Müsəlmanlar

Əhli beyt İmamları məsumdurmu?

“Muhəmməd və onun əhli Beytinə salam olsun! Onlara dil uzadan və şərləyənləri Allah islah etsin!”

Allaha şərik qoşanların ümumi xüsusiyyətlərindən biri; sırf Allaha aid vəsflərin başqalarında da olduğunu irəli sürmələridir. Bunların din anlayışında Allaha aid səlahiyyətlər bir çox şəxslərlə ya da başqa varlıqlarla paylaşılmış olur. Səlahiyyətləri paylanmış bir ilaha və Onun şəriklərinə (!) sitayiş edənləri isə Quran müşrik adlandırmaqdadır.

Təəssüf ki, özlərinə müsəlmanam deyən insanların böyük əksəriyyətinin Allaha aid səlahiyyətləri başqalarıyla paylaşdıqlarına və bu sahədə müşriklərdən daha cömərd davrandıqlarına şahid olmaqdayıq. Misalını verərsək; mövzumuz ecabı əhli Şiənin öz imamlarının məsum olduqlarına dair irəli sürdükləri görüşlərini sizinlə paylaşmaq istəyirik.

Əhli Şiə, əhli Beyt imamlarının məsum (günahsız) olduğunu iddia etməkdə və bu iddialarına Qurandan dəlil gətirməyə çalışmaqdadır. Bu dəlilləri, Əhzab surəsinin 33-cü ayəsidir ki, buna eyni zamanda “Təthir ayəsi” də deyirlər. Yəni, bu ayədən imamların tərtəmiş, məsum olduqlarına dair dəlil çıxarırlar.

Mövzunun daha yaxşı başa düşülməsi üçün ilk əvvəl əhli Beyt kəliməsinin nə mənaya gəldiyini bilməyimiz lazımdır. Bundan sonra Quranda bu kəliməylə kimlərin qəsd edildiyini göstərməyə çalışaq:

Ərəb dilində “Əhli beyt” kəliməsi “ailə”, “ev xalqı, sakinləri” mənasına gəlir. Dini termində isə bu kəlimədən qəsd edilən Peyğəmbərimizin ailəsi və ya ev xalqıdır. Yəni, peyğəmbərin zövcələri və övladlarıdır.

Bir müsəlman Allah rəsulunu və əhli beytini sevməlidir. Sevməyənin müsəlmanlığı şübhəlidir. Allah Quranda:

“Peyğəmbər, möminlərə canlarından əzizdir. Onun zövcələri isə möminlərin analarıdır…” (Əhzab, 33/6.)

Ancaq onlara bəslənən sevgini istismar edib, onlar üzərindən din və yol meydana gətirənlərin, onlara məsumiyyət verənlərin, peyğəmbərlərdən üstün tutanların hətta Allaha ait vəsfləri onlara şamil etmək surətiylə ilahlıq mərtəbəsinə gətirib çıxaranların da müsəlmanlığı əlbəttə şübhəlidir.

Belə bir sual yaranır: Məsum, yəni “qorunmuş”, “günah və xəta işləməkdən, mübarizədən uzaq” bir insan necə fəzilətli və necə nümunəvi bir davranış sərgiləyə bilər? Belə bir insan bizə nümunə ola bilərmi? Belə bir inanc, tək xətasız olan Allaha başqa xətasız varlıqları nisbət etməyə yəni, şirkə gətirib çıxarır.

Əvvəlcə bunu qeyd edək ki, bir insanın məsum olduğunu iddia etmək, onu insan olmaqdan və hətta imtahan edilməkdən uzaq tutmaqdır ki, şiələrin çoxu elə bu cür də inanır.  Səhih mənbələrinin birində imamlar belə vəsf edilməkdədir: “İmamlar, həyatda baş verən hər şeydən xəbərdardır”[1]“İmamlar, Allahın məxluqatı üzərinə şahiddirlər.”[2]

