Qurani-Kərimdə valideyn-övlad münasibətləri:
valideyn, övlad, yoxsa Allah bəndəsi?
Qurbanova Lamiyə Mehdi qızı
ADPU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru
E-mail: [email protected]
“Allahdır göylərin, yerin yiyəsi. İstədiyi bir kəsi yaradar O. İstədiyi kimsəyə qız uşağı, istədiyinə oğlan uşağı verər O…” (42-Şura surəsi, ayə 49), “…Nə ana, nə ata uşağa görə zərərə düşməməli. Varis də onlar kimi…” (2-Bəqərə surəsi, ayə 233), “Mallarınız, övladlarınız sizləri imtahana çəkmək üçündürlər. Böyük əcir Allah dərgahındadır” (64-Təğabun surəsi, ayə 15),
Valideyn-övlad münasibətlərinin inkişafı uşağın dünyaya göz açdığı andan başlayır və bu inkişaf əksər proseslər kimi sadədən mürəkkəbə doğru dəyişir: uşaq böyüdükcə valideyn də övladının hər yaş mərhələsinin tələbatına uyğun rəftar tərzində, tərbiyə üslublarında köklü dəyişikliklər etmək məcburiyyətində qalır və əgər övladla münasibətdə valideyn öz üstünlüklərindən istifadə edib ədalətsiz rəftara yol verərsə, övlad nə qədər sevilsə də, ona tabeçilikdə olan, əmrlərə tabe olan şəxs kimi yanaşarsa elə ilk konfliktlərin təməli də o andan qoyulacaq (“Mübahisə etdiyiniz hər şeyin barəsində hökmü yalnız Allah verər…” (42-Şura surəsi, ayə 10)).
Valideynin övlada məhəbbəti danılmazdır, valideyn övladı tərbiyə etməkdə borcludur, məsuliyyət sahibidir. Lakin, məhəbbət, tərbiyə övlad azadlığını pozmağa yönəlməməlidir, övlad ərkəsöyünlüyünə, üsyanına səbəb olmamalıdır. Valideyn məhəbbəti övladın kimliyinin tanınmasına xidmət etməlidir: öz övladını tanımayan valideyn necə övladının istəklərinə, arzularına qarşılıq verə bilər, necə onu düzgün tərbiyə edə bilər? Düzgün tərbiyə almamış övladın səhvlərinin cəzasını da elə ilk olaraq valideyn yaşayır. Bəzən də elə hallar olur ki, böyümüş övladlar valideynlərindən maddi cəhətdən ayrılmaq istəmir, elə düşünürlər ki, ömür bitənə qədər onların qayğısına valideynləri qalmalıdır və ya əksinə, yaşlanmış valideynlər də var ki, hesab edirlər ki, övladlarının təhsilinə, tərbiyəsinə çəkdikləri xərcləri övladlarından geri almalıdırlar… Təəssüf ediləsidir ki, getdikcə belə hallar artır və təbii ki, qeyd edilən faktorlar valideyn-övlad konfliktlərinin daha da kəskinləşməsinə səbəb olur. Maraqlı məqam da ondan ibarətdir ki, istər övladdan asılılıq proqramına köklənmiş, istərsə də valideyndən asılılıq proqramına köklənmiş insanlar gələcəkləri ilə bağlı güclü problemlər yaşayırlar: şüuraltına övlada gələcəyinin təminatçısı kimi yanaşmaq (maddi cəhətdən övladdan asılılıq) proqramı yükləmiş valideynlər əslində özlərini yaş artdıqca aktiv fəaliyyətdən təcrid edirlər və zaman-zaman fəaliyyətsizliyin səbəb olduğu müxtəlif fiziki, eləcə də psixoloji xəstəliklərin (həndəsi silsilə ilə qarşılıqlı bağlılığa malik) yaranması gerçəkdən də belə insanları övladlardan asılı vəziyyətə salır; valideyn himayəsində qalmağı seçib, onlardan faydalanaraq gələcək həyatını qurmaqla bağlı şüuraltı köklənərək böyümüş övladlar da özünü təsdiqsizlik, öz gücünə inamsızlıq səbəbindən layiqli status, mənafe sahibi ola bilmirlər və nəticədə müxtəlif psixoloji, psixosomatik problemlər yaşayırlar (nadir hallarda istisnalar ola bilər, bu istisnaların əmələ gəıməsinin səbəbi də hansısa münbit şəraitin mövcudluğundan qaynaqlanır). Özünü inkişafdan qoymaqla bağlı beyninə proqram yükləmiş insanların həyati uğurlar qazana bilməməsi barədə Qurani-Kərimdə qeyd edilir: “Ancaq öz çalışdığına qovuşar insan. Çalışdığı, şübhəsiz, bilinəcək nə imiş. Elədiyinin əvəzini tam olaraq alacaq o” (53-Nəcm surəsi, ayə 39-41).
