Nikaha Nəzarət Etmək
Müsəlmanlar > Araşdırmalar Tarix: 14 Mayıs 2009 Tövsiyə et Çap et

NİKAHA NƏZARƏT ETMƏK

Bəqərə surəsi, 232-ci ayə1

Qadınlar ərlərilə ilə mərufa uyğun olaraq razılığa gəldikləri zaman, evlənməklərinə mane olmayın.

Ayədəki ərləri sözü ər namizədləri mənası verən məcazdır. Çünki qadın öz əri ilə onsuz da evli olur. Başqa bir ayədə Allah Təala belə buyurur:

[Ərləri ölən qadınların] gözləmə müddəti başa çatdığı zaman, artıq onların özləri barəsində mərufa uyğun olaraq gördükləri işdə sizin üçün bir günah yoxdur.2 Belə bir qadının görməli olduğu ən mühüm iş yenidən evlənməkdir.

Nikah üçün qadınla kişinin öz aralarında razılığa gəlməsi kifayət deyil. Hər cəmiyyətin bu məsələ ilə əlaqədar olan qaydaları vardır və bunlar cəmiyyətin öz inancına, adət-ənənələrinə əsaslanır. Quran ayələrindəki məruf sözü bu mənanı verir. Qədim ərəblərdə qız atasından, yaxud atasını əvəz edən şəxsdən istənilir, mehri3 verilir və kəbini kəsilirdi. Xristianlar kəbini kilsənin, yəhudilər isə sinaqoqun nəzarəti altında kəsirlər. Kəbin dünyəvi xarakterli cəmiyyətlərdə səlahiyyətli orqanın icazəsi və nəzarəti altında kəsilir.

Ayələr qadının mərufa müvafiq olan qərarına mane olmağı qadağan edir. Məruf gözəl olması ağıl, yaxud din vasitəsi ilə başa düşülən şeydir. Quran və Sünnədə bu mövzu ilə əlaqədar hökmlər vardır. Allahın elçisi Məhəmməd əleyhissəlamın sözləri göstərir ki, kəbinin mərufa uyğun olub-olmadığını vəli4 kontrol etməlidir: Vəlisiz nikah olmaz.5

Hansı qadın vəlisinin icazəsi olmadan evlənsə, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir! Əgər kişi onunla yaxınlıq edibsə, bu yaxınlığın müqabilində qadının mehr almağa haqqı vardır. Əgər öz aralarında razılığa gələ bilməsələr, sultan (səlahiyyətli şəxs) vəlisi olmayanın vəlisidir.6

Vəli istəyib-istəmədiyinə baxmadan başqa birisi haqqında həlledici qərar vermək və bu qərarı qüvvəyə qoymaq kimi səlahiyyətlərə malik olan şəxsdir. Bu səlahiyyətə vəlayət deyilir.7

Hizam adlı bir şəxs öz dul qızı Xənsanı ərə vermişdi. Qızı bu evliliyi istəmirdi və peyğəmbər əleyhissəlamın yanına gəlib bunu ona bildirdi. Peyğəmbər əleyhissəlam qızın atasının kəsdirdiyi kəbini ləğv etdi. Qadın sonra Əbu Lübabə ibn Abdulmünirlə evləndi.8

Bakirə bir qız Ayşənin yanına gəlib, ona belə dedi: “Atam məni qardaşı oğlu ilə evləndirdi ki, mənim vasitəmlə öz mövqeyini yüksəltsin. Ancaq bu mənim xoşuma gəlmir”. Ayşə qıza: “Allahın elçisi gələnə qədər otur”, – dedi. Peyğəmbər əleyhissəlam gəldi və qız vəziyyəti ona bildirdi. Peyğəmbər əleyhissəlam dərhal adam göndərib, qızın atasını öz yanına çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. Qız: “Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə vermişdim, lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını öyrənmək istəyirdim”, – dedi.9

Qızlar bir çox yerdə nikah əqdinin tərəflərindən biri olmağı xoşlamırlar. Hətta bəzən qızın evliliyə razı olub-olmadığını müəyyənləşdirmək də çətin olur. Peyğəmbər əleyhissəlamın bu məsələ ilə əlaqədar sözləri aşağıdakı kimidir:

