinin əsasıdır.

Faktdır ki, insanın savadının və dünyagörüşünün onu­n sağlamlığını təmin edən yaşam tərzinə təsiri çox bö­yük­dür. İnsanın gündəlik yaşam tərzinin normal gedi­şatını qoruya biləcək məlumatlar haqqında bilgiləri yox­dursa, gec-tez belə insanların istər sosial-iqtisadi duru­mu, istərsə də psixoloji-fizioloji durumu acınacaqlı vəziyyətə düşəcək. Hazırda insanın sağlamlığına təsir edən neqativ faktorlar o qədər çoxalıb və çoxalmağa davam edir ki, bunlardan qorunmaq yolları insandan özünü maariflən­dirmə prosesinin sürətini artırmağı tələb edir. Ekoloji mühitin bu qədər çirklənmədiyi, sosial, siyasi, psixoloji mühitin bu qədər mürəkkəbləşmədiyi və çətinləşmədiyi dövrlərdə insanlarda bir arxayınlıq mövcud idi, sağlam­lığı qorumağın yolları haqqında sadə təəssürat var idi: acanda qidalanmaq, yuxu gələndə yatmaq, soyuq olanda qalın geyinmək və s. Əslində sağlamlığı qorumaq yolları kor-koranə həyata keçirilirdi, belə ki, ekoloji təmiz qidalanma, fiziki aktivlik, sağlam ünsiyyət və di­gər bu kimi sadə tələbləri ödəmək yetərli hesab edilirdi. Lakin, indiki dövrdə vəziyyət tamam başqalaşıb, belə ki, qloballaşan dünya insanların əksəriyyətini tənbəlləşdirib: əziyyət çəkmədən yaxınlıq­dakı marketdən malları əldə etmək və ya internetdən istifadə etməklə çox istəklərə yerindən qalxmadan nail olmaq (fiziki aktivlik yoxdur), sosial şəbəkələr vasitəsilə ünsiyyət qurmaq (sağlam ünsiyyət yoxdur), ayaqüstü fəst-fudlarla, eləcə də görü­nü­şü gözəl (QMO-larla zən­gin) ərzaqlarla qida­lanmaq (düzgün qidalanma yox­dur), əylən­cəni internet oyun­larında tapmaq (istirahət yoxdur) və s. Belə həyat tərzi həndəsi silsilə ilə başqa problem­ləri də yaradır. Məsələn, tənbəlliyə alışmış insanlar belə rahat həyatın davamlı olmasını təmin etmək məqsədilə maddi resurs­ların əldə olunmasına qarşı maraqlarını artırır və asan qazanc yolları düşünür­lər. Bu proses isə insanların bir-birinə olan münasibətini daha da süniləşdirir, onlar bir-birinə potensial yem mənbəyi kimi yanaşırlar (“qarşım­da­kı insanı öz mənafeyim naminə necə istismar edə bilərəm?” haqqın­da düşünənlərin sayı çoxalır). Belə hala qarşı Qurani-Kərimdə tövsiyə olunur: “…öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşı-yaxşı işlər görün…” (2-Baqara surəsi, ayə 195). Bu gün asan qazanc yoluna çıxanlar, bir-birini bu yolda aldadanlar o qədər çoxalıb ki, vaxtilə gözüyumulu etibar edilən sənət sahələrində (məsələn, tibb, təhsil, hüquq və s.) fəaliyyət göstərən insanların əksəriyyətinə də inam itib. İnsanın bu gün üç mühüm sahədən: tibb, hüquq, psixologiyadan ən elementar bilgilərlə bağlı maariflənmə səviyyəsinin olması çox zəruridir. Lakin nəzərə alınsa ki, insanı idarə edən onun psixi enerjisidir və bu enerjini artırmağın, qorumağın yol­larını öyrənən psixologiya elmidir, deməli psixoloji maariflənməyə olan tələbat daha öndədir və sağlamlığını qorumaq istəyən insan ilk olaraq bunu həyata keçir­mə­yin psixoloji üsullarını öyrənməlidir (“Hər kəsin qaba­ğı­na çıxar elədiyi pislik – pis əməldən nə qədər uzaq düşmək istəsə də. Qabağı düşünün… (3-Əl-i İmran surəsi, ayə 30), “Nə yaxşı iş tutarlarsa çıxar qarşı­la­rına…(3-Əl-i İmran surəsi, ayə 115)).