İnsan can yarada bilməz: canın (ruhun) yaranışı bir möcüzədir və bu proses Allaha məxsusdur: “Allahdır yaratdığı hər şeyi gözəl yaradan, insanı ilk öncə gildən xəlq eləyən, sonra onun nəslini zəif su damcısından /nutfədən/ var eləyən, sonra ona görkəm verən və Öz ruhundan ona üfürən…” (32-Səcdə surəsi, ayə 7-9), “…Ruhumuzdan üfürmüşdük ona, bir möcüzə eləmişdik onu…” (21-Ənbiyə surəsi, ayə 91), “Qarışıq nutfədən yaratmışıq insanı. Və imtahana çəkmək üçün eşidən qulaqlar, görən gözlər vermişik ona” (76-İnsan surəsi, ayə 2). Valideynlər seçilmişlərdən olaraq ruhun yaşayacağı fiziki bədənin yaranışında icraçı rolunda çıxış edirlər, bu barədə Qurani-Kərimdə qeyd edilir:“Süzülmüş bir gildən yaratdıq insanı. Sonra nutfəyə göndərib etibarlı bir yerdə /balalıqda/ yerləşdirdik onu. Sonra nutfədən qan laxtacığı düzəltdik, qan laxtacığından bir parça ət yaratdıq, bir parça əti sümüklərə çevirdik, sümüklərə ət geydirdik. Sonra da ruh verib ona ayrı bir xilqət olaraq yaratdıq insanı. Bərəkətlidir, uludur ən gözəl məxluqun xaliqi Allah” (23-Muminin surəsi, ayə 12-14).
Deməli, valideynə Allahın yaratdığı can, yəni övlad əmanət olaraq verilir ki, böyüdülsün, insanlığı davam etdirsin: əslində valideyn keyfiyyətli şəxsiyyət yetişdirməklə həm də Allahın imtahanından, sınağından uğurla keçmiş olur. Belə ki, layiqli övladı olmayan valideyn daim onun tərbiyəsində buraxdığı səhvlərin cəzasını çəkir və ya əksinə, yaxşı insan yetişdirən valideyn həm sağlığında mənəvi rahatlıq tapır, həm də dünyasını dəyişdikdən sonra bu övladın cəmiyyətə, insanlığa verdiyi bəhrənin sayəsində rəhmət qazanır. Bir qisim valideynlər övladla münasibətində öz avtoritetini nümayiş etdirməyə meyillidir. Bu proses yanlışdır, çünki belə valideynlərlə övladlar arasında uçurum yaranır, tərbiyə üslubunda övladın hər yaş dövrünün xüsusiyyətlərini bilib bu yaşa uyğun rəftarın nümayişi daha uğurlu nəticəylə sonlanır. Bir vaxtlar övlad rolunu icra etmiş valdeynlər həyati təcrübələrini də ətraflı təhlil edərək tərbiyədə nəyin yaxşı, nəyin pis nəticə verəcəyini proqnoz edə bilərlər…
Yaranışın Allaha məxsus olduğunu insan yaşlandıqca, dünyasını dəyişmək anına yaxınlaşdıqca daha yaxşı dərk edir, çünki hiss edir ki, bu dünyada yetişmiş ruhu harayasa köçməyə, yerdəyişməyə hazırlaşır: fiziki bədən ruhun bu dünyadakı məkanı rolunu artıq icra edə bilmir, qocalıb, yorulub, fəaliyyət enerjisi tükənib… Yeni yaranışın öz yaranış prosesi ilə identifikasiyasına əsaslanaraq ruhun qeyri-maddi varlıq olduğunu hiss etmək üçün insan yaşa dolduqca nəvə istəyir ki, onlarla ünsiyyətdən özünə səmavi enerjini təkrar olaraq aşılayıb, psixoloji rahatlıq, məmnunluq yaşasın. Təbii ki, bu istək vaxtilə yaşanmış və şüuraltına sıxışdırılmış hisslərin şüura daxil olaraq təkrar yaşanmasına olan ehtiyacdan, təhrikdən qaynaqlanır. Nə valideyni, nə də övladı seçmək ixtiyarı heç kəsə verilmədiyindən qismətlərinə yazıldıqlarını dərk edərək valideyn və övladlar bir-birinə ilahi əmanət kimi yanaşmalı, layiqli rəftar tərzi nümayiş etdirməyə çalışmalıdırlar: “Gücü yetən qədər yükləyirik hər kəsi. Haqq söyləyən bir Kitab var dərgahımızda. Heç kimin haqqında bir haqsızlıq edilməz” (23-Muminin surəsi, ayə 62).
