Müsəlmanlar

Qadınların yad kişilərlə bir arada yemək yeməsi haramdırmı?

Sual: Qadınların yad kişilərlə bir arada yemək yeməsi haramdırmı?

Cavab: Bir qadının yad bir kişi ilə hər hansı bir iş məsələsi ya da məcburiyyət olmadan bir arada oturub yemək yeməsi uyğun deyildir. Gizli yerlərdə isə məcburiyyət halı xaric bir arada qalması haramdır. Ancaq bu məsələdə modernistlərin və ənənəçilərin hədlərini aşaraq və məsələ ilə əlaqəsi olmayan hadisələrə dayanaraq fətva verdiklərini görməkdəyik. Bu barədə modernistlər ən çox demokratik haqları, ənənəçilər isə peyğəmbərimizin zövcələrini misal gətirməkdədirlər. Halbuki nə demoktarik haqların nə də peyğəmbərimizin zövcələrinin bu məsələyə bir dəxli yoxdur.

Qurani-Kərim bizə bu barədə kimlərlə oturmağımızı və bir arada yemək yeməyimizi göstərməkdədir:

“Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.” (Nur 24/61)

Bu ayə həm heç bir qoruq qadağa tanımayan modernistlərə, həm də hər yad kişi və qadın əlaqəsinə haram hökmü verən ənənəçilərə gözəl izahat verməkdədir. Yəni ayədən də görüldüyü kimi bir müsəlman heç bir qoruq qadağa olmadan ancaq yuxarıda sayılan şəxslərin evlərində bir arada oturar və yemək yeyə bilər. Ənənəçilərin görüşlərinə də cavab olaraq, ayə: “…açarları əllərinizdə olan evlərdə,” yəni güvəndiyiniz və “yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz.”- deməkdədir. Bunlar yad və əqraba da ola bilərlər. Bir də ayənin sonu bu işdə gizli yerdə olmamaq şərtilə bir haramın olmadığını qəti şəkildə bildirməkdədir: “Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz…”

Eyni zamanda bu barədə səhih hədislər də bizə yol göstərir:

“Səhl ibn Səd (r. a.) belə deyib: “Əbu Useyd Əs-Saidi evləndiyi vaxt peyğəmbərimizi (s. a. v.) və onun əshabələrini toy yeməyinə dəvət etdi. Onlar üçün yeməyi hazırlayan da, süfrəyə verən də Useydin hələ təzəcə evləndiyi arvadı Ümmü Useyd idi. O, gecədən bir qazanın içində xurma islatmış, peyğəmbərimiz (s. a. v.) yeməyini yeyib qurtardıqdan sonra həmin şirəni öz əliylə peyğəmbərimizə (s. a. v.) təqdim etmiş, ona beləcə ikram etmişdi” (Buxari, Nikah, 78).

“Əbu Hazım belə deyib: “Mən Səhl ibn Səddən eşitdim”: Əbu Useyd Əs-Saidi peyğəmbəri (s. a. v.) öz toy yeməyinə dəvət etdi. Həmin gün hələ təzə gəlin olan arvadı onlara xidmət edirdi…” (Buxari, Nikah, 79).

Deməli, bir qadın qapalı bir yerdə təkbaşına qalmamaq şərtilə ona yad olan kişilərlə eyni mühitdə ola bilər. Onlara xidmət də göstərə bilər.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4494.html

http://www.muselmanlar.com/fitvalar/2860.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.