Müsəlmanlar

Quran, Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcuddu?

GİRİŞ

İslam aləmində, Quranı Kərimin Muhəmməd əleyhissəlamın sağlığında bir Mushaf halında mövcud olmadığı, bilavasitə bir kitab halında olmadığı qənaəti çox yayılmışdır. Bu qənaətə görə Quran, Nəbimizin vəfatından sonra səhabənin təşəbbüsü ilə ordan-burdan, bu və ya o səhabədən toplanaraq yazılmışdır. Onları belə bir qənatə sövq edən səbəblərin başında Allahı, elçisini və kitabını Quran xaricindəki mənbələrlə dəyərləndirməkləri olmuşdur. Əslində araşdırmamız nəticəsində bizə məlum olur ki, bu cür mənbələrlə yanaşı Quran xaricindəki bir çox mənbələr, Muhəmməd (ə.s.) sağlığında Quranın bir kitab halında mövcud olduğunu təsdiq etməkdədir. Lakin, müsəlmanlar arasında yayılan görüş, Quranın Muhəmməd (ə.s) sağlığında bir kitab halında mövcud olmadığı görüşüdür.

Biz bu məqaləmizdə ilk öncə onların bu mövzudakı dəlillərini və dəyərləndirmələrini təqdim edəcəyik. Sonra bu dəlillərin nə qədər doğru olub olmadığını və Allahın kitabıyla nə qədər üst-üstə düşüb düşmədiyini Quranın işığında ortaya qoymağa çalışacayıq.

  1. Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcud olmadığını düşünənlər.

Bu kimi düşüncələrə sahib olanların ümumi qənaəti belədir:

Müxtəlif yerlərə yazılan vəhyləri bir kitab halına gətirmək Rəsulullah dövründə mümkün olmamışdır.[1] Vəhyin nazil olma müddəti bitdikdən sonra, bu müddət ərzində nazil olan vəhy mətnlərini gələcək nəsillərə çatdırmaq vəzifəsi səhabəyə qalmışdı. Bu vəziyyətin fərqində olan və müsəlmanların idarəsini icra edən səhabə, Quran ayələrini düzgün bir şəkildə gələcək nəsillərə çatdıra bilmək üçün öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Onlar: Öncə dağınıq olan yazılı materialları toplamış (cəm), daha sonra bu materiallar bir kitab/Mushaf halına gətirilmiş (tərtib), sonra da; ümmətin Quran qiraətindəki birliyini qorumaq üçün bu mushafı İslam bölgələrinə göndərmişlər.[2]

Əbu Bəkrin xəlifəliyi dövründə ilk dəfə iki qapaq arasına yığılan “Mushaf”, Osman zamanında təksir/çoxaldılaraq İslam dövlətinin mərkəzlərinə göndərilmiş və bu ilk nüsxələr əsas alınaraq sonradan bir çox Mushaflar artırılmışdır.[3] Bəzi müəlliflər, Osman zamanında yazılan Mushafların dörd ədəd olduğunu qeyd etmişlər. Bu rəqəmə görə Osman üçünü Küfə, Bəsrə və Şama göndərmiş, dördüncüsünü isə Mədinədə öz yanında saxlamışdır.

Quranın Mushaf halına gətirilmə səbəbi ilə əlaqəli rəvayətlər, bir-birinə oxşar şəkildə nəql edilməkdədir. Məsələn, Buxaridə belə qeyd edilir:

Zeyd b. Sabit belə dedi: “Yəmamə döyüşündə ölənlərin arxasından Əbu Bəkr məni çağırdı, Ömər b. Xəttab da yanında idi. Əbu Bəkr dedi ki: (Ya Zeyd): Yəmamə döyüşündə Quran hafizlərindən (Qurra) bir çoxu şəhid oldu. Mən digər müharibə meydanlarında da Quran hafizlərinin şəhid olmalarından, bu səbəblə də Quranın əksər qismlərinin yox olub gedəcəyindən narahatam. Bilavasitə, mən sənə Quranın toplamağı (cəmini) əmr edirəm”, dedi. Sonra da “Sən gənc və ağıllı bir adamsan. Sənə heç bir şəkildə töhmət edə bilmərik (Etibarsız biri deyilsən). Üstəlik sən Rəsulullahın vəhy katibi oldun. İndi də Quranın arxasına düş və onu topla!” Mən dedim ki; “Allaha and olsun ki, mənə dağlardan hər hansı bir dağı daşımağı təklif etmiş olsaydınız, Quranı toplamağı əmr etdiyiniz qədər ağır gəlməzdi. Həm siz, Rəsulullahın eləmədiyi bir işi necə eləməyə çalışırsız!”

Ömər bu etirazıma qarşılıq: “Vallahi bunda çox böyük xeyir vardır” deyib, bu məsələdə mənə müraciət etməyə davam etdi. Nəhayət mən də Allahın könlümə verdiyi ilhamla bu məsələdə onun kimi düşündüm.” Beləliklə bu işi üstümə götürdüm. Onu xurma yarpaqları, duz/incə daşlar və hafizlərin əzbərlərindən toplamağa başladım. Belə ki, Tövbə surəsinin sonundakı “Ləqad caəkum Rasulun min ənfusikum…” ayələrinə qədər gəldim. Bu ayələri Əbu Hüzeymə əl-Ənsaridən başqasında tapa bilmədim. Toplanılan bu səhifələr, Əbu Bəkr vəfat edənə qədər onun yanında idi. O vəfat etdikdən sonra bu səhifələr Ömərin həyatı boyunca yanında qaldı.”[4]

Bu mövzuda nəql edilən rəvayətlər arasında necə bir ziddiyyət olduğunu görmək istəyənlər, Prof. Dr. İsmayıl Yakıt “Quranı ilk dəfə mushaf halına gətirən Hz. Peyğəmbərdir” adlı məqaləsinə baxa bilərlər.[5]

Biz sadəcə bu rəvayətin nə qədər səhv və əksik nəql olunduğunu irəlidə “Quran qiraətinə yönəlik ixtilaflar” başlığı içərisində dəyərləndirəcəyik.

Nəticə etibarı ilə, Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcud olmadığını düşünənlərə görə Quranın toplatılmasını (cəmini) hazırlayan əsl səbəb bunlardı. Əksi təqdirdə Quran, bu anlayışa görə bir araya gətirilməyəcəkdi yəni cəm edilməyəcəkdi.[6]

      2. Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcud olduğunu düşünənlər.

Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcud olmadığını düşünənlər belə deyirlər: Quran ayələrinin həm hifzi (əzbərlənməsi) həm də kitabəti (yazılması) ilk dəfə Hz. Peyğəmbər dövründə olmuşdur.[7]

Quranın toplanıb bir araya gətirilməsi tək səfərdə olmamışdır. Belə ki, onun Mushaf halında çoxaltılması üç mərhələdə tamamlanmışdır. Bunlardan birincisi Allah rəsulu hələ həyatda ikən (m. 610-632) və onun hüzurunda, ikincisi Hz. Əbu Bəkrin xəlifəliyi dövründə (m. 632-634), üçüncüsü isə Osmanın xəlifəliyi dövründə (m. 644-656) tamamlanmışdır.[8]

Zurkaniyə görə “Cəm’ul Quran” ifadəsi ilə, Quranın bəzən qəlblərdə və hafizələrdə əzbərlənməsi (hıfz) nəzərdə tutulmuş, bəzən də ayə və surələrin yazılması (kitabət) nəzərdə tutulmuşdur. Bunlardan birincisi Quranın qəlblərdə və hafizələrdə toplanması, ikincisi isə səhfələrdə və sətrlərdə toplanması ifadə edilməkdədir. Quranın yazılmaq surətiylə toplanması/cəmi; Nəbimizin dövrü, Əbu Bəkrin dövrü və Osmanın dövrü olmaq üzərə üç mərhələdə başa çatmışdır.[9]

Nəbimizə vəhy bildirmə işi bitəndə, o, ətrafındakılara; “Mənə belə belə vəhy olundu” buyuraraq onları gələn vəhylə xəbərdar etməklə qalmır, yanından ayırmadığı vəhy katiblərini (ki, bunlardan bir neçəsini –kimlər olduğu mühüm deyil- ehtiyat olaraq yanında tutardı) çağırır və dərhal onları müxtəlif yazı materiallarına qeyd etdirirdi.[10]

Beləliklə evinin bir köşəsini və ya otaqlarından birini  -o günün şərtlərinə görə- bir növ arxiv/sərgi halına gətirən Muhəmməd əleyhissəlam, Quranın orijinal bir nüsxəsini burada mühafizə edib qoruyurdu.[11]

Bir tərəfdən Quranın əslinin mühafizəsi yönündə bu cür tədbirlər alan Muhəmməd əleyhissəlam, digər yandan Quranın yayılması, hər kəsə çatdırılması və onu olduğunca çox insanın oxuması və əzbərləməsini təmin etmək üçün də Quranın istinsahına (surətlərinin çoxaldılmasına) icazə vermiş, hətta buna təşviq etmişdir. Buna görə bir çox insanın özünün “xüsusi Quran nüsxəsi” olmuşdu.[12]

Zeyd b. Sabitdən belə nəql edilməkdədir: “Biz, Rəsulullahın hüzurunda kağız parçalarından Quranı təlif/kopya edirdik.”[13]

Deməli, gələn vəhy mətnləri müəyyən bilinən bir sıra və tərtibə görə yazılmaqda və qeyd altına alınmaqda idi. İbn Abbas da bu mövzuda bunları deməkdədir: “Bəzən Rəsulullaha birdən çox surə bir anda nazil olurdu. Özünə bir şey nazil olanda vəhy katiblərindən birini çağırır, “bu ayəni bu surədəki bu ayətin yanına qoyun” deyə, əmr edərdi.[14] Buradan da ayə və surələrin yerlərinin aydın olduğu anlaşılmaqdadır. Bu səbəblə Rəsulullah vəhy katiblərinə yazdırdığı bütün Quran nüsxələrini bir arxiv sənəd şəklində sərgiləyib buraxmışdır.

Hələ Məkkədə olarkən, Rəsulullah Əqabədə görüşdüyü Rafi b. Malik əz-Zurkiyə o vaxta kimi nazil olmuş ayə və surələrdən ibarət bir Quran mətni vermişdi. O da yazılı mətni Mədinəyə götürmüş və öz evində xalqa oxumağa başlamışdı.[15]

Hicrətdən əvvəl Musab b. Ümeyr (ö. 625) və Abdullah ibn Məktumu (ö. 15/636) Mədinədə yaşayanlara Quran öyrətmək üçün vəzifələndirmişdi. Həmçinin hicrətdən sonra da Muaz b. Cəbəli (ö.17/638) Məkkəlilərə Quran oxudub əzrəbrlətməsi üçün göndərmişdi.[16]

Təbərsi, “Məcmaul Bəyan” adlı əsərində, Bəğavinin bu qeydini paylaşır: “Peyğəmbər, Quranı Cəbrayılın nazil etdiyi şəkildə imla etdirir və yazılmasına nəzarət edirdi. Səhabə də bunu diqqətli bir şəkildə əksiksiz Quranı iki cild arasına yerləşdirmişdi. Quran, Peyğəmbər dövründə toplanmış və hazırkı halıyla təlif edilmiş/yazılmışdır.”[17]

Özünə nazil olan və müəyyən miqdara çatan Quran nüsxələrini hər ilin Ramazan ayında Cəbrayıla ərz edər, qarşılıqlı bir birinə təqdim edərdilər. Bu surətlə, o vaxta qədər hasil olan vəhyləri sıralama və yoxlama imkanına qovuşmuş olurdu ki, bu muqabilə, Nəbimizin vəfatından öncəki Ramazanda iki dəfə təkrarlanmışdır.

Quran tarixi barəsində tədqiqat aparan Muhəmməd Həmidullah əsərində bunları qeyd edər: “Tarixi mənbələr, Quranın hər hansı bir parçası nazil olanda Nəbimiz oxuyub yaza bilən səhabədən birini çağırıb daha əvvəl nazil olan ayələrin cəmi içində hara yerləşdirəcəyini bizzat özü göstərdikdən sonra, nazil olan ayələri diktə ettirdiyini söz birliyi ilə xəbər verirlər.”[18] Belə ki, bu deyilənləri dəstəkləyən bir çox hədislər mövcuddur. Məsələn: “Hər ilin Ramazan ayının gecələrində Cəbrayıl Rəsulullaha gəlib; o vaxta qədər gələn Qurandakı bölümləri bir-birinə oxuyardı. Bu yoxlama, Nəbimizin vəfatından öncəki Ramazanda iki dəfə təkrarlanmışdı və beləcə bu Ramazanda on gün deyil, yirmi gün Məsciddə etikafa girmişdi.[19]

Allahın elçisi özünə gələn vəhyləri xüsusi seçib vəzifələndirdiyi vəhy katiblərinə yazdırırdı. Eyni zamanda onların yazdıqlarını özlərinə oxudaraq yoxlayır, bir səhv və ya nöqsanlıq varsa düzəldirdi. Vəhy katiblərindən Zeyd b. Sabit bu haqda belə deyir: “Mən, Rəsulullahın yanında mənə imla etdiyi vəhyləri yazardım. Yazı işləri bitincə (yazdıqlarını) oxu” deyər və mən də oxuyardım. Yazdıqlarımda bir əksiklik olmuşsa tez onu düzəliş edirdi.”[20]