Valideynlər və övladların bir-birilə sıx və məhəbbət dolu ünsiyyəti, təmasları onlar arasında inamın, mənəvi birliyin inkişafına kömək edir. Valideyn-övlad münasibətlərində yaranmış keyfiyyəti itirməmək üçün valideynlər dəstəyə möhtac olan uşaqlarının həyatında yaranmış istənilən çətinliklərin aradan qaldırılmasında onlara kömək olmalıdırlar, çünki övladının yaşı qədər valideynin həyat təcrübəsi mövcuddur və övlad bu təcrübənin onunla bölüşülməsinə instinktiv olaraq da ehtiyac duyur. Əgər bu baş vermirsə və ya valideyn övladına dəstək olmaqda acizlik nümayiş etdirirsə, övladlar nə qədər böyüsə də köməksizlik hissinin şüuraltına vurduğu travmalar “qarabaqara” onları izləyəcək… Hər valideyn də övladla rəftarla bağlı savadlı olmur axı: söhbət tək elmi savaddan getmir, güzəran savadı da bura daxildir, məsələn, böyüklər evdə olan bir sıra problemlərindən əl çəkib diqqətini uşağa yönəltməyi ya unudur, ya da ikinci plana keçirir və nəticədə anlaşılmazlıq, uşağın inciklik hissi, valideynləri ilə münasibətindən narazılıq baş verir. Uşağın incə və kövrək ruhu xüsusi diqqətli rəftar tələb edir: o, hər dəqiqə sevildiyini görməli, dərk etməli və hiss etməlidir.
Övladın dünyaya gəlişi ilə insan ömrün əsas mərhələsi olan valideynliyə qədəm qoyur; insanın şəxsi keyfiyyətləri, ailə münasibətləri, yaşam tərzi daha da inkişaf edir və təkmilləşir, məsələn: övladın sağlam böyüməsi üçün evdə lazımi şərait yaradılır, məişət əşyaları səliqəyə salınır (yeni məişət əşyaları alınır, köhnələrin yeri dəyişdirilir, gigiyena qaydalarına ciddi riayət edilir və s.); övlada yaxşı nümunə göstərmək üçün valideyn öz davranışında əxlaq normalarına uyğun müəyyən düzəlişlər edir, övladın tərbiyəsindəki keyfiyyəti təmin etmək məqsədilə savadını, dünyagörüşünü artırır; valideyn öz sağlamlığına və təhlükəsizliyinə daha da ciddi yanaşır, özünü hər bir təhlükədən qoruyur; övladı maddi cəhətdən təmin etmək məqsədilə əmək fəaliyyətini daha inkişaf etdirir, təkmilləşdirir. Valideyn borcu və məsuliyyəti barədə Qurani-Kərimdə qeyd edilir: “Analar körpələrini əmizdirməyi tamamlamaq istəyən kimsə üçün – tam iki il əmizdirərlər. Qaydaya uyğun şəkildə ananın yeməyinin, pal-paltarının qayğısına qalmaq körpənin atasına aiddir. Kimin gücü nəyə çatırsa, onu öz boynuna götürə bilər…” (2-Baqara surəsi, ayə 233). Övladın dünyaya gəlişi ailəyə inkişaf gətirir və hər ailədən başlanan belə inkişafın vəhdəti bəşəri inkişafı təmin edir. Elə buna görə də, övlad Allahın ailəyə “xeyir-duası” kimi qəbul olunur. İnsan ömrünə saysız-hesabsız yenilikləri gətirməsinin mükafatı olaraq isə, övlad ən əziz varlıq kimi ilahi bir məhəbbətlə – valideynlik məhəbbətilə əhatə olunur və olunmalıdır da! Əks təqdirdə cəmiyyətə psixi travmalı insanlar təhvil verilir: təmənnasız, təbii almalı olduğu məhəbbət görməyən insan ətrafa da məhəbbətlə yanaşa bilmir (istisnalı insanlar olsa da, onlar yalnız yüksək səviyyəli münbit şəraitin yetirmələri ola bilər, təəssüf ki, belə hallar da çox nadirdir…).