Müasir günümüzdə qarşılaşdığımız əksər insanların tez-tez yaşam tərzindən, qayğılardan, üzləşdikləri prob­lem­lərdən, fiziki və mənəvi yükün dözülməzliyindən və s. şikayət etdiklərinin şahidi oluruq. Müşahidə edirik ki, hamı harasa tələsir, bütün gücü səfərbər edərək istəklərinə (amma istəklərin nədən ibarət olduğunu tam dərk etmə­dən, o cümlədən istəklərlə imkanların üst-üstə düşdüyünü təhlil etmədən) nail olmağa çalışır, arzularının reallaşması uğrunda nəyin bahasına olursa-olsun fəaliyyət göstərir və s. Getdikcə yaşamaq uğrunda mübarizə şiddətlənir. Sanki insanların daxili istəkləri onların özlərinə qənim kəsilir, bir kabusa, düşmənə çevrilir. Nəfsi idarə etmək mümkün­süzləşir, istəklər durmadan artır, bu istəklər hər gün hansısa addımı atmağa təhrik edir, uğur qazanmaq üçün kiminləsə rəqabətə girməyə sövq edir, uğur qazanmış insanlara paxıllıq etməyə məcbur edir. Bu barədə Qurani-Kərimdə qeyd edilir: “Haqsızlıq işlədərək bir-birinizin malını yeməyəsiniz, insanların mallarını hakimlərə ver­mə­yəsiz, bir qismini yeməyəsiniz bata-bata bilərəkdən günaha” (2-Baqara, ayə 188). Get-gedə canlı ünsiyyətin yerini virtual ünsiyyət tutur, psixoloji maska­lardan isti­fadə adiləşir, internet və mobil telefonlardan asılılıq artır. Son zamanlar düşüncələri korlayan, psixi enerjinin tü­kənməsində təhlükəli qüvvəyə malik olan virus fikir­lə­rə yoluxmuş insanların sayı da çıxalır. İrrasional düşün­cə­lər,­ yalançı köklən­mələr, reallaşması mümkün olma­yacaq iddialara dair fikirlər (belə fikirlərə qısa şəkildə virus (lat. virus – zəhər) fikirlər deyilir) insanlara tez-tez frustrasiyalar, depressiyalar yaşadır, uğur­lar qazanm­a­sı­na­ maneə olur. Belə bir gərgin həyat gec-tez ciddi psixoloji problemlərin səbəbinə çevrilir. Bəs bu daxili təlatümlə necə mübarizə aparmaq mümkündür? sualına cavab vermək olar ki, yal­nız sağlam həyat tərzi sürən insanlar sağlamlıqlarını qoruyub saxlaya bilərlər. Sağlam həyat tərzinə sahib ol­maq çətindir: proses insan­dan lazımi istiqamətdə maarif­lənmə, güclü iradə tələb edir. Qeyd edilən problemlərin qarşısının alınması sağlam həyat tərzinin təbliği məsələsini gün-gündən aktuallaşdırır. Sağlam həyat tərzinin təbliğinin bu gün belə aktuallaş­ma­sının səbəbi yuxarıda da qeyd edildiyi kimi, insan psixikasına texnogen, ekoloji, psixoloji, siyasi, sosial, iqtisadi problemlərin təsir yükünün artması ilə əlaqədar­dır: hər gün bizə çoxlu sayda məlumatlar təsir edir və bu məlumatların hamısı bizdən özünə qarşı müəyyən diqqət tələb edir, bu məlumatlara düzgün reaksiya vermək və diqqəti cəlb edən bütün siqnalların emalını həyata keçir­mək orqanizmdən böyük psixi enerji tələb edir. Düzgün şəkildə enerji paylanmasını həyata keçirə bilmədikdə psixi baxımdan yorğunluq yaranır və bu yorğunluq vaxtaşırı üst-üstə gələrək istər psixi, istərsə də fiziki sağlamlığa neqativ təsir göstərir. Xarici siqnalların qəbul olunması və onların içərisindən əhə­miy­yətlisini seçmə prosesində orqanizmin ümumi aktiv­liyi mühüm rol oy­na­­yır, yorğun orqanizm lazım olmayan siqnallara müqa­vimət göstərmə qabiliyyətini itirə bilir. İnsan gördüyü hər bir şeyi beynində analiz edərək qəbul edir, ətrafdan daxil olan bütün məlumatlar semantik (mənasına görə) araşdırmaya və emala məruz qalır. Sadəcə daha mühüm əhəmiyyət kəsb edənləri, daha ak­tivləri və filtirasiyadan keçənlər seleksiya (seçilir) olu­nur (burada diqqətin seçmə funksiyası aktiv rol oynayır). Diqqətin funksiya­la­rının (diqqətin seçmə funk­si­yası ilə yanaşı, diqqətin saxlanması, tənzim etmə və nəzarət etmə funksiyaları da mövcuddur) uğurlu icrası orqa­nizmin ümumi aktivlik səviyyəsi ilə analoji əlaqədədir. Orqa­niz­min aktivlik səviyyəsində diqqəti cəlb edən bir neçə siqnallar içərisində də seçim aparılır. Yalnız ən vacibi tələb olunan idraki emala məruz qalır (orqanizm öz enerjisini qorumaq nöqteyindən çıxış edərək daha vacib olanı seçir). Əgər eyni anda bir neçə iş yerinə yetirilməlidirsə, onda bu prosesə sərf olunan əqli enerji (istənilən bir işi görmək üçün bizdən əqli enerjinin sərf olunması tələb olunur) sayəsində orqaniz­min hansı həddə istismara məruz qalacağını isbat etməyə ehtiyac yoxdur, çünki prosesin nə qədər çətin olduğu təbii müşahidələrdən də bəllidir. Ona görə də orqanizm özünü belə məqamlardan sığortalamağa üstünlük verir və beyində xüsusi proqram işə düşür və lazımsız məlu­matlar nəzərə alınmır. Məsə­lən, fərz edək ki, avtobus sürücüsü söhbət edə-edə maşın sürür, birdən təhlükəli manevr etmək tələb olunur. O, təhlükəni aşmağa yardım edəcək tələb olunan enerjini səfərbər etmək üçün (enerji itkisinin qarşısını almaq üçün) dərhal söhbəti dayan­dı­racaq. Deməli, sürücü də­yərləndirir ki, enerjini başqa yerə deyil, məhz təhlükə­ni aşmaq üçün yönəltmək lazımdır. Diqqətin yaranmasına tələb olunan psixi enerji sonsuz deyil, məhdud çərçi­və­də­d­ir. Bu proses məhdud psixoloji resurslara əsaslanır. Psixoloji resursları səfərbər edəcək psixi enerjini artırmaq, eləcə də bu enerjini qorumaq üçün sağlam həyati vərdişlərə yiyələnmək tələb olunur. Gündəlik iş qrafikini tərtib edərək istirahətə vaxt ayırmağı zərurət hesab etmək, yuxu rejiminə riayət etmək, fiziki aktivliyi təmin etmək, pozitiv insanlarla vaxt keçirmək, ekoloji təmiz məhsullarla qidalanmaq, qidalanma rejiminə ciddi riayət etmək, orqanizm üçün zərərli olan vasitələrdən (siqaret, içki və s.) uzaq olmaq, həyata optimist düşün­cə­lər­lə köklənmək və bu kimi digər avtomatlaşmış davranışlar, hərəkətlər sağlam həya­ti vərdişlər hesab olunur. Sağlam həyati vərdişlər sağlam həyat tərzinin tərkib hissəsinə daxildir və bu vərdişlər birdən-birə formalaşmır: uşaq yaşlarından formalaşır.