Şiə din xadimlərinin imamların məsumiyyətinə istinad etdikləri sözlərdən biri belədir: “İmamın ilahi hökmlərə, ilahi maarifə, bütün elmlərə sahib olmağı, Peyğəmbər ya da özündən əvvəlki imam vasitəsilədir. İmamlardan heç birinin müəllimə ehtiyacı olmamış, hər hansı tərbiyəçidən bir şey öyrәnmәmişdir. İmamın peyğəmbər kimi içi, çölü, görünüşü bütün pisliklərdən arınmış, məsum olduğuna inanırıq. İmamətdən əvvəl də sonra da təmiz olub, günahdan, xətadan, səhvdən, unutmaqdan və hər cür nöqsanlıqdan uzaq olub, məsumdur.”[3]

Hətta şiə inancına görə, imam özü “sirati-müstəqim=doğru yol”dur. “Onların buyruqları Allahın buyruqlarıdır. Qadağaları Allahın qadağalarıdır.”[4] “İmam, Allahı belə vəsf edə bilər.”[5]

İmam Əli, insanların cəhalətindən və xürafələrindən özünü qorumaq üçün belə demişdi: “Mənim haqqımda bu iki qrup həlak olacaq; sevgidə həddi aşan (məndə olmayan şeylə məni vəsf edən), digəri, düşmənlikdə həddi aşan.”[6]

Artıq günümüzdə imamlara sevgidə həddi aşmaq bir kənara, ilahlıq vəsfləri verildiyi açıq aşkar görülməkdədir.[7]

İndi gələk mövzumuza: Əhli beyt imamları məsummu yoxsa deyilmi? Əhli Şiənin Qurandan dəlil aldıqlarını iddia etdikləri Əhzab surəsinin 33-cü ayəsi həqiqətən Əhli Beyt imamlarının məsumiyyətindənmi bəhs edir?

Əslində bütöv ayəni də dəlil almırlar. Ayənin bir parçasında yer alan iki şəxs əvəzliyi üzərindən yorum edərək, buradan əhli Beyt imamlarının məsumiyyətinə qərar verirlər. İndi bu ayənin necə təhrif edildiyinə və öz batıl görüşlərinə necə uydurduqlarına nəzər salaq. Dəlil aldıqları ayənin əlaqədar bölümü belədir:

  إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا 

“…Ey əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” – bölümünü ələ alıb təhrif edərlər.

Bu ayədən əhli Beyt imamlarının qəsd edildiyini fərz etsək belə, yenə də onların məsum olduqlarına dair dəlil çıxmaz. Çünki Allah, kimin təmiz olmasını istəməz ki? Belə bir ifadə əhli Beytə daha çox diqqət yetirildiyi üçündür.

Şiə, ayədə yer alan əhli Beyt kəliməsiylə Nəbimizin zövcələri deyil, təkcə peyğəmbərin yeznəsi imam Əli, Fatimə, Həsən və Hüseynin qəsd edildiyini irəli sürürlər.[8] Digər imamların məsumiyyətini də bu ayəyə bağlayırlar. Dəlilləri isə, ayədə keçən عَنْكُمُ=ankum” və “يُطَهِّرَكُمْ=yudahhirakum kəliməsindəki axırı müzəkkər/kişi cinsi yəni, “kum=sizi” əvəzliyinin işlədilmiş olmasıdır. Bu əvəzliyə əsaslanaraq: “Əgər əhli beytdən qəsd edilən Peyğəmbərin zövcələri olsaydı “kum” yerinə “kunnə” əvəzliyi gətirilərdi”, deyirlər.[9]

Bir dəfə ərəbcə bilən birinin belə bir iddia irəli sürməsi mümkün deyildir. Çünki, ərəb dilində ailədə bir tək kişi varsa, kəlimə kişi cinsində ifadə edilir. Əri həyatda olan hər hansı bir ailə ərəb dilində qadın cinsiylə ifadə edilə bilərmi? Bu ərəb dilindəki “Təğlib” qaydasına da ziddir.

Belə bir iddia tək başına tutarlı olmadığı üçün bir də bu ayənin nazil olma səbəbiylə əlaqədar bir neçə rəvayət uydurulmuşdur. Rəvayətlər belədir:

“Allah rəsulu, zövcəsi Ümmü Sələmənin evində ikən bu ayə nazil oldu. Əli (a.s.), Fatimə, Həsən və Hüseyn də oradaydı. Bu əsnada rəsulullah əbasını aldı və onların üstünə çəkdi. Sonra da əlini göyə qaldıraraq: “Allahım! Mənim əhli beytim bu dörd nəfərdir. Bunlardan hər cür pisliyi uzaqlaşdır və onları təmizlə!”- deyə, dua etdi. Bunu görən Ümmü Sələmə əbanı qaldırıb altına girmək üçün “mən də əhli beytdənəmmi?” sualı üzərinə, rəsulullah: “Xeyr”, sən əhli beytdən deyilsən, fəqət “xeyirxahsan”, deyə təsəlli etmişdir.

