Müsəlmanlar

FATİHƏ SURƏSİ

ÖNSÖZ

Əziz Müsəlmanlar!

Sizi Qurani-Kərimin yeni tərcüməsi ilə tanış edirik. Geniş oxucu auditoriyasına təqdim edilmək üçün nəzərdə tutulmuş bu tərcümə, Süleymaniyə Vəqfi Din və Fitrət Elmi Araşdırmalar heyətinin birgə əməkdaşlığı ilə ərsəyə gəlmiş və dilimizə tərcümə edilmişdir.

Sizə təqdim edilən bu Quran tərcüməsi öz metod və məzmunu ilə digər mövcud Quran tərcümələrindən fərqlənir. Bu tərcümənin əsas fərqli cəhətləri aşağıdakılardan ibarətdir:

–           Ayələrin bir-biri ilə bağının/əlaqəsinin qurulması, mütəşabih/bənzər ayələrin vurgulanması və bunun üçün bir çox ayələrin sonunda qeydlərin verilməsi, həm oxucunun ayələrlə əlaqədar ətraflı məlumat əldə etməsinə, həm də doğru nəticəyə gəlməsinə köməklik göstərməkdədir.

–           Məlum olduğu kimi Qurani-Kərim, özündən əvvəlki ilahi kitabları təsdiq edən və ümmətlərindən bəhs edən bir kitabdır. Bu səbəbdən Tövrat və İncildə onlarla əlaqədar qarşılaşdığımız məlumatları təsdiq məqsədilə yeri gəldikcə ayələrdə qeyd etmişik. Eyni zamanda Nəbimiz Muhəmməd əleyhissəlamın Qurandan aldığı ilham və hikmətindən, ictimai-siyasi münasibətlərindən, ibadət və əxlaqından nümunələr təqdim etmişik. Həm ilahi kitabların bir-birini təsdiq etməsi həm də nəbimizin tətbiqatları, davranışları və ona isnad edilən bir çox rəvayətlər, bizə Quranın daha dərindən incələnməsinə və doğru tərcümə edilməsinə yardımçı olmuşdur.

–           Ayədə ifadə edilən kəlmələri daha yaxşı başa düşmək və mövzunun mahiyyətinə spesifik yanaşmaq məqsədilə ərəb dilinin qrammatik, leksik və fonetik xüsusiyyətlərinə diqqət yetirdik. O cümlədən ərəb dilinin termonologiyasından və leksiografik/sözlük mənbələrindən istifadə edərək, söz vahidlərinə kifayət qədər geniş yer verdik. Qeyddə həmçinin kəlmələrin bir çoxuna aydınlıq gətirilmiş və mövzuyla bağlı mütəşabih/bənzər ayələr qeyd edilmişdir.

–           Bütün bu vacib qeydlərin verilməsində əsas məqsəd; Qurani- Kərimi təfsir edənlərin biz deyil, məhz Allah olduğunu göstərmək və bunun üçün ayələr arası əlaqənin, bağın qurulmasına diqqət etməyin vacib olduğunu vurğulamaqdır.

–           Ərəbcə ifadə edilən bəzi kəlmələri və bu kəlmələrin ehtiva etdiyi zənginliyi öz dilimizə arzu olunduğu kimi əks etdirməkdə çətinlik çəkdiyimiz hallar oldu. Bu kimi yerlərdə ya kəlməni dilimizə keçdiyi şəkildə saxladıq ya da tərcümə etdiyimiz zaman ona da uyğun qeyd aparmalı olduq.

Quranın orijinal ehtişamını öz dilimizə bacardığımız qədər əks etdirməyə çalışdıq. Yer üzündə həddi büluğa yetişən, yəni yetkinlik yaşına çatan heç bir insan məsum/xətasız deyildir. Biz də məsum/xətasız deyilik. Uca Allah xətalarımızı əfv etsin! Nəzərinizə çatdırmaq istəyirik ki, kim tərəfindən olur-olsun oxuduğunuz bütün tərcümələrin Qurani-Kərimin orijinalına bərabər olması əsla mümkün deyil. Əgər bu tərcümədə hər hansı bir kəlmə əksikliyinə və cümlədə anlaşmazlığa rast gəlmiş olsanız, xahiş olunur aşağıda qeyd edilmiş saytımız vasitəsilə irad və təkliflərinizi bizə təqdim edəsiniz: https://www.muselmanlar.com/

Allah, hər birimizə Qurani-Kərimə sarılmağı, Onu doğru anlayıb, yaşamağı lütf etsin!