Xoşbəxt o övladdır ki, həm ata, həm də ana məhəbbətini bütün tamlığı ilə duyur. Bu məhəbbətdən hər hansı birinin yoxluğu natamamlıq komplekslərinin formalaşmasına, dəyərsizlik hissinin yaşanmasına yol açır. Analıq və atalıq məhəbbətinin bir-birini tamamlaması övladın valideynlərinə qarşı etibarını möhkəmləndirir, bütün problemlərini valideynlərilə bölüşməsinə və onların vaxtında aradan qaldırılmasına şərait yaradır. Deməli, analıq və atalıq məhəbbətinin vəhdəti valideyn-övlad münasibətlərini sağlamlaşdırır və ümumilikdə ailənin psixoloji iqliminə müsbət təsir göstərir: ailədaxili kollektivçilik, təmənnasız bir-birinə yardım etmək, emosional məmnunluq, inam, qürurluluq, məsuliyyətlilik və digər ailə dəyərlərini, eləcə də bu dəyərlər üzərində inkişaf edən ailə mədəniyyətini formalaşdırır, təkmilləşdirir. Valideyn məhəbbətini düzgün şəkildə övladına çatdırmaqla övladı tərəfindən özünə qarşı məhəbbət, qayğı, hörmət və ehtiram formalaşdırır!
Digər canlılar kimi insanın da həyati fəaliyyətini istiqamətləndirən instinktləri (lat. instinctus – mənaca oyanma deməkdir və davranışın formalaşmasında motivasiya rolu oynayan anadangəlmə vərdişlər toplusunu ifadə edir) var: yaşamaq, yemək, nəsil artırmaq. Valideynlik instinkti nəsil artırmaq instinktinin tərkib hissəsini təşkil edir (analıq instinkti – övladın böyüməsi üçün zəruri olan qayğılı və məhəbbətli davranışı formalaşdıran, atalıq instinkti – nəsil artırmaq və bu nəsli qorumağa yönəlmiş davranışı stimullaşdıran bioloji hisslər toplusundan ibarətdir). Valideynlik məhəbbətinin formalaşmasında valideynlik instinktinin də mühüm rolu var.
Qız və oğlan uşaqları valideynlik instinki ilə doğulsa da, bu hisslər tərbiyə nəticəsində inkişaf etdirilir (məsələn: uşaqlıqdan qızlara oyuncaq gəlinciklərin köməyilə uşaq bələmək, yatızdırmaq, yedizdirmək öyrədilir, oğlanlara isə körpəni əyləndirmək, gəzdirmək və s. tapşırılır). Tərbiyə düzgün qurulmadıqda isə, valideynlik məhəbbətinin mahiyyəti dərk edilmir, nəticə isə fəsadlı olur, məsələn: atılmış uşaqların sayı artır, hamiləliyə yarımçıq son qoyulur, karyeraya görə analıqdan imtina edilir və s. Ona görə də qız və oğlanların cinsi tərbiyəsində valideynlik məhəbbətinin təbliği məqamlarına xüsusi yer verməlidir.