Əhli Sünnə mənbələrinə də keçən bu rəvayət belə davam edir: “Peyğəmbər (s.a.a), sübh namazına gedəndə Fatimənin evinin qabağından keçər və belə deyərdi: “Namaz vaxtıdır, ey əhli Beyt! Namaz vaxtıdır! Allah təkcə siz əhli beytdən hər cür pisliyi aparıb təmizləmək istəyir.”[10]

İndi gəlin, həm cinsiyyət yönündən həm də kimə xitab etdiyi yöndən bu ayəni aydınlaşdırmaq məqsədiylə bütövlükdə oxuyaq görək burada qəsd edilənlər kimlərdir:

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا 

“Evlərinizdə qərar tutun!   İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edinEy əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (Əhzab, 33.)

(Ərəb dilini bilməyənlərə) Ayədə kimə müraciət edildiğinin rahat başa düşülməsi üçün qadın cinsinə aid olan kəlimələrin altından xətt çəkdik.

Bu xitabın xüsusiylə qadın cinsinə müraciətlə yəni, peyğəmbərin zövcələrinə aid olduğunu ərəb dilini bilənlərin inkar etməsi mümkün olmadığı üçün, şiə müfəssirləri bu ayələrin qadın cinsinə bir kinayə ilə yazıldığını irəli sürərlər.[11] Yəni, “dişi cinslə ifadə edilsə də əslində qəsd edilənlər kişi cinsidir”– deyirlər.

Bir üstdəki ayədə də heç şübhəyə məhəl buraxmayacaq şəkildə açıq aydın belə buyrulmaqdadır:

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا

“Ey Nəbinin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) cilvəli danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.” (Əhzab, 33/32)

Bu qədər açıq-aydın ayəyə baxmayaraq, Qurana öz əqidələrinə uyğun məna verənlər və bunun üçün hətta kəlimələri təhrif edənlər, daha da həddi aşaraq: “Bu ayənin, Əhzab 33-lə əlaqəsi yoxdur, müstəqil bir ayədir[12] və ya sonradan xəlifələr dövründə əlavə edilmişdir” – deyərlər. Şiənin Gulat qismi bu ayəni Rəsulullah tədbir məqsədli yəni, insanlar əhli beytin məsumiyyətini başa düşüb onları incidərlər deyə, təqiyyə ilə oraya yerləşdirdiyini iddia etməkdədir.[13]

Nəticə olaraq, əlbəttə ki biz, Rəsulullahın belə şeylərdən uzaq olduğuna inanırıq. Ona belə şeyləri ancaq rəsulullahı və dini öz düşüncələrinə, siyasətlərinə və əqidələrinə alət edən şərtlənmiş insanlar rəva bilərlər desək, yanılmarıq. Allah, heç kimə ən sevdiyi bəndəsinə belə məsumiyyət verməmişdir. İddia etdikləri heç birində əhli Beytin məsum olduğu vurgulanmaz. Onlara istinad edilən belə bir xüsusiyyət, insan təbiəti və şəxsiyyətiylə də uyuşmaz. Allah, özünə ən yaxın bəndəsi Muhəmməd əleyhissəlamı belə Quranda bu cür vəsf etməkdədir:

قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

De ki, mən elçilərin ilki deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmirəm. (Əhqaf 9)

Bir başqa ayədə Allah Nəbisinə belə, günahın üçün istiğfar/tövbə et, buyurmaqdadır:

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ 

“Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə.” (Mömin, 40/55).