“Dul qadının özü ilə əlaqədar olaraq vəlisindən çox haqqı vardır. Bakirə qızın isə razılığı alınmalıdır”. Elə bu dəm bakirə qızın danışmağa utandığını deyənlər oldu. Peyğəmbər əleyhissəlam: “Onun susmağı razı olduğunu bildirir”, – deyə buyurdu.10

Dul qadın özü ilə əlaqədar olan məsələlərdə açıq danışar, bakirənin isə susmağı onun razılıq verməyi deməkdir.11

Məşhur məzhəblər12 ayə və hədisləri onlarda qabaqcadan əmələ gəlmiş mənfi rəylə nəzərdən keçirib, müxtəlif fikirlər irəli sürüblər. Hənəfi məzhəbi hürriyyətpərvərlik edərək vəlinin icazəsi olmadan evlənməyin mümkün olduğunu irəli sürüb.13 Maliki, Şafii və Hənbəli məzhəbləri isə bu məsələyə ənənəyə əsaslanan nöqteyi-nəzərdən baxıblar. Onların fikrincə, vəlinin işi kəbinə nəzarət etmək deyil, nikah əqdinin tərəflərindən biri olmaqdan ibarətdir; vəli kəbində qadının adından tərəflərdən biri olmasa, kəbin kəsilə bilməz. Qadın kəbində nə özünü, nə də başqasını təmsil edə bilər. Onun eyni zamanda öz vəlisindən başqa bir şəxsi vəkil tutmağa da ixtiyarı yoxdur, əks təqdirdə, kəbin qüvvəsini itirər və məqbul olmaz. Ata bakirə qızını onun özündən heç bir şey soruşmadan ərə verə bilər.14 Zahiri məzhəbi də bu məsələyə hədislərə üstünlük verən nöqteyi-nəzərdən baxmışdır. Belə ki, qadın istər bakirə, istərsə dul olsun, vəlisinin icazəsi olmadan ərə gedə bilməz. Əgər onun vəliləri ərə getməyinə icazə verməsələr, bu zaman onu səlahiyyətli şəxs evləndirər. Bakirə qızın kəbini ata ilə qızın rəylərinin eyni şəxs üzərində birləşməsi, yəni, onların ikisinin də fikirlərinin üst-üstə düşməsi halında kəsilə bilər.15

İndi isə bu fikirlərin əsaslandığı dəlillərə baxaq:

A) HƏNƏFİ MƏZHƏBİNİN DƏLİLLƏRİ

Hənəfi məzhəbində Əbu Hənifənin fikirləri əsas götürülür. Onun fikirləri aşağıdakı üç ayə ilə əsaslandırılır:

(Ərin üçüncü dəfə boşadığı qadın) başqa bir kişiylə evlənənə qədər ilk ərinə halal deyildir (Bəqərə, 2/230);

(Ərləri ölən qadınlar) gözləmə müddətləri başa çatdığı zaman, özləri üçün nə etsələr etsinlər, bundan sizə bir günah gəlməz (Bəqərə, 2/234);

O qadınların ərləri ilə evlənməyinə mane olmayın (Bəqərə, 2/232)!

Yuxarıdakı ayələrdə qadın nikah felinin faili olduğuna görə, Əbu Hənifə onu nikahın bir tərəfi saymış, lakin axırıncı iki ayədəki mərufa uyğunluq şərtini nəzərə almamışdır. Bu isə bu mövzu ilə əlaqədar olan hədislərin qiymətləndirilməməsinə və üçüncü ayə haqqında aşağıdakı kimi bir izaha gətirib çıxarmışdır:

Ayədəki maneçilik faktiki maneçilikdir, yəni, qadını evdə saxlayıb evlənməyinə mane olmaqdır. Xitab kişilərə edilmişdir. Çünki ayənin əvvəlində «qadınları boşadığınız zaman» ifadəsi vardır.16

Qadın gözləmə müddətini başa vuran kimi əri ilə əlaqəsi kəsilir. Yenidən ərə getdiyi zaman, bu evliliyə nəzarət etmək onun işi deyildir. Buna görə də Əbu Hənifənin bu fikrinə şərik olmaq qeyri-mümkündür.