İlk dəfə valideyn olmağa hazırlaşan qadın hamiləlik məsuliyyətini tam dərk etmir. Bu məsuliyyətın formalaşmasında ətrafındakı insanların, hamilə qadına nəzarət edən həkimlərın övladın sağlamlığı naminə özünəqulluqla bağlı tövsiyələri əhəmiyyətli rol oynayır, belə tövsiyələr vasitəsilə ana olmağa hazırlaşan qadının şüuraltı təbəqəsinə övladının qayğısını çəkməklə bağlı “proqram” yerləşdirilir və ana doğulacaq övladını bətnində olarkən sevməyə, qorumağa, qayğısını çəkməyə başlayır. Övladın dünyaya gəlişi ananın dəhşətli fiziki ağrıları hesabına başa gəlir və bu ağrılardan sonra körpənin səsinin eşidilməsi ölüm-qalım arasında qalan ananın azadlığa çıxması, rahatlaşmasından xəbər verir. Bu səs, bu görüntü ananın əzablardan xilası və mükafatıdır: övladın doğulması ilə sanki cənnətin qapıları qadının üzünə açılır. “Cənnət anaların ayaqları altındadır!” fikrilə analığa nə qədər yüksək dəyər verildiyi dinimizdə də qeyd edilir, övladın dünyaya gəlişilə qadın ana adını və bu adla cəmiyyətdə ən yüksək statusu qazanır.
Həyatda əziyyətlə əldə edilən hər bir şeyin qədri-qiyməti bilindiyi kimi, ana da öz əziyyətinin bəhrəsi olan övladını qoruyur, qayğısına qalır və övladını böyütməkdən zövq alır. Övladı böyütdükcə analıq məhəbbəti daha da təkmilləşir, möhkəmlənir və bütün hissləri üstələyir. Analıq hissi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir, ilahiləşdirilir və müqəddəslik zirvəsinə ucaldılır. Bu zirvəni fəth etmək uğrunda analar qarşıya çıxan maneələrlə mübarizə aparır, hətta özlərini övladları naminə qurban verməkdən belə çəkinmirlər. Lakin qadınlar var ki, övladını dünyaya gətirdikdən sonra onu tərk edir, elə qadınlar da var ki, atılmış körpəni himayəsinə götürür. Birincilər cəmiyyət tərəfindən lənətlənir və analıq adından məhrum edilir, ikincilər isə alqışlanır, hörmət və ehtiramla qarşılanır. Deməli, yuxarıda da qeyd edildiyi kimi, analıq məhəbbətinin formalaşmasında, təbliğində sosial mühitin rolu böyükdür və analıq məhəbbəti – övladın qayğısına qalmaq, onu psixoloji və fiziki cəhətdən sağlam böyütmək məqsədi daşıyan fəaliyyəti təmin edən hisslər toplusu kimi qəbul edilir.
Analıq məhəbbəti övladın sevgi haqqında ilk təəssüratını formalaşdırır. Analıq məhəbbətini hiss edən övlad özünün arzulanan olduğunu dərk edir, varlığının xoşbəxtlik gətirməsini duyur və bu prosesin nəticəsi olan məmnunluq hissindən xoşbəxt anlar yaşayır. Analıq məhəbbəti təmənnasızdır, təmənnasız sevgi duyan insan təmənnasız sevgi bəxş etməyi də öyrənir. Deməli, ana məhəbbəti həm də dünyanı xilas edəcək faktorlardan biri olan məhəbbətin təbliğində əhəmiyyətli rol oynayır:
“Uman yerdən küsərlər” deyir atalarımız,
Bizdən heç nə ummayır axı, analarımız.
Tək arzusu var onun hər an sənin boynunda:
Şərəfini, nəfsini qoru ana yolunda,
Qoyma ki, ləkə gələ onun təmiz adına
Bunun üçün Vətəninə xidmət et vicdanınla!
İnsan yaşa dolduqca bu məhəbbəti ona bəxş etmiş ananın yaşadığı torpağı sevir, ona qulluq edir və yaşadığı qayğısız, xoşbəxt anların xatırlanması onun psixoloji durumunu bərpa edən psixoterapiya rolu oynayır. Lakin, psixoloji gərginliyi olan, həyatından narazı olan ana balasına məhəbbət verməklə yanaşı, öz dərdindən də pay verir və insan uşaqlığın xoş günləri ilə yanaşı acı xatirələri də yada salır, kədərlənir və bu onun fəaliyyətinə neqativ təsir edir. Deməli, balanın xoşbəxtliyi ananın xoşbəxtliyi ilə düz mütənasibdir. Ona görə də ananın bütün problemləri məhəbbətinin kölgəsində qalmalıdır, ana övladının qarşısına həmişə gülərüz və xoşbəxt çıxmalıdır. Uşaq hiss etməlidir ki, hər nə olursa – olsun, onun varlığı anasını xoşbəxt edir və yalnız belə halda o pozitiv hisslərlə böyüyür:
İlahi vergidir ana məhəbbəti,
Onunla böyüyən duyar səadəti!
