SƏLƏFİLİK NƏDİR?
Sələfilik, “sələf” sözündən götürülüb, mənası “əvvəlki, keçmiş nəsil” deməkdir. Özlərinə “sələfi” deyənlər, peyğəmbər əleyhissəlam ilə o dövrdə və ondan sonra yaşamış alimlərinin tutduğu yol ilə gedən insanlar olduqlarını irəli sürənlərdir. Günümüzdə şiələr daxil bir çoxu bunlara “Vəhhabi” də deyirlər.
Tarix boyunca yer üzündə iki sinif insan arasında – Allahın göndərdiyi elçilər ilə, öz atalarının yolundan gedən insanlar, yəni sələfilər arasında – əzəli mübarizə davam etmiş və günümüzdə də bu davam etməkdədir.
Sələfilər, öz təməl -inanç və fiqh- əsaslarına sözdə Allahın kitabını daxil etsə də əsas olan onlarda nə kitab nə sünnə deyil, öz alimlərinin icmasıdır. Çünki onlara görə Allahın kitabını, peyğəmbər və ondan sonra gələn sələfilər açıqlamış, özləri də onlara tabe olmuşlar.[1] Quran onlar üçün anlaşılmayan bir kitabdır və ayələrinin çoxu mücməl/qapalı və mütəşabihdir.[2]
Bu kimilərlə və bunlardan əvvəl yaşamış eyni əqidədəki insanlarla əlaqəli Quranda çox ayə vardır. Bu ayələrdən biri belədir:
“Onlara: ‘Allahın nazil etdiyinə itaət edin!’– deyildikdə, onlar: ‘Yox! Biz əcdadımızın (sələfin) getdiyi yolu tutub gedəcəyik!’– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?” (Loğman, 31/21.)
İstər sələfiliyi istər şiəliyi təqlid edənlər, bunların hər biri gözəl adlar altında özlərini zəmanət altına almış, tutduqları yolu bəyənmiş, çox xoşbəxt və huzurludurlar. Tutduqları yolun onları cənnətə götürdüyünü düşünürlər. Çünki, din xadimləri, mollalar onlara elə öyrədib. Biz, hər nə qədər “Gəlin Qurana tabe olun! Təkcə Müsəlman olun!” desək də onların çoxlarının veclərinə olmayacaq. İstəyir peyğəmbər və imamlar məzarlarından qalxıb onlara eyni şeyi desin, yenə də çoxlarının veclərinə olmayacaqdır.
Quran onların halını belə bildirir: “O kəslər ki, öz dinlərini parçaladı və firqələrə ayrıldılar. Hər firqə də özündə olanla öyünür.” (Rum 30/32).
Sələfilər iki qrupa ayrılır. Bunların ortaq vəsfləri: Bəsit şeylərə daha çox diqqət yetirirlər. Geyim-kuşama, saqqal-balağa, namazda əl-ayağa və bir də çox arvadlığa. Ərəblərin örf-adət və geyim-kuşamının peyğəmbərin sünnəsi olduğunu, bunda böyük savab olduğunu düşünürlər.
Bunların ölkəmizdə olan əksəriyyəti orta məktəbi belə yaxşı oxumamış, iki cümləni bir araya gətirib yaza bilməyən, ağlını duyğularına qurban etmiş gənclərdən ibarətdir. Şiə olanları gedib İran mollaları tərəfindən yüklənib gəldikləri kimi, bunlar da gedib Misirdə, Ərəb ölkələrində yüklənib ölkəmizə gəlirlər. Yəni İslamdan, Qurandan Allahın dinindən uzaqlaşıb, insanların onlara təqdim etdiyi dinin müqəllidlərinə çevrilirlər. Dini bunların timsalında görən vətəndaşların çoxu ya dinə bir cəfəngiyyat kimi baxır ya da dinə düşmən kəsilib dinsiz, ateist (!) olurlar.
İki böyük qrupa ayrılan sələfilər vardır:
Bunların ən çox yayğın olanları, qəza-qədər məsələsində müşriklər kimi hər şeyi Allahın əvvəldən yazdığı qədərə bağlayırlar. Müsəlman xalqların başında olan, onlara düşmən kəsilən mövcud diktatörlara itaəti vacib bilirlər. Quranın ifadəsi ilə: “…Onlar hər diktatör idarəçiyə tabe oldular.” (Hud 59).