Hənəfilər vəlisinin razılığını almadan ərə gedən qadınlar haqqında belə deyirlər: Əgər qadın icazəsiz evlənibsə, bu məsələyə baxmaq lazımdır; əri ona münasibdirsə və qadının aldığı mehr özü kimi qadınların aldıqları mehrdən (mehri-misli) az deyilsə, vəlilərin bu evliliyə etiraz etməyə ixtiyarları yoxdur. Qadın özünə münasib olmayan bir kişiyə ərə getsə, vəlilərini çətinliyə salar. Bu çətinlikdən yaxa qurtarmaq üçün vəlilərin evliliyə etiraz etmək haqları doğar. Bu, vəlilərə verilmiş bir haqdır. Qadın onların bu haqqını ləğv edə bilməz.17

Qadının aldığı mehr mehri-mislidən azdırsa, vəlilər mehrin artırılmasını, yaxud da ər-arvadın ayrılmasını tələb edə bilərlər. Çünki onlar mehrin çoxluğu ilə öyünürlər; mehr az olanda isə utanırlar. Bu bir də o qəbilənin qadınlarına ziyan vurar. Çünki bundan sonra əgər o qadınlardan biri mehr miqdarını müəyyənləşdirmədən ərə getsə, onun mehri əvvəlki qadının mehrinə müvafiq olaraq müəyyən edilər. Qəbilədəki qadınların hüquqlarını kişilər qoruduqlarına görə etiraz etmək haqqı da kişilərə verilir.18

B) MALİKİ, ŞAFİİ VƏ HƏNBƏLİLƏRİN DƏLİLLƏRİ

Bu üç məzhəb mövzuyla əlaqədar olan ayə və hədisləri ənənəyə əsaslanaraq izah edib. Qız Ərəb cəmiyyətində atasından, yaxud vəlisindən istənilir, mehr verilir və kəbin kəsilirdi.19 Kişi nikah əqdində tərəflərdən biri kimi çıxış edirdi, lakin qadın tərəf ola bilməzdi. Kəbində onun əvəzinə vəlisi iştirak edirdi. Onlar bu barədə aşağıdakı ayəyə istinad edirdilər:

Qadınları boşadınız, onlar da gözləmə müddətlərinin sonuna gəlib çatdılar… Onlar ərləri ilə mərufa uyğun olaraq razılığa gəldikləri zaman, evlənmələrinə mane olmayın (Bəqərə, 2/232).

Onlar belə bir fikir irəli sürürlər ki, ayədəki  عضل(mane olmaq) sözü الامتناع من تزويجها (qadını evləndirməkdən imtina etmək, bundan qaçınmaq) mənasındadır. Bu isə qadının ərə verilməsi işinin vəliyə həvalə edildiyini göstərir.20 Əgər yuxarıdakı ön qəbul (qabaqcadan əmələ gəlmiş fikir) olmasaydı, onlar ayəni bu cür başa düşməzdilər. Çünki ayə «Ərlərilə evlənmələrinə mane olmayın»21 şəklindədir. Maneçilik törətmək, yaxud mane olmaq bir şəxsin əlindən gələn bir məsələdə mümkündür. Nikah felinin faili (edəni) qadındır. Bu isə qadının nikahda tərəflərdən biri olduğunu bildirir. Bir işə mane olmaqla, o işi görməkdən imtina etmək və ya qaçınmaq bir-birindən fərqli şeylərdir. Mane olmağı qaçınmaq kimi tərcümə etmək ayənin mənasını dəyişdirmək deməkdir.

Onların belə bir iddiaları da vardır: Qadının أن ينكحن أزواجهن (ərlərilə evlənmələri) ifadəsində fail olmağının səbəbi onun nikah obyekti olmasıdır. Qadın nikahdakı tərəflərdən biri olmadığına görə onun vəli, yaxud da vəkil olaraq bir nəfəri belə evləndirməsi caiz deyildir.22

Qadını nikah felinin faili edən Allah Təala, nikahın mövzusu (nikah obyekti) edən isə Ərəb adət-ənənələridir. Ənənələr əsas götürüldüyünə görə, Allahın açıq-aydın kəlamı məcaz hesab edilmiş və beləliklə, bir səhvin üstündən başqa bir səhvə yol verilmişdir.