Sağlam həyat tərzi sağlamlığın mühafizəsinə yönəl­miş həyat tərzinə deyilir. Həyat tərzi (lat.-ca modus vivendi) – ünsiyyəti, davranışı, vərdişləri, düşüncələri də özündə cəmləşdirməklə insanın yaşama üslubunu əks et­di­rir. Həyat tərzinin formalaşmasında, təkmilləşmə­sində və dayanıqlı hal almasında insanın maraqları, tələbatları, vərdişləri, dünyagörüşü, savadı, dəyərləri mühüm rol oynayır. Sağlam həyat tərzinin seçimi insanın sağlam­lığının qorunmasına dair həyata keçirdiyi tədbirlərlə düz mütənasibdir. Fizioloji baxımdan bədənin immunitetinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər tibbi aspektə aiddirsə, psixoloji-pedaqoji aspektdə sağ­lam həyat tərzi özündə sağlam düşüncəni, uğurlu moti­va­siyanı, psixi inkişafın və psixi sağlamlığın mühafizə­sinə yönəlmiş tədbirləri cəmləşdirir. Fiziki sağlamlığı qorumaq psixi sağlamlığı qorumaqdan daha sadədir. Psixi sağlamlığı qorumaq insandan ciddi psixomaariflən­mə tələb edir. Məsələn, deyilsə ki, neqativ səpkili söh­bətlərdən uzaq durmaq lazımdır, o zaman bunun səbə­bini bilməyən insan daha da maraqla həmin söhbətlərə qulaq asmaq istəyəcək; deyilsə ki, həyata keçməyəcək xülyalarla özünü yüklə­mə, o zaman səbəbin axtarışı daha da psixi gərginliyi artıra bilər və s. Ona görə də psixi sağlamlığın təməli psixomaariflənmə­dən qaynaqlanır. Psixomaarif­lənmə psixoloji immunite­tin qo­run­ması istiqa­mə­tində həyata keçirilən psixopro­filak­tik tədbirlərlə də qarşılıqlı əlaqədədir. İnkar olunmaz faktdır ki, fiziki və psixi sağ­lam­lıq bir-birilə qırılmaz vəhdətdə­dir. Birində probl­em baş verərsə, hökmən digərinə də təsir göstərə­cək­dir. Amma maraqlı məqam ondan ibarət­dir ki, psixi sağlam­lı­ğı təmin edən psixi enerji bir çox somatik xəstə­liklərə də qalib gəlmək gücünə malikdir. Bunu təbii müşahidələr­dən də görmək mümkündür ki, bəzən hə­kim­lərin sağalda bilmədiyi xəstəliklərə xəstənin sağalma ümidinin olması, həyata optimist yanaşması, yaşama eşqi qalib gəlir. Bunu çox zaman ilahi möcüzə kimi də dəyərləndirirlər. Hələ vaxtilə Karl Qustav Yunq (nəzəriyyəsi haqda məlumat §3-də təqdim olunub) yazırdı ki, “dünya incə bir tel üzərində dayanmışdır və bu tel – psixikadır”; “psixika – ən ali gerçəklikdir!” Psixi enerjinin bərpasında psixoanalizə güvənən Z.Freyd isə bu güc barəsində belə deyirdi: “mən göydəki qüvvələri yerə endirə bilməsəm də yerdəki qüvvələri hərəkətə gətirə bilərəm!”[1] Bu səp­ki­də fikirlər çoxdur. Belə fikirlərin yaranması təbii ki, reallıqda mövcud olan faktlara, müşahidələrə əsas­la­nır. Hətta, son vaxtlar alimlər belə fərziyəni də irəli sürürlər ki, yer kürəsindəki psixi enerji kosmik fəzaya qalxaraq yenidən yerə təsir edir (“Allahdan gəlir sənə hər yax­şı­lıq, öz ucbatından gəlir sənə hər pislik…”(4-Nisə, ayə 79)).

