Müsəlmanlar

Uşağı olmayanlar üçün xüsusi bir dua varmı?

Sual: Bizim uşağımız 10 ildir ki, olmur. Müxtəlif dava-dərmanlar da eləmişik. Amma xeyri yoxdu. Deyirlər ki, “Filan kənddə bir molla var, əli də sayalıdır. Gedin ona bir dua yazdırın. Bəlkə onun yazdığı dua sayəsində uşağınız oldu”. Siz nə deyirsiz, bizim o mollaya gedib, dua yazdırmağımızda dini cəhətdən bir qəbahət varmı?

Cavab: Bir müsəlman hər zaman hər halıyla Allaha dua etməlidir. Dua, “çağırmaq, istəmək” kimi mənalara gəlir. İnsanın həm özü üçün həm də başqa insanlara köməklik üçün Allahı çağırması, Ondan bir şey istəməsi qədər gözəl bir şey yoxdur.

Ancaq insan, bir başqasının Allaha daha yaxın olduğunu düşünərək, onun yanına gedib öz arzusunun yerinə gəlməsi üçün Allahla araya vasitəçi olmasını istəməsi onu şirkə götürür. Mollaya da məhz insanlar bunun üçün gedirlər. Onun üçün hər hansı xüsusi dua yazmasını, kitab açmasını istəyirlər. Belə şeylər, həm dinimizə yaddır həm də həqiqətdən uzaqdır. İnsanları aldadıb, onlardan pul qoparmaqdan başqa bir şey deyildir. Çünki Rəbbimiz: “Heç kim sabah nə olacağını, nə qazanacağını bilməz!”- buyurmaqdadır (Loğman 34).

Əgər bir insanın uşağı olmamasında hər hansı fiziki bir xəstəlik varsa, onu ilk növbədə müalicə etməsi və uşağın olması üçün tibbi müayinəyə öncəlik verməsi lazımdır. Bununla yanaşı duayı da dilimizdən düşürməyəcəyik.Qurani Kərimdə möminlərin belə dua etdikləri bildirilir::

Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et və bizi müttəqilərə/günah işləməkdən çəkinənlərə rəhbər et!” – deyərlər. (Furqan, 25/74).

Hər şey nəticədə Allahın izninə bağlıdır. O, versə şükür etməyi, verməzsə də səbr etməyi bacarmalıyıq. Möminə yaraşan da budur. Uca Rəbbimiz bu barədə belə buyurmaqdadır: Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər. Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz (övladsız) edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Şura 42/49-50).

Bu səbəblə, uşağı olmayanların mollaya gedib özlərinə xüsusi dua oxutdurması, yazdırması onların dinlərindən xəbərsiz olduqlarını göstərir. Bəzi mollalar da onların bu cəhalətlərindən istifadə edərək pul qazanırlar.

Bir insanın övladının olması böyük bir nemət olduğu kimi böyük bir külfəti də bərabərində gətirir. Haqqımızda nəyin daha xeyirli və nəyin daha zərərli olduğunu ən yaxşı bilən Allahdır. Ona görə də ailədə əsas məqsəd övlad sahibi olmaq deyil, iki cütün bir-birinə məhəbbətlə yanaşması və birlikdə xoşbəxt olmalarıdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5026.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14471.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.