Müsəlmanlar
Yer üzündə gəzib dolaşmaq

Yer üzündə gəzib dolaşmaq

İslam dinində səyahət etməyə münasibət

Əgər bir iş və yaxud fəaliyyət iman gətirən müsəlmanlar üçün yaradıcının – Allahın onlara oxuyub başa düşsünlər deyə, nazil etdiyi kitabda qeyd olunubsa, üstəlik də bu bir neçə dəfə təkrar edilir və iman gətirənlərin diqqətini cəlb edirsə, artıq o vaxt həmin işin bir tapşırıq və borc olduğunu irəli sürmək heç də səhv bir iddia olmaz.

Gəzib dolaşmaq, başqa sözlə desək, səyahət etmək məhz belə bir işdir.

Aşağıda verilən toplu bu məsələ ilə əlaqədar olan Quran ayələrini ehtiva edir.

Tövbə surəsi, 112-ci ayə: Allaha tövbə edən, ibadət edən, Ona həmd edən, Onun uğrunda səyahət edən, rüku və səcdə edən, münasib olanı buyurub pis əməlləri qadağan edən və Allahın hüdudlarını (qayda-qanunlarını) qoruyan möminləri də müjdələ.

Yuxarıdakı ayə Qurani-Kərimdə gəzməklə əlaqədar olan heyrətamiz bir ayədir. Lakin bəzi Quran tərcümələrində bu ayədəki “saihun” sözünə “oruc tutanlar” kimi məna verilir. Eyni tərcümələrdə Əhzab surəsinin 35-ci ayəsindəki “və-s-saiminə və-s-saimat” ifadəsi də “oruc tutan kişilər və oruc tutan qadınlar” kimi tərcümə olunub. Bu hal hər halda, gəzmək felinin Quranda tərif və təqdirəlayiq bir iş kimi qiymətləndirilməməsindən irəli gəlir. Çünki “saihun” sözü Ərəb dilində gəzmək (səyahət etmək, səyyahlıq) felini bildirmək üçün işlədilir. Əslində bir çox Quran tərcüməsində bu faktor nəzərə alınıb.

Nəhl surəsi, 36-cı ayə: And olsun ki, Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyən elçi göndərdik. Onlardan kimisi Allahın düz yoluna yönəldi, kimisi də yoldan azmağa layiq oldu. Yer üzündə gəzib dolaşın. Peyğəmbərləri yalan sayanların axırının necə olduğunu görün.

Ali-İmran surəsi, 137-ci ayə: Sizdən əvvəl nələr gəlib keçdi. Yer üzündə gəzin ki, yalançıların axırının necə olduğuna bir baxın.

Ənam surəsi, 11-ci ayə: De ki, yer üzündə gəzib dolaşın. Sonra da inkar edənlərin aqibətinin necə olduğuna baxın!

Nəml surəsi, 67-69-cu ayələr: Kafirlər dedilər: “Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra (qəbirlərdən) çıxardılacağıq? Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrindən başqa bir şey deyildir”. De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”.

Səcdə surəsi, 26-cı ayə: Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?

Fatir surəsi, 44-cü ayə: Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən bir şey yoxdur. Həqiqətən, O, Biləndir, Qadir olandır.

Ənam surəsi, 6-cı ayə: Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

Hic surəsi, 75-79-cu ayələr: Şübhəsiz ki, bunda başa düşənlər üçün ibrətlər var. O şəhərin qalıqları gedişli-gəlişli yolların üstündə hələ də qalır. Bunda inananlar üçün ibrətlər vardır. Eykə əhalisi də şübhəsiz ki,  zalım kəslər idi. Buna görə də onlardan intiqam aldıq. Hələ də hər iki diyar gedişli-gəlişli bir yolun üstündədir.

Zariyat surəsi, 37-ci ayə: Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.

Həcc surəsi, 45-46-cı ayələr: Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, orada baş verənləri qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.

İnsan deyilən varlıq öz həyatını zaman və məkan ilə tərif olunan bir müstəvidə davam etdirməlidir. Öz mövcudluğunun başlanğıcında həmin meyarlarla əlaqədar seçim etmək imkanı olmayan fərd şəxsiyyəti formalaşmağa başladıqdan sonra yaxınlığından başlamaqla ətraf mühit ilə əlaqə yaradır. Bu əlaqənin bünövrəsində maraq duymaq hissi, tanımaq və təsvir etmək istəyi durur.

