Müsəlmanlar
Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar?

Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar?

Sual: Quranın Taha surəsinin 124-cü ayəsində qeyd edilir ki, Qurandan üz döndərənlər Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar. Qaf surəsinin 21-22-ci ayələrində isə belə deyilir: “Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”. Yəni, nəinki kor vəziyyətdə həşr olunmaq, onun həmişə olduğundan da iti görəcəyindən danışılır. Elə isə bu ayələri nə cür başa düşmək olar?

Cavab: Sualınıza düzgün cavab vermək üçün hər şeydən əvvəl Qiyamət səhnələrindən bəhs edən Quran ayələrini bir araya gətirib qiymətləndirmək lazımdır.

Allah Təala Qiyamət günündə bədənləri torpaqdan çıxardandan sonra ölüm vaxtı aldığı ruhları bədənlərə qaytarır. (Təkvir, 7; Zumər, 68)

Ruhlar bədənlərə daxil olduqdan sonra insanlar dünyada 10 gün, 1 gün, 1 axşam və yaxud bir gündüz qədər qaldıqlarını güman edəcəklər, bunu öz aralarında xəlvətcə danışacaqlar. (Taha, 103-104; Naziat, 46; Yunus, 45)

Elə bu dəm (bu əsnada, bu vaxt) bir münadi (çağıran, səsləyən) insanları haqq-hesabın çəkildiyi meydana çağıracaq. İnsanlar da ətrafa səpələnmiş çəyirtkələr və kəpənəklər halında olacaqlar; bu vaxt kafirlər gözləri bərəlmiş bir vəziyyətdə: “Bu, çox çətin bir gündür”, -deyəcəklər. (Qəmər, 7-8; Nəbə, 18)

Çağıran insanları çağıran kimi öz rəhbərləri ilə birlikdə yığışacaqlar, sonra da hər insanın yanına iki mələk gəlib belə deyəcək:

“Bax, sənin bundan xəbərin yox idi. İndi gözündəki pərdəni götürdük. Artıq bu gün gözün olduqca itidir”.

Onlardan biri insanı durduğu yerdən haqq-hesab meydanına, oradan da Cənnət və ya Cəhənnəmə aparan mələkdir. Digəri isə insana şahidlik edəcək. (Qaf, 21-22; İsra, 71; Yasin, 32, 53)

Hər cəmiyyət öz rəhbəri ilə bir yerə cəm olduqdan sonra Allah Təala kafirlərin qulaqlarını kar edəcək, gözləri kor olacaq, onlar danışa bilməyəcəklər, ayaqlarını bağlayacaq və üzlərini qaraldacaq. Sonra onlar kor, lal və kar bir vəziyyətdə məhşərə aparılacaqlar. (Taha, 102, 124; İsra, 72, 97; İbrahim, 49; Ali-İmran, 106; Taha, 108; Yasin, 51; Məaric, 43)

Möminlər isə məhşərə tərəf yeriyəcəklər. Onların gözləri görəcək, qulaqları eşidəcək və dilləri danışacaq. Bu vəziyyətdə aparılacaqlar. Üzləri də ağ olacaq. (Zumər, 60; Yunus, 26; Əbəsə, 38)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.