Müsəlmanlar

Halal və haramı kim təyin edir?

HALAL VƏ HARAMI KİM TƏYİN EDİR?

Bir zamanlar qatı bir Xristian ikən daha sonra İslamı seçən Adiyy b. Hatim, bir gün Rəsulullahın: “(Yəhudi və Xristianlar) Alimlərini və din adamlarını Allah ilə aralarına qoyub rəbb etdilər…” (Tövbə, 9/31)  məalındakı ayəni oxuduğunu eşitmiş və “Ya Rəsulullah! Xristianlar onlara ibadət etmir ki ! ” deyə, ayəyə etiraz mahiyyətində bir sual yönəltmişdir. Rəsulullah da bunun üstündən ona belə cavab vermişdir:

   “(Bəli) Əslində Xristianlar onlara ibadət etmədilər! Amma onlar (Allahın haram etdiyi bir şeyi) özləri üçün halal etdikdə dərhal halal saydılar, (Allahın halal etdiyi bir şeyi də) özlərinə haram etdikdə dərhal haram saydılar.[1]

Çox vaxt vaaz və xütbələrdə anladılan bu rəvayətdə iki fərqli qrup gözə dəyməkdədir: Allahın halal qıldığını haram, haram qıldığını isə halal sayan bilicilərlə din adamları və bir də bunlara sorğu-sualsız itaət edənlər. Həm ayələrdən həm də rəvayətlərdən anlaşılana görə bilə-bilə halalı haram, haramı halal saymaq Allaha ortaq qoşmaq olduğu kimi, bunu edənlərə  sorğu-sualsız itaət etmək də Allahdan başqasına ibadət etmək, onları rəbb etmək mənasına gəlməkdə və nəticədə bu da şirk əhatəsinə girməkdədir. Bu ciddi təhlükə üzündən halal və haram mövzusu çox yaxşı bilinməli, bu mövzuda Uca Allah nə demiş və necə buyurmuşsa ona görə hərəkət edilməlidir. Bu yazıda öncə halal və haram qavramlarının qısa tanıtımları ediləcək, daha sonra bunların necə bilinə biləcəyinə, təsbit edilə biləcəyinə toxunulacaq, sonda da halal-haram təyin etmək səlahiyyətinin kimdə olduğu mövzusuna yer veriləcəkdir.[2]

  1. Halal Nədir?

Ərəb dili lüğətlərində `düyünü açmaq`, `bir şeyin sərbəst və halal olması` mənalarını verən `hall` məsdərindən yaranan halal, `edilməsi dinən sərbəst olan fel` mənasına gəlməkdədir.

Bir fiqh termini olaraq isə halal; Allah tərəfindən edilməsinə icazə verilmiş və üzərindən nəhy, yəni qadağa düyünü qaldırılmış olan mübah, şəriətin edilməsini sərbəst buraxdığı şey mənasına gəlir.

Halal əslində caiz və mübahla eyni mənalı olmaqla birlikdə daha çox haramın zidd mənalısı olaraq, yəni bir şeyin qadağan edilməmiş və qınanmamış olduğunu bildirən bir termin olaraq istifadə olunur.

  1. Halal Necə Bilinir?

Fiqh üsulu kitablarında bir şeyin halal olmasının bu yollardan biri ilə bilinəcəyi anladılmaqdadır:

  1. Allah Təala tərəfindən o işin halal olduğunun açıq bildirilməsi ilə. Aşağıdakı ayədə olduğu kimi:

“Dəniz ovu və təamı sizə halal qılınmışdır.” (Maidə 5/96)

  1. Şərtə bağlı olaraq bir şeyi etmənin günah olmadığının bildirilməsi ilə. Məsələn haram qılınan yeyiləcəklərin sayıldığı ayənin sonunda belə buyurulmuşdur:

“Kim darda qalar və acgözlük etmədən və həddi aşmadan bunlardan yeyərsə ona bir günah yoxdur.” (Bəqərə, 2/173)

  1. Əmr şəkli ilə bildirilən hökmün fərz deyil, mübah olduğuna dair bir işarənin olması ilə. Bu ayədə olduğu kimi :

“Allahın verdiyi ruzidən yeyin, için.” (Bəqərə, 2/60)

  1. Qadağan və haramlığı qaldıran ifadələrin olması ilə. Bu ayədə olduğu kimi:

“De ki: Allahın qulları üçün çıxardığı bər-bəzəyi (yaraşan geyimi), təmiz və ləzzətli ruziləri kim haram etdi !” (Əraf, 7/32)

  1. Açıq və ya üstü örtülü haram etmə ifadəsindən istisna edilməsi ilə. Bu ayədə olduğu kimi:

“Nəyə söykənərək üzərinə Allahın adı xatırlananlardan yemirsiz? Halbuki, Allah, yeyilməsi haram olanları sizə açıq-açıq bildirmişdir; ancaq məcbur qalmısızsa o başqa.” (Ənam, 6/119)

  1. Haram buyurulduğuna dair haqqında bir nass (Kitab və Sünnət mətni) tapılmayan şey “istishab”[3] yolu ilə mübahdır. Çünki əşyada əsil olan ibahədir (mübahlıqdır).

