Müsəlmanlar
Odekolondakı spirt namaza maneçilik törədir?

Odekolondakı spirt namaza maneçilik törədir?

Sual: O gün bir ətir aldım. Sonra baxdım ki, tərkibində spirt var. Hələ açmamışam. Qutusunda eləcə durur. Quranda belə bir ayə var ki, içkiyə yaxınlaşmayın. Burada içki və spirti bir-birindən ayırmaq lazımdır, yoxsa ikisi də eyni şeydir? Tərkibində spirt olan ətirdən istifadə etmək olar? Xahis edirəm, bu məsələni izah edin.

Cavab: Spirt kimyəvi bir maddədir. Bunu dəfələrlə demişik. Saytlarımızda da bu barədə məlumat var.

Allahın bu mənada qadağan etdiyi şeylər içildiyi, yeyildiyi və çəkildiyi vaxt insanı sərxoş edən hər şeydir. Təbii ki, buna təkcə yemək-içmək qəbilindən olan şeylər deyil, narkotik maddələr də daxildir.

Alkoqol kimyəvi bir maddə kimi bizim yediyimiz bir çox qida məhsulunda təbii olaraq var. Misal üçün, şaftalı, alma, çörək, alça, portağal, qatıq, banan və sairə. Əgər bu məhsullardakı alkoqol miqdarı haram olsaydı, bunların özləri də haram olardı. Halbuki bu barədə düşünmək qeyri-mümkündür.

Parfümeriyadakı alkoqol təbiəti baxımından uçucu bir maddədir.

Bununla bağlı olaraq ən çox soruşulan sual budur:

“Görəsən, ətirdən istifadə etdikdən sonra murdarlanırıq? Dəstəmaz sınır? Belə namaz qılmaq olar?”

Bir şeyi yadda saxlamaq lazımdır ki, həmin kimyəvi maddənin özü də nəcis (murdar) deyil. Maidə surəsinin 90-91-ci ayələrində belə deyilir:

“Ey iman gətirənlər! Xamr, qumar, dikilmiş daşlar və fal oxları şeytan əməli olan murdarlıqlardır. Onlardan uzaq durun ki, arzu etdiklərinizə qovuşasınız.

Şeytanın istədiyi yeganə şey xamr və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?”

Ayədəki xamr sözü insanın ağlını əlindən alan şey mənasında işlədilib. Yeyildiyi vaxt, içildiyi və istifadə edildiyi vaxt insanın beynini uyuşdurub ağlını pərdələyən, yəni, onu sərxoş edən hər bir şey xamr kateqoriyasına daxildir.

Buradakı murdarlıq maddi (fiziki) deyil, mənəvidir. Tutalım ki, siz qumar oynanan bir zərə toxundunuz. Bu halda əliniz murdar olur? Əlbəttə ki, yox! Ancaq o zərlərlə qumar oynadığınız vaxt özünüzü mənəvi cəhətdən murdarlayıb günaha batırsınız.

Qısa desək, bu məsələdə fiziki murdarlıqla mənəvi kirliliyi bir-birindən ayırmaq lazımdır.  Kimyəvi maddə olan spirtdə nə fiziki, nə də mənəvi murdarlıqdan söhbət gedə bilər.

Nəticə olaraq, özünüzə istər ətir və ya dezodorant vurun, istərsə, üzünüzə odekolon vurun, dəstəmazınız pozulmur və bunun namaza heç bir təsiri yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.