Müsəlmanlar

Tövhid

Tövhid nədir?

Tövhid, lüğətdə “tək və bir olmaq” anlamındakı “vəhd”, “vəhdət” kökündən törəmişdir.  Quranda tövhid kəliməsi keçməz, lakin “vəhd” kökündən gələn “vahid[1], ahad[2], vəhdə[3] kəlimələri yer alır. Quranda tövhiddən bəhs edən kəlimələrdən biri budur:

وَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

“Sizin ilahınız tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.” (Bəqərə, 2/163.)

Tövhid, bütün məzhəblərdə imanın ilk şərti sayılır və bu şərti dilə gətirənlər cəmiyyət arasında müsəlman olaraq qəbul edilir.

Tövhid, təkcə “Lə İlahə İlləllah = Allahdan başqa ilah yoxdur.” kəliməsini ifadə etməklə və buna inanmaqla tamamlanacaq bir kəlimə deyildir. Günümüz müsəlmanlarının çoxu bu kəliməni şifahi dillə ifadə etməklə müsəlman olduqlarını, əbədi cənnətə gedəcəklərini fikirləşirlər. Bu barədə bir çox hədislər də uydurulmuşdur.[4]

Əqidə barəsində bilinməsi vacib məsələlərdən biri də budur ki, yer üzündə Allaha inanmayan və Onun birliyini təsdiq etməyən heç bir insan yoxdur.[5] Bu səbəblə biz; imtahan edildiyimiz üçün işlətdiyimiz kəlimələri, söz və inanclarımızı isbat etmək məcburiyyətindəyik. Əksi təqdirdə Allah qatında və insanların yanında sözlərimizin bir qiyməti olmaz. Yəni, bir kimsə mən müsəlmanam deməklə yox, müsəlmanlığını həyatına əks etdirməklə isbatlamış olur. Bunun üçün Allah kitab göndərmiş və elçisini nümunə göstərmişdir.

Bütün gözəl kəlimələr, o cümlədən tövhid də bir toxum kimidir. Toxum torpağa əkilmədən kök atmadığı kimi, tövhid də qəlbə yerləşmədən insanın digər üzvlərində əks olunmaz. Tövhid, onun idrakında olub yaşamaq, bu uğurda çalışmaq, cihad (cəhd) etmək və qısacası müsəlman olan hər kəsin bir həyat tərzidir.

Vəhb ibn Münəbbihdən gələn rəvayətdə Rəsulullaha “Lə ilahə İlləllah cənnətin açarı deyilmi?”– deyə soruşulur. Rəsulullah: “Bəli, fəqət hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə, qapı açılır. Açar dişsiz isə qapı açılmaz.” (Buxari, “Cənaiz, 1.”)

Demək ki, “lə ilahə illəllah” deməyi kifayət görməyib, bu kəlimənin haqqını vermək və onu həyata əks etdirmək vacibdir. Bu, hər insanın dünyadakı ən müqəddəs vəzifəsi və məsuliyyətidir. Bunu daşımayanın şirkə yuvarlanması qaçınılmazdır. Qısacası, sözlə “Lə ilahə illəllah” deyən şəxs şirkdən xilas olmaz. Allah Təala:

“Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Bəqərə, 2/277.)

Quran, tövhidin təkcə “Allah birdir” deməklə deyil[1], həmçinin dini təkcə Allaha məxsus etməklə tamamlanacağını başa salmaqdadır. Yəni, dini təkcə Allaha məxsus etməyi və dində bütün səlahiyyətləri Ona verməyi öyrətməkdədir. Ənənənin tərsinə tövhid; əqidədə və fiqhdə Allahı tək nüfuz/hökm sahibi qəbul etmək və Ona şərik qoşmamaqdır. Ona ixlas ilə qulluq etməyin əsl mənası elə budur. Quran, yüzlərlə ayəsində elə ancaq bunun əhəmiyyətindən bəhs etməkdədir.

Bu səbəblə Allah, insanların məzhəbinə, millətinə və nəslinə görə deyil, aşağıdakı əməllərinə görə mükafatlandırılacağını bildirməkdədir. Möminun surəsinə diqqət edin:

  1. “Möminlər, həqiqətən də, nicat tapmışlar;
  2. O kəslər ki, namazlarında mütidirlər,
  3. O kəslərdir ki, sözbazlıqdan qaçırlar,
  4. O kəslərdir ki, zəkat üçün çalışırlar,
  5. O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar,
  6. Zövcələri və sahib olduqları cariyə (əsir arvadları) istisnadır. Onlar (buna görə heç) qınanmazlar.
  7. Bunlardan başqalarına açanlar həddi aşanlardır.
  8. O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
  9. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.
  10. Məhz onlardır varis olanlarınız.
  11. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar.” (Möminun, 1-11.)