Bu öyrənmək istəyi insan üçün ömrünün axırına qədər fasiləsiz surətdə davam edən bir prosesdir. İnsan öyrənmək istəyinin ardınca müxtəlif səbəblərə görə gedə bilər. Öyrənmək istəyi daha yaxşı şəraitdə yaşamaq üçün həyata keçirilən kəşflərin, eləcə də texnologiya sahəsindəki icad və ixtiraların yeganə hərəkətverici qüvvəsidir. İnsanların dərk edə bildikləri şeylərin xaricində qalan və qeyb hesab olunan biliklərə qarşı hiss edilən meyl də çox yüksək səviyyədədir. Bütün bunlarla yanaşı, özləri ve keçmişləri ilə əlaqədar məlumatları əldə etmək arzusu da insanları məşğul edən məsələlərdən biridir. Çünki məlumat bazasını ancaq bu yolla formalaşdırmaq olur.

Yaradıcımız yuxarıdakı ayələrdə bizə tövsiyə edir ki, xüsusən bizdən əvvəlki cəmiyyətlərin aqibətinin necə olduğunu dərk etmək üçün onların qalıqlarına baxaq və bundan bir ibrət alaq.

Quran ayələrində keçmiş qövmlərlə əlaqədar əhvalatlarda həmin xalqların yaşadıqları müddət ərzində yol verdikləri hərəkət və rəftarlarından danışılır. Allah bildirir ki, artıq keçmişdə qalan o qövmlərin elmləri, nizam-intizam, siyasət və var-dövlətləri onları həlak olmaqdan xilas edə bilməyib. Üstəlik də həmin qövmlərin indikilərdən daha güclü və şöhrətli olmağı onların biabırçı bir aqibətə məruz qalmaqlarına mane ola biməyib.

Məryəm surəsi, 74-cü ayə: Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.

Fatir surəsi, 44-cü ayə: Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər.

Qaf surəsi, 36-cı ayə: Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbadiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçıb qurtara bildilərmi?

Həmin qövmlərin aqibətlərindən dərs götürmək üçün onların qalıqlarını görmək, bundan ötrü də o yerləri gəzmək lazımdır.

Lakin burada diqqət yetirilməli olan başqa bir məsələ də var və həmin məsələ müsəlmanları daha çox maraqlandırır:

Bu məlumatların üzə çıxardılması üçün müvafiq elm sahələrində çox çalışmaq. Müsəlmanlar xüsusilə arxeologiya, kriminologiya və ixtisaslaşmaq lazım gələn oxşar elm sahələrində hələ çox yol getməlidirlər. Əks halda, tarixi qalıqları istədiyi kimi izah edən tarixçi, arxeoloq, biloq və digər elm sahələrindən olan insanlar elm adamlarının müxtəlif əlaqə vasitələrinin də dəstəyi nəticəsində bəşəriyyətin keçmişi haqqındakı məlumatları indiki dövrün mədəniyyətlərini (xüsusilə də Qərb mədəniyyətini) ali və üstün mədəniyyət kimi göstərmək üçün istifadə edəcəklər. Biz bu gün buna şahid olmaqdayıq.

Hicr surəsinin 75 və 77-ci ayələrindən başa düşülür ki, bəşəriyyət və insanlar keçmişin qalıqlarından dərs almalıdır. Lakin Allah Həcc surəsinin 46-cı ayəsində bildirir ki, bunlardan ibrət dərsi götürmək üçün təkcə məlumat kifayət deyil. Bununla yanaşı, reallıqları obyektiv formada qiymətləndirmək üçün xoş məramlı bir baxış da olmalıdır. Bir sözlə, bu ayə iman gətirənləri keçmiş dövrlərə aid materialları üzə çıxartmaq məsələsində daha böyük bir öhdəlik götürməyə istiqamətləndirir.

Müəllif: Hasan Mustafa Arslan (yazıçı-mütəfəkkir)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.