Psixi enerji psixika (yun. psychikos – ruh) və enerji (yun. ἐνέργεια — fəaliyyət, güc) sözlərinin birləşməsin­dən ibarət olub psixi potensialı üzə çıxaracaq, həyati fəaliyyəti aktivləşdirəcək gücü ifadə edir. Psixi enerjinin aktivləşməsində subyektiv reallıq mühüm rol oynayır. Subyektiv reallıq – insanın özü haqqında hissləri, fikir­ləri, düşüncələri, potensial imkanlarını dəyərləndir­mə­sidir. İnsan inkişafını hər daim onun tələbatları və bu tələbatların ödənilməsi istiqamətindəki fəaliyyəti təmin edir. Tələbatlardan daha güclü olanı arzulardır, çünki tələbatlar bəzən insanın istəyi ilə üst-üstə düşməyə də bilər, zərurətdən qaynaqlana bilər, amma arzular insanı məmnun edəcək istəklərdən qaynaqlanır və arzuların reallaşması uğrunda fəaliyyət insanın psixi enerjisini artırır. Əgər insan güclü psixoloji immunitetə (lat. immunitas – yad təsirlərdən müdafiə olunmaq) malik­dirs­ə, onun psixi homeostazında (dayanıqlığında) yüksək harmoniya mövcud olacaqdır və psixi enerjisi artacaqdır. Psixoloji immunitet təbii ki, psixoloji müdafiədən fərqlə­nir. Əgər psixoloji müdafiə mexanizmi yaranmış psixi problemlə mübarizə zamanı aktivləşirsə, psixoloji immuni­­tet bu problemi yaxına buraxmamaq üçündür. Psixi cəhətdən sağlam olmaq istəyi insandan özünün güclü və zəif tərəflərini təyin etməyi tələb edir: insan nəfsini öz iradəsinə tabe etməyi bacarmalıdır. Bəzən
in­sanların psixi problemlərinə yaşın tələb etdiyi fəaliyyə­t­lə­ deyil, fiziki və mənəvi gücün çatmadığı fəaliyyətlə məşğul olmaq, eləcə də yaşa uyğun olmayan tərzdə həyat sürmək də səbəb ola bilir. Hər yaş dövrünün öz xüsusiyyətləri və aparıcı fəaliyyət növü vardır. Ona görə də hər yaşa uyğun fəaliyyətlə məşğul olmağın da psixi sağlamlığa təsirini nəzərə almaq zəruridir, məsələn, əgər körpə uşaq oyuncaqla oynamaqdan zövq alaraq özünü xoşbəxt hiss edirsə, yaşlı insan öz həyati təcrübəsini bölüşərək verdiyi nəsihətlərinin hörmət və ehtiramla dinlənilməsindən xoşbəxt ola bilər. İnsan öz yaş xüsusiyyətlərini lazımınca hiss edə bilirsə, eləcə də bunu ətrafdakıların gözlədiyi kimi onlara təqdim edərək hörmət qazanırsa, öz yaşına uyğun əmək fəaliyyəti ilə məşğul olursa, o zaman qeyd edilənlər psixi sağlamlığa müsbət təsir edir. İnsan özünütəsdiq edə bilmədikcə özündən narazı qalır, özünü qınayır və s. Özünütəsdiq insanın istər sosial, istərsə də bioloji tələbatıdır. Özünüdərk yüksək səviyyədə həyata keçirsə, bu zaman özünütəsdiq yerini özünügerçəkləşdirməyə verir (özünütəsdiqdə ətrafdakıların rəyi və fikri əsasdırsa, özünügerçəkləş­dir­mədə insanın öz tələbat və ehiyacı əsasdır). Öz istəyini dərk edərək özünügerçəkləşdirməyi bacaran insan həya­tın­dan məmnun olur. Həyatdan məmnun olmaq isə sağlam həyat sürmək və xoşbəxt olmaq deməkdir.