Ondan məhrum olan bil, bədbəxt olar,
Həyatın zövqünə tamarzı qalar!
Ana məhəbbətinin övlada qarşı ifrat bağlılığa çevrilməsi neqativ fəsadlara səbəb olur: ana övladının müstəqilliyini və övladından ayrı yaşamağı qəbul etməkdə çətinlik çəkir, psixoloji gərginlik yaşayır. Ona görə də övlad böyüdükcə onu müstəqil həyata təhvil verəcəyi ilə bağlı ananın psixoloji cəhətdən hazırlığı vacib hesab edilir.
Yeni nəslin formalaşmasında atalıq məhəbbəti də analıq məhəbbəti qədər əhəmiyyətli rola malikdir; yüksək səviyyəli şəxsiyyət yetişdirmək üçün analıq və atalıq məhəbbəti bir-birini tamamlamalıdır. Əgər ana övladı dünyaya gətirirsə, ata övladın yaranışının təməlini qoyur, deməli hər iki valideynin bir-birinə olan sevgisi sevginin bəhrəsi olan övlada ötürülür. Necə ki, ana bətnindəki körpəsinə sevgisini bəxş edə bilir, eləcə də ata hamilə qadınının qayğısını çəkməklə bətindəki körpəyə sevgi ötürür. Bu sevgi isə, dölün normal inkişafını təmin edir. Körpəyə qulluq edən ananın əri tərəfindən məhəbbətlə əhatə olunması körpənin qidalandığı südün keyfiyyətinə də pozitiv təsir göstərir.
Övladlar anaları ilə daha çox vaxt keçirdiklərinə və daha çox ünsiyyətdə olduqlarına görə analıq məhəbbəti daha çox diqqət mərkəzində qalır. Min-bir əziyyətlə ailənin maddi rifahının, nüfuzunun qorunması yolunda fəaliyyət göstərən ataların əziyyətinin analar tərəfindən minnətdarlıqla qarşılanması və övladlara düzgün çatdırılması atalıq məhəbbətinin xüsusi hörmətlə, ehtiramla dəyərləndirilməsidir. Ata məhəbbətinin yoxluğu övladın fiziki və psixi sağlamlıq, cinsi tərbiyə, psixi inkişaf, sosiallaşma, ailə həyatı üçün seçiləcək tərəf müqabili obrazının formalaşması, valideynlik məsuliyyətinin dərki sahələrindəki tərbiyəsinə ciddi problemlər yaradır. Ata tərbiyəsi görməyən oğlan uşaqlarının kişilik haqqındakı təsəvvürlərində ciddi qüsurlar müşahidə edilir, qız uşaqları isə əks cins nümayəndələri ilə rəftarda çətinlik çəkir və s. Atalıq məhəbbətindən qaynaqlanan ata hökmü və zəhmi övladların davranış pozuntularının qarşısının alınmasında əhəmiyyətli rol oynayır; övlad cəmiyyətdə ana dəstəyi ilə deyil (qadın fiziki cəhətdən zəif məxluq hesab edildiyindən), ata dəstəyi ilə fəxr hissi duyur:
Atalıq məhəbbəti güc-qüdrət verər,
Nüfuzlu, hörmətli, qürurlu edər!
Atalı böyüyənin gözü tox olar,
Ehtiyacı olana hər an əl tutar!
Valideynlər öz körpəsini əmin etməlidirlər ki, bu dünyada ona çox ehtiyac var. Körpə bilməlidir ki, yaxınlıqda həmişə onu sevən və anlayan böyüklər var. Böyüklərin dünyası və uşağın dünyası təbii ki, fərqlidir, lakin ailədə bu iki dünya birləşməli, bir-birini tamamlamalıdır. Uşaqlar güclü xoşbəxtlik və enerji mənbəyidir. İnsanlar həmişə balaca uşaqları görməyə şad olurlar, balacaların görünüşü, oynamağı ətrafa sevinc bəxş edir, çünki şüuraltı hər kəs dərk edir ki, onlar həyatın davamçılarıdır.