 Fatihə[1] surəsi və məalı.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismillahir Rahmənir Rahim.

  1. Mərhəmətli, Rəhmli Allahın adı ilə[2]

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Əlhamdülillahi Rabbil Aləmin

  1. Hər cür tərif[3] Aləmlərin Rəbbi olan[4] Allaha məxsusdur.

الرَّحْمَٰنِ الرَّحِيمِ

Ərrahmənir Rahim

  1. Mərhəməti sonsuz Rəhməti boldur.

مَالِكِ يَوْمِ الدِّينِ

Maliki yəvmiddin

  1. Din/Haqq-hesab[5] gününün Sahibidir[6].

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

İyya kənə-budu və iyya kənəs-təin

  1. Qulluğu[7] birbaşa Sənə edər, köməyi də birbaşa Səndən istəyirik[8].

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

İhdinəs Sırat-al Müstəqim

  1. Bizi doğru yoluna[9] yönəlt!

 صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

Sıradal ləzinə ən-amtə aleyhim, Ğayril məğdubi aleyhim vələddallin!

  1. Nemətləndirdiyin kəslərin yoluna![10] Qəzəbə düçar olmuş[11] və azmışların[12](yoluna) deyil! 

[1] Fatihə sözünün kök mənası, “görünən və görünməyən bir şeyi üzərindən götürmək”, “qapalı bir şeyi açmaq”, “bir şeyin başlanğıcı” deməkdir. Qurani-Kərimin ilk surəsi olduğu üçün də bu adı almışdır (Rağıb əl-İsfəhani, “Müfrədat”).

[2] “Rəhman” və “Rəhim” kəlmələri “rəhmət= رحمة” kökündən gəlir. Hər iki kəlmə dilimizə uyğunlaşdığından və dilimizdə bu kəlmələrin qarşılığını olduğu kimi ifadə edəcək başqa bir kəlmə tapa bilmədiyimiz üçün, sözləri olduğu kimi saxlamağı məqsədəuyğun hesab etdik. Rəhman, “rəhməti hər şeyi əhatə edən” deməkdir. Bu xüsusiyyət, təkcə Allahda vardır. Rəhim isə “çox mərhəmətli” mənasına gəlir. Belə bir xüsusiyyət isə Allahdan başqa canlılarda da olur. Belə ki, “rəhim” kəlməsi Tövbə 128-ci ayəsində Rəsulullah üçün işlədildiyi kimi, Fəth 29-cu ayəsində də möminlər üçün işlədilir.

[3] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[4] Rəbb, “sahib, əfəndi, bir şeyi böyüdən, yetişdirən” mənalarına gəlir (Müfrədat). Bu kəlmə daha çox “sahib” sözünə yaxın olduğu üçün bəzi yerlərdə Rəbb kəlməsi ilə birlikdə yazdıq. Rəbb kəlməsi, nadir də olsa insanları nəzərdə tutmaq üçün işlədilir (Tövbə 9/31; Yusuf 12/50).

[5] Din, “borc, qanun, yol, cəza, hesab, itaət” mənalarına gəlir (Müfrədat; əs-Sıhah). Din, Quranda insanın qəbul edib ona görə yaşamağa çalışdığı, özünü borclu bildiyi yol və qanundur. “Gözəl davranaraq özünü Allaha təslim edəndən daha gözəl yol kim girmiş ola bilər?” (Nisa 4/125). Din eyni zamanda Allahın insan fitrətinə/təbiətinə uyğun yüklədiyi məsuliyyətlərdir. Bu anlamda Quran dini fitrət olaraq tanıdır: “Sən üzünü birbaşa bu dinə, Allahın fitrətinə/təbiətinə çevir. O, insanları ona görə yaratmışdır.” (Rum 30/30). Fitrət, insanların və bütün məxluqatın təməlini meydana gətirən yaradılış, inkişaf və qanunlarıdır. Hər şeyin özəyi və doğru çalışması fitrətə bağlıdır (Həcc 22/18).