Fəqət insanların çoxu Allah ilə özləri arasına müqəddəsləşdirdikləri şəxsləri qoymaq surətiylə onlara bəzi xüsusiyyətlər yükləyir və öz arzularına alət etməyə çalşırlar. Belələri ilə əlaqədar Allah Təala:

 “Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən şəxslərə yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (bu şəxslər) onların yalvarışından xəbərsizdirlər. “İnsanlar bir yerə toplanılacaqları zaman (şəxslər) onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.” (Əhqaf 4-6)

Son olaraq, Allahın ayələrini təhrif edən və insanlara qeyri-adi vəsflər verib onları müqəddəsləşdirənlərə Quranın bu xəbərdarlığını xatırlatmaq istəyirik:

أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

“De ki o qeybin açarları/gizli məlumatlar onların əlindədi onlar da yazırlar?!” (Qələm 47)

 

Müəllif: Aydın Mülayim.

Dini məslələrdə suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Mənbələr:

[1] Küleyni, “Usulu Kafi”, bab, 103, 1/314.

[2] Küleyni, açə, bab, 66. 1/245.

[3] Küleyni, açə, bab, 104, 1/316; əl-Muzəffər, Muhəmməd Rza, “Akaidul-İmamiyyə”, çvr: Abdulbaki Gölpınarlı, İslâm Kütübhanesi, İstanbul,1978,  s. 51, 63; Təhrif etdikləri ayələrin birindən isə belə bir hökm çıxarmışlar. Ayə belədir: Ayələrxəbərdarlıqlar iman etməyən  bir qövmə  fayda verməz.” (Yunus, 101) Burada, “Ayələr” kəliməsindən qəsd edilən imamlar, “xəbərdarlıqlar”  kəliməsindən də qəsd edilən peyğəmbərlərdir”- deyərlər və sonra da; Allah öncə ayələrə, sonra isə xəbərdarlıqlara işarət etmişdir ki, buradan da belə nəticə çıxır ki, imamlar peyğəmbərlərdən üstündür.” (əl-Küleyni, açə., 1/207.)

[4] Muhamməd Məscidi Camii, “Əhl-i Sünnə və Şiədə Siyasi Düşüncənin Təməlləri”, İnsan Yay. Çev: Ejder Okumuş, İstanbul, 2012, s. 54.

[5] Cəfər Yusufi, “İmamları Tanımaq”, s. 9.

[6] əl-Məclisi, “Biharul Ənvar” c. 25, s. 285; Tusi, “əl-Əməli” kitabında İmam Cəfərin belə dediyini nəql edər: “Gənclərinizi həddi aşanlardan uzaq tutun ki, onları yoldan çıxarmasınlar. Çünki, Gulat/həddi aşanlar, Allahın ən pis məxluqlarıdır. Onlar, Allahın əzəmətini kiçildir və Allahın qullarına Rəblik istinad edirlər. Allaha and olsun ki, Gulat/həddi aşanlar; Yəhudilərdən, Nəsranilərdən, Məcusilərdən və müşriklərdən daha pisdir.” (Tusi, “əl-Əməli”, s. 650)

[7] “Bunu hər kəs bilməlidir ki, Əli və Fatimədən doğulan, insanlar kimi olmaz!” (Küleyni, Usulu Kafi, bab, 144, 1/440); “Kainat imamların nurundan yaradılmışdır.” (Biharul Ənvar, c. 15, s. 10-11.)

[8] Ayədən Əli, Fatimə, Həsən və Hüseyn (ə.s.) qəsd edildiyini fərz etsək belə, bunlardan sonra gələn imamların məsum olduqları barədə Quranın hansı ayəsində bəhs edilməkdədir?

[9] Təbatabai, ‘əl-Mizan’; Təbersi, “Məcmaul-Bəyan”; Tusi, “Tıbyan”, ayətin təfsiri.

[10] Təbərsi, “Məcmiul-Bəyan”, c. 8, s. 137; Tirmizî, “Sünən”, həd. no: 3130; Əhməd b. Hənbəl, “Fəzailus Səhabə”, c. 2, s. 761.

[11] Tusi, “Tıbyan”, Əhzab surəsi 33-cü ayənin təfsiri; Təbatabai, “əl-Mizan”, Əhzab 33-ün təfsiri.

[12] Şirazi, “Təfsiri Nümunə”, Əhzab surəsi, 33-cü ayənin təfsiri.

[13] Bəziləri də bu ayəni Allah, elçisinə belə əmr etdiyi üçün oraya yerləştirdiyini deyər və bir növ, Allahın belə təqiyyə etdiyindən bəhs edər.