Müsəlmanlar

NAS SURƏSİ

Nas, insanlar deməkdir. Bu surə 6 ayədən ibarətdir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismillahir Rahmənir Rahim.

Mərhəmətli, Rəhmli Allahın adı ilə

1. De ki, insanların Rəbbinə/Sahibinə[1] sığınıram.                          قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

2. İnsanların Hökmdarına.[2]                                                                         مَلِكِ النَّاسِ

 3. İnsanların İlahına.                                                                                       إِلَٰهِ النَّاسِ

4. Məkrli-hiyləgər[3] vəsvəsəçinin şərrindən (Allaha) sığınıram.  مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

5. O (vəsvəsəçi), insanların ürəyinə vəsvəsə[4] salır.               الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

6. Cinlərdən də olur, insanlardan da.[5]                                                مِنَ الْجِنَّةِ وَالنَّاسِ   

                                        

[1] Rəbb, “sahib, əfəndi, bir şeyi böyüdən, yetişdirən” mənalarına gəlir (Lisanul Ərəb; Müfrədat). Bu kəlmə daha çox “sahib” sözünə yaxın olduğu üçün bəzi yerlərdə Rəbb kəlməsi ilə birlikdə yazdıq. Rəbb kəlməsi, nadir də olsa insanları nəzərdə tutmaq üçün işlədilir (Tövbə 9/31; Yusuf 12/50). Bizim hamımızın sahibi Allahdır. Elə isə heç birimiz necə deyərlər, yiyəsiz deyilik.

[2] Məlik, “idarə etmək, hökm etmək gücünə və səlahiyyətinə sahib olan şəxs” deməkdir (Müfrədat). Bizim hər şeyimizə sahib olan varlıq bizim üstümüzdə tam səlahiyyətə də malik olur. Belə bir varlığa qeydsiz-şərtsiz itaət etmək lazım gəlir. Ona könüllü surətdə boyun əyib tabe olmaq və ondan kömək diləmək onu ilah hesab etmək deməkdir. İnsanların üzərində Allahdan başqa tam səlahiyyətli bir varlıq yoxdur. Ona görə də Ondan başqa ilah da yoxdur. Buna baxmayaraq, Allahdan əlavə bir başqasını da din və axirət məsələlərində səlahiyyətli hesab edən və ona könüllü olaraq boyun əyən və kömək istəyən bir çox insan vardır. Məhz onlar Allaha şərik qoşub müşrik olurlar.

[3] Məkrli-hiyləgər kimi tərcümə olunan xənnas sözü, Allah xatırlandığı vaxt pusquda durub gizlənən mənasını verir (Müfrədat). Əl-vəsvasul-xənnas ifadəsi isə Allahın dinindən qaçan, ancaq insanların zehnini qurdalamaqdan əl çəkməyən varlıqlar deməkdir. Adəmi başdan çıxardan İblis başda olmaqla, insanı doğru yoldan çıxardan hər bir kəs bu kateqoriyaya daxildir.

[4] Vəsvəsə “pis, əyri düşüncə” mənasına gəlir (Lisanul Ərəb; Müfrədat). İnsan, yaşadığı müddətcə, vəsvəsə onu tərk etməz. İnsana ən çox vəsvəsə yeritməyə çalışan, cin tayfasından olan İblisdir. Çünki Allah ona Qiyamətə qədər yaşamaq icazəsi verdiyi vaxt o belə demişdi:

“İndi ki, sən məni yoldan çıxartdın, and olsun ki, mən də onlardan ötrü sənin haqq yolunun üstündə oturacağam.

Sonra onların qabaqlarından, arxalarından, sağ və sollarından soxulacağam. Görəcəksən ki, onların əksəriyyəti Sənə təşəkkür etmirlər”.

Allah belə buyurdu: “Danlanmış və qovulmuş olaraq itil oradan! Sən bir gör, onların biri sənə tabe olsa, Mən də and içirəm ki, Cəhənnəmi sizinlə dolduracağam”. (Əraf, 7/16-18)

İblis, pis xislətləri səbəbilə Şeytan vəsfini almışdır. Lakin, belə bir vəsf təkcə İblisdə deyil, onun xislətlərini daşıyan digər cinlərdə və insanlarda da mövcud ola bilər. Məhz sonrakı ayə də bunu göstərir.

[5] Hər insan həm öz daxilində həm də xarici aləmə qarşı mübarizə içindədir. Qəbul və ya rədd etdiyi yaxşı ya da pis düşüncələri və işləri, nəticədə öz azad seçimi və iradəsiylə həyata keçirməkdədir. Yəni, Allahın tabe tutduğu bu imtahanda bir insanın yaxşı ya da pis olması, kafir ya da mömin olması öz seçiminə bağlıdır. Xarici aləmdəki insan və cinlərə gəlincə, bunların içində bizim yaxşı işlər görməyimizə ilham verənləri olduğu kimi, buna mane olanları, vəsvəsə verənləri də olur. Məhz biz, bu kimi ayələr və dualar ilə insan və cinlərin vəsvəsə verənlərinə qarşı qorunmağımız üçün Allahdan köməklik diləyirik.

Bu və bundan əvvəlki Fələq surəsində insanı günaha aparan daxili və xarici təsirlərdən bəhs olunur. Bu kimi təsirlərdən bizi qoruyacaq olan təkcə Allahdır. Hər iki surəyə müavvizəteyn (qoruyucu iki surə) deyilməsinin səbəbi də budur. Bu səbəblə biz, hər işimizə başlayanda: “Əuzu billəhi minəş-şeytanir-Racim=Qovulmuş şeytandan Allaha pənah aparıram/sığınıram!” deyirik. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) qorxu vaxtı və gecələr yatmazdan qabaq bu surələri oxumağımızı məsləhət görüb.