Qadını kəbinin mövzusu sayanlar alınan mehri onun əvəzi kimi qəbul etmiş və nikah məsələsindən boşanma məsələlərinə qədər bütün sistemlərini bu anlayışa əsasən qurmuşlar. Bu məzhəblərdən heç biri iftidanı, yəni, qadının evliliyə xitam vermək hüququnu qəbul etməmiş və onun əvəzinə müxaliə adı verdikləri başqa bir sistem qurmuşlar. Müxaliə qadının ərinə verəcəyi bir mal müqabilində ərinin evliliyə xitam verməyini, yəni, arvadını boşamağını ifadə edir. Burada müxaliə ilə əlaqədar fikirlər bu mövzunun daha yaxşı başa düşülməsinə şərait yaradacaqdır. Şafii məzhəbindən Şirbini aşağıdakı kimi bir fikir irəli sürür:

Kişi bir əvəz müqabilində qadından istifadə etmək ixtiyarına malik olduğu zaman, bu haqqı bir əvəz müqabilində öz əlindən çıxarda bilər. Müxaliənin caiz olmağının səbəbi budur. Bu eynilə alıb-satmaq kimi olur. Nikah satın almağa, müxaliə isə satmağa oxşayır.23

İbn Teymiyyə isə müxaliənin talaq olmadığını sübut etmək üçün belə deyib:

Müxaliə qadının özünü ərinin əlindən xilas etməsidir və eynilə əsirin özünü əsirlikdən xilas etməyinə oxşayır. Bu, üç talaq sayılmamalıdır. Dörd məzhəbin qurucularının və əksəriyyətin fikrincə, əsir üçün fidyə vermək məsələsində olduğu kimi, bunu da qadından başqa bir şəxs edə bilər. Yad bir adam bir köləni azad etmək üçün o kölənin sahibinə onun əvəzini verə bilər. Buna görə də şəxsin məqsədi əsir üçün fidyə ödəyirmiş kimi, qadını ərinin boyunduruğundan xilas etməkdirsə, fidyə verdiyi vaxt bu şərti irəli sürməlidir. Çünki müxaliə fidyəsi qadını ərinin əsarətindən xilas etmək və onun qadının üzərindəki hakimiyyətini aradan qaldırmaq üçün verilir. Əksinə bu, qadının özünün üzərindəki hakimiyyəti öz əlinə alması üçün deyildir.24

Bunlar qadına bir kölə qədər belə qiymət verməyiblər; çünki kölə azadlığa qovuşanda özü öz başının ağası olur. Amma onların fikrinə görə, qadın ərinin hakimiyyəti altından çıxan kimi vəlinin hakimiyyəti altına girir. Qadın satlıq mal deyil. Buna görə də onu nikah obyekti sayıb, mehri bir mala verilən qiymət kimi hesab etmək qəbul edilə bilməz. Allah Təala belə buyurur:

Məruf qaydalar daxilində o qadınların kişilər üzərindəki haqqı onların bunlara qarşı olan hüquqları ilə eynidir (Bəqərə, 2/228).

Bu ayədən çıxan nəticəyə görə, qadına ərinin qulu kimi baxmaq mümkün deyil. Çünki qulla ağası arasında bərabər hüquqlardan danışmaq qeyri-mümkündür.

Nisa surəsinin 4-cü ayəsində deyilir ki, qadınlara mehrlərini könül xoşluğu ilə verin. Mehrlər kimi tərcümə edilən saduqat sözü saduqa sözünün cəm formasıdır. Bu söz sidq, yəni, doğru sözlü olmaq, sözü özünə uyğun gəlmək kökündən əmələ gəlib.25 Kişilər evləndikləri qadınlara dəyər verdiklərini deyirlər və bir miqdar malı mehr olaraq vermək onların bu iddialarının sübutu olur. Ayədə könül xoşluğu kimi tərcümə edilən nihlə sözü də vardır; mənası bir şeyi qarşılıqsız (əvəz gözləmədən) vermək və bağışlamaqdır.26 Buna görə də mehr hər hansı bir şeyin əvəzi ola bilməz.

