Müsəlmanlar
Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var?

Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var?

Sual: Belə bir hədis var: “Məni ata-anası, qardaş-bacıları və bütün bəşəriyyətdən çox istəməyən (sevməyən) insan həqiqi mömin deyil”. Bu hədis səhihdir (mötəbər)? Biz bunu necə başa düşməliyik?

Cavab: Quranda deyilir:

“De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz al-ver, bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini gətirənədək gözləyin. Allah fasiqlər (günahkarlar) dəstəsini hidayətə (doğru yol) çatdırmaz”. ((Tövbə, 9/24.))

“Peyğəmbər möminlərə öz canlarından da yaxındır. Onun xanımları da onların analarıdırlar”. ((Əhzab, 33/6.))

Peyğəmbər isə bu barədə belə demişdir:

“Nəfsim əlində olan Allaha and içirəm ki, sizin heç biriniz mən ona atasından da, övladından da əziz olmadıqca iman etmiş ola bilməz”. ((Buxari, İman, 7.))

Ənəs İbn Malikdən (r. a.) rəvayət oldunduğuna görə peyğəmbər (s. a. v.) belə buyurmuşdur:

“Üç xüsusiyyət var ki, kimdə olsa, deməli, o şəxs imanın dadını dadmışdır:

1) Allahı və rəsulunu hamıdan çox sevmək.

2) Sevdiyini Allah üçün sevmək.

3) Allah onu küfr bataqlığından xilas etdikdən sonra təzədən küfrə qayıtmağı alova atılmaq kimi pis və təhlükəli hesab etmək”. ((Buxari, İman, 9, 14, İman, 1, Ədəb, 42; Müslim, İman, 67.))

Nəticə etibarilə peyğəmbər sevgisi ilə əlaqədar ayə və hədislər bütövlük təşkil edir. Bir müsəlman üçün Allah və rəsulunun sevgisi hər şeydən əvvəl gəlir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.