Müsəlmanlar

Şahidsiz boşanma etibarlı hesab olunurmu?

Sual: Talaq əsnasında 2 şahid iştirak etmirsə, boşanma həyata keçirilmiş hesab olunur, yoxsa belə qəbul edilir ki, evlilik hələ pozulmayıb?

Cavab: Bu məsələ ilə əlaqədar olaraq məzhəblər müxtəlif fikirlər irəli sürüblər. Bizim üçün əsas olan, Allahın bu barədə nə dediyidir. Uca Rəbbimiz, evlilikdə şahidliyin lazım olduğunu bildirdiyi kimi, boşanmada da şahidliyin olmasını tövsiyə etmişdir. Bu məsələyə dair ayələr belədir:

“Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla (məruf) saxlayın, ya da xoşluqla (məruf) ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin. Budur, bu, aranızdan Allaha və axirət gününə inanan kəsə verilən öyüd-nəsihətdir. Kim Allaha zidd çıxmaqdan çəkinsə, O, ona bir çıxış yolu açar.

Ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha arxalansa, O, ona kifayət edər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü, bir standard qoymuşdur”. (Talaq, 65/2-3)

Boşanmada şahid tutmaq vacib şərtlərdən biri kimi görünür. Çünki talaq əsnasında qadının aybaşı halında olmadığını, əgər belə deyilsə, həmin təmizlik müddəti ərzində əri ilə əlaqədə olub olmadığını etiraf yolu ilə və yaxud başqa bir formada müəyyənləşdirmək, əlavə olaraq, gözləmə müddətinin başa çatdığını müəyyən etmək lazımdır. Bu müəyyənləşdirmələr isə ancaq şahid vasitəsilə aparıla bilər. Buna görə də, şahid olmadığı vaxt boşanma etibarlı sayılmaz. Bilavasitə hər iki tərəfə haqsızlıq olmasın deyə, boşanma şahidlər hüzurunda olmalı və bu şahidlər, boşanan tərəflərin boşanma qaydasına Allahın əmri əsasında rəayət edib etmədiyini göstərməsi lazımdır.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.