Ayələri izah edərkən onlara qarşı qərəzli münasibətlər, yaxud əvvəlcədən müəyyənləşdirilmiş şərtlərə görə davranışlar hədislər arasında fərq qoymağa gətirib çıxarmış və aşağıdakı hədisə heç bir diqqət yetirilməmişdir:

Bakirə bir qız Ayşənin yanına gəlib, ona belə dedi: “Atam məni qardaşı oğlu ilə evləndirdi ki, mənim vasitəmlə öz mövqeyini yüksəltsin. Ancaq bu mənim xoşuma gəlmir”. Ayşə qıza: “Allahın elçisi gələnə qədər otur”, – dedi. Peyğəmbər əleyhissəlam gəldi və qız vəziyyəti ona bildirdi. Peyğəmbər əleyhissəlam dərhal adam göndərib, qızın atasını öz yanına çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. Qız: “Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə vermişdim, lakin bu mövzuda qadınların bir hüququ olub-olmadığını öyrənmək istəyirdim”, – dedi.27

Üç məzhəbin üçünün də dəlil götürdükləri bu hədisdə də nikah felinin faili qadındır:

Hansı qadın vəlisinin icazəsi olmadan evlənsə, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir!28

Bu fikirləri də qəbul etmək qeyri-mümkündür. Maliki məzhəbinə əsasən ata öz bakirə qızını zorla evləndirə bilər; kişi istər kor olsun, istərsə indiki və gələcəkdəki vəziyyətinə baxıldığı zaman qızdan pis olsun, istərsə eybəcər olsun, istərsə qızın mehri çoxlu qızıl olduğu halda, onu dörddə bir dinar müqabilində ərə versin, heç bir fərqi yoxdur. Qız 60 yaşında, yaxud daha yaşlı və evlənməsi vəlisi tərəfindən qadağan edilmiş vəziyyətdə də ola bilər. Əsas odur ki, kişinin xayaları və cinsiyyət orqanı kəsilməmiş olsun və yaxud da, cinsiyyət üzvü olsa da, xayaları məni gəlməyəcək şəkildə çıxardılmış olmasın. Düzgün fikrə görə, belə hallarda ata qızını ərə getməyə məcbur edə bilməz. Qadın dəli, cüzam xəstəliyinə tutulmuş, cinsiyyət orqanı sərtləşməyən, xədim və ya cinsi cəhətdən zəif olan kişi üçün də məcbur edilə bilməz.29

Şafii məzhəbinə görə də bakirə qızı ərə vermək ixtiyarı atanın əlindədir. Qızlarla danışıb onların rəylərini öyrənmək və razılıqlarını almaq yaxşı olar, lakin bu, şərt deyildir. Qızın anasından icazə almaq da yaxşıdır.30

C) ZAHİRİ MƏZHƏBİNİN DƏLİLLƏRİ

Bu məzhəb kəbinə nəzarət edilməsi məsələsində ayələrə deyil, yalnız hədislərə yer ayırıb. Bu da hədislərin düzgün başa düşülməsinə mane olub. Belə bir nöqteyi-nəzərin məntiqi budur:

Allahın peyğəmbərə buyurduğu vəhy iki yerə ayrılır: Bunlardan biri olduğu kimi qəbul edilən vəhy (vəhyi-mətluvv),31 yəni, düzülüşü insanı aciz edən bir əsər – Qurani-Kərimdir. İkincisi isə rəvayət edilən, nəql olunan, hər hansı bir müəllif tərəfindən yazılmamış olan, düzülüşü insanı aciz etməyən, olduğu kimi qəbul edilməyən (qeyri-mətluvv),32 lakin oxunan və Allahın elçisindən bizə gəlib çatan xəbərdir. Bu xəbər Allah Təalanın bizdən nə tələb etdiyini izah edir. Çünki Allah Təala belə buyurur: “İnsanlara onlara göndəriləni izah edəsən deyə”33 Allah birinciyə, yəni Qurani-Kərimə tabe olmağı vacib qıldığı kimi, ikinciyə də, yəni, Sünnəyə tabe olmağı da vacib edib, arada bir fərq yoxdur.34

Əgər Sünnə Allahın bizdən nə tələb etdiyini izah edirsə, Qurana ehtiyac qalmaz. Kitab və Sünnə arasında fərq qoyulmamasının səbəbi budur. Allah peyğəmbərə: “Onlara nə endirildiyini insanlara izah edəsən”35 , – demişdir. Əksinə: “Onlardan nə tələb edildiyini izah edəsən”, -  deməmişdir. Bu səhv bir çox səhvə səbəb olub. İbn Həzm mövzumuzla əlaqədar olaraq belə deyir:

Peyğəmbərin buyurduğu: “Dul qadının özü ilə əlaqədar olaraq vəlisindən çox haqqı vardır”36 , – sözü onun (qadının) icazəsi olmadan vəlinin heç bir şey edə bilməyəcəyini bildirir. Qadın kimə istəsə, ərə gedə bilər, lakin vəlisi icazə verməmiş kəbin kəsdirə bilməz. Əgər vəli müqavimət göstərsə və bundan incisə, qadını bu işə ixtiyarı çatan bir şəxs ərə verər.37

Madam ki, vəlinin etiraz etmək hüququ yoxdur, elə isə onun olmasının nə mənası vardır? Allahın dinində bu cür mənasız və hikmətsiz bir şey olarmı?