 

  1. Haram Nədir?

`Bir şeyin qadağan olması` mənasını verən h-r-m () kökündən yaranan və halalın zidd mənalısı olan haram, lüğətdə `əngəllənmiş, qadağan olunmuş`, `halal olmayan şey` mənalarına gəlir.

Bir fiqh termini olaraq haram; Cənabi Haqqın edilməməsi qəti və bağlayıcı tərzdə istədiyi fel, edilməsi günah olan, tərk edildiyində isə savab qazanılan və əleyhinə bir dəlil tapılmadığı müddətdə qəti olaraq qadağan olunan bir şey deməkdir.

Haram, li aynihili ğeyrihi olmaqla iki yerə ayırılır:

  1. Li aynihi haram:

Quruluşu baxımından pislik və zərər ehtiva etməsinə əsasən təməldən haramlığına hökm verilmiş olan feldir. Zina, oğurluq, donuz əti yemək kimi fellər bu cür haramlara örnək olaraq göstərilə bilər.

  1. Li ğeyrihi haram

Əsasən icazəli olduğu halda, haram olunmasını gərəkli edən keçici bir vəziyyətlə əlaqədar olan feldir. Cümə saatında alışveriş etmək, başqasının malını icazəsiz olaraq yemək kimi fellər bu cür harama örnək verilə bilər. Bunlar əsli baxımından icazəli, fəqət vəsfi baxımından icazəsiz fellərdir. Bu vəsf aradan qalxarsa haramlıq da qalxar. Məsələn Cümə saatı bitdikdə alış-veriş etmək və bir insanın malını onun izni və bilgisi daxilində almaq/yemək halaldır.

  1. Haram Necə Bilinir?

Bir şeyin haram olduğu aşağıdakı şəkillərdən biri ilə anlaşıla bilər:

  1. Birbaşa haram kəlməsi və ya növlərinin işlədilməsi ilə:

“Öz-özünə ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adı anılaraq kəsilmiş, boğulmuş, vurulmuş, yıxılmış, buynuz zərbəsi almış və yırtıcı tərəfindən yeyilmiş olanlar sizə haram qılınmışdır…” (Maidə, 5/3)

  1. Bir şeyin halal olmadığını açıq bir surətdə bildirilməsi ilə:

“Boşadığınız qadınlara verdiklərinizdən hər hansı bir şey (geri) almanız sizə halal deyildir.” (Bəqərə, 2/229)

  1. Haram qılma anlamını aradan qaldırıcı bir dəlil tapılmadan işlədilən qadağa rejimi ilə:

“Fasiqliq edilərək üstünə Allahın adı xatırlanmamış olduğu qəti olandan yeməyin!”(Ənam, 6/121)

  1. Hər hansı bir feldən çəkinmənin qəti bir vəzifə olduğunu ifadə edən “qacınma/ictinab” ləfzi ilə:

“Möminlər! Hamr (insanı sərxoş edən şey), qumar, dik daşlar və fal oxları şeytan əməli pisliklərdir. Onlardan qacının ki, umduğunuza qovuşasınız.” (Maidə, 5/90)

 

  1. Halal və Haramı Bildirmə Səlahiyyəti

Bir çox ayədə halal və haram qılma səlahiyyətinin sadəcə Allaha aid olub insanların belə bir səlahiyyətinin olmadığı, özəlliklə vurğulanan xüsusların başında yer alır. Allah Təala belə buyurmuşdur:

“De ki: `Allahın sizə endirdiyi hər bir ruzini düşündünüzmü? Siz onu halal, haram deyə sinifləndirirsiniz.` De ki: ` Bu mövzuda Allahmı sizə icazə verdi, yoxsa Allaha iftira edirsinizmi?`

Bir yalanı Allaha bağlayanlar qiyamət gününü nə sanırlar? Allahın insanlara comərdliklə verməsi bir gerçəkdir. Amma onların çoxu şükr etməzlər.” (Yunus, 10/59-60)

