Müsəlmanlar
Allah yeri əvvəl yaradıb, yoxsa göyü?

Allah yeri əvvəl yaradıb, yoxsa göyü?

Sual: Quranın Bəqərə surəsinin 29-cu ayəsində deyilir ki, Allah əvvəlcə yer kürəsini və yer üzündəkiləri, sonra da göyü yaradıb. Naziat surəsinin 27-32-ci ayələrində isə qeyd olunur ki, qabaqca göy üzünü, sonra da yeri və yer üzündəkiləri yaradıb. İnternet saytlarında ateistlər bu ayələri misal verir və deyirlər ki, Quranda paradoks var; bəzi ayələr bir-biri ilə ziddiyyət təşkil edir. Bəzi Quran tərcümələrində həmin ayələrə həqiqətən də, belə məna verilib. Belə olan halda, bunu necə başa düşmək olar? Xahiş edirəm, bu məsələni izah edin.

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Quran tərcümələrində səhvlər ola bilər amma Quranda hansısa səhv və ziddiyyət ola bilməz. Bu barədə danışmaq belə yersizdir.

Ərəb dilindəki  ثُمَّ (summə) ədatı Azərbaycan dilində olduğu kimi, həmişə “sonra” mənasında işlədilmir.  Bu ədatın belə mənaları da var: Bu vaxt, bununla yanaşı, bir də. Naziat surəsinin 30-cu ayəsində بَعْدَ ذَلِكَ (bədə zalikə: bundan sonra) ifadəsi işlədilib. Ona görə də belə başa düşülür ki, yerin döşənməsi kainatın yaradılmasının başa çatmasından sonra baş verib. Bəqərə surəsinin 29-cu və Fussilət surəsinin 11-ci ayələrinin tərcümələrində “summə” ədatına “sonra” kimi məna verilib. Amma əslində bu ədata yuxarıda sadalanan mənalardan birini vermək lazımdır. Məhz bu vaxt məna düzgün olur.

Buna əsasən Bəqərə surəsinin 29-cu ayəsinin mənası belə olmalıdır:

“O (Allah) yerdə olan hər şeyi sizin üçün yaradandır. O, bununla yanaşı, göyə yönəlmiş və onları yeddi göy formasında tənzimləmişdir. O hər şeyi bilir”.

Belə olduqda Quranın özündə ziddiyyət daşıdığını irəli sürən iddia da əsassız çıxır. Bu məsələ ilə əlaqədar başqa bir sual-cavabı buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2995.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.