Müsəlmanlar

Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri

Sual: Kəbin (nikah) ilə əlaqədar suallara verdiyiniz bəzi cavablar məni qane etmir. Siz deyirsiniz ki, ailənin icazəsi olmadan molla kəbini kəsdirmək düzgün deyil. Siz belə deməklə insanları tağut-müşrik dövlətin qeydiyyat şöbəsinə (Zaqs nəzərdə tutulur) istiqamətləndirirsiniz. Halbuki, orada kəsilən kəbinə əsasən zifafa daxil olmaq zinadır. Əgər dinimizdə zorla evlənmək yoxdursa, zorla evləndirməmək necə olur? Bir-birini sevən, üstəlik də dini-imanı öz yerində olan insanların dini başa düşməyən ailələri ucbatından İslam dini nə üçün evlənməyə icazə verməsin ki? Bu məsələdə bir səhv var. Məncə kəbində ailənin icazəsi şərt olmamalıdır...

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, bizim kimisə qane etmək kimi bir vəzifəmiz yoxdur. Biz saytımıza daxil olan suallara əlimizdən gəldiyi qədər Quran ayələri və peyğəmbərimizin mötəbər hədislərinə əsasən cavab hazırlamağa çalışırıq. Aktual dini məsələləri izah edirik.

Valideynin icazəsi olmadan kəsilən kəbinin etibarsız hesab edilməsinə dair hökm bizim deyil. Bu hökm Allah və peyğəmbərinə məxsusdur! Başqa sözlə desək, Allah və peyğəmbəri tərəfindən bildirilib ki, kəbin mütləq bir nəzarət şəraitində kəsilməlidir və bu qaydaya zidd olan kəbinlər etibarsızdır.

Bir-birini sevən və özünü dindar hesab edən hər bir kəs ailələrindən gizli və xəbərsiz, eləcə də, səlahiyyətli dövlət orqanları (VVAQ-ZAQS) tərəfindən təsdiq edilmədən, rəsmiləşdirmə aparılmadan, yəni, tamamilə nəzarətsiz surətdə birlikdə olacaqlar və buna dinimiz icazə verəcək?!? Belə bir şey qətiyyən olmaz. Ola bilməz. Əgər buna icazə verilsə, o halda zina nəyə deyiləcək? Belə bir şeyi dinimiz baxımından münasib və düzgün hesab etmək cinayət olardı.

Başqa sözlə, dini özünüzə müvafiq hala salmağa cəhd etmək əvəzinə, özünüzü dinə uyğunlaşdırmağa çalışsanız, yaxşı olar. Bununla yanaşı, bilmədiyiniz məsələlərdə hökm verməməyinizi də tövsiyə edirik.

Kəbin və kəbinə nəzarət məsələləri ilə əlaqədar olaraq aşağıdakı keçiddə ətraflı məlumatla tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/xususi-kateqoriyalar/nikah-evlilik/393.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.