Buxaridə nəql edilən bir başqa rəvayət belədir: “Nəbi (ə.s.) kitabı/mushafı xatırladan yazılı bir kolleksiya (əlyazma) buraxmışdı.”[21]

Bu minvalla Səhabəyə Quran oxumağı, oxutmağı və əzbərləməyi məsləhət edər və bunu müxtəlif vəsilələrlə dilə gətirib müjdələyirdi: “Sizin ən xeyirliniz, Quranı öyrənən və onu (başqalarına) öyrədəninizdir.”[22] Beləcə, yazılanlar oxumağa əzbərə fayda saxlamış, kağızlar üzərindəki işarələr tələffüzü asanlaşdırmışdı. Nəticədə Quran, müəyyən səhabə tərəfindən o dövrün imkanları ölçüsündə əldə edilən müxtəlif materiallara yazılmaq surətilə ilk dəfə Nəbimiz dövründə bir araya gətirilmişdir.[23]

Rəsulullaha gələn vəhylərin tədvin/toplama və tərtibi, vəhy nəzarətində yenə Rəsulullah tərəfindən həyata keçirilmişdir.[24] Bu mənada Əbu Bəkir (r.a.) dövründə görülən cəm (ayələri bir araya gətirmə) işi, ayələrin təkrar toplanaraq istinsahı (surətlərin çoxaldılması), bir kitabda toplanması işi deyildir. Bu dövrdə vəhy katibləri komissiyasının gördüyü iş, xəlifənin yazılı əmriylə səhabənin əlindəki şəxsi nüsxələri toplama işidir. Bunun səbəblərindən biri də dağınıq halda olan ayələri toplayaraq yeni bir mətn meydana gətirmək deyil, Peyğəmbər nüsxəsinin rəsmiliyini qoruyaraq daha sonra çıxa biləcək problemlərin qarşısını almaqdı. Çünki Quran, vəhy materiallarında qeydli bir şəkildə Peyğəmbərin evində mövcuddu.[25] Hər ayə və surənin yeri təyin edilib qeyd edildiyinə görə Quran, Hz. Peyğəmbər dövründə cəm edilmişdir. Peyğəmbərin vəfatına yaxın başdan sona iki dəfə oxunaraq vəhy katibləri komisyonu ilə birgə əsl nüsxə yoxlanılmışdır. Beləliklə ortaya qoyulan rəsmi Mushaf, Nəbimizdən sonra dövlətə qalmış və daha sonrakı çoxaltmalar bu Mushafdan hazırlanmışdır.[26]

Buxari və Müslimin Səhihində, Məkki ibn İbrahimin rəvayət etdiyi bir hədisdə belə deyilir: “(Mədinə məscidində) Nə vaxt gəlsəm Sələmə ibn Əkvanı, Mushafın olduğu dirəyin yanında namaz qıldığını görürdüm. Ona: Ey Əba Müslim! Səni gələndə həmişə mushafın olduğun bu dirəyin yanında namaz qıldığıını görürəm. Mənə belə cavab verdi: Mən, Nəbimizi onun yanında namaz qılan gördüm.”[27]

İbn Həcər, “Fəthul Bari” əsərində bu hədislə əlaqəli belə bir izahata yer verir: “Bu rəvayət orada bir Mushafın olduğuna dəlildir və bu Mushaf məsciddə sandığın içinə qoyulmaqdaydı.”[28]

Yuxarıdan bəri görülən (və burada yer verilməyən) bu bəşəri tədbirlərin xaricində və bütün bunlardan əlavə; Quranın bir də daimi surətdə və həmişə ilahi qoruma və mühafizə altında olduğunu bilmək və unutmamaq lazımdır. Bu barədə Rəbbimiz belə deyir:

“Bu zikri biz nazil etdik! Onu qoruyan da əlbəttə bizik!” (Hicr 15/9)

Quran ayələrinin hansı qaydada və harada mühafizə edildiyinə gəlincə, bunun həm Nəbimizin öz evində həm də vəhy katiblərində mövcud olduğunu qeyd etmişlər.[29]

Quran qiraətinə yönəlik ixtilaflar.

Quran qiraətinə yönəlik ilk ixtilaf Ömər (r.a.) dövründə Azərbaycan və Ermənistan səfərlərinə qatılmış Suriyəli və İraklı müsəlman əskərlər arasında cərəyan etmişdir.

Buxarinin də yer aldığı mənbələrin birində Zürkani rəvayət edir ki; burada İslam ordusunun tərkibində ye alan müsəlman əsgərlər arasında Quran qiraətinə yönəlik mübahisə yaşanmışdı.[30] Bu mübahisə elə bir həddə çatmışdı ki, insanlar oxuduqları öz qiraətlərinin daha üstün olduğunu iddia etməklə yetinməmiş, bir birlərini təkfir edəcək dərəcədə irəli getmişdilər. Bu hal, Hüzeyfə b. əl-Yəmanı (ö. 36/656) çox narahat etmişdi. Osmanın xilafəti zamanı yanına gələrək, ümmətin, yəhudi və xristianların kitablarında düşmüş olduqları ixtilafa düşmədən problemin həlli üçün hərəkətə keçməsi lazım olduğunu dilə gətirmişdi. Bütün bu səbəblər və hadisələrdən ötrü Osman, müsəlmanlar arasındaki fitnə atəşini söndürmək və qiraət ixtilaflarını ortadan qaldırmaq üçün səhabədən irəli gələnlərin görüşlərinə də baş vuraraq, Əbu Bəkr dövründə mövcud olan Mushafları müəyyən bölgələrə göndərməyə, bunların xaricindəki Mushafların yandırılmasına qərar vermişdir. Osman, Ömər və Hafsa (r.a.) da olan Quran səhfələrini istətmişdi. Aralarında Zeyd b. Sabit, Abdullah b. Zübeyr (ö. 73/692), Said b. əl-As (59/679) və Abdurrahman b. Harisin (ö. 43/663) olduğu biri ənsardan, üçü Qüreyş qəbiləsinə mənsub dörd nəfərlik komissiyaya Quran nüsxələrini çoxaltmalarını əmr etmişdi.[31]

Osmanın verdiyi təlimatda belə yazılıdır: “Onu Qureyş ləhcəsiylə yazın. Çünki Quran, Qureyş ləhcəsiylə nazil olmuşdur.”[32]

Bütün bu hadisələrdən, Quranın oxunması ilə əlaqəli ixtilafın ləhcədə və hərəkəsiz yazılan Quranı oxuyanlar arasında olduğunu görməkdəyik. Osman dövründə bütün nüsxələrin toplatılıb bir tək ləhcə ilə yazılıb çoxaldılması və paylaşdırılması, Quranın oxunuşu üzərində meydana gələcək mübahisələrə son qoymaq məqsədi daşımışdır. Belə ki, sonrakı dövrlərdə artıq bu cür ixtilaflar nə yaşanmadı nə də bununla əlaqəli hər hansı bir rəvayətə rastlamadıq. Lakin Quranın fərqli ləhcələrdə oxunması ya da hərəkəsiz yazılması hələ də davam etməkdədir.