Təhlillərdən əldə edilən ümumi qənaət ondan iba­rət­dir ki, istər psixi, istərsə də fiziki sağlamlığı qorumaq üçün sağlam həyat şərtdir. Fiziki sağlamlığa xidmət edən gigiyena qaydalarına əksəriyyət riayət edir və uşaqlıqdan aşılanan bu qaydalara əməl etmək vərdişə də çevrilib. Lakin, psixi baxımdan sağlam həyat sürmək üçün möv­cud olan psixogigiyena qaydalarına əməl etmək həm mü­rək­kəbdir, həm də bu barədə psixomaarif­lənmə təəs­süf ki, arzuolunmaz səviyyədədir. Hər yaş dövrünə, peşə fəaliyyətinə, ailədaxili münasibətlərə və s. aid psixogi­gi­ye­na qaydaları mövcuddur. Yaş artdıqca və insan müstəqil həyata qədəm qoyduqca özünə uyğun olacaq, psixi resurslarını qoruyacaq psixogigiyena qay­da­ları seçməlidir. Bu qaydalardan ən populyar olanları:

  1. Konfliktlərdən uzaq durmaq üçün ünsiyyət mədəniyyətinə riayət etmək (“Möminlərdən ibarət iki tayfa bir-biriylə savaşsa, düzəldin onların aralarını. əgər biri digərinə təcavüz eləyirsə, təcavüzkar tərəflə savaşın ta Allahın əmrinə tabe ola bu tayfa. Tabe olarsa ədalət gözləyib düzəldin aralarını, insaflı olun. Şübhəsiz, insaflıları sevər Allah. Möminlər bir-birinə qardaşdır­lar. Elə isə düzəldin qardaşlarınızın arasını. Və Allah­dan qorxun ki, bəlkə sizə rəhm edilə. Ey iman gətirənlər! Bir tayfa digərinə qoymayın lağ eləyə. Olsun ki, bu digəri ondan daha üstündür. Qadınları da qoymayın baş­qa qadınları lağa qoyalar. Olsun ki, bu başqaları onlardan üstündürlər. Bir-birinizin eyiblərini axtarma­yın. Bir-birinizə ayamalar qoşmayın. İman gəti­rəndən sonra yolundan çıxan kəsə verilən fəsiq adı çox pis addır. Zalım olan kimsələrdir tövbə eləməyənlər. Ey iman gətirənlər! Adamlar barəsində müxtəlif güman­larda olmaqdan çəkinin. Günah gətirər bəzi gümanlar. Bir-birinizin günahlarını axtarmayın, eyiblərinizi bir-bi­ri­nizin üzünə vurmayın…”(49-Hucurat surəsi, ayə 9-12));­
  2. Orqanizmdə pozitiv hormonları aktivləşdirmək ü­çü­­n mənəviyyatı təmiz saxlamaq, gözəl düşüncələrə kök­lən­mək (“İnsanları deyib aşkar həqiqətlər daşıyan bir Ki­tab­­dır bu Quran, yol göstərir, rəhmət verir dərin­dən­ ina­­nan kəslərə. Yoxsa pisliklər törədən kimsə­lər elə bilir­­lər ölüb-dirilmək hamıya eyni cür aid oldu­ğundan iman gətirənlərlə, saleh işlər görənlərlə onları bir tuta­ca­ğıq? Çox səhv fikirdədirlər”(45-Cəsiyə surəsi, ayə­ 20-21));
  3. Hörmət və sevgiyə olan tələbatın təmin edilməsi üçün cəmiyyətdə mövcud olan mənəvi dəyərlərə hörmət­lə yanaşmaq (“…Yaxşılıq və taqva naminə girin ünsiy­yə­tə­ bir-birinizlə. Günah işlədəcəksinizə, düşmən­çi­lik edə­cək­si­nizsə girməyin ünsiyyətə bir-birinizlə. Qorxun Allah­dan. Allahın cəzası şiddətlidir” (5-Məidə surəsi, ayə 2));
