Müsəlmanlar

İslamda tərki dünya olmaq və ya dərvişlik varmı?

Cavab: Dərviş sözü “möhtac”, “qapıda duran, yoxsul və dilənçi” kimi mənalara gəlir.

Xalq nəzərində isə dərvişə, dünyadan və onun nemətlərindən əlini ətəyini çəkmiş, hər şeyi, hər kəsi tərk edərək ictimai həyatdan uzaqlaşmış, özünü dağa-çölün sakit və səfil həyat şərtlərinə buraxmış bir insan olaraq baxılmaqdadır.

Dərvişlik ya da tərki dünyalıq, Xristianlıqda, qədim Türk boylarında və İslamı qəbul etdikdən sonra ortaya çıxan təriqətlərdə və başqa bir çox millətlərdə və dinlərində mövcuddur.

Xristianlıqda tərki-dünya/dərviş həyatının qabaqcılı olaraq Misirli Antoni göstərilsə də, ilk Xristian dərvişi Əziz Paul olduğunu söyləyə bilərik. Ruhbanlığın qurucusu olaraq bilinməkdədir. Əziz Paul Desian araşdırmalara görə (MS 250) səhralara yönəlmiş və uzun illər bir mağarada yaşamışdır.[1]

Həyat tərzi yönündən bunların bir qismi: Tək başına çölə, dağa ya da meşəyə çəkilərək heç kim ilə görüşmədən zahid həyatı yaşamağı seçmişlər. Bir qismi də: Ümumiyyətlə monastırlarda bir təriqət intizamına bağlı qalaraq həyatını sürdürməyi məqsəd bilirlər.[2]

Qədimdən Türk tayfaları, dərvişlərə xüsusi rəğbət bəsləyiblər və onlara müxtəlif təxəllüslər veriblər; “Dədə dərviş”, “Baba dərviş”, “Aşıq dərviş”.

Qabiliyyətlərinə və yaşayış tərzlərinə görə ad alıb və ya çağrılıblar: “Nəfəs/Söz söyləyən”, “Şəfa, Kəramət sahibi”, “Arif ya da Dəli dərviş”.

Onların bu hallarına, xalq arasında hörmət, izzət və heyranlıq duyulmuşdur.

Onların bu mistik həyatı, İslamla şərəfləndikdən sonra (özlərində mövcud olan dərvişlik) sufiliyə dönüşmüş və Türk boyları arasında qəbul görmüşdür. Bunların təsiri nəticəsində İslam tez bir zamanda Türklər arasında yayılmağa başlanmışdır.

Bu bir həqiqətdir ki; İslam, Türk dünyasına Allahın kitabı vasitəsi ilə deyil, dərvişlərin təbliğatı, onların tilmizləri/tələbələri və həyat tərzləri ilə daxil olmuşdur. Sonrakı dövrdə də sufilər bu millətin dini görüşlərinə hakim olmuşdur. Hələ də bu belə davam etməkdədir.

Dərvişlik ya da tərki dünyalıq İslamda da varmı sualınıza gəlincə; İlk başdan söyləyək ki, bu kimi ifadələr və yaşayış tərzi İslama yaddır. Dinimiz, insanı həyatın mərkəzində tutur və onu dünyadakı pis işlərə qarşı çıxmağa, yaxşı işlərə isə təşviq etməyə yönəldir. Bu yolda mübarizə aparanlara mücahid adını verir. Rəbbimiz, axirətdə ən böyük mükafatın da bu mücahidlərə veriləcəyini bildirir. Bu barədə Quranda belə buyrulmaqdadır:

“Möminlərdən üzrlü səbəbi olmadan (cihada getməyib) oturanlarla, malları və canları ilə Allah yolunda cihad edənlər/cəhd edənlər[3] bir olmaz. Allah, malları və canları ilə cihad edənlərin dərəcəsini (cihada getməyib) oturanlardan üstün tutmuşdur. Hərçənd Allah hamısına ən gözəl olanı vəd etmişdir. Ancaq Allah böyük mükafat yönündən cihad edənləri, (cihada getməyib) oturanlardan üstün tutmuşdur” (Nisa 4/95).

Bir başqa ayədə: “İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” – deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” – deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlblərindəkini bilmirmi?” (Ənkəbud  29/10).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5375.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13077.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Jordan Aumann, Encyclopediya, s. 39; Gündüz, Şinasi, eqə., s. 21.

[2] Gündüz, Şinasi, “Keşiş” md., DİA, c. V, s. 322.

[3] Cihad (جهاد), düşmənin, şeytanın və ya arzuların təsirindən qorunub, Allahın əmrinə boyun əymək üçün verilən hər cür mücadələdir (Müfrədat) Allah yolunda savaş, cihadın çox mühüm bir parçasıdır.