Allaha bağlamaq üçün dillərinizin özəlliklə bəzədiyi yalanlar ilə `Bu halaldır, bu haramdır` deməyin. Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Bunlar bir az mənfəət taparlar; amma onlar üçün canyandırıcı bir əzab vardır.” (Nəhl, 16/116-117)

Möminlər, Allahın sizə halal qıldığı şeylərdən xoşunuza gələnləri özünüzə haram qılmayın. Həddi də aşmayın; Allah həddi aşanları sevməz.” (Maidə, 5/87)

“De ki: Allahın qulları üçün çıxardığı bərbəzəyi, təmiz və ləzzətli ruzliləri kim haram etdi? De ki, bunlar dünyada əsasən möminlər üçündür; Qiyamət günündə isə sadəcə onlar üçün olacaqdır. Bilən bir toplum üçün ayələrimizi belə açıqlarıq.” (Əraf, 7/32)

Göründüyü kimi ayələrdə insanların öz başlarına halal və ya haram təyin etmə, Allaha atılmış bir iftira olaraq səciyyələndirilmiş və cəzasının can yandırıcı bir əzab olduğu bildirilmişdir.

Fəqət bir ayədə halal və haram qılma feli, Rəsulullah üçün də işlədilmişdir. Əlaqədar ayə belədir:

“Onlar, yanlarındakı Tövratda və İncildə yazılı tapdıqları Rəsula, o ümmi nəbiyə uyan kimsələrdir. O, onlara yaxşılığı əmr edər, onları pislikdən uzaq tutar. Onlara tayyibatı halal, xəbaisi haram qılar. Üstlərindəki ağır yükləri və zincirləri qaldırar…” (Əraf, 7/157)

Bu ayədə Rəsulullahın, yaxşılığı əmr edib, pisliyi qadağan etməsi, tayyibatı (təmiz şeyləri) halal, xəbaisi (pis şeyləri) haram qılması, insanların üstündəki ağır yükləri qaldırıb zincirləri qırması, əsasında Quranda var olanları bildirməsi ilə gerçəkləşməkdədir. Bu fellərin Rəsulullaha bağlanması, onun “rəsul”, yəni “elçi” olması səbəbilədir. Allahın rəsulu, Allahın özünə bildirdiyi əmr və qadağaları hər hansı bir əlavə və ya əksiltmə etmədən, olduğu kimi çatdıran adamdır. Çünki, Allah Təala ona, özünə endirdiyi Quran ilə hökm verməsini əmr etmişdir. (Baxın: Maidə, 5/49)

Sadəcə Rəsulullah deyil, Allahın bütün elçiləri, Allahın Kitabındakı əmr və qadağaları, əlavə etmə və ya əskiltmə etmədən ümmətlərinə olduğu kimi təbliğ edərlər. Məsələn, Allahın kitabında; “Namaz qılın”, Zəkat verin” əmri varsa rəsullar, xitab etdiklərinə bunu əmr edərlər. İsmail (ə.s.) üçün Quranda ( Məryəm, 19/55 ) keçən “O, əhlinə (ailəsinə/xalqına) namazı və zəkatı əmr edərdi” ifadəsindən, İsmail əleyhissalamın, namazı və zəkatı Allahdan ayrı bir şəkildə tamamən öz səlahiyyəti ilə əmr etdiyi deyilə bilməz. İsa əleyhissalam haqqında da bənzər bir ayə var. Onun belə dediyi buyurulmuşdur:

“Mən, önümdəki Tövratı təsdiq edən və sizə haram qılınmış bəzi şeyləri halal qılmaq üçün gələn bir elçiyəm. Sizə Rəbbinizin bir sənədini də gətirdim. Allahdan qorxun və mənə itaət edin.” (Ali İmran, 3/50)

Bir çox ayədə Allahın, tayyibatı halal, xəbaisi haram qıldığı bildirildiyinə görə[4] eyni xüsusun Rəsulullaha izafə edilməsi, onun, Kitabdakıları təbliğ etməsi, yəni ümmətinə Allahın halalını  halal, haramını da haram olaraq bildirməsi, elan etməsi mənasına gəlir.

