Müsəlmanlar

Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər?

Sual: Bir kişi arvadının öz ana-atasının yanına getməyinə mane ola bilər? Kişinin, yaxud da ailəsinin buna hüquqları var? Qadın ərindən xəlvət (icazə almadan) ana-atasını görməyə gedə bilər?

Cavab: Qohumluq əlaqələrini davam etdirmək Allahın əmridir. Bununla əlaqədar Allah Təala belə buyurub:

“Adını çəkərək bir-birinizdən nəsə istədiyiniz Allaha qarşı çıxmaqdan uzaq durun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1).

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz” (Nisa, 4/36).

“Qohum-əqrəbaya, miskinə və müsafirə – yol üstündə olana haqqını ver. Əlində-ovcunda olanı əbəs yerə sağa-sola səpələmə!” (İsra, 17/26).

Peyğəmbər (s.a.v): “Kimlərə yaxşılıq edim ey Peyğəmbər?” – deyə, soruşan bir səhabəyə: “Anana, atana, bacına, qardaşına və qohumlarına yaxşılıq etmək sənin borcundur”  – deyə, cavab verib. ((Buxari, Ədəb, 25.))

Başqa bir hədisdə isə belə buyurub:

“Allaha və axirət gününə iman edən hər kəs qonağına ikram etsin. Allaha və axirət gününə iman edən kəs qohumlarına yaxşılıq etsin. Allaha və axirət gününə iman edən hər kəs ya xeyirli söz desin, ya da sussun!” ((Buxari, Ədəb, 85; Müslim, İman, 74-75.))

Bu mövzuyla əlaqədar fiqh kitablarında qeyd edilən hökm isə belədir:

“Ər arvadının ana-atasını gecə yatmamaq şərtilə həftədən həftəyə gəlməkdən və gəlmədikləri təqdirdə arvadını Cümə günləri onları, yaxud da qabaqkı ərindən olan uşaqlarını görməkdən məhrum edə bilməz. Çünki gəlib getməmək qohumluq əlaqələrinin pozulmağına səbəb olacağı üçün dini cəhətdən düzgün (caiz) deyil.” ((Ömər Nəsuhi Bilmən, Hüqüqi İslamiyyə və İstilahati Fiqhiyyə Qamusu, 2-ci cild, s. 165, 562-ci paraqraf.))

Yuxarıda qey edilən “Cümə günləri” qohumların ən azı həftədə 1 dəfə ziyarət edilməli olunduğunu bildirən bir ifadə kimi başa düşülməlidir. Yoxsa hökmən Cümə günü olmağı şərt deyil. Alahın verdiyi bu haqqa heç kimin mane olmağa haqqı yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.