Müsəlmanlar

Lotereya oynamaq olar, yoxsa yox?

Sual: Məni bir məsələ düşündürür: Lotereya bileti alıb oynamaq qumarla eyni şeydir, yoxsa yox? Bəzi firmalar satışları artırmaq üçün alıcılara bilet verir, sonra da uduş keçirirlər. İslamda bu kimi şeylərə necə baxılır?

Cavab: Lotereya oynamaq qumardır. Qumar Allah tərəfindən qadağan olunub. Bir sözlə, haramdır. Allah bundan uzaq durmağı əmr edir:

“Ey iman gətirənlər! Şübhəsiz ki, içki də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Həqiqətən, şeytan içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”. (Maidə, 5/90-91)

Lotereyada minlərlə, yüz minlərlə, hətta bəzi ölkələrdə milyonlarla insan bu işə pul qoyur. Nəticədə isə bir neçə nəfər udur.

Bəzi firmaların alıcılarına hədiyyə verməyində dini cəhətdən bir problem yoxdur. Çünki bu, hədiyyədir.

Lakin bəzi telekanallar təxminən belə bir məzmunda elanlar verir: “Hörmətli tamaşaçılar, filan nömrəyə sms (mesaj) yollayın, biz də sizi filan verilişimizə dəvət edək. Həmin verilişdə filan tiraj oynanacaq, beləcə, sizin də filan hədiyyələri qazanmaq şansınız olacaq”. Bu da qumardır. Çünki insanlar buna pul qoyur və nəsə qazanmaq məqsədi güdürlər. Telekanallar bildirdikləri nömrəyə göndərilən hər smsdən pul qazanırlar.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/756.html

http://www.muselmanlar.com/fitvalar/1746.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.