İbn Həzm bir də belə deyir: “Bakirə qızın kəbini ata ilə qızın rəylərinin eyni şəxs üzərində birləşməsi, yəni, onların ikisinin də fikirlərinin üst-üstə düşməsi halında kəsilə bilər”.38

Deməli, belə çıxır ki, ata ilə qızının rəyləri eyni şəxs üzərində birləşməsə, evlilik məsələsi baş tutmayacaqdır. Təəssüf ki, mərufa (şəriət və adət-ənənəyə) uyğun olub-olmama şərti nəzərə alınmadıqca, bu cür nəticələr qaçınılmaz olur. Əgər İbn Həzm hədislərin əslində ayələri izah etdiyini başa düşüb, əvvəlcə ayələrə, sonra hədislərə baxsaydı, vəlinin razılığını almağın bir mənası olduğunu başa düşər və öz sistemini də buna əsasən qurardı. Lakin onun belə bir metodu olmadığına görə, bu məsələ ilə əlaqədar ayələrə diqqət yetirməmişdir.

NƏTİCƏ

Yuxarıdakı ayə və hədislərdən çıxan nəticəyə görə, kəbinə şəriətə müvafiq olub-olmaması baxımından nəzarət etmək lazımdır. Buna qızın vəlisi nəzarət etməlidir. Əgər arada bir mübahisə varsa, işə səlahiyyətli orqan baxmalıdır. Kişi ilə qadının bir-birilə evlənməyinə qarşı hər hansı bir maneə yoxdursa, şahidlərin qarşısında evlənmə qərarlarını açıqlayıb, kəbin kəsdirər və yeni bir ailə qurarlar.

Məzhəblərin məsələni müxtəlif nöqteyi-nəzərlərdən qiymətləndirməsi bir çox çətinliyin yaranmağına səbəb olub. Hənəfi məzhəbi iki şahidlə kəsilən nəzarətsiz (kontrol edilməyən) kəbini məqbul hesab etdiyinə görə bu fikir məktəblərdə, iş yerlərində və bir çox yerdə gizli kəbinlərə, yaxud da qız qaçırılmalarına səbəb olub. Qaçırılmış qıza iki şahidin hüzurunda «bəli» dedirdilərək işə xitam verilib.

Şafii, Maliki və Hənbəli məzhəblərinin fikirləri başlıq39 verilməsinə və alınmasına gətirib çıxarmışdır; madam ki, vəlinin tərəflərdən biri sifətilə iştirak etmədiyi kəbin əqdi məqbul deyil, elə isə onu razı salmaq lazımdır. Bunun ən kəsə yolu başlıq verməkdir. Başlığı mehrlə qarışdırmaq olmaz. Mehr qızın özünə, başlıq isə atasına, qardaşına, əmisinə və sairəyə verilir.

Əslində ayələrə və hədislərə riayət edilsəydi, nə qız qaçırma hadisələri olar, nə qadının emosionallığından sui-istifadə edilərək onu bir dərddən başqa bir bəlaya salan evliliklərə rəvac verilər, nə də başlıq vermək məsələsi meydana çıxardı.

