Müsəlmanlar
Oruc və orucun başlanğıcı

Oruc və orucun başlanğıcı

Oruc və oruc vaxtları ilə əlaqədar bir tədqiqat yazısı

Oruc dan yerinin ağarmağından günəşin batmağına qədər Allahın razılığına nail olmaq məqsədilə bir şey yeməmək, içməmək  və cinsi əlaqədə olmamaqdır. Qədim dövrlərdə insanlar göyə adi gözlə baxırdılar. Belə ki, üfüq xətti boyu işığın çoxaldığını gördükdə yemək-içməyi dayandırır və oruca başlayırdılar. İndiki dövrdə isə müşahidə aparılmır, çünki təqvimlər var. Lakin təqvimlərdə müəyyən səhvlər olduğuna görə biz ən azı 40 dəqiqə qabaqcadan oruc tutmağa başlayırıq. Ekvatora yaxın olan ərazilərdə bu müddət azalsa da, şimal zonalarında bir neçə saata qədər gedib çıxır. Buna xüftən namazı ilə əlaqədar səhvlər də əlavə olunduqda ciddi çətinliklər yaranır.

A) Dan yeri ilə əlaqədar məsələlər

Təqvimlərdə yol verilən səhvin səbəbi günün çıxmağından qabaq 5 ayrı dan hadisəsinin arasında aparılan xətalı seçimdir. Bunlar yalançı dan, astronomik dan, imsak danı, dənizçilərin dan dedikləri dan və mülki dandır.

1. Yalançı dan (fəcri-kazib)

Bu, səhərə yaxın şərqdə yuxarıdan aşağıya tərəf dik surətdə görünən, üstü parlaq, altı isə üfüq xəttinə enməyən aydınlıqdır. Bir müddət görünüb gözdən itir. Bu hal yemək-içməyə maneə təşkil etmir. Bilal Həbəşi həmin vaxt azan oxuduğu üçün peyğəmbər (s. a. v.) belə demişdir:

“Bilalın oxuduğu azan və dik surətdə görünən dan sizin səhurunuza mane olmasın, amma üfüq xəttində eninə yayılan dan belə deyil”. ((Müslim, Siyam, 8.))

Cabir ibn Abdullahın rəvayətinə əsasən peyğəmbərin belə bir hədisi var:

“İki fəcr var. Birinə qurd quyruğu deyilir. Bu, fəcri-kazibdir. Dik olur, üfüqə yayılmır. İkinci fəcr üfüqə yayılır, dikinə getmir”.

Fəcri-Kazib (sanki qurdun quyruğudur)

2. Astronomik dan (astronomical twilight)

Bu isə atmosferin üst təbəqədəsində yaranan və ulduz müşahidəsinin qabağını kəsən dandır. Sübh vaxtı günəş üfüqə 18 dərəcədən artıq yaxınlaşdıqda başlayır, axşam isə üfüqün 18 dərəcə altına endiyi vaxt başa çatır. Bu dan astronomların danıdır. Bu vaxt üfüq yeri qaranlıq olur. Çünki günəş şüaları yerdən təxminən 400 kilometr yuxarıda olur.

Ərəb çöllərində astronomik dan. Üfüqdə heç bir işartı yoxdur.

3. Dənizçilərin dan adlandırdıqları dan (nautical twilight)

Günəşin üfüqün 12 dərəcə altında olduğu andır. Normal atmosfer şəraitində cisimlərin xarici xətləri tam olmasa da, seçilə bilir. Ancaq üfüq tam seçilə bilmir.

Dənizçilər cəhətləri ulduzlara əsasən müəyyənləşdirirlər. Ona görə də həm ulduzu, həm də üfüqü görməli olurlar. Qaranlıqda ulduzu görmək olur, üfüqü isə görmək olmur. Əgər günəş üfüqün 6 dərəcə altındadırsa, bu vaxt üfüqü görmək olur, ulduzları isə yox. Buna görə də müşahidəni dənizçi danı ilə mülki danın arasında aparırlar. Müşahidə aparmaq üçün ən münasib vaxt günəşin üfüqün 10 dərəcə altında olduğu vaxtdır. Həmin vaxta rəsəd danı deyilir.