  4. Özünütəkmilləşdirmə ilə məşğul olmaq (“Yaradanın, Rəbbinin adıyla başla qiraətini. İnsanı qan laxtasından yaradanın adıyla! Oxu, Rəbbindir ən böyük kərəm yiyəsi. Yazmağı öyrətmiş, bilmədiyi nə vardısa insana öyrətmiş O” (96-Alaq surəsi, ayə 1-5));
  5. Özgüvənə xidmət edəcək davranış tərzinə üstün­lük vermək (“Hər kəsi gücünə görə yükləyər Allah…” (2-Baqara surəsi, ayə 286));
  6. Gərginlik yaradacaq məlumat çoxluğundan uzaq olmaq (“Dünyada və axirətdə fəziləti, rəhməti olmasaydı Allahın, böyük bir əzaba uğrayardınız yaydığınız yalana görə. Düşməyirdi dilinizdən o yalan. Bilmədiyiniz şeyi söyləyirdi diliniz. Siz elə bilirdiniz mənasız bir şeydi bu. Mənası böyükdür bunun Allahın dərgahında”
    (24-Nur surəsi, ayə 14-15));
  7. Pozitiv və səmimi insanları tanıyaraq onlarla daha çox ünsiyyət qurmaq, virtual ünsiyyətə meyillənməmək, canlı ünsiyyətə üstünlük vermək (“İman gətirənlər, saleh işlər görənlər, imana gəlməyi, səbrli olmağı bir-birinə tövsiyə eləyənlər isə uğramazlar ziyana”
    (103-Asr surəsi, ayə 3));
  8. Psixi gərginliyi aradan götürəcək fəaliyyətlə məşğul olmaq: art terapiya, gəzinti terapiyası, idman və s. (“Möminlərin imanını artırmaq üçün onların ürəyinə arxayınlıq gətirən O-dur. Allahındır göylərdəki və yerdəki ordular. Hər şeyi biləndir, müdrikdir Allah” (48-Fəth surəsi, ayə 4));
  9. Gündəlik gərginliklərdən azad olmaq üçün autotre­­ninqlə (autogen məşq (AM) də deyilir, AM psixofizioloji resursların bərpasına xidmət edən ən geniş yayılmış məşq növüdür) məşğul olmaq, AM-ə aid hərəkətlər ardıcıllığı (“Yüngüllük gətirər hər çətin iş. Bəli, yüngüllük gətirər hər çətin iş. Bitirdinmi bir işi, dərhal başqasına giriş. Təkcə Rəbbinə yalvar!”
    (94-İnşirah surəsi, ayə 5-8)):
  • tək qalmağa imkan verən guşə seçmək və fikri gərginliklərdən azad olmaq (bu məqsədlə həzin musiqiyə də qulaq asmaq olar);
  • istirahət halına daxil olduqdan sonra hərəki əzələləri tamamilə boşaltmaq (əl və ayaqlar sallaq vəziy­yət­dədir, onlar sanki ağırlaşır), prosesi oturaraq və ya uzanaraq da etmək olar;
  • qan damarlarını gərginlikdən azad etmək (sanki bütün bədəndə istiləşmə baş verir);
  • nəfəsalmada ritmiklik yaratmaq (sanki uçma hissi yaşanır);
  • ürək əzələlərindən gərginliyi götürmək;
  • orqanizmin enerji resurslarını bərpa edən sinir sistemini hərəkətə gətirmək (sanki bədənin bütün istiliyi qarın nahiyəsinə cəmlənir);
  • baş beyindən gərginliyi aradan qaldırmaq (sanki alında soyuqluq duyğusu əmələ gəlir);
  • sakitləşdirici sözlər işlətmək (məsələn, “mən ta­ma­­milə rahatam”, “mən özümü tamamilə sağlam hiss edirəm”, “yaşamaq mənə zövq verir”, “hər şey düzə­ləcək” və s., bu prosesdə hər kəs özünü sakitləşdirəcək fərdi sözlərdən də istifadə edə bilər).