Ümmət, Quran ayələrinin bu gün mushafda gördüyü halı ilə tərtib edildiyi xüsusunda həmfikirdir. Tərtib işi də Rəsulullahın Allahdan aldığı vəhy əsasında aparılmışdır. Yəni, ayələrin tərtibi tövkifidir/vəhyə əsaslıdır. Bu mövzuda ictihad və yeni fikir bəyan etmək əsassızdır.[33]

Qulatı Şiənin bir qismi, Quranın cəmi/bir araya gətirilməsi əsnasında Hz. Əbu Bəkr, Ömər və Osmanın Quranı təhrif etdiklərini, xüsusilə əhli Beyt və imamların fəziləti, Hz. Əlinin vəlayəti ilə əlaqəli bir çox surə və ayənin təhrif edilərək Mushafdan çıxarıldıqlarını iddia etmişlər. Belə bir hal olsaydı, Hz. Əbu Bəkr, Ömər və Osmandan sonra xilafət məqamına keçən Hz. Əli bu işi yenidən gözdən keçirib, Quranda edilən müdaxilələrə düzəliş edərdi. Halbuki, İmam Əlinin öz dili ilə Əbu Bəkr dövründə Quranın toplanmasını, Osman dövründə də çoxaltılmasını təqdir etməsi, bu iddiaların əsassız olduğunu göstərməkdədir.[34]

Quranın yazılması, qorunması və çoxaldılması əsnasında yaşanan bəzi hadisələr, qiraətlərin yaranmasına zəmin hazırlamışdır. Muhəmməd əleyhissəlamın həyatında arxa-arxaya nazil olan vəhyləri katiblərinə yazdırır, bəzilərinin xüsusi Quran nüsxəsinə sahib olmasına icazə verir, bir nüsxəni də özündə saxlayırdı. Bu səbəblə deyilə bilər ki, Hz. Əbu Bəkr dövründə olan Quranı cəm işində Zeyd, Quranın tamamını Peyğəmbərin evində hazır şəkildə tapmışdı.

Beləliklə, Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir Mushaf halında mövcud olmadığını iddia edənlər, məsələni səhv və əksik axtarmaqda, Zeydin Quranı cəm etmək üçün daş, yarpaq üzərində və səhabənin əlində olan nüsxələrdən topladığını iddia etməkdədirlər.

Keçmişdə olduğu kimi günümüzdə də bir çox müstəşriklər və onların təsirində qalanlar, bu kimi hadisələri şişirdərək, Quranın əsl qiraətinin fərqli olduğunu, Quranın sonradan hərəkələndiyini və bu səbəblə Quranda bir çox səhvlər olduğunu iddia etmişlər. Beləcə Quranın qorunmasında Allahın verdiyi sözünü, Nəbi və səhabənin bu qədər əməyini heçə sayaraq, Quranın təhrif edildiyini irəli sürməyə çalışmışlar.

Hər nə qədər də Quranın hərəkələnib hərəkələnmədiyi mövzusunda fərqli rəvayətlər olsa da bir çox tədqiqatçı ərəb hərflərinin hərəkələmə və nöqtələmə işinin Quran nazil olmadan qabaq da mövcud olduğunu irəli sürmüşlər.[35] Məsələn, bu mövzuda Katib Çələbi belə demişdir: Quran mushafındakı bəzi hərflərin hərəkələnməməsi, nöqtə işarələrinin olmaması uzaq ehtimaldır. Səhabənin, mushafı hər cür işarələrdən hətta nöqtələməkdən arındırın” deməsi, onların zamanında Mushafın varlığını və bənzər hərfləri bir birindən ayırd edici işarələr (nöqtələr) qoyduqlarını göstərir.[36]

İmam Əlinin (r.a.) tələbəsi Əbu Əsəd əd-Düəlinin belə dediyi rəvayət edilir: Biz, Quran yazısında (rəsmi xətdə) “ن إِذ” yerinə “إِذًا” (12/14), “لَنَسْفَعن” yerine “لَنَسْفَعًا” (96/15) yazıldığını görüncə, tənvinin ən azından Rəsulullah dövründən bəri mövcud olduğu hasil oldu.[37]

Əslində nöqtələməyə duyulan ehtiyacın, hərəkələməyə duyulan ehtiyacdan daha çox olduğunu demək mümkündür. Ərəbcə üç hərfdən meydana gələn bir kəlmənin (بَیۡتَ) belə otuzdan çox fərqli şəkildə oxuna biləcəyi məlumdur. Burada Ərəb olanın da olmayanın da edəbiləcəyi bir şey yoxdur. O halda yazılan Quran Mushaflarının hər cür (fərqli) işarələrdən arındırılmış olaraq yazdırıldığını bildirən şəxslərin dedikləri nə qədər həqiqəti ifadə edirsə, bunun əksini ifadə edən rəvayətlər də o qədər həqiqətdən uzaqdır.[38]

Həyatının böyük bir qismini Quran Mushafı araştırmasına adamış Dr. Tayyar Altıkulaç kitabının giriş bölümündə “Bu gün dünyanın hər tərəfində oxunan və müasir texniki imkanlarla çap edilmiş mushaflar (Başda Topkapı Mushafı olmaqla, Yəmən Mushafı, Qahirə Mushafı, London Müshafı, Paris Mushafı, Taşkənd Mushafı, St. Peterburq Mushafı) arasında tam bir uyğunluq mövcuddur.[39] İstər surə, istərsə surələr içindəki ayələrin sıralanması yönündən heç bir ayrılıq yoxdur[40]” Əksi təqdirdə müstəşriklər bunu dezavantaj kimi (“neçə dənə Quran var?” deyib) dillərinə dolayardılar.

Quranın ilahi tərtiblə nazil olduğu an etibarı ilə əzbərlənməsi, yazılması və sıralanması.