4. İmsak danı (fəcri-sadiq)

Bu an gurlaşan günəş şüalarının şərq üfüqü boyu yayılıb, açıq-aşkar bir görünüş halını aldığı andır. Gur şüalar üfüqün üst tərəfində ağ bir xətt yaradır. Müşahidə aparanla üfüq arasındakı quru parçası isə qara bir xətt kimi görünür. Oruc tutmaq istəyən şəxs bu iki xəttin adi gözlə açıq-aydın ayırd edildiyi vaxtdan etibarən oruca başlayır. Bizim müşahidələrimizə əsasən bu vaxt günəş üfüqün 10 dərəcə altında olur.

Quranda belə deyilir:

“Fəcrin qara xətti ağ xəttindən sizcə tam seçilənə qədər yeyin, için”. (Bəqərə, 2/187)

Fəcri-Sadiq

5. Mülki dan (civil twilight)

Bu, günəşin üfüqün 6 dərəcə altında olduğu andır. Bu vaxt ətrafdakı cisimlər açıq-aydın formada göründüyü kimi, ən parlaq ulduzları da görmək olur. Fiqh elmində (İslam hüququ) buna الاسفار vaxtı deyilir.

Mülki dan: Gəmi və dəniz açıq-aydın görünür.

Günəşin çıxmağı dairənin üfüqdə göründüyü vaxtdır.

Günəşin doğuşu.

B) Təqvimlə əlaqədar görülən işlər

Qədim dövrlərdə insanlar göyə adi gözlə baxırdılar. İndiki dövrdə isə müşahidə aparılmır, çünki təqvimlər var. Gazə Əhməd Paşa (1839-1919) təqvimlərin astronomik dana əsasən hazırlandığını belə ifadə edib:

“Günəş şərq üfüqünə 21,5 dərəcə yaxınlaşdığı vaxt imsak vaxtının başlandığına dair ittifaq var. Təqvimlərdə göstərilən imsak vaxtları ona əsasən hesablanır. Bu da fəcri-sadiqdən əvvəlki vaxtı göstərir. Lakin bu da ancaq ehtiyat üçün belə edilib. Çünki fəcri-sadiqin günəşin üfüqə 18 dərəcə yaxınlaşdığı vaxt başlandığına dair həmrəylik var”.

18 dərəcə olan astronomik dan əvvəlcə 19 dərəcə kimi hesablanmış, sonra ehtiyat üçün buna 2,5 dərəcə əlavə edilmişdir. Beləcə, insanları gecənin ortasında oruc tutmağa vadar ediblər. Bu vaxt heç fəcri-kazib də ola bilməz. Ona görə də bürclərdən gələn şüalara (zodiak işıqları) fəcri-kazib deyilib. Onlar isə ancaq axşam vaxtı görülə bildiyinə görə bir də şəfəqi-kazib deyilən bir şey ortaya atılıb.

Bu məsələ ilə əlaqədar çox səhvlərə yol verilib. Misal üçün, oruca başlamaq vaxtını 18 dərəcəyə endiriblər. Buna etiraz edənlər də olub. Bu etirazların nəticəsində bizim də iştirak etdiyimiz müşahidələr aparılıb və hər dəfə məlum olub ki, astronomik danı fəcri-sadiq hesab etmək olmaz. Lakin bunlar öz əksini yenə də təqvimlərdə tapmayıb.

Səhvlərdə təkid etmək oruca başlamaq və xüftən namazının vaxtlarını bir zülm vasitəsi halına gətirməklə qalmamış, qütblərə tərəf heç cür həll oluna bilməyən problemlərə səbəb olan bu səhvin ucbatından İslam dininin nüfuzuna da xələl gəlmişdir.

Astronomik dan ancaq kosmosla əlaqədar tədqiqat aparanları, dənizçilərin dan dedikləri dan isə onların özlərini maraqlandırır. Yəni, bunlar o sahələrlə əlaqədardır. Fəcri-sadiq ayrıq bir məfhumdur. Onun tərifi, səbəbi və nəticələri başqadır. Ona görə də dərhal bu böyük səhvdən üz döndərmək, müsəlmanlara və İslama edilən bu zülmə xitam vermək lazımdır.

Çalışıb əlləşmək bəndələrdən, müvəffəqiyyət isə Allahdandır.

Müəllif: Abdulaziz Bayındır (ilahiyyat elmləri doktoru, professor. İstanbul Universitetinin İlahiyyat fakültəsində müəllim).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.