Tibb elmi nə qədər inkişaf etsə də, bütün xəstəlikləri müalicə edə bilməz. Ona görə də hər kəs öz sağlam­lığının qeydinə qalmalıdır, dərk etməlidir ki, sağlamlıq ən böyük nemətdir. Bir-birilə qırılmaz tellərlə bağlı olan sağlam həyat tərzi və psixi sağlamlıq insanların təbii tələbatına çevrilməlidir. Sağlam insan həyatın bütün çətin­liklərinə sinə gəlməyi bacarır. Sağlamlıq insandan fədakarlıq, uğrunda mübarizə tələb edir. Sağlamlıq tənbəlliyi sevmir. Sağlam psixikaya malik insan hər şeydən əvvəl tərbiyəli, sosial cəhətdən yaxşı adaptasiya olunmuş, cəmiyyətdə qəbul olunmuş davranış normala­rına zidd hərəkət etməyən, zərərli vərdişlərdən uzaq insandır. Bu barədə Qurani-Kərimdə tövsiyə olunur:“Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan işidir, iyrənc əməldir. Bunlardan kənar durun ki, uğura uğrayasınız”, “Şərabla, qumarla şeytan aranıza düşmən­çi­lik, kin-küdurət salmaq istər, Allahı anmaqdan və namaz qılmaqdan çəkindirmək istər. Deməli, bunlardan əl çəkdiniz, deyilmi?” (5-Maidə, ayə 90-91). Qeyd edil­miş fikirləri ümumiləşdirəcək atalar sözü də mövcuddur: “vərdişi əkərsən xarakteri biçərsən, xarakteri əkərsən taleyi biçərsən!” Psixi cəhətdən sağlam insanın malik olduğu həyati güc, mənəvi gümrahlıq, həyat eşqi, həyata pozitiv köklənmə orqanizmin fiziki gümrahlığını da qorumağa imkan verir. Belə insanlar həyatı dolğun və mənalı yaşayırlar. Bu barədə Qurani-Kərimdə qeyd edilir: “İman gətirənlərin və əməli salehlərin – taqva edib, imana gəlib yararlı işlər görsələr və bir daha Allahdan çəkinib yaxşılıqlar etsələr – bir günahı qalmaz daha əvvəllər daddıqlarına görə. Gözəl davrananları sevər Allah” (5-Maidə, ayə 93), “Bu gün halal bilinmiş sizə təmiz və yaxşı şeylər…” (5-Məidə surəsi, ayə 5).

