Müsəlmanlar
Qurani-Kərimin xüsusiyyəti

Qurani-Kərimin xüsusiyyəti

Qurani-Kərimin xüsusiyyəti

Hz. Muhəmməd (s) peyğəmbərlərin, ona nazil edilən Qurani-Kərim də ilahi kitabların sonuncusudur. Vəhyi Hz. Peyğəmbərlə yekunlaşdıran Allah Qurani-Kərimi bu həqiqətə uyğun tərzdə və əhatədə nizamlamışdır. Quranda olan xəbər və mövzular insanların Hz. Muhəmmədin peyğəmbərliyindən qiyamət qopana qədər olan müddət ərzindəki ehtiyaclarını aradan qaldıracaq miqdarda və ölçüdədir. Allah həmin məqsəd və həqiqətə uyğun şəkildə Quranın çərçivəsini nizamlamış, heç bir yersiz sözə yol verməmişdir («Ənam» surəsi, 6/38).

Bununla yanaşı, Qurandan faydalanmaq adi kitabdan faydalanmaqla eyni deyildir. Quran bir çox cəhətdən insanların yazdığı kitablara bənzəmədiyindən əslində ehtiyacımız olan mövzuları tapmaq üçün müxtəlif üsullar tətbiq etmək məcburiyyətində qala bilərik. Bəzən müəyyən mövzu axtardığımız zaman Quran bizi başqa yerlərə istiqamətləndirməklə kömək edir. Məsələn, Quranda keçmiş ilahi kitablara da toxunulur, bəzi mövzuların mütəxəssislərinə müraciət edilməsi tövsiyə edilir, çətin anlaşılan və qapalı olan mövzuda Hz. Peyğəmbərin şərh və tətbiqatlarına işarə edilir.

Bəzən biz insanlar, “filan mövzu Quranda olmalıdır” və ya “nə üçün filan mövzu Quranda yoxdur?” şəklində suallar veririk. Belə suallar ilahi kitabların və Quranın nazil olduğu dövrdə də verilmişdir. Lakin Allah Quranı insanların -sonunun nə olacağını bilmədikləri- istəklərinə görə nazil etməyəcəyini, müəyyən mənada Quranın onların istək və həvəslərinə uyğun olmayacağını açıq şəkildə buyurmuşdur («Muminun» surəsi, 23/71). Çünki insanların istək və tələblərinə əsasən müqəddəs mətnin nizamlanması, az-çox tibbi anlayışı olan, hətta müəyyən qədər dərmanları da tanıyan xəstənin bilikli və təcrübəli həkimə özünün doğru hesab etdiyi dərmanları zorla yazdırması vəziyyətinə bənzəyir. Xəstə bir çox dərmanın adını və hansı xəstəlik üçün istifadə edəcəyini bilməklə yanaşı, həmin dərmanın qarşıda ona nə kimi zərərlər verəcəyini dərk etmir. Çünki bu, daha geniş təcrübə və mütəxəssis işidir.

Allahın elmi sonsuz və hədsiz olduğu üçün bizə nəyin faydalı, nəyin zərərli olacağını hamıdan yaxşı bilir. Həmçinin O, Quranda bizim üçün asan və yaxşı olanı seçdiyini («Bəqərə» surəsi, 2/185; «Məryəm» surəsi, 19/97; «Qəmər» surəsi, 54/17, 22, 32, 40; «İnşirah» surəsi, 94/5-6), bizi əsla çətinliyə salmaq məqsədinin olmadığını bildirir («Taha» surəsi, 20/2). Belə olduqda Onun Quranda bizə bildirdiyi, eşitdirdiyi hər cür məlumat bizim ehtiyacımızla əlaqəlidir və bizə faydalıdır.

Qurani-Kərimdəki ağcaqanad misalı və buna etiraz kimi müşriklərin davranışı diqqəti cəlb edən bir məqamdır: “Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, inkar edənlər isə: “Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir” («Bəqərə» surəsi, 2/26).

Allahın ağcaqanadla bağlı misalını müşriklərin mənasız və adi hesab etmələri, əslində onların doğru olmayan inanclarından irəli gəlir. Quranda olan hər ifadə və izahat insanları tərbiyələndirmək, onları imtahana çəkmək kimi mühüm məqsəd daşıyır. Bütün bunları mənasız hesab edənlər hələ imtahanın ilk mərhələsində uğursuzluğa düçar olanlardır. Əsl imana malik olanlar bunları Allahın bilik və hikmətinin, güc və ucalığının dəlili kimi qəbul edirlər. Çünki buradakı misal ağcaqanadla bağlı olsa da, o elə mükəmməl yaradılışa malikdir ki, Onu Allahdan başqa heç bir varlıq yarada bilməz.

