Müsəlmanlar
Evlilikdən qabaq cinsi akt və zina

Evlilikdən qabaq cinsi akt və zina

Sual: Mənim bir rəfiqəm var. Biz çox xoşbəxtik. O, mənə bir gün bəzi şeylərdən danışdı. Belə məlum oldu ki, əvvəllər 5 il müddətinə dostluq etdiyi bir nəfərlə cinsi əlaqəyə girib. Sonra səhv etdiyini başa düşüb və peşman olub. Dini qayda-qanuna əsasən belə bir insanla evlənmək olar?

Cavab: İnsan təbiəti baxımından günah etməyə meylli yaradılıb və dünya imtahan dünyasıdır. İnsan həyatda onu günaha batmağa sövq edən və yoldan çıxardan müxtəlif şeylərlə qarşı-qarşıya gəlir. Bütün bunların başında şeytan durur. Şeytan insanları Qiyamət gününə qədər başdan çıxartmaq üçün Allahdan icazə alıb. Qurani-Kərimdə bu barədə belə deyilir:

İblis (Allaha): “Mənə insanların yenidən diriləcəkləri günə qədər möhlət ver”, – dedi. Allah ona: “Sən möhlət verilənlərdənsən!”, – deyə buyurdu. İblis: “Elə isə sənin məni yoldan çıxartmağının müqabilində and içirəm ki, mən də onları yoldan çıxartmaq üçün sənin doğru yolunun üstündə oturacağam. Sonra onların qabaq, arxa, sağ və sollarından dürtüləcəyəm və sən görəcəksən ki, onların çoxu şükr etmir”, – dedi (Əraf, 7/14-17).

Ayələrdən də məlum olduğu kimi şeytan həmişə insanlara “hücum edəcək”; onlara qabaq və arxa tərəflərindən, sağ və sol yanlarından təsir göstərəcək. Beləliklə, insanlar harama – günaha batacaqlar. Bəs sonra nə olacaq? Gördükləri işlərdən utanıb peşman olanlar nə edəcəklər? Allah məhz bu yerdə necə deyərlər, tövbə qapısı qoyub. Gördükləri işlərdən peşman olanlar o işləri bir də görməmək üzrə tövbə edəcək, Allahın əfv və məğfirətinə sığınacaq və Allah onları bağışlayacaqdır:

Pis əməllər etdikdən sonra tövbə edənlərlə iman gətirənlərə (imanlarında sabit olanlara) gəldikdə isə, Rəbbin ondan (tövbədən) sonra çox bağışlayandır, çox mərhəmət edəndir (Əraf, 7/153).

Sonra şübhəsiz ki, Rəbbin cahillik (bilməməzlik) ucbatından pis iş görən, sonra tövbə edib özünü islah edənlərə (düzəldənlərə) tərəfdardır. Şübhəsiz ki, Rəbbin bundan sonra da çox bağışlayandır, çox rəhm edəndir (Nəhl, 16/119).

Allah yanında (məqbul) tövbə ancaq bilmədən günah edib sonra çox keçməmiş tövbə edənlərin tövbəsidir. Budur, Allah bunların tövbələrini qəbul edir. Allah biləndir, hökm və hikmət sahibidir (Nisa, 4/17).

De: “Ey öz əleyhinə ifrata varan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, çox mərhəmət edəndir (Zumər, 39/53).

Şübhəsiz ki, Mən tövbə edib inanan və saleh əməllər edən, sonra da doğru yolda olmağa davam edən kəs üçün olduqca bağışlayanam (Taha, 20/82).

Yuxarıdakı ayələrdən də açıq-aşkar məlum olduğu kimi Allah öz günahından tövbə edən və yaxşı işlər görən şəxsi bağışlayır. Sizin haqqında danışdığınız hərəkət və davranış Allahın qadağan etdiyi böyük günahlardan biridir. O işi nəinki görmək, hətta ona yaxınlaşmaq belə haram edilib:

Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur.

Lakin belə bir iş baş verdiyinə görə peşmanlıq yaranıb və tövbə edilibsə, inşallah bu günah bağışlanacaq. Əsas odur ki, insan özünü düzəldib yaxşı işlər görsün. Sizin bəhs etdiyiniz şəxs kimi bir insanla evlənməyinizdə dinimiz baxımından bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.