Din günü isə, dünyada edilənlərin qarşılığının alınacağı Axirət günüdür. Buna görə Uca Allah Quranda belə buyurmaqdadır: “Haqq-hesab vermə günü oraya girəcəklər. Onlar oradan çıxa bilməyəcəklər. Sən haradan biləsən ki, haqq-hesab vermə günü nədir? Bəli, sən nə biləsən ki, haqq-hesab vermə günü nədir? O gün heç kəs heç kəsin köməyinə gələ bilməz. O gün səlahiyyət ancaq Allahındır!” (İnfitar 82/15-19).

[6] Malik, “Mülkün sahibi” deməkdir (əl-Məani). Bunu ifadə edən ayə belədir: “Bu gün mülk kimə məxsusdur? Tək olan, hər şeyi qüdrət və hakimiyyəti altında tutan Allaha!” (Mömin 16). Hakimiyyətin haqq/hesab gününün tək sahibi Allah olduğu üçün o gün hökm vermək də təkcə Ona aiddir. Ayəyə bunu da əks etdirmək üçün bəzi qiraətçilər “Malik” kəlməsini “Məlik” qiraəti ilə də oxuyurlar. Məlik, “idarə etmək, hökm etmək gücünə və səlahiyyətinə sahib olan” deməkdir (Müfrədat).  Haqq/hesab günündə Allahdan başqa heç kimin hökm verməyə, şəfaət etməyə və bir başqasını müdafiə etməyə gücü və səlahiyyəti olmayacaqdır. Baxın: Həcc 22/56; Zümer 39/43-44; Casiyə 45/27; İnfitar 82/18-19.

[7] Qulluq etmək/ibadət; səmimi niyyətlə, hörmətlə, istəyərək və özünü daha aşağıda görərək, qeydsiz-şərtsiz boyun əyməkdir (Məqayis; Müfrədat). Ərəb dilində daha geniş məna ifadə edən ibadət kəlməsi, dilimizdə daha dar mənada işlədilir. Dilimizdə ibadət kəlməsiylə ancaq namaz, oruc kimi rituallar ağla gəldiyi üçün biz bu kəlməni daha geniş məna ifadə edən “qulluq” kəlməsiylə əvəz etdik. Çünki digər bir çox ayələrdə insanlar, Allahdan başqasına və ya Allahla özləri arasına qoyduqlarına -ərəbcə ifadəylə- ibadət edirlər deyildiyi zaman, onlar üçün namaz qılırlar ya da oruc tuturlar mənasında deyil, dilimizdəki ifadəsiylə yəni özlərindən yuxarıda Allaha yaxın gördükləri şəxslərə qeydsiz-şərtsiz boyun əyirlər və qulluq edirlər deyilməkdədir.

[8] Ayə, Allahdan istəniləcək şeylərin birbaşa Allahdan istəməyin vacib olması ilə əlaqəlidir. Allahdan istəyəcək şeyləri, başqalarından istəyəcək şeylərdən ayırd edə bilməyənlərin şirkə girmə ehtimalları böyükdür. Belə ki, müşriklər, Allahdan istəniləcək bir çox şeyləri Allaha yaxın, sevimli bəndəsi hesab etdikləri şəxsləri ortaya qoyaraq ya da birbaşa o şəxslərə müraciət edərək istəyərlər. Dua edəndə və çətinliyə düşəndə onları çağırır və yalvarırlar. Çünki çağırdıqları şəxslərin onları eşitdiklərinə və onları dualarının qəbul edilməsində bir vasitəçi olduqlarına inanırlar. İnsana şah damarından daha yaxın olan Allah ilə öz aralarına vasitəçi qoyan hər kəs dindən çıxar və müşrik olur.

