Müsəlmanlar

Quranda keçən “Əfv, Məğfirət və Mərhəmət” kəlimələrinin mənası

Sual: Hər gecə namazından sonra oxuduğumuz və ya qulaq asdığımız “Amənər-rasul” yəni, Bəqərə surəsinin 286-ayəsində keçən: “Bizi əfv eylə, bizi bağışla və bizə mərhəmət eylə!” deyə, ifadə etdiyimiz kəlimələrinin mənası nədir?

Cavab: Qurani Kərimdə keçən hər cümlənin və hər kəlimənin özünün ədəbi, ehtişamı və dərin mənası vardır. O cümlədən bu üç kəlimənin də həm mənasının həm də bir-biri ardınca sıralanmasının özünəməxsus hikmətləri vardır. İndi bu kəlimələri bir biri ardınca izah edək:

Əfv, bizim dilimizə də keçmiş bir kəlimədir və bildiyiniz kimi birinin qüsurunu, ayıbını örtmək, ona baxmamaq mənasına gəlir.

Məğfirət isə, “bağışlamaq” mənasındadır. Yəni, əfvin bir üstü sayılır. Belə ki, bir insanı əfv edərsiz onun qüsurunu, ayıbını görməmiş kimi davranırsınız, lakin, onun bu qüsurunu bağışlamamış ola bilərsiniz. Əfvdən əlavə məğfirət, elə bu qüsuru da bağışlamaqdır.

Mərhəmət, həm qüsuru görməmək həm bağışlamaq həm də əlavə mükafatlandırmaq mənasındadır.

Bunu bir misal üzərindən daha rahat başa düşə bilərik:

Oğurluq etdiyi üçün həpsdə tutulan bir insanı hakim çağırıb; “azadsan, gedə bilərsən” dediyi zaman hakim, həmin adamı əfv etmiş olur. Lakin cinayət dosyasında bir oğru kimi adı qalır. Əgər bununla birlikdə onun cinayət dosyasını ləğv edərsə, o zaman həm əfv etmiş həm də bağışlamış olur. Yox əgər, bütün bunlarla bərabər bir də ona pul verər və ya yanına işə alarsa, o zaman əlavə olaraq mərhəmət etmiş də sayılır.

Biz də bənzər şəkildə Allahdan bizi əfv etsin, bağışlasın və bizə mərhəmət etsin deyə, həmin surədə “Bizi əfv eylə! Bizi bağışla və mərhəmət eylə!” dua edirik.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7712.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.