Müsəlmanlar

Allah bizi niyə imtahan edir?

Sual: Allah, bizi niyə sərbəst buraxmır ki, istədiyimizi edək. Niyə işimizə qarışır? Bizi niyə imtahan edir, cəza və mükafat verir?

Cavab: Əslində bilmək istəsəniz, Allah sizi sərbəst buraxıb. İstədiyinizi eləyin! Bu elədiklərinizlə siz özünüzə xas bir şəxsiyyət qazanmış olursuz. Bütün bunların qarşılığını isə dünyada deyil, axirətdə alacaqsız.

İctimai-sosyal məsələlərdə isə, biz sərbəst ola bilmərik və istədiyimizi də edə bilmərik. Çünki bizim, insan olaraq bir birimiz üzərində haq-hüquqlarımız, məsuliyyətlərimiz vardır. Yaşadığımız cəmiyyətdə haq-hüquq çeynəməyin; təcavüz və cinayətin də əlbəttə bir cəzası vardır.

Bu sahədə işimizə qarışması, imtahan etməsi, dünyada və axirətdə ən layiqli cəza və mükafat verməsi, Yaradanın bizə verdiyi dəyərdən və sevgidən qaynaqlanır. Allah, bizə verdiyi dəyəri və sevgini başqa varlıqlara vermədiyi üçün onların imtahanı, cəzası və mükafatı da olmaz. Məhz bizi, digər varlıqlar və heyvanlar kimi sərbəst buraxmamasının səbəbi də budur. Qanun, qayda, cəza və mükafat verməsi, fitrətimizi/təbiətimizi qorumaq və heyvanlardan daha təhlükəli bir hal almamağımız (bir birimizin ətini yeməmək, qanını tökməmək,arvadına, malına göz dikməmək, insan olaraq qalmaq və s.) üçündür.[1]

Aramızda insanlıq keyfiyyətlərini itirənlər, elə bu şəkildəki bir sərbəstliyi istəyə bilərlər. Elə bu cür sərbəstlik arzulayanlar; Allahın varlığını, həqiqəti, haq-hüquq, ar-namus, halal-haramı görməməyə çalışırlar. Belələrinin həyatında bu kimi dəyərlərə və bu dəyərlərdən qazanılan sevgiyə, məsuliyyətə və qısacası insanlığa yer yoxdur.

Nəticə olaraq; Rəbbimiz heç bir şeyi boşuna, mənasız yaratmamışdır. Quranda bu haqda belə deyilir:

“Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!” “Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qor­­xanları günahkarlara tay tutarıqmı?” “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (Sad, 38/27-29)

Buna oxşar digər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7116.html

https://www.muselmanlar.com/fitvalar/786.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Rum, 30/30; Furqan, 25/44.