Müsəlmanlar

Müxtəlif dinlərdə oruc

Müxtəlif dinlərdə oruc

Uca Allah Quranda əvvəlki xalqlara da oruc tutmağı əmr etdiyini bildirir. Bu məsələ ilə bağlı Quran ayəsində Allah belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə” surəsi, 183).

Bəli, ayədə də buyrulduğu kimi bütün dinlərdə oruc olub və hazırda mövcud olan dinlərdə də bu fərqli tərzdə həyata keçirilsə də mövcuddur. Demək olar ki, bütün dinlər mənsublarına oruc tutmalarını əmr edib.

Yəhudilikdə oruc

Yəhudilik əsasən Hz.Musa tərəfindən əmr edilən “Kəffarə” orucunu əsas qəbul edir. Yəhudilər müəyyən və adət halına gətirdikləri bayramlarından, xüsusilə də Yom Kippurdan əvvəl oruc tuturlar. “Kəffarə” adlandırılan oruc məcburidir.

Bundan başqa, yəhudi təqvimində müəyyən edilən oruc günləri də var. Məsələn, Babil əsarətində başlarına gələn fəlakətləri xatırladan (iyul, avqust, tishril, tebet aylarına uyğun gəlir) oruclar bu qəbildəndir. Bəzi Talmud təfsirçiləri “yəhudilər başqa dövlətlərin hakimiyyətləri altında yaşayarkən həmin orucların məcburi, əks təqdirdə isə könüllü olduğunu bildirirlər. Yəhudilərin məruz qaldığı başqa müsibətləri yada salmaq məqsədilə tutulan oruc günləri zaman ötdükcə digərlərinə əlavə edilib, lakin əksəriyyət tərəfindən rəğbətlə qarşılanmadığı üçün məcburi sayılmayıb. Yəhudilikdə bəzi kiçik dəyişikliklərlə bu cür orucların sayı 25 günə çatıb.

Yəhudilərin məskunlaşdıqları müxtəlif ölkələrə görə dəyişən yerli orucları da mövcuddur. Bu oruclar yəhudilərin həmin ölkələrdə məruz qaldıqları əziyyətlərin rəmzi mənasında tutulur. Bundan başqa, eyni məqsədlə bəzi yəhudi qrupları tərəfindən tutulan oruclar da var. Bunlar ancaq matəm üçün deyil, bəzi adamların yaşadıqları müstəsna günlər üçündür. Bəzi yəhudi qrupları arasında ilin əvvəlində oruc tutmaq ənənəsi geniş yayılıb. Bunlardan başqa, camaata ağır gələn qanunları və əmrlərə etiraz əlaməti olaraq tutulan və ya ölkədə yağış yağmayanda, qıtlıq olanda yalvarmaq məqsədi ilə hahamlar tərəfindən qoyulan və tutulması əmr edilən oruclar da mövcuddur.

Yəhudi tarixində keçmişdən bəri geniş yayılmış oruc növlərindən biri də bəzi şəxslərin tutduğu orucdur. Bu oruc fərdi şəkildə həyata keçirilir. Günahları bağışlatmaq, yaxud bir müsibət anında Allahın mərhəmətini cəlb etmək məqsədi daşıyır. Qorxulu yuxu görən adamın da tez oruc tutmağı lazımdır.

Yəhudilikdə oruc üfüqün çıxmasından ilk ulduzun görsənməsinə kimi davam edir. Kəffarə günü orucu ilə avqust ayının 9-na düşən oruclar bir axşamdan sabahkı axşama kimi davam edir. Adi oruclar üçün qoyulmuş ayrı hökm və ənənə yoxdur. Yəhudilərin müqəddəs kitablarından oruc nəfslərin alçaldılması, ona əzab verilməsi və oruc tutanın heç bir iş etməməsi şəklində ifadə edilir (“Levililər”, XVI/29-31; XXIV/26-28; “Sayılar”, XXIX/7).

Avqust ayının ilk doqquz günü ilə iyul ayının 17-si və avqustun 10-u arasındakı bəzi günlər ancaq ət yemək və içki içmək qadağasını ehtiva edən oruc günləridir. Bundan başqa, “Beyt ha-Kineset”də (məbəddə Sinaqoq-Havra) Tövrat yerə düşsə haham (Rav) götürür. Həmin adam və orda olan bütün camaat 30 gün oruc tutmağa məcbur olur. Buna “Cumhur (camaat) orucu” deyilir. “Taanit” nəfsə əziyyət vermək deməkdir. Ancaq camaatın başçısı Taanit orucu qoya bilər.

Yəhudilər və Hicazdakı ərəblərin əksəriyyətinin tutduqları “Aşura orucu” var idi. Hz.Muhəmməd Mədinəyə hicrət edəndən sonra yəhudilərin aşura günü oruc tutduqlarını gördü. Bunun səbəbini soruşdu. Onlar: “Bu xeyirli bir gündür. Allahın İsrail oğullarını düşmənlərindən xilas etdiyi gündür. Hz.Musa da bu gün oruc tutmuşdur”, – dedilər. Həzrəti Peyğəmbər: “Mən Musaya sizdən daha yaxın və daha layiqəm”, – buyurdu. Həmin gün özü oruc tutduğu kimi səhabələrinə də tutmalarını əmr etdi. Ramazan ayı orucu vacib olandan sonra Aşura günü ilə birlikdə ya bir gün əvvəl, ya da bir gün sonra tutulmasını tövsiyyə etdi.

Yəhudilərin müqəddəs kitabında oruc nəfsi alçatmaq, ona əziyyət vermək şəklində qeyd edilib, səfərdə və ya yurdunda olmasından asılı olmayaraq oruc tutanın heç bir şey etməyəcəyi bildirilib (“Levililər”, XVI/29-31; XXIV/26-28; “Sayılar”, XXIX/7).

Xristianlıqda oruc

Xristianlıqda oruc müxtəlif dəyişikliklərə məruz qalıb. Bundan başqa, yəhudilikdəki Kəffarə orucunu da yerinə yetirib. Hz.İsanın dövründə və xristianlığın ilk dövrlərində oruc çox təqdir edilən bir ibadət idi.

Yuxarıda “Bəqərə” surəsində qeyd edilən ayədə İslamdan əvvəlki xalqlara da orucun fərz edildiyi bildirilir. Ancaq bu orucun mahiyyəti və şərtləri haqqında dəqiq məlumata malik deyilik. Hz.İsanın orucla bağlı hökmlər qoymadığını, özündən sonra bəzi əsaslar bildirdiyi və bu məsələdə kilsəyə sərbəstlik verdiyi qeyd edilir. Tertulliyen “Oruc haqqında” adlı əsərində həvarilərdən qalma məcburi orucdan bəhs edir.

Hazırda xristianlıqda iki cür oruc var: Ökaristik oruc (Le Jeune Eucharistique), Eklisiyastik oruc (Le Jeune Ecclesiastique).

Ökaristik oruc (evxaristik): Bu oruc Kominyondan (çörək-şərab mərasimi) əvvəl müəyyən bir müddət qatı maddələrin yeyilməsinin qadağan edilməsidir. Ökaristiyanı (çörək-şərab mərasimini) qarşılamaq üçün “Ökaristik oruc” adlandırılıb. Bu oruc əvvəllər gecə saat 12-dən Kominyon vaxtına kimi heç bir şey yeyib-içməmək tərzində olduğu halda, II Vatikan konsilindən (məclisindən) sonrakı dəyişikliklə Kominyondan 1 saat əvvəl heç bir şey yeməmək və 3 saat əvvəl heç bir spirtli içki içməmək şəklində icra edilir.

Eklisiyastik oruc (Le Jeune Ecclesiastique): Bu oruc Katolik kilsəsində 40 günlük pəhriz dövrüdür. Kilsə təqviminə görə, ilin müəyyən dövrlərində yerinə yetirilən bir Kəffarədir (tövbədir). Bu oruc hazırda daha da yüngülləşdirilib və azaldılıb. Gündüz bircə yemək yemək, səhər-axşam da yüngül yeməklərlə kifayətlənmək şəklində tutulur.

Ortodokslar (provoslavlar) orucda qədim ənənəyə bağlıdırlar. Onlarda orucun daha sərt və uzun dövrləri var. Bəzi qruplar istisna olmaqla protestantlar orucu rədd edirlər. Anqlikan kilsəsi oruc günlərini təyin etdiyi halda, yerinə yetirilməli hökmləri oruc tutanın ixtiyarına və vicdanına buraxıb.

Xristianlıqda orucun müxtəlif ölkələrə görə dəyişən hökmləri və ənənələri var. Bəziləri yumurta və meyvə yeməkdən kənarlaşır, bəziləri ancaq quru çörək yeyir, bəziləri də bunların heç birini yemir. Bəziləri də ancaq göyərti yeyərək oruc tuturlar.

Hinduizmdə oruc

Hinduizmdə nəfsin təmiziliyi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tutulur. Hinduizmin mənsublarının dua və ibadətlə keçirdikləri xüsusi günləri var. Bu günlərdə əksəriyyət yemək yeməz, bütün gecə müqəddəs kitablarını oxuyaraq və tanrını düşünərək vaxtlarını keçirirlər. Onlarda oruc çox qida qəbul etməmək tərzindədir. Bu bir növ pəhrizdir. Bu bütün hindust qruplarda geniş yayılıb.

Bəzi günlərdə ancaq qadınlar oruc tutur və “Tanrının qadınlıq sifətlərinin təcəlligahı” olan tanrıçaya dua edirlər. Bu günlərə xüsusi əhəmiyyət verdikləri üçün “Əhd” adlandırırlar. Bu günlər nəfslərini təmizləməyə ayrılmış günlərdir. Məqsədləri də ruhani (mənəvi) bir qida ilə ruhu qidalandırmaqdır.

Brahmanlarda oruc çox geniş yer tutur və tətbiq edilir.

Brahmanlar hələ məhəlli ayların 11-ci və 12-ci günlərində oruc tuturlar. Bu ənənəni davam etdirənlərə görə tutduqları orucun sayı 24 günə çıxır.

Caynizmdə oruc

Caynistlərdə oruc çox geniş yer tutur. Daha ağır şərtlər və hökmlər daşıyır. Caynistlər arxa-arxaya 40 gün oruc tuturlar. Bu oruc müxtəlif şəkildə qida yeməmək şəklindədir. Caynistlər haqlı bir səbəbə görə orucla intiharı qəbul edirlər. Bundan başqa, caynistlərdəki “Ahimsa prinsipi” geniş yayılıb. Bu əsasa görə heç bir canlıya zərər verməmək bir ibadətdir.

Şintoizmdə oruc

Yaponların milli dini olan Şintoizmdə böyük bayramlardan (Matcuri) əvvəl, bir və ya üç gün oruc tutulur.

İslamda oruc və başqa dindəkilərlə müqayisə

Oruca ən aydın tərzdə İslamda rast gəlirik. İslamda orucun şərtləri, vaxtı və hökmləri müəyyəndir. Üzürlü səbəblər istisna olmaqla orucun tutulması həvəsə buraxılmayıb. Heç bir şəxsin, heç bir qurumun qoyulan qaydaları dəyişdirməyə səlahiyyəti və haqqı yoxdur. Bu əsaslar Quranla və Peyğəmbərin sözləri ilə müəyyən edilib.

Başqa dinlər oruc gününün başlanğıcını və qurtarmasını müəyyən etməyib, bağlayıcı hökmlər qoyaraq ibadət nizamı halına gətirə bilməyib, məsələni tamamilə sərbəst qoyublar. Əksər dinlərdə insanlar oruc tutacaqları günləri seçir, sayılarını müəyyən edir, tamamilə və ya qismən yeməkdən-içməkdən kəsilmə tərzindən birini şəxslərin öhdəsinə buraxırlar. Bu cür din mənsubları ya yeməkləri tamamilə tərk etmək və ya bəzilərini seçməklə əmr olunublar. Hind dinlərindən bu cür tutulan oruclara rast gəlmək mümkündür. Bu din mənsublarının bəziləri ət, bəziləri odda bişəni yemir, bəziləri də ancaq bir neçə çeşid yeməklə və ya duzlu su ilə kifayətlənirlər.

Bu hərənin öz həvəsinə buraxılan sərbəstliklər orucun qiymətini və gücünü zəiflədib, orucdan gözlənən nəticəni verə bilməyib. Orucun istəyə buraxılması insanların həddi aşmalarına, orucdan gözlənən əxlaqın təkmilləşməməsinə, funksiyalarını itirməsinə səbəb olub.

İslam bütün ibadətlərdə olduğu kimi, orucda da köklü islahatlar və təkmilləşdirmə həyata keçirib. İslam orucu müəyyən qayda-qanunlarla tutulmasını əmr edib, insanların öz ixtiyarına buraxmayıb, insanın yaradılışına ən uyğun, ən asan mənəvi faydaları içində ehtiva edən, cəmiyyətə və şəxslərə ən çox təsir edən bir səviyyədə təqdim edib.

İslamın gətirdiyi yeniliklərdən biri də yəhudilikdə matəmin və tarixi müsibətlərin xatirəsi olan orucu bədbin, uğursuz və qaranlıq çərçivədən xilas edərək nikbinliyin hakim olduğu aydınlıq verən və sevinc gətirən, axırını bayramla bitirməsi və hamıya şamil etməsidir.

İslam bütün mənasız qeydləri və hökmləri aradan qaldıraraq orucu nəfsə işgəncə verməkdən və cəza olmaqdan xilas edərək Allaha yaxınlaşmağa səbəb olan bir ibadət edib. İslam istisnaları çıxmaq şərti ilə həddi-büluğa çatan hər müsəlman üçün orucu məcbur edib, insana gücünün çatmadığı, ona zülm verəcək şeyləri əmr etməyib, əksinə, sahurun gec yeyilməsini savab sayıb, sahura durmağı, iftarı tez açmağı bildirib. Gecə və gündüz yatmağı, istirahət etməyin mübah olduğunu qeyd edib, sənətlə, ticarətlə və faydalı işlərlə məşğul olmağı heç kimin öhdəsinə buraxmayıb. İslamdan başqa digər dinlərin əksəriyyətində oruc günəş aylarla (şəmsi aylar) hesablandığı üçün oruc hər ilin eyni fəsillərində yerinə yetirilib. İslamda isə oruc ayla əlaqələndirilib. Qəməri aylar əsas qəbul edilib və buna görə ən az 45 il yaşayan bir adam hər fəsildə oruc tutmağın zövqünü hiss edə bilər.

Müəllif: Elşad Miri (ilahiyyatçı alim)