  1. Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi, Bakı,  Təknur nəşriyyatı, 2005, s. 178-189. []
  2. Bəqərə, 2/234. []
  3. Mehr evlənmək əsnasında kişinin qadına verməyi öz öhdəsinə götürdüyü mal-mülkdür. []
  4. Vəli sözü burada qızın valideyni (atası), yaxud valideyni əvəz edən şəxs mənasında işlədilmişdir – tərcüməçinin qeydi. []
  5. Tirmizi, Nikah, 14, 1101 nömrəli hədis; İbn Macə, Nikah, 15, 1880 nömrəli hədis; Əhməd ibn Hənbəl, Müsnəd, VI cild, s. 260. []
  6. Əbu Davud, Nikah, 15, 2083 nömrəli hədis; Tirmizi, Nikah, 14, 1102 nömrəli hədis; İbn Macə, Nikah, 15, 1879 nömrəli hədis; Əhməd ibn Hənbəl, Müsnəd, VI cild, s. 66. []
  7. Şəmsəddin Səraxsi, Məbsut, XVI/124, Babu mən la təcuzu şəhadətuhu; Qasım ibn Abdulla Əli, Ənisul-füqəha, s. 148. []
  8. Əbu Davud, Nikah, 26, 2101 nömrəli hədis; İbn Macə, Nikah, 12, 1873 nömrəli hədis; Nəsai, Nikah, 35 (hədisin mətni İbn Macənindir. Xənsa adı Əbu Davud və Nəsaidə də vardır). []
  9. Nəsai, Nikah, 36; İbn Macə, Nikah, 12, 1874 nömrəli hədis; Əbu Davud, Nikah, 26, 2096 nömrəli hədis; Əhməd ibn Hənbəl, Müsnəd, VI cild, s. 136 (hədisin mətni Nəsaidən götürülüb). []
  10. Müslüm, Nikah, 66, 67, 68 – (1421); Əbu Davud, Nikah, 26, 2098 və 2099 nömrəli hədislər; İbn Macə, Nikah, 11, 1870 nömrəli hədis; Nəsai, Nikah, 33, 34. []
  11. İbn Macə, Nikah, 11, 1872 nömrəli hədis. []
  12. Məşhur məzhəblər ifadəsi dini ədəbiyyatda adətən əhli-sünnə məzhəbləri – Hənəfilik, Şafiilik, Malikilik və Hənbəlilik nəzərdə tutulduğu zaman işlədilir – tərcüməçinin qeydi. []
  13. Səraxsi, Məbsut, V cild, s. 13; Ömər Nasuhi Bilmən, Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, İstanbul, 1967, II cild, s. 49, 175-ci paraqraf (müəllif burada vəliyyi-əqrəb ifadəsini işlədib, vəliyyi-əqrəb isə ata və babadır). []
  14. İbn Qüdamə, Abdulla ibn Əhməd Məqdisi (540/620), Muğni, Beyrut, 1405, VII cild, s. 5. []
  15. İbn Həzm, eyni əsər, s. 25-38. []
  16. Səraxsi, eyni əsər, V cild, s. 10. []
  17. Səraxsi, eyni əsər, V cild, s. 13. []
  18. Səraxsi, yenə orada. []
  19. Buxari, Nikah, 36. []
  20. İbn Qüdamə, Muğni, VII cild, s. 338. []
  21. Bəqərə, 2/232. []
  22. İbn Qüdamə, yenə orada. []
  23. Şirbini, Muğnil-muhtac, III/262. []
  24. İbn Teymiyyə, Məcmuul-fətava, XXXII cild, s. 306-307. []
  25. Rağib İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992. []
  26. Rağib İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992. []
  27. Nəsai, Nikah, 36; İbn Macə, Nikah, 12, 1874 nömrəli hədis; Əbu Davud, Nikah, 26, 2096 nömrəli hədis; Əhməd ibn Hənbəl, Müsnəd, VI cild, s. 136 (hədisin mətni Nəsaidən götürülüb). []
  28. Əbu Davud, Nikah, 15, 2083 nömrəli hədis; Tirmizi, Nikah, 14, 1102 nömrəli hədis; İbn Macə, Nikah, 15, 1879 nömrəli hədis; Əhməd ibn Hənbəl, Müsnəd, VI cild, s. 66. []
  29. Seydi Əhməd Əd-Dərdir, Əş-Şərhul-kəbir, Məhəmməd Əlinin təhqiqi ilə, Beyrut, II cild, s. 221-223. []