Qısacası; Quranda təkcə Allahın gücü və qüdrəti daxilində olan şeyləri Allahtan istəməkləri, insanların və başqa canlıların gücü və qüdrəti daxilində olan şeyləri də onlardan, məsələn, insanların bir-birindən istəyəcək şeyləri bir-birindən istəməkləri, köməklik və yaxşılıq etməkləri əmr edilməkdədir. (Bəqərə 2/177, Zariat 51/19, Məaric 70/24-25).

[9] Sırati-Müstəqim, “doğru yol” deməkdir. Bu yolda olmaq ancaq Allahın buyruqlarına boyun əyməklə və qulluq etməklə olur. (Ali İmran 3/51, Yasin 36/60-61). Allaha qulluq isə ancaq Qurana sarılmaqla mümkündür (Ənam 6/151, Zuxruf 43/43). “Bizi doğru yoluna yönləndir!” deyə, verdiyimiz məna Allahın göstərdiyi yola yönləndirmək və tanıtmaq üçündür. Yoxsa Allahın səhv yolları olduğu mənasına gəlməz. Belə ki Uca Allah, insanların necə inanmaları, necə qulluq etmələri və nə iş görmələri barədə digər ayələrdə geniş məlumat verməkdə və sonra da “Kim Allaha bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir”, “Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Ona tabe olun! ” deməkdədir (Ali İmran 3/101, Ənam 6/153).

[10] Allahın nemət verdiyi şəxslər; nəbilər, sadiqlər, şəhidlər və salihlər/xeyirxahlardır (Nisa 4/69).

[11] Qəzəb, ərəbcədən dilimizə keçmiş bir kəlmədir. Qəzəbə düçar olanlarla əlaqəli ayələr bunlardır: Allahın ayələrini inkar edən və nankorluq edənlər (Bəqərə 2/61, 90; Ali-İmran 3/112; Maidə 5/60; Əraf 7/152). Bir mömini qəsddən öldürənlər (Nisa 4/93). Haqqa qarşı çıxanlar (Araf 7/71). Müharibə meydanından qaçanlar (Ənfal 8/16). Dindən dönənlər (Nahl 16/106). Azğınlıq edənlər (Ta ha 20/81). Allaha qarşı haqsız iddialar ortaya atanlar (Şura 42/16). İffətsiz olduğu halda özünü təmizə çıxarmaq üçün ərinə iftira atan qadınlar (Nur 24/9). Münafiq kişilər və qadınlarla müşrik kişilər və qadınlar (Fəth 48/6).

[12] Azmışlarla əlaqəli ayələr bunlardır: Allahın ayələrini inkar edənlər (Möminun 23/105-106). Allaha şərik qoşanlar (Nisa 4/116). İnandıqdan sonra kafir olanlar (Maidə 5/12). Allahın yolundan çevirənlər (Nisa 4/167). Dində həddi aşanlar (Maidə 5/77). Zənnə tabe olanlar (Ənam 6/116). Dünya həyatını axirətə dəyişənlər (İbrahim 14/3). Allahla özləri arasına vasitəçi qoyduqlarını çağıranlar (Əhqaf 46/5; Həcc 22/12). Şeytanlarla vəli/yaxınlıq edənlər (Araf 7/30). Zalımlar (Məryəm 19/38). Qiyaməti inkar edənlər (Şura 42/18). Münafiqlər və kafirlər (Bəqərə 2/8-16; Nisa 4/136). Allahın nazil etdiyi kitabı gizlədənlər (Bəqərə 2/174-175). Nəfsinin arzularına tabe olanlar (Yusuf 12/30). Pis insanları dost tutanlar (Furqan 25/28-29). Haqqı dananlar (Qələm 68/7-8).

Fatihə surəsi, bir möminin əqidəsinin əsasını təşkil edir. Fatihə eyni zamanda bir duadır. Namazının hər rükətində bu surəni oxuması, ona bu əqidəsinə sadiq qalmasını və əvvəlki ümmətlər kimi yoldan çıxmamasını xatırladır. Səhabə, peyğəmbərimiz əleyhissəlama Allahın qəzəbinə düçar olan və azmışların kimlər olduqlarını soruşanda, peyğəmbərimiz onlara bunlar: “Yəhudi və Xristianlardır” dediyi rəvayət edilməkdədir. (Müsnəd, IV. 378; Tirmizi “Təfsir” 2).