Müsəlmanlar

Allah niyə bəzi bəndələrinə nemət, bəzilərinə isə müsibət verir?

 

Sual: Allah bəzi bəndələrinə nemət və imkanlar, bəzilərinə isə xəstəlik, acı və müsibət verir. Buna baxaraq bir çoxu “Allah niyə bu barədə bərabər ya da adil davranmır?” – deyə, soruşurlar. Sizcə bunun səbəbi nədir?

Cavab: Bunu, Uca Allah insanların sədaqət və bağlılıqlarını sınamaq üçün açıq bir şəkildə bildirməkdədir:

“Əlbəttə sizi qorxuyla və aclıqla; can, mal və məhsuldan əksiltməklə yorucu bir imtahandan keçirəcəyik. Sən səbr edənlərə müjdə ver.” (Bəqərə 2/155)

İnsanlar həm çətinliklə həm də rahatlıqla sınanır. Həmçinin rahatlıqla, zənginliklə imtahan edilmək, imtahanın ən çətini və ağırıdır. Çünki, günah işləmə imkanları artır. Məsuliyyətləri və qarşılığını vermək çox ağırlaşır. Dünya nemətləri bir çox səhabəni belə yoldan çıxartmışdı. Zənginlik, çox insanda kibir yaradır və sevgini öldürür.

Bu səbəblə,  çətinlik və sıxıntılarla imtahan edilib, yoğrulan insanların çoxu həm Allaha çox yaxınlaşır həm də insana xas keyfiyyətlərini qoruyub saxlayır. Əlbəttə bunun çox az sayıda istisnaları da olur ki, bu da Yaradanın o insana bir lütfü olmuş olur.

Əslində bilmək istəsəniz, əsl nemət imandır! Allaha güvənib Onun göstərdiyi yola tabe olmayan insanın üzərinə istəyir dünyanın bütün nemətləri yağsın, hətta dünya hakimiyyəti onun olsun, əldə etdiyi nemət və hakimiyyət qısa bir zamanda bir yuxu kimi bitəcək və belələri əbədi fəlakətlə qarşılaşacaqdır. Ona görə də biz keçici olana deyil, əbədi olana diqqət yetirməli, dünyadakı bəzi nemətlərdən məhrum qalsaq da, başımıza müsibət yağsa da, əsl olan o nemətə sahib olmalı, insanlığımızı və Allahla olan bağlılığımızı itirməməliyik.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/13604.html

https://www.muselmanlar.com/imtahan/13458.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.