İlk əvvəl düşünən və inanan insanlar olaraq; bizim dünya və axirət səadətimizi göstərən və bizdən sonrakı nəsillərə çatması arzulanan bir kitabın, həm göndərən tərəfindən həm də təbliğ və qəbul edənlər tərəfindən bilindiyi və əzbərləndiyi halda, onun bir Mushaf halına gətirilməməsi, qeydə alınmaması düşünülə bilərmi?

Uca Rəbbimiz, adi alverdə, vəsiyyət[39] və borç məsələlərində[40] belə, aralarında mübahisə olmasın, səhv başa düşülməsin və insanlar bir-birinin haqqını qorusun deyə, alıb verəcəklərini yazmağı əmr edəcək, lakin bu qədər mühüm və gələcək nəsillər üçün də haqq-hüquq, hidayət mənbəyi olan Quranı yazılı bir kitab halına gətirməyi onlardan tələb etməyəcək. Üstəlik, Elçisi Muhəmməd əleyhissəlam isə özünə nazil olan vəhy səhifələrini bir neçə səhabənin evində və ya küncdə bucaqda buraxaraq vəfat edəcək.[41] Ənənə dini mənsublarının böyük ölçüdə mənimsədiyi bu anlayış bizi, Uca Allahın öz dininə, kitabına çox əhəmiyyət vermədiyi və elçisinin də bu səbəblə vəzifəsini layiqi şəkildə icra etmədiyi, özünə nazil olan vəhyə laqeyd qaldığı və sonrakı nəsilləri heç düşünmədiyi nəticəsinə gətirib çıxardır. Halbuki, yuxarıda təqdim etdiyimiz səhih rəvayətlərdə Muhəmməd əleyhissəlamın özünə nazil olan vəhyləri necə yazdırdığını, oxutduğunu və bunun üçün vəhy katibləri deyə bir komissiya qurduğunu görməkdəyik. İndi bu həssasiyyətin Quranı Kərimə də necə əks olunduğunu göstərməyə çalışaq:

Aşağıdakı ayə, yazının əhəmiyyətinə işarət edərək həm qələmin  həm də gələn vəhyin kitaba qeyd edildiyini göstərməkdədir:

ن وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ

“Nun! And olsun qələmə və onunla sətir sətir yazılanlara!” (Qələm, 68/1)

Quran, əksər hədislər kimi əvvəlcə şifahi dillə tələffüz edilib əsrlər sonra da yazılı hala gətirilməyib. Hərf-hərf əzbərlənmiş və imla edilmişdir. Bu səbəblə Quranı Əərəbcəsi, bəlağatı yaxşı biri onu oxuyanda kitabdakı qavramların gəlişi gözəl sıralanmadığını, hər cür xətadan uzaq ilahi bir sənət əsəri olduğunu rahatlıqla görə bilər. Oxuduqca və ayələri bağlantılarına görə dəyərləndirdikcə üfqü genişləyər, həyatın həqiqətlərinə və necə hikmətlərə vaqif olar. Bilavasitə bu kitabın bir insan əsəri deyil, ilahi bir yazı olduğunu görər.  Əksini düşünənlər üçün Rəbbimiz belə deyir:

أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا

“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. (Nisa, 4/82)

Əgər rəsulullahın əlində özünə nazil olan vəhyin hamısı bir Quran halında olmasaydı, qarşısındakılara və xüsusi ilə yazılı bir vəhy kültürünə sahib olan əhli Kitaba bu ayədə deyilənlər mənasız və əhəmiyyətsiz olardı.[42] Əhli Kitab din xadimləri[43] öz müqəddəs kitablarını kağız üzərinə yazırdılar və bu onlarda bir ənənə idi.[44] Nəticə etibarı ilə insanlar bilmədikləri, əksiyi olan və bütövlükdə mövcud olmayan, yarı-yarımçıq parçaları, səhifələri hər tərəfə dağılmış, bilinməyən bir şeylə mübarizəyə çağrılmazlar. Quranın meydan oxuması o qədər açıq-aşkar ki, insanlara onun bərabəri olacaq on surə[45] hətta tək bir surə gətirmələri söylənməkdədir:

وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

“Bəndəmizə nazil etdiyimizə şübhəniz varsa, ona bərabər bir surə gətirin. Allah ilə aranıza qoyduğunuz şahidlərinizi/bilikli şəxslərinizi də çağırın! Əgər iddianızda haqlı isəniz!” (Bəqərə 2/23)

Quran bütün bəşəriyyətin əlində olan ən mötəbər mənbədir. Çünki dünyadaki heç bir millətin inancı Quran qədər sağlam bir mənbəyə əsaslanmamaqdadır. Bu, həm Quran həm də müsəlmanlar üçün olduqca mühüm bir imtiyazdır.[46]

Uca Allah, əvvəlki kitablardan fərqli olaraq Quranın qorunmasını Özü üstlənmişdir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

“Bu zikri biz nazil etdik! Onu qoruyan da əlbəttə bizik!” (Hicr 15/9)

Quranın Allah tərəfindən qoruma altına alınması, onun dünyada qorunduğuna və əvvəlki kitabların əksinə (mətninin) təhrif və dəyişiklikdən uzaq tutulduğuna işarədir.[47]

لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ   16إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ  17فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ  18ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ

“Onu (vəhyi) tələsik almaq üçün dilini tərpətmə! Şübhəsiz, onu cəm etmək və bir bütün Quran[48] halına gətirmək bizə aiddir. Onu Quran/bağlantılı ayələr halına gətirdiyimiz zaman o bütünlüyə tabe ol! Onsuz da onu açıqlamaq bizə aiddir.” (Qiyamət 75/16-18)

Buradakı اِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْاٰنَهُۚ “Cəm və “Quran” kəlmələrinə diqqət etsək:

Cəm, əzbər və yazını ehtiva edər. Cəm kəlməsi sözlükdə “dağınıq bir şeyi bir yerə toplamaq, parçaları bir araya gətirmək, toplamaq” mənasına gəlir.[49] Cəmul Quran, terim olaraq: “Rəsulullah və səhabə dövründə, Quranı Kərimin tamamının, üsuluna uyğun bir şəkildə əzbərlənməsi, toplanması və Mushaf halına gətirilməsi” olaraq tərif edilə bilər.[50]

