Müsəlmanlar
Quran təkcə kişilərə müraciət edir?

Quran təkcə kişilərə müraciət edir?

Sual: Quran ancaq kişilərə müraciət edən bir kitabdır? Nəyə görə Quran ayələrində qadınlardan bəhs edildikdə kişiləri araya vasitəçi kimi qoyub: “Qadınlarınıza deyin”, - formasında cümlələr işlədilir?

Cavab: Quran təkcə kişilərə deyil, kişi və qadın hər bir müsəlmana xitab edən bir kitabdır. Quran ayələrindəki “Ey Adəm oğulları”, “Ey insanlar”, “ümmət”, “qövm”, “kişi və qadın”, “mömin kişilər-mömin qadınlar”, “müsəlman kişilər” və “müsəlman qadınlar” kimi ümumi xitabların əhatəsinə həmişə qadınlar da daxildirlər.

Bununla yanaşı, Quran vəhyini alan şəxs Muhəmməd peyğəmbər (s. a. v.) olduğuna görə bir çox hökm onun özünə müraciətlə bildirilib.

Buna aşağıdakı ayələri misal göstərmək olar:

“Mömin kişilərə de ki, gözlərini (harama) dikməsinlər, namuslarını qorusunlar”. (Nur, 24/30)

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar; öz-özlüyündə görünən hissələr istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər”. (Nur, 24/31)

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər”. (Əhzab, 33/59)

Bu ifadələrdə anormal bir şey yoxdur. Bəzi Quran ayələrində də müraciət birbaşa qadınlaradır:

“Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar”. (Əhzab, 33/30)

“Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik”. (Əhzab, 33/31)

“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Daima ciddi və müvafiq qaydada danışın”. (Əhzab, 33/32)

“Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin”. (Əhzab, 33/33)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.