Tanınmış rus alimi, tədqiqatçı-həkim, cərrah Niko­lay Mixayloviç Amosov (1913-2002)  uzun illər həkim­lik təcrübəsinə əsaslanaraq sağlamlığın qorunma­sına dair növbəti prinsiplərə əsaslanmağı tövsiyə etmişdi: 1) əksər xəstəliklərin səbəbkarı təbiət və cəmiyyət deyil, elə insanın özüdür, əksər hallarda insan xəstəliyinin səbəbi tənbəllik, acgözlük və ağılsızlıq olur, 2) tibbə arxayın olmayın: tibb çox xəstəlikləri müalicə edə bilər, amma insanı sağlam edə bilməz, tibbin əsiri olmaqdan çəkin­mək lazımdır, 3) sağlam olmaq üçün insanın özünün daimi təşəbbüsü və istəyi lazımdır: insan o qədər güc­lü­dür ki, onun yaşamağa olan ehtirası, həvəsi bəzən sağalmaz adlandırılan xəstəliklərə belə qalib gəlməyə qadirdir, 4) sağlamlığın möhkəmliyi ona qarşı olan istəyi formalaşdıran stimulun gücündən və “sağlamlığa qovuş­maq” adlı məqsəddən asılıdır, 5) sağlamlıq üçün 4 mühüm şərtə əməl etmək tələb olunur: fiziki fəaliyyət, düzgün qidalanmaq, psixi və fiziki immuniteti artırmaq, istirahətə vaxt ayırmaq və istirahəti bacarmaq. Deməli, ümumiləşdirmə apararaq qeyd etmək olar ki, sağlamlığın təminatı üçün növbəti prinsiplərə əməl etmək lazımdır:

– mütənasiblik və özünə qayğı (“Çardaqlı və çardaqsız bağları inşa edən odur. Bir-birinə bənzəyən və bənzəməyən xurmalıqları, müxtəlif məhsullu əkin yerlərini, zeytunu və narı yaradan odur. Bunlar bar verəndə yeyin, əkin-biçin vaxtında qaytarın qarşılığını. Ancaq ifrata varıb israfçılıq eləməyin…” (6-Ənam surəsi, ayə 141), “Gecəni yorğan olaraq üstünüzə örtən, yuxunuzu dincliyə döndərən, gündüzü iş vaxtı edən O-dur” (25-Furqan surəsi, ayə 47));

– sağlam düşüncə (“…bir-birinizin malını haqsızlıqla yeməyin“… (4-Nisə surəsi, ayə 29), “…Kim könüldən yaxşılıq edirsə, bilsin, Allah verər əvəzini…” (2-Baqara surəsi, ayə 158), “…Səbr xeyir gətirər səbr yiyələrinə. Səbr elə, sənin səbr eləməyin Allahın yardımını diləməyindir…” (16-Nəhl surəsi, ayə 126-127); “…Rəbbin o kəslərə yardım edər ki, cahilliyi üzündən pis iş tutandan sonra tövbə eləyiblər, düzəliblər…” (16-Nəhl surəsi, ayə 119), “…Göylərin, yerin və göylərlə yer arasının yiyəsi Allahdır. İstədiyini yaradır O. Hər şeyə qadirdir Allah.” (5-Məidə surəsi, ayə 17)”, “…“Allahdan gəlir hər şey”…” (4-Nisə surəsi, ayə 78); “…Allah işinizi asanlaşdırmaq istər, çətinləşdirmək istəməz…” (2-Baqara surəsi, ayə 185));

– özünə hakim olmaq (“Ucalardan ucadır Allah…”, “Göylərin, yerin yiyəsidir O…” (25-Furqan surəsi, ayə 1-2), “Allahdan gəlir sənə hər yaxşılıq, öz ucbatından gəlir sənə hər pislik…” (4-Nisə surəsi, ayə 79)).

 

Ədəbiyyat:

  1. Qasımoğlu N.Q. Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama. B., Azərbaycan, 1993.
  2. Qurbanova L.M. Qurani-Kərimdə psixoloji problemlərin həlli yolları. Sumqayıt, “Azəri” Poliqrafiya, 2024.

[1] Fərman İsmayılov. Klassik psixoanalizin əsasları. Bakı, “Oğuz Eli”, 2011, səh.5-6.