Müsəlmanlar

Ölkəmizdə qeyd olunan çərşənbələr haqda nə deyə bilərsiz?

Sual: Yazın ya da Novruzun gəlişi ilə əlaqədar ölkəmizdə müxtəlif çərşənbələr, qara bayramlar qeyd olunur. Bunun dinimizə bir aidiyyatı varmı?

Cavab: Bir çox xalqlarda və xüsusilə İranda yazın gəlişindən qabaq onu ənənəvi şəkildə qarşılama mahiyyətində qeyd olunan çərşənbələr 4 mərhələyə bölünməkdədir. Bunlar: Su çərşənbəsi, Od çərşənbəsi, Yel və Torpaq çərşənbəsi olaraq sıralanır. Bu çərşənbə adları, yer üzünün və insan həyatının ən mühüm amillərini; su, od, hava və torpağı simgələyir.

Bu çərşənbələrdən yel çərşənbəsi bir çox bölgələrdə dediyiniz qara çərşənbə kimi qeyd olunur. Ənənələrinə görə bu çərşənbədə dünyasını dəyişmiş yaxınların ailəsi, ölənlərin qəbirləri ziyarət edilir. Bütün bunlar gözəl şeylərdir. Lakin buna qara bayram adını vermək və belə bir günü Ramazan bayramına daşıyıb həmin günü “bizdə qara bayramdır” demək, həm xalqın ənənəsindən həm də dinimizdən xəbərsiz olmağın bir əlamətidir.

Novruz bayramı öncəsi qeyd edilən son çərşənbə torpaq çərşənbəsidir ki, buna ilaxır çərşənbəsi də deyilir. Bu çərşənbə isə daha dəbdəbəli qeyd edilir; bəziləri od qalayır, üstündən atlayır, evlərə gizlicə papax atar və qızlar, gəlinlər isə səməni hazırlayarlar.

Bütün bunlar yazın gəlişi, torpağın, təbiətin yenidən canlanmasına qarşı göstərilən sevinç göstəriləridir. Lakin, bunu da Məcusiliyə məxsus müxtəlif batil inançlarla qarışdırmamağa diqqət etmək lazımdır. Yəni, suya, oda, havaya və torpağa öz-özlüyündə yaradıcılıq, müqəddəslik  gücü verib, bu maddələri əsas yaradıcı qüvvəyə dönüşdürməmək, onlara bir tanrı, ilah gözüylə baxmamaq lazımdır. Biz müsəlmanıq və biz, bütün bu maddələrin öz-özünə, təsadüf nəticəsində deyil, məqsədyönlü olaraq Allahın qüdrətilə yaradıldığına inanırıq.

Nəticə etibarilə, bütün bu təntənələrin dinimizlə deyil, müəyyən coğrafi bölgələrdə yaşayan xalqların adət-ənənəsilə əlaqəsi vardır. Bu şənliklərə hər hansı batil fikirləri qarışdırmadan, dinimizə zidd hərəkətlərə yol vermədən keçirməyin heç bir eyibi yoxdur.

Sualınız: “Süleymaniyə Vəqfi Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Novruzla əlaqəli məlumat üçün aşağıdakıkeçidə daxil olun:

Novruzla əlaqədar məlumatlar

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.