Müsəlmanlar
İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır?

İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır?

Sual: Norveçdə müsəlmanların böyük əksəriyyəti Cümə namazı da daxil olmaqla 5 vaxt namazlarını qılmır və yaxud qıla bilmirlər. Onlar deyirlər ki, işlədikləri yerlər buna əlverişli deyil. Belə bir vəziyyətdə o insanlara nə demək lazımdır? Onlardan bu barədə soruşulduğu vaxt: “Bəs biz nə edək? İşləməyib ac qalaq?”, - deyə cavab verirlər. Bunu necə izah etmək olar?

Cavab: Namaz Allahın öz bəndələrinə fərz (vacib) qıldığı bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Allah insanların bu ibadəti asanlıqla yerinə yetirməyi üçün necə deyərlər, bir sıra asanlaşdırmalar aparmışdır. Məsələn, səfər vaxtı bəzi namazların rükət sayının qısaldılması, günorta və ikindi namazlarının, eləcə də axşam və gecə namazlarının birləşdirilərək qılınması kimi. Namazların səfər vaxtı birləşdirilməsinə icazə verildiyi kimi muqimlikdə (oturaq vaxtı, insanın səfərdə olmadığı vaxtlar) də icazə verilir.

Odur ki, sizin haqqında danışdığınız insanlar da namazlarını öz iş yerlərində birləşdirib qıla bilərlər. Məsələn, nahar fasiləsində günorta və ikindi namazlarını birləşdirib qılmaq mümkündür. Bir işçi öz iş yerində neçə namaz vaxtı qalır? Ümumiyyətlə günorta və ikindi namazlarını qılmaqda çətinlik çəkirlər. Bu çətinlik verilən fasilə və aralarda günorta və ikindi namazlarını birləşdirərək qılmaqla aradan qaldırıla bilər. Belə hallarda namazların ancaq fərzlərini qılmaq kifayətdir.

Gecə növbəsində işləyən bir şəxs işlədiyi yerdə axşam namazını qılmağa imkan tapmasa, onu da gecə namazıyla birləşdirib qıla bilər. Bu iki namazı həm axşam namazının, həm də gecə namazının vaxtında birləşdirə bilər. Belə hallarda da namazların ancaq fərzlərini qılmaq kifayətdir. Yəni, namazı heç bir şəkildə tərk etmək olmaz. İnsan ac qalmamaq üçün işləməyə möhtac olduğu kimi ruhunun ac qalmamağı üçün də ibadət etməyə möhtacdır.

Cümə namazına gəlincə, bu insanlar Cümə namazı qılmaq üçün əllərindən gələni etməlidirlər. Bütün yolları sınadıqlarına baxmayaraq Cümə namazı qıla bilmirlərsə, digər günlərdə olduğu kimi günorta namazını qılmalıdırlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.