Müsəlmanlar

Namaza həvəs qalmadı, mən nə edim?

Sual: Mənim 17 yaşım var. 1 ildən çoxdur ki, namaz qılıram. Bir ara namazdan soyudum və 2-3 ay qılmadım. Amma sonradan yenidən davam etdim. İndi yenə namazdan soyuyuram. Ətrafımda namaz qılan insanlara rast gəlmirəm və get gedə həvəsdən düşürəm. Mən nə edə bilərəm?

Cavab: Siz, Uca Allahın bildirdiyi yetkinlik, seçim ərəfəsindəsiz. Artıq, Allahın sizə verdiyi fitri/təbii dəyərlərlə nəyin doğru nəyin əyri olduğunu hər kəs kimi bilirsiz. İnsan olmağın gərəyi olaraq, ya haqq ya da batıl yola yönəlmək ixtiyarına sahibsiz. Allah, haqqa yönələnlərin yolunu eyni zamanda fitrət adlandırır ki, bu barədə Quranda belə buyurur:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın fitrətinə[1]! O, insanları da fitrətləri (təbiətləri) ölçüsündə yaratmışdır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum, 30/30.)

Yəni, insanlar ya fitrətlərinə/təbii dəyərlərinə uyub Allahın əmrlərinə ya da öz nəfsinin, başqa insanların əmrinə girmiş olurlar. Allahın əmrləri içərisində ibadət də vardır ki, bunların başında namaz gəlir.

Sualınızın əsas bölümünə gəlincə; namaz bir həvəs işi deyil, Allah’ın bir əmridir və Ona güvənənlər heçbir halda bunu tərk etmirlər. Görünür, Allaha olan güvəniniz tam deyil. Ətrafınızda olan insanların içində təkcə siz namaz qılırsınızsa, deməli ətrafınızda olan insanların sahib olmadığı daha böyük bir dəyərə və sərvətə sahibsiz. Əgər Allah, ətrafında olan insanların içində təkcə sizə var-dövlət ya da vəzifə versəydi, siz də bu vəziyyəti görüb: “Ətrafımdakılarda belə bir var-dövlət, vəzifə yoxdur, mən də ona görə bütün bunları tərk edirəm,”– deyə bilərdizmi?

Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/namaz/7302.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Hər canlının təbiəti, özü-özəyi.