Müsəlmanlar

Şəfaət inancı

Sual: Hazırkı dövrdə müsəlmanların 99%-i ya müsəlman bir ölkədə dünyaya gəlir, ya da müsəlman valideynlərdən doğulublar. Ümumi statistika belə deyir. Əhli-kitabın müşrik olduğunu professor Abdulaziz Bayındır demişdi. Daha doğrusu, o, belə demişdi: “Müsəlman olmayan hər bir insan müşrikdir”. Ancaq sonra belə bir şey də dedi: “Əgər şirk günahı etməyibsə və ona ilahi təbliğ gəlib çatmayıbsa, Allah ona əzab verməz”. Bu insan deyir ki, şəfaətə inananlar və: “İmdada yetiş ya Məhəmməd”, - deyənlər də şirk günahına batıblar. Qədim dövrdən bəri Vəhhabilərdən başqa bu inancı rədd edən alimlərin sayı çox azdır. İndiki dövrdə müsəlmanlığı qəbul edən xristianlar da hansısa bir yolla təsir altına düşür və şəfaətə, yəni, peyğəmbərin şəfaət edəcəyinə inanırlar. Ya da onlar dini bu qayda ilə öyrənirlər. Allahın şəfaətindən başqa bir şəfaəti mən özüm də qəbul etmirəm. Ancaq məni düşündürən bir məsələ var: Görəsən, bu sözlərlə şirk məfhumu həddindən artıq geniş bir sahəyə aid edilmir? Əgər müsəlman olmayan hər bir insan müşrikdirsə, eləcə də müsəlmanların da halı şəfaət və oxşar şirk xüsusiyyətlərinə görə çox pisdirsə, onda kim xilas olacaq? Bu gün dünya əhalisi 6,5 milyarddır. Ancaq bu meyarları əsas götürsək, belə çıxır ki, 10 milyon nəfərdən başqa hamı əbədi cəhənnəm əzabına məruz qalacaq. Mən hələ optimist düşünürəm. Çünki əhli-sünnənin hamısı şəfaətə inanır! Hələ şiələri demirəm!!! Mən bu barədə bir çaşqınlıq içindəyəm. Çünki bu vəziyyəti qəbul etmək həqiqətən də, çox çətindir. Bu hal doğrudan da, belədir, yoxsa mən çox mübaliğə edib vəziyyəti şişirdirəm?

CAVAB: Şəfaət tək qoymamaq və bir nəfərin işini görmək üçün onunla birlikdə getmək mənalarını da bildirir. İnsanlar deyirlər ki, şəfaət et ya peyğəmbər! Bu söz axirətlə əlaqədar olaraq deyilir. Bu əslində belə deməkdir: “Ey Allahın peyğəmbəri! Məni axirətdə tək qoyma. Mənim işimi gör”. Cəhənnəmə gedən bir müsəlman orada həmişəlik qalası deyil. Ona görə də bu şəfaət tələbi birbaşa cənnətə düşmək məqsədi güdür. Beləliklə, şəfaət məhşər yerində gözlənilir. Gəlin, bu inancı təhlil edək:

1) Məhşər yerində şəfaət olmayacaq. Allah bu barədə belə deyir:

“Elə bir gündən çəkinin ki, o gün heç kim kiminsə əvəzinə cəza çəkməz, heç kimdən şəfaət qəbul edilməz, heç kəsdən fidyə alınmaz və heç kimə kömək edilməz”. (Bəqərə, 2/48)

“Həqiqətən, itaətkarlar nemət içində olacaqlar. Günahkarlar isə alovlu od içində olacaqlar. Onlar ora Haqq-hesab günü girib qızaracaqlar. Onlar əsla ondan yayına bilməyəcəklər.

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!”. (İnfitar, 82/13-19)

“Rəblərinin hüzurunda bir yerə cəm olacaqları gündən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa nə bir dostları, nə də şəfaətçiləri olar. Bəlkə, özlərini qoruyalar”. (Ənam, 6/51)

“De ki, şəfaət bütünlüklə Allaha məxsusdur”. (Zumər, 39/44)

“(Ey Muhəmməd!) De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir ziyan verə bilərəm”. (Əraf, 7/188)

Əbu Hüreyrə rəvayət edir ki, «Ən yaxın qohum-əqrəbanı qorxut!» (Şuəra, 26/214) ayəsi nazil olduğu vaxt, Muhəmməd peyğəmbər (s. a. v.) ayağa qalxdı və belə dedi:

Ey Qüreyş qəbiləsi! Özünüzü xilas etməyə çalışın! Allahın yanında mənim sizə heç bir faydam olmaz! Ey Abdumanaf oğulları, Allah yanında sizə heç bir xeyrim dəyməz! Ey Abdulmüttəlib oğlu Abbas (peyğəmbərin öz əmisi), Allahın hüzurunda mənim sənə heç bir faydam toxunmaz! Ey Səfiyyə (peyğəmbərin bibisi)! Allahın yanında sənə də heç bir xeyrim olmaz! Ey Məhəmmədin qızı Fatimə! Mənim mal-mülkümdən nə istəyirsən istə, ancaq Allahın hüzurunda sənə də heç bir faydam olmaz! (Buxari, Vəsaya, 11)

Bütün bunlar (Quran ayələri və peyğəmbərin hədislərində bildirilən qəti hökmlər) olduğu halda, müsəlman bir insan necə: “Şəfaət et ya peyğəmbər!”, – deyir? Axirətdə peyğəmbərə: “Ey Allahın peyğəmbəri! Məni axirətdə tək qoyma. Mənim işimi gör”, – deyəcəyinə inanan insanın umub gözlədiyi şey nədir belə? Məgər bu Allahdan qaçıb peyğəmbərə sığınmaq, onun özünü Allahdan daha yaxşı tanıyacağına və Allahdan da mərhəmətli olduğuna və onu Allahdan “xilas” etməyə gücünün çatdığına inanmaq deyil? Bu cür inanmaq əslində peyğəmbəri Allahın yanında güclü bir tanrı yerinə qoymaq deyilmi? Halbuki, Allah Quranda belə buyurur:

“Darda qalmış insan çağırdığı vaxt köməyinə kim yetişir? Kim çətinliyi aradan qaldırır? Sizi yer üzünün hakimləri edən kimdir? Məgər Allahla birlikdə başqa bir tanrımı var?! Siz nə qədər az düşünürsünüz!” (Nəml, 27/62).

2) “Əşi, onlar cəhənnəmdə yanacaqlarsa, qoy mən də yanım! Palaza bürün, elnən sürün!”, – deyənlərə daha nə demək olar? Ancaq ağlı başında olan insan özünü xilas etmək üçün əlindən gələni edir.

3) Özünü Allahdan mərhəmətli hesab edən və sanki onun özünün vəzifəsi imiş kimi: “Mənim camaatımın imanını xilas etdiyini görsəm, cəhənnəmdə yanmağa da razı olaram”, – deyib cəhənnəmi heç bir şey hesab edənlər də var… Elə isə onlar kimi yanmaq istəyənlər buyurub yansınlar.

Şəfaət məsələsi ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı da tövsiyə edirik:

http://www.muselmanlar.com/tedqiqatlar/1954.html

Suala cavab verdi: Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində kafedra müdiri, professor)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.