Allahdan gələn bütün kitabların əsas mövzusu Tövhiddir.[6] Bütün peyğəmbərlərin təbliğatındakı əsas məqsəd tövhidi yaymaq və onu başa salmaqdır.[7] İnsanlara verilən tövsiyənin başında da tövhid yer alır və onlardan istənilən də bu tövhidi qorumalarıdır. Məhz bunu bacaranların və bu amala xidmət edənlərin dünya və axirət səadətinə nail olacaqları Qurani-Kərimdə müjdələnməkdədir: (Əli-İmran, 3/17-18.)

Tövhid, Allahdan başqasının nəzəri, gücü, təsiri və hakimiyyəti olmadığını başa düşmək, mənimsəmək və bu şüurla yaşamaqdır. Qısa bir ifadəylə, Allahı zatında, sifətlərində və fellərində tək qəbul etməkdir.

Tövhid, şirkin tərsidir. Şirk, Allaha məxsus xüsusiyyətlərdən birini və ya bir neçəsini başqa məxluqda görmək mənasına gəlir.[8] Məsələn: “Vəhuvə Alimun bizatis sudur = O, qəlblərinizdəkini biləndir!”, “Vəhuvə məakum eynə ma kuntum =  Siz harada olsanız, O sizinlədir.”, “Vallahu bima taməlunə bəsir = Allah sizin nə etdiklərinizi görəndir!” kimi xüsusiyyətləri, sifətləri Allahdan başqasına da aid etmək Allaha şərik qoşmaqdır.

Allaha şərik qoşanlar, vasitəçiliyi irəli sürərlər. Vasitəçilik, sırf Allaha aid xüsusiyyətlərdən birinin olduğuna inanılan şəxsləri, Allahla öz aralarına qoyulmasına deyilir. Məsələn, “Müridim istəyir qərbdə istəyir şərqdə olsun, imdadına mütləq yetişərəm” və ya “mədəd ya filankəs”- deyərək, vəfat etmiş şəxsləri (onların ölmədiklərini iddia edərək) köməyə çağırmaları, – xüsusiylə təsəvvüf və şiə əhlində əqidə halına gəlmiş- insanı tövhiddən qoparan böyük xətalardan biri olmuşdur.  Vasitəçilik barədə bu linkimizə nəzər yetirin: http://www.muselmanlar.com/tedqiqatlar/6659.html

Tövhid, heç nəyə baxmayaraq Allahı həyatının birinci sırasına qoymaqdır. Təcrübəmizə də əsaslanaraq deyə bilərik ki; Rəbbini həyatının birinci sırasına qoya bilməyənlər, Onu ölüm ayağına həps edənlərdir. (Can üstündə bir dəfə “Lə ilahə İlləllah”- demək, müsəlmanlığın əlaməti sayılmış…)

İnsanın hansı şəraitdə, çətinlikdə yaşamasından asılı olmayaraq; seçimində, qərarında, hökmündə Allahı birinci sıraya qoyması, onun həqiqi müsəlman olduğunu göstərir. Əqidəsi zəif, iradəsi aciz insanlar isə bir çox işlərində Allahın xoş gördüyü işləri ikinci sıraya qoyub, özünün və nəfsinin xoşlandığı şeyləri yerinə yetirə bilirlər. Bu da günaha və imtahanda bəzi şeyləri itirmələrinə səbəb olur. Xüsusiylə Allahın əmrlərində, qadağalarında buna davam etmələri tövhidi zədələmələrinə və hətta etdikləri hərəkətlərinə görə tövhiddən qopub, şirkə düştüklərinə şahid ola bilərik.[9] Bunu Quran belə təmsil edər:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ

“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah onu, bilikli olmasına baxmayaraq azğın gördü. Sanki, Allah onun qulağına və qəlbinə möhür vurmuş və gözünə pərdə çəkmişdir. Bundan sonra artıq Allahdan başqası onu doğru yola yönəldə bilər? Heç ağlınızı işlətmirsiz?” (Casiyə, 45/23.)