Bilavasitə “Cəm” Quranı Kərimin bir kitab halında (istər mövzuyla bağlı ayələrin hamısı nazil olsun istər olmasın) bir araya gətirilməsini ifadə edər. Sonra onu cəm etməklə qalmayıb, ayələrlə və mövzu ilə bağını biz quracağıq yəni, onu Quran halına gətirəcəyik. Bu səbəblə Rəbbimiz elçisinə, sən sənə vəhy edilən ayələrin tərtibi, sırası və bunların yaddaşında qalması, qorunması xüsusunda narahat olma. Onu Biz cəm edib Quran halına gətirəcəyik. Yəni, mövzu ilə bağlı bir çox ayə və surələrin mushafdakı yeri boş və sən bunları doldurmaq, yaddaşda tutmaq və yazdırmaq üçün tələsmə. Biz onları tamamladıqca, Quran/ayələr bağı halına gətirdiyimiz zaman o Qurana/ayələr bağına bağlı qal, deyilməkdədir. Belə ki, Həm Quranda həm də bir çox rəvayətlərdə Nəbimiz hər hansı bir mövzuda ayələr tamamlanmadan o mövzuda hökm vermədiyi bildirilir. Mövzu ilə bağlı bir başqa ayədə:

وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً

“Biz onu, quranlar/ayələr bağı şəklində ayırdıq ki, ona (ayələr bağının tamamlanmasını) rəayət edərək insanlara öyrədəsən. Onu parça-parça nazil etdik.” (İsra 17/106).

Quran, Rəsulullah Mədinəyə hicrət etmədən əvvəl də yazılıb qeydə alınmışdır. Bunu dəstəkləyən ayələrdən biri belədir:

فِي رَقٍّ مَّنشُورٍ وَكِتَابٍ مَّسْطُورٍ{2}

“Sətir-sətir yazılmış Kitab, (bir kitab ki) səhfələri nəşr edilmiş.” (Tur 52/2-3)

Ayədə açıq şəkildə əldə olan kitabdan bəhs edilir. Bu da Quranın bir kitab halında cəm edilib yazıldığını göstərir. Qəlblərdə əzbər olan yaxud daş, yarpaq, ağaç qabığı kimi şeylər üzərində yazılmış şeyə də məcaz xaricində kitab deyilməz. Dağınıq, yazılmamış və sadəcə əzbərlənmiş şeyə də kitab deyilməz.[51] Çünki kitab, bir bütün halda olan şeyə deyilir. Kitab kəlməsi, bir çox ayədə Quran üçün işlədilir. Quranı ifadə edən kitab kəlmələri, o vaxta qədər nazil olmuş olan ayə və surələr cəmini nəzərdə tutmaqla birlikdə, Quranın bu günkü mənada bir kitab halını da vurğulamaqdadır.[52] Bu ayə, Nəbimizin əlində Quranın mövcud olduğuna, nazil olan ayələri özü yazdığına və yazdırdığına işarədir:

وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ

“Sən bundan əvvəl nə bir kitab oxuyur nə də əlinlə yazırdın. Belə olsaydı batıla dalanlar əlbəttə şübhəyə düşərdilər.” (Ankəbud 29/48).

Beləliklə qarşılaşdıqları və oxuduqları kitabın Allah tərəfindən əksiksiz bir mətn olduğu din xadimləri tərəfindən çox yaxşı bilinirdi. Lakin onlar bununla kifayətlənmir və bir başqa möcüzə gətirilməsini istəyirlər. Surənin davamında:

أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً وَذِكْرَى لِقَوْمٍ يُؤْمِنُونَ

“Bağlantıları ilə birlikdə oxunan bu kitabı sənə nazil etməyimiz (möcüzə olaraq) onlara kifayət deyil? Bu Kitabda inanıb güvənən bir xalq üçün şübhəsiz bir rəhmət və doğru bilik vardır.” (Ankəbud 29/49-51).

Rəbbimizin heç bir şeyi əksik buraxmadan, hansı ayənin və hansı surənin  (səhfə sayı daxil) hara yerləşdiriləcəyini mələkləri vasitəsi ilə elçimizə göstərmiş olduğunu bu ayədən də görə bilərik:

إِلَّا مَنِ ارْتَضَى مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا

لِيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَى كُلَّ شَيْءٍ عَدَدًا

“Rəbbinin risalətini/vəhyini, elçilərin (mələklərin) ona tam olaraq çatdırdığını, gətirdiklərini cəm edib topladığını və hər şeyi tək-tək qavradığını bilməsi üçün Onun (Elçisinin) önünə və arxasına gözətçilər yeridir.” (Cin 72/27-28)

Ayədə ifadə edilən “اَحْصٰى” kəlməsi “حصٰى” kökündən gəlir.[53] Ərəblər hesabda xəta etməmələri üçün bu kəlmələri işlədir. Çınqıl daşlarına da bu ad verilir. Bunun da səbəbi, Ərəblər hesabda xəta etməmələri, dəqiq hesablamaları üçündür. Ayədəki bu kəlmə ilə əlaqəli İsfəhani belə deyir: “Yəni, hər şeyi sayı olaraq təhsil etmiş, ortaya qoymuş, dərləyib toplamış və elmi ilə əhatə etmişdir.”[54]

Hər şeyi qayda-qanunla əksiksiz yaradan və təqdim edən Rəbbimizin, nazil etdiyi Kitabına (əvvəlki ümmətlərin öz kitablarına etdikləri təhrifatı bildiyi halda) diqqəti yetirməməsi və Elçisinə, qiyamətə qədər ayaqda qalacaq Quranın bir kitab halında qorunması üçün lazım olan tədbirləri, əmrləri verməməsi düşünülə bilməz.

Üzülərək qeyd edək ki, araşdırmamızın nəticəsi bizə; Allahın elçisinə və kitabına ən böyük iftiranı edən yenə bu ümmətin bəzi din xadimləri olduğunu göstərdi. Quranı etibarsızlaşdırma cəhdləri bu kimi Din və dövlət xadimləri tərəfindən əsrlər boyu davam etmiş və böyük ölçüdə bu ümməti Allahın kitabından uzaqlaşdırmağı bacarmışlar. Quranın əksər ayələrinin isə mücməl yəni başa düşülməz olduğunu, dini özlərinin təmsil etdiyini və bu mövzuda hökmləri özlərinin qoya biləcəyini irəli sürmüşlər.

Halbuki Uca Allah:

الَر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

Əlif, Lam, Ra! (Bu Quran) Hikmət sahibi, hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəm/hökmə bağlanmış və sonra da təfərrüatlı izah edilmiş bir kitabdır.” (Hud 11/1).