Bunu, peyğəmbərimiz adına uydurulan rəvayətlərə əsaslandırırlar. “…Başından vurub malını əlindən alan zalım bir əmir də olsa, eşidib ona itaət edin!” Bir başqa rəvayətdə ““Əmirə itaət elçiyə itaət, elçiyə itaət Allaha itaətdir.” (Buxari, Cihad 109; Müslüm, İmarə 32, 33; Kuleyni “Usulü Kafi”, c. I, s. 145.)
Bu rəvayətləri uyduran şəxs, Hz. Ömərin peyğəmbərə iftira üzündən qamçılatdığı, Müaviyə və Yezid sarayında bəslənən və yəhudi Kab b. Əhbarın tələbəsi olan Əbu Hüreyrədir.
Qurani Kərimin də Nisa surəsinin 58-ci ayəsinə göz yumaraq, sadəcə 59-cu ayənin baş tərəfini dəlil göstərməklə öz məqsədlərinə alət edərlər. Halbuki ayə, onların bu batıl düşüncələrinə ziddir.[3]
“Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm verəndə ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.” (Nisə 58)
İslam dini, insanları bir-birinə qul etməyi, zülmü və haqsızlığı qadağan edir. Zülümlə adi insan belə barışmaz çünki təbiətinə ziddir, qaldı ki, müsəlman olsun. Bununla əlaqəli yüzlərlə ayə var. Qurana uyğun sağlam hədislərdə də bu göstərilir: “Kim bir pisliyi görərsə, onu əliylə düzəltsin, buna gücü çatmayan diliylə, buna da gücü çatmayan qəlbi ilə ona qəzəb etsin!” (Müslim, İman 78; Tirmizi, Fitən 11.)
– Bir digər sələfi qrup isə təkfirçi qrupdur. Bunlar, Hz. Əli ilə Müaviyə arasındaki savaşda ortaya çıxdı. İmam Əlini belə təkfir etdilər. Harda müsəlmanların hakimiyyəti varsa, onları təkfir edən bir qrupdur. Şiələr kimi ən çox siyasi yönə ağırlıq verir və Qurani Kərimdəki “Tağut” kəlməsini də öz məqsədlərinə uyğun məna verirlər. Son dövrlərdə də Rusya və İran, bu cahillərdən meydana gələn gənc qrupları Suriyaya götürüb orda öz siyasi məqsədlərinə alət etdilər.
Hal-hazırda Qurandan bixəbər hər iki sələfi qrup, diktatorların və İslam düşmənlərinin hakim olduğu ərəb və əcnəbi ölkələrində daha çox fəaliyyət göstərir, İslamın və Allahın kitabının qarşısında ən böyük maneə təşkil edirlər.[4]
Müəllif: Aydın Mülayim.
[1] Halbuki, bir çox ayədə Quranın “Mübin/açıq-aşkar” başa düşülən bir kitab olduğu bildirilməkdədir. Eyni zamanda açıqlayan da Allahdır: Əlif Ləm Ra.! Bu (Quran), hökm/hikmət sahibi və hər şeydən xəbərdar olan (Allah) tərəfindən ayələri möhkəm/hökmə-hikmətə bağlanmış sonra da müfəssəl/geniş açıqlanmış bir kitabdır. (Allah tərəfindən açıqlanması) Allahdan başqasına qulluq etməyəsiniz diyədir. (De ki:) Mən də sizə Onun tərəfindən göndərilmiş bir xəbərdar edən və müjdələyənəm. (Hud 11/1-2.)
[2] Mütəşabih, ərəbcə “bənzəyən, oxşar” deməkdir. Bir-birinə bənzəyən iki şeydən birinə mütəşabih deyilir. Ancaq ənənəvi din xadimləri, Quran ayələrinin anlaşılmaz olduğunu göstərmək üçün bu kəlməni təhrif edərək, ona “anlaşılmayan, gizli” anlamlarını vermişlər. Bu kəlimə, səkkiz ayədə keçər: Bəqərə 25, 70, 118; Ali-İmran 7; Ənam 99, 141; Rad 16 və Zümər 23.
[3] Ətraflı məlumat üçün bax: https://www.muselmanlar.com/elanlar-xeberler/13897.html
[4] Ətraflı məlumat üçün bu araştırma tezisini oxumağınız məsləhətdir: https://www.muselmanlar.com/elanlar-xeberler/7333.html




