Müsəlmanlar

Molla kəbininin şərtləri nədir?

Sual: Biz molladan kəbin kəsdirmək istəyirik. Bunun şərtləri nədən ibarətdir?

Cavab: İslam dininə əsasən kəbinin şərtləri aşağıdakı kimidir:

Muhəmməd  peyğəmbərdən (s. a. v.) belə bir hədis rəvayət edilib:

“Vəli və iki etibarlı şahid olmadan kəbin olmaz. Bu cür kəsilməyən kəbin batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs (sultan) vəlisi olmayanın vəlisidir”. ((Əbu Davud, Nikah, 20; Tirmizi, Nikah, 14; İbn Macə, Nikah, 15; Əhməd ibn Hənbəl, Müsnəd, 6/66.))

Sultan burada səlahiyyətli dövlət orqanı və bu səlahiyyəti olan şəxs deməkdir.

Vəli sözünə gəldikdə, bununla ata, baba, oğullar, qardaşlar, əmilər və sairə nəzərdə tutulur. Əgər bunlardan heç biri yoxdursa, yaxud da olduğu halda, öz borcunu yerinə yetirməsə, bu iş səlahiyyətli şəxsin sərəncamına keçir.

İndiki dövrdə vəlisiz kəbin kəsilmir. Kəbini təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi dövlət qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaqları vəlilik səlahiyyətindən istifadə etməkləri deməkdir. Kəbin kəsən dövlət məmurunun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: “Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm”, – deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir. Yəni, bu şəxsin kəbini təsdiq və rədd etməyi onun səlahiyyətindən istifadə etməsi deməkdir.

Peyğəmbərimizin kişilər üçün vəli şərtini irəli sürməməyi, qadınlar üçün də vəlinin təsdiq etməyinin kifayət olduğunu qəbul etməsi evlənməyi asanlaşdırır və möhkəm ailələrin qurulmağına səbəb olur.

QEYD: Sualınızda dində kəbin üçün tələb olunan şərtləri soruşduğunuz üçün məsələni dini cəhətdən izah etdik. Məlum olduğu kimi, ölkəmizdə axund və mollalar tərəfindən dini kəbin kəsilir. Hətta bu iş son illərdə ayrı bir xidmət sektoruna çevrilib. Lakin bu kəbinin (molla tərəfindən Azərbaycan və Ərəb dillərində yazılmış kağız verilsə də) heç bir hüquqi cəhəti və etibarlılığı yoxdur. Hətta bəzi molla və axundlar adətən bu kəbin kağızını (son vaxtlarda buna “şəhadətnamə” deyirlər) müəyyən qədər pul (guya şirinlik, zəhmət haqqı kimi, halallıq üçün: “3 manat pul, 1 kəllə qənd” formulu!) alıb dərhal verirlər. Başqa sözlə desək, həmin vaxt orada nə evlənən tərəflər olur, nə də başqaları. Çünki bəzi insanlar bu işi adam göndərib “həll” etdirirlər! Məgər evlilik bu qədər qeyri-ciddi bir məsələdir?! Bu cür kəbin həm qanuni cəhətdən, həm də dini baxımdan düzgün deyil! Qısa desək, evlənmək istəyən insanlar müvafiq dövlət orqanına müraciət etməli və lazımi tələbləri yerinə yetirməlidirlər.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/1107.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.