Haram qılma feli Əhli Kitabı (Yəhudi və Xristiyanları) əhatə edəcək şəkildə başqa bir ayədə insanlara izafə edilərək belə keçməkdədir:

“Kitab verilmiş kimsələrdən olduqları halda Allaha və axirət gününə inanmayan, Allahın və elçisinin haram qıldığını haram tanımayan və bu doğru dini din qəbul etməyən kimsələrlə, zəifləyib öz əlləri ilə cizyə verənə qədər savaşın.” (Tövbə, 9/29)

Yuxarıdakı ayədə Allahın və Elçisinin haram qıldığını haram qılmayanlardan bəhs edilməkdədir. Deməli, “iman etmiş insanlar” Allahın və Rəsulunun halal qıldığını halal; haram qıldığını da haram qılacaqlar. İnsanların haram və halal qılması da eynilə Rəsulullahın etdiyi kimi Kitabda olanları təbliğ etməklə olar. Mövzu ilə əlaqədar olaraq bu ayəyə də bir daha baxmaq gərəkir:

“Ey Nəbi! Zövcələrinin rizasını güdərək Allahın sənə halal qıldığı şeyi nə üçün özünə haram edirsən? Yenə də Allah çox bağışlayandır, ikramı da boldur.” (Təhrim, 66/1)

Ayədə Nəbimiz, Uca Allahın halal qıldığı bir şeyi özünə haram qıldığı üçün xəbərdarlıq almışdır. Bu, Rəsulullahın “nəbi” vəsfi ilə şəxsi seçimi idi. Yəni bunu “rəsul” sifəti ilə edə bilməzdi.

Əgər nəbimizin Allahın sərbəst etdiyi bəzi şeyləri haram qılma səlahiyyəti olsa idi belə bir ayə Quranda niyə olurdu! Cənabi Haqq bir tərəfdən ona belə bir izin, belə bir səlahiyyət vermiş olacaq, sonra da səlahiyyətindən istifadə etdiyi üçün nəbisinə xəbərdarlıq edəcək! Belə bir şeyin düşünülməsi əbəs yerədir.

Necə ki, Rəsulullah bu xüsusu bu sözləri ilə çox gözəl bir şəkildə izah etmişdir:

“Mən ancaq Allahın, Kitabında (yəni Quranda) halal qıldığı şeyi halal və yenə ancaq Allahın, kitabında haram qıldığı şeyləri haram qılaram.”[5]

Bir başqa hədis isə belədir:

“Halal, Allahın, Kitabında halal qıldıqları, haram da Kitabında haram qıldıqlarıdır. Haqqında bir şey söyləmədikləri isə Onun əhv etdiyi şeylərdir.”[6]

Səhabənin qabaqcıllarından olan Abdullah İbn Abbasın da belə dediyi rəvayət edilmişdir:

“Cahiliyyə xalqı bəzi şeyləri yeyər, bəzi şeyləri də diksindikləri üçün yeməzdi. Deyərkən Allah, Nəbisini göndərdi və Kitabını ( Quranı ) endirdi. Halalını və haramını açıqladı. Artıq Onun ( Allahın ) haram qıldığı haram, halal qıldığı da halaldır. Haqqında açıqlama etmədiyi şeylər isə əhv edilmişdir.”  Sonra İbn Abbas Ənam surəsinin 145-ci ayəsini oxudu.[7]

Yenə Abdullah İbn Abbas, Rəsulullah ilə əlaqədar olaraq “Onlara tayyibatı halal, xəbaisi haram qılar” ( Əraf 7/157 )  ayəsində keçən xəbaisin; “donuz əti, faiz və Allah tərəfindən haram qılındığı halda Cahiliyyə Ərəblərinin halal gördüyü yemək və içməklər” olduğunu söyləmişdir.[8] Bu da Rəsulullahın ancaq Allahın haram qıldığı şeyləri haram qıla biləcəyini göstərməkdədir.

Eyni ayə ilə əlaqədar olaraq  Tabiindən Ata b. Əbi Rəbah da İbn Abbasdan rəvayət edərək bunları söyləmişdir:

“Cənabi Haqq, buradakı xəbais kəlməsi ilə leş, qan və Maidə surəsinin 3-cü ayəsində zikr edilən şeyləri nəzərdə tutmuşdur” deyərək Rəsulullahın haram qıldığı xəbaisin Quranda yer alan haramlar olduğuna diqqət çəkmişdir.[9]

Nəticə olaraq, nəbilər də daxil olmaqla heç kimin Allahdan ayrı, müstəqil bir şəkildə halal və haram qılma səlahiyyəti yoxdur.[10] Vəziyyət belə olduqda məzhəb imamlarının, təriqət şeyxlərinin, hocaların, cəmaət  liderlərinin ictihad edərək Allahın kitabında olmayan bəzi şeyləri yeni haramlar qoya biləcəklərini düşünmək olarmı? Əsla! Onlara belə bir səlahiyyəti aid etmək və bunun nəticəsində söylədiklərinə sorğu-sualsız inanmaq, onların hökmünü Allahın hökmü kimi qəbul edib ona görə hərəkət etmək yazının əvvəlində yer alan Adiyy b. Hatim rəvayətində olduğu kimi onları rəbb qəbul etmək mənasına gəlməzmi? Mərhum Əlmalılı Muhamməd Hamdi Yazırın bu mövzu ilə əlaqədar bu möhtəşəm sözləri ilə yazımızı sona çatdıraq. Əlmalılı belə deyir:

