Müsəlmanlar

Quranda cəmi neçə ayə var?

Sual: Deyilənə görə Quranda 6.666 ayə var. Amma mən saydım, cəmi 6.236 ayə oldu. Quranda neçə ayə var və bu ayələrin sayı niyə 6.666 olub?

Cavab: Quranın sayı ilə əlaqədar alimlərin arasında fərqli fikirlər var. Bu fərqliliyin bəzi səbəbləri də bir alimin ayənin sonu olaraq qəbul etdiyi yeri başqa bir alimin qəbul etməməyi, surənin başında qeyd edilən bəsmələnin və hurufu-müqəttəənin müstəqil bir ayə sayılıb sayılmamağı kimi və buna oxşar məsələlərdir. Bəsrə, Kufə, Məkkə və Mədinə məktəbinə mənsub alimlər ayələrin sayı ilə əlaqədar fərqli fikirlər qeyd ediblər. Mədinəlilərdən İmam Nafinin fikrinə əsasən Quranda 6.217, Şeybə İbn Nisaha əsasən 6.214, Əbu Cəfərə əsasən də 6.210 ayə var. Məkkəlilər cəmi 6.220 ayə, Bəsrəlilər  6.205 ayə, Kufəlilər isə 6.236 ayə olduğunu bildiriblər.

Təfsirçi Zəməxşəri isə 6.666 ayə olduğunu qeyd edib və bəzi insanlar  bunun belə olduğuna daha çox inanır. Lakin İslam aləmində ən məşhur olan və indi əlimizdəki bu müshəflər, Kufə üsuluna əsasəndir. O da hər kəsin asanlıqla hesablaya biləcəyi kimi, 6.236 ayədən ibarətdir. Ayə fərqinin səbəbi də yuxarıda qeyd edilib. Halbuki Kufəlilərin əlindəki Quran ilə Məkkə, Mədinə və ya Bəsrəlilərin əlindəki Quran arasında heç bir fərq yoxdur. Hamısı eyni Quranı, amma fərqli şəkildə şərh edib. Bu səbəbdən də məzhəblərin arasındakı  say fərqinə baxaraq əlimizdə olan nüsxələrdən az ya da çox olduğunu deyə bilmərik.

(Mənbə üçün bax: Nihat Azamat “Ayə” Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası, 4-cü cild, s. 242-243. Çingiz Yağçı, Şamil İslam Ensiklopediyası, İstanbul 2000-ci il, 1-cild s. 240-241.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.