Müsəlmanlar
Təravih namazı

Təravih namazı

Təravih namazı

Təravih sözü tərvih sözünün cəm formasıdır. Tərvihə kəlməsi istirahət etmək, dincəlmək, rahatlıq hiss etmək, sevinməkbir işi asanlaşdırmaq üçün o işi növbətlə görmək kimi mənalar daşıyır. Təraviz namazı Ramazan ayında gecə (xüftən) namazının axırıncı müstəhəbindən (nafilə) sonra qılındığına görə və hər 4 rükətindən sonra bir az istirahət edildiyi üçün belə adlandırılmışdır.

Mötəbər hədis kitablarında göstərilən səhih rəvayətlərə əsasən peyğəmbərimizin Ramazan gecələrinə məxsus olaraq qıldığı xüsusi bir namaz yoxdur! Həzrəti Aişənin bildirdiyinə görə peyğəmbərimiz istər Ramazan ayında, istərsə başqa bir vaxtda gecələri 11 rükətdən artıq nafilə (müstəhəb) namaz qılmayıb. ((Buxari, Səlatut-təravih, 1.))

Həzrəti Aişədən gələn başqa bir rəvayətdə belə deyilir:

Rəsulullah (Allahın salamı onun üzərinə olsun) bir gecə məsciddə nafilə namaz qılanda camaatdan bir çox adam da ona tabe olub namaz qıldı. Səhər açılanda əshabələr öz aralarında: “Allahın elçisi gecə vaxtı məsciddə namaz qıldı”, – deyə danışmağa başladılar. Ertəsi gün Rəsulullah (əleyhissəlam) yenə namaza durdu. Camaat yenə bu barədə danışmağa başladı, namaz qılanların sayı xeyli çoxaldı. 3 və 4-cü gecələr də camaat yenə yığışdı. Elə oldu ki, məscid artıq camaatı tutmadı. Lakin Rəsulullah (əleyhissəlam) o gecə onların yanına gəlmədi. Səhər açılanda isə camaata: “Sizin nə etdiyinizi gördüm. Yanınıza ona görə gəlmədim ki, bu namazın sizə fərz (vacib) olacağından ehtiyat etdim”, – dedi. Bu hadisə Ramazanda baş vermişdi. ((Buxari, Səlatut-təravih, 1, Cümə, 29, 5; Müslim, Müsafirin, 177 (761); Muvatta, Səlat fir-Ramazan, 1; Əbu Davud, Səlat, 318; Nəsai, Qiyamul-leyl, 4.))

Peyğəmbərimiz öz nafilə namazlarını Ramazan ayı xaricində məsciddə qılmırdı. Həmişə qıldığı 11 rükət namazı isə Ramazanın axırıncı 10 günündə etikafa çəkildiyinə görə məscidə qılmışdı. Bunlardan 3 rükət vitr namazına aid idi və 8 rükət qalırdı. Məhz bu 8 rükət namazı təkbaşına qıldığı vaxt camaat namazda ona tabe olub. Bəzi insanların: “Təravih namazı 8 rükətdir”, – deməyinin səbəbi də budur.

Təravih namazının cəm halda və 20 rükət qılınması 2-ci xəlifə Ömər (Allah ondan razı olsun) dövründə başlayıb. Bundan əvvəl nə peyğəmbərimizin (Allahın salamı ona olsun) sağlığında, nə Əbu Bəkrin xəlifəlik etdiyi dövrdə, nə də Ömərin  xəlifəlik dövrünün ilk illərində belə bir namazın cəm halda  və 20 rükət qılındığına dair heç bir mənbə yoxdur. Başqa sözlə, buna dair bir rəvayət yoxdur.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.