“Allahın əmrlərini qulaq ardı edərək alimlərdə velev cüzi bir hökm vazetmək ( hökm vermək )

səlahiyyəti olduğunu, hətta bir zərrənin belə hökmünün yerini dəyişdirməyə səlahiyyəti olduqlarını qəbul və təslim eləmək, Allahdan başqasına bir rəbblik hissəsi verməkdir, onları “min dunillah”  (Allahın ardında) rəbb etməkdir. Şeytanlara, Tağutlara, Nəmrudlara, Firaunlara, bütlərə və evsana sitayiş etmək necə bir şirk və küfürdürsə alimlərə də həddindən çox qiymət vermək də elədir. Məsələn; doğrunu-yanlışı, haqqı-batili, ayırd etmədən haqq elminin gərəyi olmayan fikirlərini, sözlərini, haqqın əmrinə söykənməyən, ondan qaynaqlanmayan şəxsi fikirlərini, istək və arzuya söykənən kefinə görə olan fətvalarını və iradələrini üstün tutmaq, sanki onlarda Allahın haram qıldığını halal, halal qıldığını da haram qılma səlahiyyəti varmış kimi, haqqı dəyişdirə biləcək bir hüquqları varmış kimi, qəsdli pozğunluqlar belə bir tərəfə dursun, Allahın əmrinə zidd olduğu açıq-aşkar olan xətalarına belə itaət etməni caiz görmək, qısası Allah bu mövzuda nə buyurur, deyə düşünmədən, Allahın əmrinə tabe olmaq gərəkdiyini hesab etmədən, onlara itaət də belə bir şirk və küfürdür. Allahı buraxıb başqalarına sitayiş etmək deməkdir.”[11]

Halal və haram qidalar mövzusunda ətraflı məlumat üçün Dr. Yəhya Şenolun “Halal Qida” adlı kitabına müraciət etməyiniz tövsiyə olunur.

MÜƏLLİF: Dr. Yəhya Şenol.

Azərbaycan ləhcəsinə uyğunlaşdıran: Tariel Xanbabayev.

[1] Tirmizi, Tefsir, 10 (9).

[2] Bu yazı hazırlanarkən Kuran ve Sünnet İşığında Helal Gida (Yahya Şenol, Süleymaniye Vakfı Yayınları, 2. Bs., İstanbul, 2015) isimli əsərdən istifadə edilmişdir. Yararlanılan qaynaqlar və daha geniş bilgi üçün o əsərə müraciət oluna bilər.

[3] Əksinə bir dəlil tapılmadığı müddətdə sərbəstlik və məsul olmamaq, yaxud da daha öncə varlığı bilinən hər durumun davam etdiyinə hökm etmək yöntəmi mənasında fiqh üsulu termini. Bax: Ali Bardakoğlu, “İstishab”, Diyanet İslam Ansiklopedisi, İstanbul, 2001, c:23, s. 376

[4] Bəqərə, 2/168; Maidə, 5/88; Nəhl, 16/114-115

[5] Beyhaki, Sünenü`l Kübra, c: 6, s. 75.

[6] Tirmizi, Libas, 6; İbn Mace, Et`ime, 60.

[7] Əbu Davud, Et`ime, 30.

[8] Təbəri, Camiu`l-Beyan, Daru`l-Kutubi`l-İlmiyye, Beyrut, 1992, c: 6, s. 85.

[9] Razi, et-Tefsirul-Kebir, Daru İhyai-Turasi`l-Arabi, 3. bs., Beyrut, 1999, c: 5, s. 381

[10] Bu mövzu haqqında baxın: Fatih Orum, Kuran ve Sünnet Temelinde Kuranı Anlama Üsulu, Süleymaniye Vakfı Yayınları, İstanbul, 2013, s. 200-205; Zeki Bayraktar, Kuran ve Sünnet Ama Hangi Sünnet, 2. Bs., Süleymaniye Vakfı Yayınları, İstanbul, 2015, s. 139-143.

[11] Elmalılı Muhammed Yazır, Hak Dini Kuran Dili, Sadeleştirenler: İsmail Karaçam vd., Azim Dağıtım, c: 4, s. 319.