Müselmanlar
“Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir?

“Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir?

Sual: Mən atıcılıqla əlaqədar bir hədis oxudum və diqqətimi cəlb etdi. Həmin hədisin səhih olub olmadığını bilmək istərdim. Hədisdə deyilir: “Atıcılığı öyrənən və sonradan tərgidən kəs bizdən deyil”. Hədisin mənbəyi Müslim, İmarət, 169 və Əbu Davud, Cihad, 23 kimi qeyd olunur. Bu hədisi necə başa düşmək lazımdır?

Cavab: Allah Quranda müsəlmanlara buyurur ki, düşmənlərinə qarşı həmişə hazırlıqlı olsunlar:

“(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və cihad üçün bağlanıb bəslənən döyüş atları hazırlayın. Ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi (düşmən) kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə əsla haqsızlıq edilməz”. ((Ənfal, 8/60.))

Muhəmməd peyğəmbər özü (s. a. v.) bu ayədəki “qüvvə” sözünü atmaq və atıcılıq kimi təfsir edib. ((Müslim, İmarət, 167 (1917).))

Bu və bu kimi hədislər atıcılığı və cihad məqsədi ilə silahdan istifadə etməyi öyrənməyin mühüm olduğunu vurğulayır və müsəlmanları bu sahəyə həvəsləndirir. Müasir silahların bütün növlərini öyrənmək, habelə təyyarə və texnikanı idarə etməyi bilmək də bu hökmə daxildir. At minmək və müharibədə lazım olan üzgüçülük, nişançılıq və güləş növləri kimi idman fəaliyyətləri də belədir. ((Ahmed Davudoğlu, Sahih-i Müslim Tercüme ve Şerhi, İmaret, 1917 nömrəli hədisin şərhi.))

Bu hədisi yuxarıdakı ayə ilə birgə qiymətləndirdiyimiz vaxt görürük ki, peyğəmbər müsəlmanların düşmənə qarşı həmişə ayıq-sayıq və hazır olmağını istəyib. Həmin hədisin tam mətni aşağıdakı kimidir:

Bizə Muhəmməd ibn Rumh ibn Mühacir rəvayət etdi. (Dedi ki), bizə Leys, Haris ibn Yaqubdan, o da Abdurrahman ibn Şümasədən nəql etməklə xəbər verdi ki, Fuqeymə Əl-Ləxmi, Uqbə ibn Amirə deyib:

– Sən bu iki hədəfin arasında gedib gəlirsən. Halbuki, sən yaşlısan. Bu iş sənə çətin gəlir. Uqbə cavab verdi:

– Əgər peyğəmbərdən eşitdiyim bir söz olmasaydı, mən buna tab gətirə bilməzdim.

Haris deyir ki, bunun üstündən mən İbn Şümasədən soruşdum:

– O nədir?

O da cavab olaraq belə dedi:

-Peyğəmbər (s. a. v.) belə demişdir:

“Kim atıcılığı öyrənsə və sonra tərgitsə, bizdən deyil. Yaxud da qəti surətdə üsyankar olmuşdur”. ((Müslim, İmarət, 169 (1919).))

Bu hədisi şərh edən alimlər bildirirlər ki, atıcılığı öyrənəndən sonra (səhlənkarlılqdan) buraxmaq məkruhdur. ((Ahmed Davudoğlu, yenə orada.))

Hədisdəki “bizdən deyil” cümləsi isə dindən çıxıb kafir olmaq mənasında deyil, “o bizim yolumuzda deyil”, “bizim əmrimizə əsasən əməl etməyib” kimi mənalarda işlədilib. Yəni, bu işləri tərgidib yaddan çıxardanlar Allahın həmişə ayıq-sayıq olmaq əmrini yerinə yetirməmiş hesab olunurlar.

Deməli, hədislər Quran ayələri ilə birgə müzakirə edildiyi vaxt bir vəhdət və bütövlük yaranır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin