RUH
(Allahdan gələn bilik və onu dəyərləndirmə qabiliyyəti)
Quranda ruh kəliməsi, iki mənada işlədilir. Birincisi Allahdan gələn (ümumi) bilik, ikincisi isə insanlarla cinlərə verilən elə bir qabiliyyətdir ki, onunla bir şeyi dəyərləndirmə və yeni şeylər icad etmək gücünü əldə edirik. Xüsusilə də bu sayədə imtahan edilirik.
Allah, öz biliyindən mələklərə, nəbilərə, canlı-cansız bütün varlıqlara, istədiyi qədər verir və onlara vəzifələr yükləyir. Bu ayədə ruh, Allahdan gələn bilik mənasındadır:
“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra, 17/85)
Allahın elmi xəyallara sığmaz bir böyüklüyə sahibdir. Bu barədə Quranda belə bildirilir:
De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı” (Kəhf 18/109)
“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (Loğman, 31/27)
Allahın elmindən insanlara verilən, onların ehtiyacları qədərdir. Əlaqədar ayə belədir:
Sizə, ehtiyacınız olan elmi verən bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz? (Ənbiya, 21/10)
“Ehtiyacınız olan elm” deyə məna verdiyimiz zikr, aradakı bağları qurub, birlikdə düşünülüb öyrənilən və ağıldan çıxarılmaması lazım olan doğru bilikdir.[1] İlahi kitablardakı bilik bu bilik olduğu üçün hamısının müştərək adı zikrdir.[2]
Allahın insanlara və cinlərə yüklədiyi ruh isə onların vücudlarına girib çıxa bilən ikinci vücud kimidir. Bu onları, bütün canlılardan fərqli vəziyyətə gətirir
Ruh, insana əldə etdiyi məlumatları dəyərləndirmə, yeni məlumatlara çatmaq və həyat tərzini dəyişdirə bilmək qabiliyyətini qazandırdığı üçün onu imtahan ediləcək varlığa dönüşdürür.
Bu girişdən sonra ruh üçün belə bir tərif verilə bilər:
“Ruh, Allahdan gələn və ya əldə edilən biliyi qavrayıb dəyərləndirməyə və həyat tərzini dəyişdirməyə imkan verən bir qabiliyyətdir.”
Ərəbcə ruh الرُّوحُ=rəfah, rahatlıq və qayda mənasına gələn رَوْحُ = ravh kökündəndir.[3] Allahdan gələn elmdə və o elmi doğru dəyərləndirən insanlarda bu qabiliyyətlərin hamısı olduğu üçün bu tərif ruhun kök mənasına da uyğun gəlir.
Bu araşdırmamızda, Allahdan gələn bilik mənasındakı ruhla insanlara və cinlərə yüklənən qabiliyyət yönündəki ruhu iki ayrı başlıq altında incələyəcəyik:
- ALLAHDAN GƏLƏN BİLİK/RUH
Allahdan gələn bilikləri ehtiva edən kitablara və onları gətirən Cəbrayıla ruh deyilmişdir. Qədir gecəsində mələklərə verilən vəzifələr də Allahın əmrlərini ehtiva edən ruhlardır.
Aşağıda görüləcəyi kimi Allah göylərə , yerə və canlı-cansız bütün varlıqlara bilik yükləmişdir. Bir də Allahın çalışqan və dürüst insanları dəstəklədiyi ruh vardır. Bunların hər birinə Qurandan misal gətirmək istəyirik:
- Kitab vasitəsilə nazil olan ruh
Allah’ın nazil etdiyi kitabların hamısı Ondan gələn bilikləri ehtiva edir.[4] Bu kitabların Allahdan gələn bilik mənasında ruh olduqlarını bildirən ayə belədir:
Mələkləri öz əmri olan ruhla birgə seçdiyi şəxsə göndərib buyurur: “Qullarımı
xəbərdar edin ki, Məndən başqa ilah yoxdur. Məndən çəkinin!” ( Nəhl, 16/2)
Bir başqa ayədə:
Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən. (Şura, 42/52)
Allahdan aldığı biliyi Onun nəbilərinə çatdırmaqla vəzifəli olan Cəbrayıla, “Ruhul Əmin/Güvənilən ruh” deyilmişdir. Əlaqədar ayələrin biri belədir:
Şübhəsiz ki, o (Quran) aləmlərin Rəbbindən nazil edilmişdir. Onu güvənilən/əmin Ruh endirdi. (Şuara, 26/192-193)
Cəbrayıl əleyhissəlam cinlərdən, yəni imtahana tabe varlıqlardan olduğu üçün o da bizim kimi ruh daşıyır. Ona “ruhul əmin” deyilmə səbəbi; Allahın nəbiləri arasında elçiliyi ilə və vəzifəsini layiqincə yerinə yetirərək, ruhunu kirlətməmiş olmasıyla əlaqələndirilmiş ola bilər.
- Canlı varlıqlara verilən Ruh
Allah Təala, canlı varlıqlara da bilik vermişdir. Bu haqda ayələrin biri belədir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. (Nəhl, 16/68)
İnsanı digər canlılardan ayıran şeyin ağıl olduğu deyilir. Halbuki aşağıdakı ayələrdə quşların və qarışqaların ağıllarını işlədərək danışdıqlarına və bir şeyi dəyərləndirdiklərinə yer verilir:
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar (müntəzəm) yerbəyer edildilər.” “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. (Nəml, 27/17-18)
Bu surədə eyni zamanda Süleyman əleyhissəlamla dialoqa girən hudhud adında bir quşdan və onun, Allaha şərik qoşan insanları görüb necə heyrətləndiyindən” bəhs edilməkdədir.[5]
- İLAHİ BİLİYİ DƏYƏRLƏNDİRMƏK QABİLİYYƏTİ.
İnsanlara və cinlərə yüklənən ruh onlara, biliyə yiyələnmək, o biliyi dəyərləndirmək, yeni məlumatlar ortaya çıxarmaq və həyat tərzini dəyişdirmək qabiliyyəti qazandırır. Yoxsa o ruhun yüklənməsi, onlara bilik yüklənməsi deyildir. Uca Allah belə buyurur:
“Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.” (Nəhl, 16/78)
İnsanlar və cinlər, doğru biliklə qarşılaşınca, rahatlayırlar. İnsanların ortaya qoyduğu biliyin doğruluğundan şübhə edilə bilər. Amma Allahdan gələn bilik, insanın ürəyinə yatar və onu sakinləşdirir. Rəbbimiz belə buyurur:
“…Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (kitabı ilə) rahatlıq tapır.” (Rad, 13/28)
İlahi bilikləri ehtiva edən Quran, insanı da cinləri də rahatladır. Ondan üz çevirən, işinə gəlmədiyi üçün üz çevirir və şeytanın oyuncağı olur. Bu səbəblə Rəbbimiz:
“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. “Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” (Zuxruf, 43/36-37)
- İnsana yüklənən ruh.
Uca Allah, insanın yaradılışı ilə əlaqəli belə buyurmaqdadır:
“…Yaradılışa necə başladıqsa, o şəkildə də təkrarlayacayıq. Bu bizim sözümüzdür, onu mütləq yerinə yetirəcəyik.” (Ənbiya, 21/104)
Necəki, Rəbbimiz insanın bədənini ana bətnində ilk olaraq ruhla cütləşdirir. Bunu aşağıdakı ayə bildirməkdədir:
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir…” (Fatır, 35/11)
Ruh, insana vücudun formasını tamamladıqdan sonra yüklənən qabiliyyətdir. O qabiliyyət onun ikinci vücudu olur. Uca Allah belə buyurur:
“Yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan (mayalanmış yumurtadan) əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüşdür. (Beləliklə) Sizə qulaq asmaq, bəsirət və könüllər vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə, 32/7-9)
Görüldüyü kimi bu ayələrdə, insanlara ruhun yəni qabiliyyətin, vücud formasını tamamladıqdan sonra yükləndiyi göstərilir. Aşağıdakı ayələr mövzu ilə əlaqəli ətraflı məlumat verir:
Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!” (Möminun, 23/12-14)
“Sonra da onu başqa bir məxluq tək xəlq etdik” ifadəsi, fərqli olmağın vücud formasının tamamlanmasından sonra olduğunu göstərməkdədir. Ruh üflənmədən qabaq gözlərin, qulaqların və qəlbin yaradılışı tamamlanır və sonra ruh ilə birlikdə qulaqda meydana gələn dinləmək, gözdə meydana gələn bəsirət və qəlbdə meydana gələn könül, vücudun deyil, ruhun xüsusiyyətlərini qazanmış olur. Beləliklə, digər məxluqlarda olan qulaq, göz və qəlbdən fərqli olaraq insanda dinləmək, bəsirət və könül var olmuş olur.
İnsan dediyimiz varlıq; Bu xüsusiyyətləri ilə əldə etdiyi bilikləri könlünə görə dəyərləndirib, davranışlarını dəyişdirə bilən və yeni şeylər icad edə bilən varlıqdır.
İnsanlar ruhun verdiyi bu xüsusiyyətlərdən istifadə etmədiyi zaman digər məxluqlardan fərqsiz hala gəlir. Bu barədə Uca Yaradan belə buyurmaqdadır:
“Cinlərin və insanların çoxunu sanki cəhənnəmlik olsunlar deyə yetişdirdik. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.” (Əraf, 7/179)
Yenidən diriliş günündə Rəbbimiz, son dəfə həmişəlik olaraq bədənimizi ruhumuzla təkrar cütləşdirəcəkdir. Əlaqədar ayə belədir:
“Ruhlarla bədənlər qovuşduralcağı zaman, (Təkvir, 91/7)
- İsa əleyhissəlamın kəlimə və ruh olması.
Allah Təala, İsa əleyhissəlam haqqında belə deyir:
“Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.”
Ayədə diqqət edəcəyimiz iki xüsus var: İsanın Allahın kəliməsi/kəlimətullah və Allahın ruhu/ruhullah olması.
Allahın kəliməsi nədir? Bunu aşağıdakı ayədən görə bilərik:
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Əli İmran, 3/47)
Demək ki, İsa əleyhissəlamın Allahın kəliməsi olması, atası olmadığı halda verdiyi “Ol” əmrindən sonra yaranmasıdır. Adəm əleyhissəlam da atası olmadığı üçün eyni əmr verilir və əslində bütün insanlar üçün bu əmr verilməkdədir.[6] Ruhullah olması da Adəm və bütün insanlara üfləndiyi kimi ona da bu ruhdan üflənməsi səbəbilədir.[7]
- Yatan və ölən insanın ruhu.
İnsana üflənən ruhun, onun ikinci vücudu olduğunu yuxarıdakı ayələrdə göstərdik. Aşağıdakı ayə də bunun doğruluğunu isbat etməkdədir:
“Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.” (Zümər, 39/42)
Bu ayəyə görə hər insanda iki nəfs vardır; birincisi bədən, ikincisi ruhdur. Bədən yatar və ya ölür amma ruh nə yatmaz nə də ölməz.
Ruh, bədəndən ev kimi istifadə edər. Bədən yuxuya gedəndə çıxar gedər, oyanınca gəlir. Eynilə, elektriyi kəsilip sönmüş kompyüter kimi. Bu ayə verdiyimiz misalı gözəl izah edir:
“Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi müəyyən olunmuş əcəliniz gəlib çatana qədər səhərlər oyadır. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. (Ənam, 6/60)
Yatan və ölən insan, zamanın nə vaxt keçdiyinin fərqində olmaz. Məsələn, Kəhf mağarasında 309 il yatıb qalanlar haqda Quranda belə deyilir:
“Bir birinə soruşub öyrənsinlər deyə onları oyatdıq. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər…” (Kəhf, 18/19)
Öldükdən sonra dirilmə anı barədə isə:
Sur üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. (Yasin, 36/51-52)
NƏTİCƏ
Ayələrin açıq-aşkar göstərdiyi kimi Quranda ruh kəliməsi, iki mənada işlədilir. Birincisi Allahdan gələn bilik, ikincisi də Allahın insanlara yüklədiyi qabiliyyətdir. Allah, öz biliyindən mələklərə, nəbilərə, canlı və cansız bütün varlıqlara, münasib gördüyü qədərini vermiş və vəzifələr yükləmişdir. Nəbilərə verdiyi biliklər, kitablara yazılmışdır. O kitabların içindəkini anlayanlar, həyat tərzlərini ona görə dəyişdirsələr, imtahanı qazanmış olarlar. Bunu eləmək üçün mənfəətlərini ikinci sıraya atmaq lazımdır. Bu səbəblə ən çətin şey mənfəətlərini buraxıb, doğrulardan yana olmaqdır.
İkinci vücud kimi yüklənən ruh, insana eşitməyin yanında dinləmək, baxmağın yanında bəsirət, qan dövranını idarə edən qəlbin yanında könül sahibi olma qabiliyyəti qazandırır. Ruh sayəsində əldə edilən qabiliyyətlə insan imtahan edilir və ona verilən məlumatlar hafizəsində qeyd edilməkdədir.
Uca Allah, özünə hakim olan və daim doğru əməllər işləyərək, imtahanı qazanan qullarından olmağı nəsib eyləsin.
Müəllif: Professor Abdüləziz Bayındır.
[1] Rağıb el-İsfahânî, el-Müfredât, (Safvân Adnan Davudî’nin tahkikiyle) Dımaşk ve Beyrut
1412/ ذكر . 1992 ve عرف maddeleri.
[2] Bax: Ənbiya, 21/24.
[3] Ahmed b. Faris b. Zekeriya, Mu’cemu mekâyîs’ul-luğa, رَوْحُ maddesi Beyrut,tarihsiz.
[4] Bax: Bəqərə, 2/136.
[5] Bax: Nəml, 27/24.
[6] Bax: Əli İmran, 3/59; Yasin, 36/82)
[7] Bax: Səcdə, 32/9.