  30. Məhəmməd ibn İdris Əş-Şafii (hicri 150/204), Umm, Beyrut, 1393, V cild, s. 13-15. []
  31. Yəni, bizə Cəbrailin peyğəmbərə gətirdiyi sözlərlə gəlib çatdığına görə mətni qeydsiz-şərtsiz doğru sayılır və ona itaət edilir. []
  32. Yəni, bizə peyğəmbərin ağzından çıxan sözlərlə deyil, mənası ilə gəlib çatdığına görə mətni qeydsiz-şərtsiz doğru sayılmır. []
  33. Nəhl, 16/44. []
  34. İbn Həzm, Əli ibn Əhməd ibn Səid, İhkam fi usulil-əhkam (elm xadimlərindən təşkil olunmuş bir heyət tərəfindən təhqiq edilmişdir), Darul-hədis, Qahirə, 1404/1984, I cild, s. 93. []
  35. Nəhl, 16/44. []
  36. Müslüm, Nikah, 66, 67, 68 – (1421); Əbu Davud, Nikah, 26, 2098 və 2099 nömrəli hədislər; İbn Macə, Nikah, 11, 1870 nömrəli hədis; Nəsai, Nikah, 33, 34. []
  37. İbn Həzm, Muhəlla, IX cild, s. 25-38. []
  38. İbn Həzm, yenə orada. []
  39. Oğlan tərəfinin evlilikdən əvvəl qız tərəfinə verdiyi pul və ya əşya. Başlığa bir çox yerdə süd puluana(lıq) haqqı, ata(lıq) haqqı və sairə kimi müxtəlif adlar verilir – tərcüməçinin qeydi. []
622 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Heyzli Qadının Orucu ilə Əlaqədar Şübhələr 14.05.09 424 dəfə oxundu
2 Qadının Boşanmaq Hüququ: İftida 14.05.09 462 dəfə oxundu
3 Qadınların Şahidliyi 14.05.09 315 dəfə oxundu
4 Hicab və Örtünmək (Təsəttür) 14.05.09 226 dəfə oxundu
5 Hicabı Qadağan Edənlər 14.05.09 313 dəfə oxundu
6 Nişanlıların Kəbini 14.05.09 644 dəfə oxundu
7 Münafiqlərin Korluğu 10.04.10 143 dəfə oxundu
8 Nikaha Nəzarət Etmək 14.05.09 622 dəfə oxundu
9 Müsəlman Olmayanlarla Münasibətlər 01.07.09 300 dəfə oxundu
10 Həccdə Ticarət və İctimai Fəaliyyət 01.07.09 264 dəfə oxundu
11 Bəşər Peyğəmbər 06.07.09 292 dəfə oxundu
12 Təsbeh 06.07.09 397 dəfə oxundu
13 Ailənin Adından Bir Qurban Kəsmək 26.02.10 197 dəfə oxundu
14 Donuz Dərisi 02.11.09 253 dəfə oxundu
15 Heyzli Qadının Orucu və Namazı 24.02.10 267 dəfə oxundu
16 Peyğəmbərin Həcc və Ömrə Ziyarətləri 06.11.09 212 dəfə oxundu
17 Əbu Hamid Qəzalinin Fəlsəfi-Etik Görüşləri 17.11.09 212 dəfə oxundu
18 Quran və Müsəlmanların Vəziyyəti 29.01.10 340 dəfə oxundu
19 Dəlillərlə Cümə Namazı 12.02.10 206 dəfə oxundu
20 İnsan Cəsədi və Avtopsiya 05.02.10 244 dəfə oxundu
21 Qadınların Cümə Namazında İştirakı Məsələsi 26.03.10 189 dəfə oxundu
22 Valideyndən Xəbərsiz Kəbin 29.06.09 683 dəfə oxundu
23 Ölüdən Kömək Gözləmək 28.03.10 131 dəfə oxundu
24 Faiz 29.03.10 192 dəfə oxundu
25 Namazları Cəm Etmək 08.04.10 240 dəfə oxundu
26 Vərdişlər 10.04.10 155 dəfə oxundu
27 Allah, İnsan və Xələf-Sələflik 12.04.10 142 dəfə oxundu
28 Nəsx Məsələsi və Daşqalaq Cəzası 27.05.10 151 dəfə oxundu
29 Qəndil 30.06.09 288 dəfə oxundu
30 Kişinin Boşamaq Hüququ: Talaq 18.07.10 130 dəfə oxundu
31 Oruc və Orucun Başlanğıcı 27.08.10 102 dəfə oxundu
32 ПОСТ и ЕГО НАЧАЛО 26.08.10 76 dəfə oxundu
33 Сунна Посланника 28.08.10 74 dəfə oxundu