Müasir dövrdə insanların bilikləri artdığı və bilik əldə etmələri asanlaşdığı üçün bəzən Quranın ifadələri onlara sadə görünür. Hətta orada olan bəzi tarixi məlumatlar, sosioloji və psixoloji təhlillər, elmin hədləri daxilində olan mövzularla bağlı izahatlar onları qane etməyə bilər. Belə vəziyyətin yaranması iki mühüm səbəbə bağlıdır. Birincisi, Quranın son bir neçə əsr ərzində üzə çıxan elmi inkişaflar nəticəsində hədləri bilinən elmlərin qaydalarına əsasən qiymətləndirilməsidir. Həmçinin verilən hökmlərdə, bu elmlərin mühüm alimləri tərəfindən ortaya qoyulan bilik və üsullarda səhv olmadığı, mütləq şəkildə doğru olduğu inadla bildirilir. Bu səhv aşağıdakı misalla aydın olur:

Quran ərəblərin yazılmış ilk kitabıdır. Bundan əvvəl ərəblərin dil qaydalarını nizamlı şəkildə göstərən və səhvləri üzə çıxaran dillə bağlı hər hansı kitabları olmamışdır. Şifahi adətlər də sistemli bilikləri əhatə edirdi. Sözlərin işlədilməsi və tələffüzləri qəbilədən-qəbiləyə, şəhərdən-şəhərə fərqli idi. Ərəblərdə dilçiliklə bağlı kitablar və dil qaydaları, Quranın nazil olmasından təxminən bir əsr sonra mövcud olmuşdur. Əgər dilçi alimlər, çalışaraq dillə bağlı müəyyən etdikləri müxtəlif qaydalara əsasən hətta Quranı mühakimə edib, orada səhv cümlələrin olduğunu desələr, heç bir ağıllı insan bunu qəbul etməz. Çünki Quran ərəb dilinin mühüm mənbəyidir. Həmçinin nazil olduğu dövrdə heç kim Quranın yüksək üslubu qarşısında söz deyə bilməmişdir. Sonradan gələn dil qaydalarına əsasən, Quranı mühakimə etmək doğru olmadığı kimi, doğru olması ilə bağlı qəti dəlil olmayan sosial və texniki elmlərə, nəzəriyyələrə görə də Quranı səhv hesab etmək doğru deyildir. Elmi hüdudsuz olan Allahın son kitabı və bütün insanlara müraciət edən Quranda səhv ifadələr işlətməsi mümkün deyildir. Mömin belə vəziyyətdə Qurana şübhə ilə yanaşmamalı, əksinə bununla bağlı araşdırmalarını fəal şəkildə davam etdirməlidir. Mömin, kainat kimi mükəmməl varlığı yaradan, bilik və hikmət sahibi olan Allahın göndərdiyi kitabın insan düşüncəsinin və maraqlarının nəticəsi olan biliklərlə zidd olmayacağını bilir.

Qurani-Kərimə yönəlmiş səhv baxışdakı ikinci problemi bu şəkildə bildirmək mümkündür. Quranda bəhs edilən mövzular və verilən məlumatlar yalnız bizdən əvvəlkiləri və bizləri maraqlandırmır. Quran, hər hansı dəyişikliyə məruz qalmadan öz varlığını qiyamətə qədər davam etdirəcək. Belə olduğu halda, Quranın bəzi ifadələrinin nəinki bizə, hətta bizdən əsrlərlə sonra yaşayacaq insanlara aid olması da mümkündür. Müxtəlif mənalarda olan söz və ifadələrlə (mutəşabih) bildirilən göy üzü ilə bağlı ayələr, surələrin əvvəlində olan «əlif lam mim, ya sin, ta ha, sad, qaf» kimi hərflər (hurufu muqattaa) bu qəbildəndir. Bu gün həmin hərflərin mənasının tam olaraq bilinməməsi, gələcəkdə də bilinməyəcəyi demək deyildir. Bəlkə də bunlar gələcəkdəki insanların Qurandakı payları olub, ilahi hikmət onları gələcək insanlara saxlamışdır. Bilinməyən və dərk edilməyən hər şeyin səhv və ya lazımsız olduğunu demək mümkün olmadığına görə həqiqətin üzə çıxması üçün müəyyən vaxta ehtiyac vardır.

Bütün bu izahatlara baxmayaraq, Quranın unudulmayacaq ən mühüm cəhəti, onun hidayət kitabı olmasıdır. Bu müqəddəs kitabda, mərkəzində bütün varlıqların yeganə sahibi olan Allahın dayandığı kainat və dünya modeli mövcud olub, hikmət və ədalət prinsipinə əsasən həmin modeldə hər an varlığa bir rol seçilir, bu rolun yaxşı yerinə yetirilməsi üçün lazım olan şərtlər hazırlanır.

Qurani-Kərim hidayət (doğru yolu göstərən) kitabı olduğuna görə orada ən mərkəzi yer hidayəti verən varlığa aid olmalıdır. Əslində də elədir. Quranın ən mühüm mövzusu Allahın Özü, sifətləri, Allah-insan, Allah-kainat münasibətləridir (uluhiyyət). Sonra isə sıra ilə keçmişdən dövrümüzə qədər bəşər və bəşər tarixi, kainat və axirət həyatı gəlir. Digər bütün mövzular bu əsas mövzulara aiddir.

Qeyd: Bu yazı 15.03.2011-ci ildə http://www.din.az/modules/news/article_storyid_70.html ünvanından (saytın idarə heyətindən icazə alınaraq) götürülmüşdür.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.