Müsəlmanlar

Biz, cənnətdə öz yaxınlarımızı görə biləcəyikmi?

Sual: Sevdiyimiz insan şəhid olubsa biz də cənnətə düşərsək onunla cənnətdə bir yerdə ola bilərik? Deyilənə görə, cənnətin də çox mərtəbələri varmış və biz, müxtəlif mərtəbələrdə olan dostlarımızı, sevdiklərimizi görə biləcəyikmi?

Cavab: Allah, cənnətdə insanların sevdikləriylə, yaxınlarıyla; ana-ata, bacı-qardaş, arvad-uşaq, dost-aşnası ilə görüşə biləcəyini və istədikləri zaman yanlarında ola biləcəklərini Quranda müjdələyir. Əlaqədar ayələr belədir:

O kəslər ki, Allahın qurulması istədiyi bağı qurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin rizasını diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu;  əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər): “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad 21-24)

“Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.” (Hicr, 15/47-48).

“Bağçalarda və çeşmələr başında olacaqlar! İncə ipəkdən və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.” (Duxan, 44/52-53).

Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi. O deyirdi: “Sən də inananlardansan?

Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”

O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?” O özü baxıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək

və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.

Doğrudanmı biz –ilk ölümümüzdən başqa- bir daha ölməyəcəyik? Doğrudanmı biz heç vaxt əzaba düçar olmaya­­cağıq? Həqiqətən, bu, böyük qurtuluşdur. Qoy çalışanlar bunun üçün çalışsınlar!” (Saffat, 37/50-61).

Ayələrdən görüldüyü kimi cənnəti qazananlar, özlərindən alt mərtəbədə olan cənnətlikləri istədikləri zaman görə biləcək və istədikləri zaman onlarla bərabər ola biləcəklər.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/11952.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.