Çox təəssüflə qeyd edək ki, istəyir İslami istəyir qeyri-İslami olsun, bilinən bütün məzhəblər, həm əqidədə həm də fiqhdə Allahın dininə, kitabına uymamaqdadırlar. Ancaq sözdə isə, Allahın dinini və kitabını təmsil etdiklərini ifadə edirlər. Biz bunun heç də belə olmadığını kifayət qədər video dərslər, kitablar və məqalələrlə izah edirik. Arzu edənlər saytımızda görə bilərlər. Bilavasitə, bu məzhəblərin tövhidlə də bir əlaqələri yoxdur.

Bu faciəvi həqiqəti sübut etmək üçün yüzlərlə dəlildən bir neçəsini aşağıda vermək istəyirik:

Allah, dinimizin tək bir mənbəyi olduğunu və bu mənbəyə bağlı qalmağımızı əmr etməkdədir. Əksi təqdirdə Allahdan başqasına qulluq edəcəyimizi və tövhidlə əlaqəmizin qalmayacağını bildirməkdədir:

“الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ. أَلاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ

“Əlif. Ləm. Ra. Bu elə bir kitabdır ki, ayələri mükəmməlləşdirilmiş, sonra da Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ətraflı izah edilmişdir. (Bu ona görədir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.” (Hud, 11/1-2.)

Təəssüf ki, məzhəblər Allahın bu xəbərdarlığını diqqətə almamış, özlərindən əvvəlki dinin mənsublarının xətalarını təkrarlamaq surətiylə dinin tək mənbəyi olan Allahın kitabı yanına başqa mənbələr əlavə edərək onlardan çıxarılan hökmlərlə hərəkət etmişlər. Necə ki, etiqadda Allahla birlikdə; Peyğəmbərləri, İmamları, Evliyaları, Şeyxləri özlərinə köməkçi, vasitəçi, şəfaətçi kimi qəbul etmişlərsə, o cümlədən fiqhdə də Allahın kitabı yanına 3 mənbə: Hədis, İcma və Qiyas (Şiələrdə isə qiyas yerinə Ağıl) alınmış və bunlar dinin əsası kimi qəbul edilmişdir. Bütün bunları hər məzhəb özünə görə əqidədə və əməldə dinin əsasları olaraq göstərmişdir. Qısacası, bunlardan birinin inkarı dinin inkarı olaraq qəbul edilmiş, Allahın və kitabının yanında tamamlayıcıları kimi göstərilməyə çalışılmış, bunlarsız dinin əksik, anlaşılmaz olduğu bildirilmiş və bir növ şərikləri olaraq təqdim edilmişdir. Halbuki Allah, dinini tamamladığını bizə bildirməkdədir.[10] Necə ki, Allahın yanına başqa bir ilah qoyulmaqla tövhid pozulur, Allahın nazil etdiyi tək mənbəyinin (Quranın) yanına başqa bir mənbə əlavə etmək də tövhidi zədələyir. Quranda verilən bir hökmü ortadan qaldırmaq, nəsx etmək, uydurduqları mənbələrinə əsaslanıb dəyişmək və başqa hökmlərlə əvəz etmək bir müsəlman kimi Allaha təslim olmamaq və Allahın hökmüylə hökm etməmək mənasına gəlir.

فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا…

 “…Kim tağutu inkar edib Allaha güvənərsə, heç vaxt qırılmayan ən möhkəm qulpa yapışmış olar.” (Bəqərə, 2/256.)

Bütün müfəssirlər, təfsir kitablarında (bəzi şiə müfəssirləri xaric) burada qəsd edilən “qulp”un Quran olduğunu ifadə edirlər. Yəni, bu ayənin işığında digər ayələri də birləşdirdiyimiz zaman açıq-aydın bunu görürük: Necə ki, Allahdan başqa ilah qəbul etməmək tövhidin şərti isə, Qurandan başqa mənbə qəbul etməmək də tövhidin bir şərtidir.

Din mövzusunda Allahdan başqa heç kim hökm qoya bilməz və halal-haram təyin edə bilməz. Allahdan başqa hökm sahibinin olduğunu düşünmək və bu cür inanmaq tövhid əqidəsinə zidd bir anlayışdır. Dində birinin haram olmayanı haram, halal olmayanı isə halal sayması, özünü Allah yerinə qoyması və dində Allahdan başqasının da hökm sahibi olduğunu qəbul etməsi deməkdir. Vaxtilə Musa əleyhissəlama nazil olan Tövratı layiqi şəkliylə tətbiq edən yəhudi din xadimlərinin sonradan özlərini dində səlahiyyətli şəxslər olaraq görmələrini və belə bir xətaya düşüb dinlərini təhrif etmələrini Quran belə anlatmaqdadır:

“Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər, məhz onlar kafirlərdir.” (Maidə, 5/44.)