Müasir valideynlər təəssüflər olsun ki, övladlarına başqaları üzərində üstünlük verəcək madiyyat verməyə daha çox cəhd edirlər və bu proses uşağın daxili dünyasının zənginləşdirilməsini kənarda saxlayır. Həyatda rahat yaşamaq üçün madiyyatın olması yaxşı haldır, lakin mənəvi zənginliyi olmayan insan ona miras qalmış madiyyatın da Allahın əmanəti olduğunu dərk etməyəcək. Bu barədə Qurani-Kərimdə deyilir: “…“Bəndələrindən istədiyi kimsəyə ruzini bol-bol verər, istədiyi kimsəyə müəyyən miqdarda verər Rəbbim. Nəyi xərcləmisizsə, bunun əvəzini yetirər sizə. Ruzi verənlərin ən yaxşısıdır O” (34-Səbə surəsi, ayə 39). Daxili dünyası zəngin olmayan insanlar istər maddi, istərsə də mənəvi dəyərləri anlamaqda çətinlik çəkir və cəmiyyətdə mövcud destruktiv konfliktlərin daşıyıcısına çevrilirlər: “Hər kəsin gördüyü işlərə görə öz məqamı var. Hərəyə öz işlərinə görə Allah dərgahında verilər əvəz. Heç kimin haqqında bir haqsızlıq edilməz” (46-Əhqaf surəsi, ayə 19).
Valideyn böyükdür: Övlad dünyaya gətirdiyi yaşına qədər dünya həyatı, valideynlik barədə müəyyən təcrübə, məlumat əldə etmiş olur və övlad tərbiyəsində də valideyn məhz öz həyati təcrübəsinə, eləcə də digər bilgilərinə əsaslanır. Övlad da böyüdükcə Tanrı tərəfindən seçilmiş valideynini zamanla fiziki enerji baxımdan üstələməsi təbiidir, lakin inkişaf odur ki, əqli keyfiyyətləri və mənəvi zənginliyi ilə də üstünlük qazanan övlad daim valideyni qarşısında kiçiklik nümayiş etdirib onun hörmətini saxlayır. Bu barədə Qurani-Kərimdə qeyd olunur: “İnsana buyurmuşuq yaxşı olsun atasına, anasına. Zəifləyə-zəifləyə, əziyyətdən-əziyyətə qatlaşaraq bətnində gəzdirər, sonra da iki il süd verər ona anası. Demişik şükr eləsin Mən-ə, valideynlərinə. Mənim dərgahıma dönəcək hamı. Əgər atanla anan Sən-i qısnasalar ki, bilmədiyin bir şeyi Mən-ə şərik qoşasan, onlara itaət eləmə. Ancaq dünya həyatında çalış insaf gözləyəsən onlarla rəftarında…” (31-Luqmən surəsi, ayə 14-15), “Rəbbin buyurmuş ki, təkcə O-na ibadətdə olasız, ataya-anaya yaxşılıqlar edəsiz. İkisindən birisi, yaxud da hər ikisi qocalıq çağlarında sənin yanındadırsa, nəbadə “uf” deyəsən, onların üstünə səsini ucaldasan. Sən onlarla gözəl danış, gözəl din. Onlar üçün rəhm umaraq tapdala qürurunu və de ki, “Rəbb-im, məni uşaqlıqdan necə böyüdüblərsə, Sən-in də onlara rəhmin gəlsin eləcə”” (17-İsra surəsi, ayə 23-24), “Ey insanlar! Çəkinin Rəbbinizdən, qorxun o gündən ki, ata oğulun, oğul atanın karına gəlməyəcək. Şübhəsiz, haqdır Allahın vədi. Qoy sizi aldatmasın dünya həyatı…” (31-Luqmən surəsi, ayə 33).
Ədəbiyyat:
- Qasımoğlu N.Q. Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama. B., Azərbaycan, 1993.
- Qurbanova L.M. Qurani-Kərimdə psixoloji problemlərin həlli yolları. Sumqayıt, “Azəri” Poliqrafiya, 2024.
- Qurbanova L.M. Ailənin psixoloji problemləri və həlli yolları. S., Bilik, 2013.




