Müsəlmanlar

Məcaz nədir? Quranda məcaz varmı?

Sual: Məcaz nədir? Quranda məcaz varmı? İbn Teymiyyə "Məcaz yalanın digər adıdır"- demiş. Sizcə Quranda məcaz varmı?

Cavab: Məcaz kəliməsi özü ərəbcə bir kəlimədir. Bir şeyi bir yerdən digər yerə keçirmək, yola vermək, kimi mənalara gəlir. Qurani Kərim ərəb dilində nazil olduğu üçün istər istəməz məcaza da yer verilmişdir.

Hər hansı bir kəlimənin ilk əvvəl həqiqi mənası alınır. Əgər həqiqi mənası mümkün deyilsə, o zaman məcaza gedilir.

Məcazsız bir dil olmaz. Məsələn, Qurani Kərimin İsra surəsinin 72-ci ayəsində belə buyrulur: Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və üstəlik (haqq) yoldan daha çox azacaqdır.” (İsra, 17/72.)

İndi biz bu kəliməni olduğu kimi qəbul etdiyimiz təqdirdə, dünyadakı korların, “bizim günahımız nədir ki, həm dünyada həm də axirətdə biz kor oluruq?!”- deməsi, onları Allaha qarşı haqlı çıxarmazmı?

Məcaz, bir ifadə tərzidir. Lakin bəzi məsələlərdə isə məcaza yer yoxdur. Hər bir kəlimənin qurulan cümləyə görə öz tərzi, üslubu və həqiqət payı vardır.

Məcazı qəbul etməyənlər; başda ibn Teymiyyə olmaq üzrə, Qurandakı bəzi kəlimələri olduğu kimi qəbul etmək məcburiyyətində qaldıqları üçün Allahı belə gördükləri şeylərlə müqayisə, ifadə etməyə başladılar. Məsələn, Tə-ha surəsi 5-ci ayədə “Rəhman, ərşə istiva etdi” ifadəsinə “Allah ərşə oturdu və bəziləri bizim kimi oturdu və ya Allahın baldırı, əli görüldü”– kimi, mənalar verməkdə və bu verdikləri mənaya da bir çox rəvayətlər əlavə edərək, belə bir düşüncəni imanlarının şərtləri halına gətirməkdədirlər. Halbuki ayədə məcaz olaraq ifadə edilmək istənilən “Rəhman ərşə hakim oldu”, sözüdür.

Bunun kimi məcaz olaraq verilən ayələrdən məsələn, “Allahın əli onların əlinin üstündədir” yəni, Allah onları dəstəkləməkdədir. Və ya “Allah, onların qəlblərini, qulaqlarını möhrləmiş və gözlərinə pərdə çəkmişdir” ayəsində bildiyimiz mənada möhrdən ya da pərdədən bəhs edilməməkdədir. Buna bənzər məcaz kəlimələr bizim dildə də işlədilir. Bir adama “Daş qəlbli”, deməklə, o insanın qəlbi daşdan olmadığı, “gözüm üstündə” deməklə gözlərinin başqasının üzərində olmadığı bilinir. Bu kimi ifadələr hər dildə olduğu kimi hələ şeri və ədəbiyyatı güclü olan bir millətdə daha çox işlədilir.

Bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6953.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.