Quran ayələrinin möhkəm olmasının mənası, ayələrdə nöqsanlıq və xəta olmadan sağlam bir nəzmlə sıralanmış olması və ya sağlamlaşdırılmış bir məzmunda olmasıdır.[55]

Bu səbəblə Rəbbimiz: قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِندِ اللَّهِ هُوَ أَهْدَى مِنْهُمَا أَتَّبِعْهُ إِن كُنتُمْ صَادِقِينَ

De ki: “Əgər doğru söyləyirsinizsə, Allah qatından, doğru yola bu ikisindən (Tövrat və Qur`andan) daha yaxşı hidayət edən bir kitab gətirin, mən də ona tabe olum”. (Qasas 48/49)

Rəsulullah, həyata gözlərini yummadan əvvəl “Mən sizə Allahın kitabı olan Quranı buraxıb gedirəm. Ona möhkəm yapışsanız yoldan çıxmazsız.”[56] deməsi, Quranın əksiksiz toplanıb, yazılmış olduğunu göstərir. Rəsulullah vəfat etdikdən sonra da səhabənin: “Bizə iki qapaq arasındakından (kitabdan) başqa bir şey buraxmadı.”[57] Bizə Allahın kitabından başqa bir şey buraxmadı.”[58]– deməsi, səhabənin əlində kitab olduğunu göstərməkdədir.

Biz, Möminlər olaraq dinin tam və hər hansı nöqsandan uzaq olmasını Quranın tam və nöqsansız olmasına bağlayırıq. Quranın istər yazılışında, istər əmr və qadağalarında, halal və haramı təyin etmə məsələlərində əksik olduğuna inanmaq, Allahın dininin əksik olduğuna inanmaq deməkdir. Təəssüf ki, bəzi din və məzhəb mənsubları Quranın bu kimi mövzularda əksik olduğuna inanmaqda, bu əksikliyi özlərinin meydana gətirdiyi mənbələrlə tamamlamaqda və Allahın aşağıdakı göstərdiyimiz ayəsinə tərs düşünməkdə və davranmaqdadırlar:

…الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا…

“…Bugün dininizi tamamladım, sizə olan nemətimi tamamladım. Sizə din olaraq İslamı seçdim…” (Maidə 5/3)

Quranın bəlağatı, sözləri, anlam və qavramların yerinə görə sıralanması sağlam düşüncə sahibi insanlar üçün eyni zamanda bir möcüzədir. Heç bir bəşərin yazdığı Qurandakı ayələr qədər bir insana hüzur verə bilməz. Heç bir bəşərin yazdığı Qurandakı ayələr qədər bir insanı yaxşılığa sövq edə bilməz və pisliklərdən qoruya bilməz. Heç bir bəşərin yazdığı Qurandakı ayələr qədər bir insana həqiqətləri təqdim edə bilməz və ona məsuliyyət yükləyə bilməz. Quran, insanlar üçün lazım olan mövzuları ən gözəl şəkildə əksiksiz olaraq çatdıran və aralarındakı problemləri ən asan, ən uyğun yoldan həll edən bir kitabdır.

Nəticə etibarı ilə, Allahın yaratdığı və nazil etdiyi heç bir ayəni əksik, nöqsan buraxmadığı kimi qiyamətə qədər insanlığa səslənəcək son kitabını da tam və nöqsansız olaraq səhifələrə yazıb bir Mushaf halına salmadan buraxmış deyildir. Eləcə də, yuxarıda Quranın Muhəmməd əleyhissəlamın sağlığında bir kitab halında mövcud olduğu ilə əlaqəli təqdim olunan rəvayətləri, ayələr işığında dəyərləndirdiyimiz zaman Quranın Allah və Onun elçisi tərəfindən diqqət və qayğı ilə yazdırıldığını, bir Mushaf halında mövcud olduğunu və qorunduğunu deyə bilərik.

Son elçisi Muhəmməd əleyhissəlamın özünə nazil olan vəhyin, hansı surənin və hansı ayənin hara yerləşdiriləcəyini göstərmədən, yazdırmadan, səhfələri ora-bura dağınıq, bir Kitab/Mushaf halında buraxmadan getdiyini demək, onun nazil olan vəhyi əhəmiyyətsiz görüb getdiyini, yəni elçilik vəzifəsini layiqincə icra etmədiyi mənasına gəlməkdədir. Bu mövzuda bəzi rəvayətlərin, məsələn; “Dağınıq olan yazılı materiallar, itməsin deyə səhabə tərəfindən toplanmış, daha sonra bu materiallar bir Kitab/Mushaf halına gətirilmişdir.”[59] kimi ifadələr səhabəyə də atılmış bir iftira olduğunu düşünürük.

Nəbimiz, özündən əvvəl göndərilən kitabların sonradan necə təhrif edildiyini bildiyi və gördüyü halda, sonrakı nəsillər üçün nə qədər mühüm bir miras olduğunu başa düşdüyü halda, eyni təhrifin Qurana da edilməməsi üçün lazım olan tədbirləri almadan Quranı əksiksiz bir kitab halında bizə buraxmadan aramızdan ayrıldığını söyləmək tamamilə həqiqətdən uzaq absurd bir yaxınlaşmadır. Belə ki, bu cür rəvayətlərin çoxu; Kitabımıza və elçimizə atılan bir iftiradan ibarət olub, misyonerlərin “Quran əksikdir, Quran təhrif edilmişdir” kimi iddialarına bir dəstək mahiyyətini daşıyır.

MÜƏLLİF: Aydın Mülayim.

[1] Sadık Kılıç, “Quranın Cəmi Məsələsi”, Atatürk Üniversitesi, İslami İlimlər Jurnalı.

[2] Bax: Əhməd Kələş, Quranın Cəmi və Tərtibi”, İslamı araşdırmalar Jurnalı, 2001.

[3] Zərkeşi, Bədruddin Muhəmməd, əl-Burhan fi ulumil Quran, Darul İhyaul  Kutubil Arabi, Beyrut 1957, I, 235.

[4] Buxari, “Fəzailul Quran, 3.

[5] 145987.pdf (isamveri.org)

[6] Hətta bu anlayışda olanların bir çoxuna görə, keçinin yeməsi ilə itən lakin, hökmü qalan rəcm ayəsi belə mövcuddu. Bax: Buxari, “Hudud, 8/1431; Əhməd b. Hənbəl, Müsnəd, VI, 269.

[7] Əbu Muhamməd b. Tayyib əl-Bakillanı, “əl İntisari lil Quran”, thq. Muhəmməd İsam əl Kudat, Amman, Darul Fəth, 1/64, il, 1422/2001.

[8] Adnan Muhəmməd Zərzur, “Ulumul Quran” s. 82, Beyrut 1991; Geniş məlumat üçün: Yusuf Alemdar, “Qiraətlərin oluşumu bağlamında Quranın Cəmi mövzusuna yenidən bir baxış.