İslam aləmi əsrlərdir ki, əhli-Kitabın düşdüyü xətaları təkrarlamaqda və dini anlayış metodunda eyni qədəri paylaşmaqdadır.  Xüsusiylə İslamı eyni metodla təhrif etmiş və bilavasitə tövhidi ortadan qaldırmışlar. Bu səbəblə, Yəhudi və Xristianlar qəsd edilərək ifadə edilən bu ayənin, bütün məzhəb müsəlmanlarına da aid olduğunu rahatlıqla deyə bilərik:

“Onlar Allahı qoyub alimlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.” (Tövbə: 9/31)

Bu ayəni eşidən Ədiy ibn Xətəm adındakı səhabi, Rəsulallaha öz etirazını bildirir; “Mən də bir xristianam, lakin biz əhbar(din alimləri) və ruhbanlarımızı Rəbb qəbul edərək onlara ibadət etmirik.”- deyir. Bu etiraz üzərinə Rəsulullah belə buyurdu: “Allahın haram etdiyinə, halal; halal etdiyinə də haram hökmü qoyanda onların dediklərini qəbul etmirsizmi?” Ədiy ibn Xətəm “Bəli, qəbul edirik. Çünki onlar, dini mövzularda səlahiyyətli şəxslərdir.”– dedi. Onun bu cavabı üzərinə Rəsulullah: “Elə bu onları Rəbb etmək deyil də nədir?”– buyurdu.

Əhli-kitabın, dinlərini necə təhrif etdiklərini yaxşı bilən Rəsulullah və səhabəsi, Allahdan gələn kitabın dinin tək mənbəyi olduğunu və tövhidin olmazsa, olmaz şərti olduğunu görürdülər. Həyatları boyu bu mənbəyi bulandırmamağa səy göstərmişlər. Bu səbəblə rəsulullah bir şeydə qərar ya da hökm verdiyi zaman səhabə soruşardı: “Ey Allahın Rəsulu! Bu sənin fikrindir, yoxsa Allahdan vəhymi gəldi?” Çünki, vəhy gəldiyi zaman peyğəmbər əleyhissəlam da daxil, hər kəs bu vəhyə boyun əymək və ona uymaq məcburiyyətindədir:

 “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.” (Nisə, 4/105.)

Peyğəmbər Allahın vəhyi xaricində, Allah adına heç bir hökm verməmişdir. Ancaq təəssüf ki, peyğəmbəri və şəxsləri müqəddəsləşdirmək meylində olanlar, Allahın vəhyi (Quran) xaricində başqa mənbələr icad etmiş, bu mənbələrlə hökm çıxarmış və nəticədə tövhidə xələl yetirmişlər. Halbuki peyğəmbər əleyhissəlamın və müvahidlərin kimlər olduqlarını bilmək istəyənlərə Quran bu mesajı veməkdədir:

“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (Əraf, 7/3.)

“De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və qulluqda Rəbbinə heç kəsi şərik qoşmasın!” (Kəhf, 18/110.)

Müəllif: Aydın Mülayim.[11]

Tövhid və Şirk barədə qısa video dərsi izləyə bilərsiz:

Şirk və təvəssül haqqında video müsahibə

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Rad, 16.

[2] Ixlas, 1.

[3] İsra, 46.

[4] Məsələn: “Kim la ilahə illəllah deyib, başqa əməl işləməsə cənnətə girəcəkdir.” (İbn Mace, “Zühd.”)

[5] Ənkəbut, 29/61.

[6] Bax: Nisa: 4/36, A’raf: 7/59

[7] Bax: Nahl: 16/36

[8] Abdüləziz Bayındır, “Vasitəçilik və Şirk”, s. 9.

[9] Şirkin bir növü də Allahı qəbul etməklə birlikdə əlavə olaraq, ikinci bir başqa varlığı  ilah yerinə qoymaqdır. Müşrik, bu ikincisini həyatının birinci sırasına qoyan insandır.

[10] Maidə, 5/3.

[11] Elmi-araşdırma mərkəzi, muselmanlar.com saytı redaktoru.