[9] Zürkani, “Mənahulul İrfan”, 1/393; Süleyman Yıldız, “Cəmul Quran bağlamında Zürkanin Quran mushaflaşma görüşlər” Araşdırma məqaləsi.

[10] Hindi, “Kenzul Ummal”, 1/614-615.

[11] Sübhi Salih, “Məbahis fi Ulumil Quran”, s. 73-74, Beyrut, 1990.

[12] Əbu Abdullah əl-Zəncani, “Tarixul Quran” s. 69-75, Beyrut 1969.

[13] Buxari, “Fəzailul Quran, 22.

[14] Atik, Kamal, Ayə və Surələrin Tevkifiliği Məsələsi, EÜİFD, c.6, s. 217. Geniş bax: T.C. Ankara üniversitesi sosyal bilimler enstitüsü temel İslam bilimleri (kelam) anabilim dalı Kur’an’da kitap kavramı doktora tezi Mücteba Altındaş Ankara – 2012

[15]  Muhəmməd Həmidullah, “Quranı Kərim Tarixi”, s. 43-44, Bəyan yayınları İstanbul 2000.

[16] Göndərilən sənədlər üçün bax: Buxari, “Mənakibul Ənsar”, 45; Əbu Abdillah Zəncani “Tarixul Quran”, 41.

[17] Tabersi, “Məcmaul Bəyan”, s. I, s. 15.

[18] Muhamməd Hamidullah, “e.q.e.”, s. 41.

[19] Buxari, Səhih, VI/123-124.

[20] Suli, Ədəbul Kuttab, s. 165; Ətraflı məlumat üçün bax: Təyyar Altıkulaç, “Mushafı Şərif” c. I, S. 19-20.

[21] Buxari “Fəzailul Quran”, s. 19.

[22] Buxari “Fəzailul Quran”, s. 22.

[23] Zürkani, “e.q.ə.” I/242, 246.

[24] Atik, Kamal, Ayə və Surələrin Tevkifiliği Məsələsi, EÜİFD, c.6, s. 217.

[25] Hz. Peyğəmbərin vəfatından sonra, evində tapılan Quran səhifələrinin Əbu Bəkr tərəfindən bir araya toplanıb dağılmaması üçün də bir iplə bağlandığı ifadə edilir. (Zərkəşi, Burhan, c. I.s. 238; Suyuti, “İtqan”, c. I, s. 185.

[26] Nisaburi, “Qaraibul Quran və Rəqaibul Furqan”, c. I, s. 28.

[27] Buxari, əs-Salat 95; Müslüm, əs-Salat, həd: 124.

[28] İbn Həcər, “Fəthul Bari”, c. III, S. 156. Lakin İbn Həcər bunu da əlavə edərək deyir ki; Dirək muhacirlərin dövründə, Mushaf isə Osmanın dövründə oraya qoyulmuşdu.

[29] Zürkani, “e.q.ə.” 1/247; Muhəmməd Həmidullah “İslam Peyğəmbəri”, (İstanbul İrfan Yay) 2/700.

[30] Buxari “Fəzailul Quran”, 8.

[31] Zürkani, “e.q.ə.” 1/255-256.

[32] Sicistanî, Kitabül-Mesahif, 88-9; Zürkânî, Mənahilül-irfan, 1: 259.

[33] Zürkani, “e.q.ə.” 1/346.

[34] Zürkani, “e.q.ə.” 1/281.

[35] Təyyar Altıkulac, “Muhafı Şərif” C. I, s. 74-78.

[36] Katib Çələbi, “Kəşfuz-Zünun” M.E.B. Yay., İstanbul, 1971, c. I, s. 712.

[37] Əlavə məlumat üçün: M. Həmidullah, “Allahın elçisi və səhabə dövründə yazı sənəti”, trc. Həsən Çağlar, İslami Araşdırmalar jurnalı, Ankara, 1988, II/7,99.

[38] Ətraflı məlumat üçün: Təyyar Altıkulac, “Mushafı Şərif” C. I, s. 74-78.

[39] Təyyar Altıkulac, “Mushafı Şərif” C. I, s. 14.

[40] Təyyar Altıkulac, “e.q.ə.” C. I, s. 128.

[39] Bax: Bəqərə, 2/180.

[40] Bax: Bəqərə, 2/282.

[41] Hətta bəzi ayələri keçi yediğini rəvayət etmişlər.

[42] Hər elçinin əlində elçiliyini isbat edəcək sənədi olması lazımdı.

[43] Əhli Kitab din xadimlərindən olan “Əhbarlar”, dini məslələrdə hibrlə/mürəkkəblə yazı yazan şəxslərə deyilir. (İbn Mənzur, c. IV, s. 157).

[44] Bax: Bəqərə, 2/79; Ənam 6/91-92.

[45] Bax: Yunus 10/38; Hud 11/13.

[46] Rudi Parel, “Quran üzərinə məqalələr” trc. Ömər Özsoy, Ankara, 1995, s. 169.

[47] İbn Kesir III/79.

[48] Quran, “oxumaq, toplamaq” mənalarına gəlir. İki ayənin mövzu ilə bağlı bir-birinə cəm edilməsinə də eyni zamanda quran deyilir. Məsələn: “Bu, anlayan bir xalq üçün ayələri ərəbcə quranlar halında açıqlanmış bir kitabdır. (Füssilət 3)

[49] Rağıb əl- İsfahani, Müfrədat.

[50] “Cəmul Quran”, Qasım Sulul, Siyer araşdırmaları jurnalı, sayı; 1, 2017.

[51] İbrahim Sarmış, Hz. Muhəmmədi doğru anlamaq I., Ekin yayınları, Nəşr 3, s. 234-235.

[52] Sülün, Murat, Quranda Kitab Qavramı və Quran Vahiylərinin Kitablaşması, s.117.

[53] İsfahani, “Müfrədat”, bu kəlimənin ifadə edilmə səbəblərindən biri; Ərəblər sayını xətasız, doğru yerinə yetirmələri üçün çınqıl daşlarından istifadə edirdilər, deyir.

[54] İsfahani, “Müfrədat”. Bu kəlimənin yer aldığı başqa bir ayədə belə buyurulmaqdadır: “Biz hər bir şeyi tək-tək hesablayıb yazmışıq.” (Nəbə 29)

[55] Təbəri, XI/180; Razi, XVII/184.

[56] Müslüm, Həcc, 147/1218; Tirmizi, Vesaya 4, had., 2119, 4/376.

[57] Buxari “Fəzailul Quran”, 16.

[58] Buxari “Fəzailul Quran”, 18.

[59] Əhməd Kələş, “Quranın Cəmi və Tərtibi”, Tertibi, İslami araştırmalar jurnalı s. 14, sayı. 2001.