Müsəlmanlar
Bəndə haqqı

Bəndə haqqı

Sual: Mən bəndə haqqı barədə məlumat almaq istəyirəm. El arasında deyilir ki, bəndənin haqqı bağışlanmır, Allah bunu bağışlamaz. Bir gün dostlarımla danışırdıq. Söhbət yenə bu mövzudan düşdü. Mən etiraz etdim. Onlara Qurandan bir ayə dedim. Ayədə deyilir ki, Allah şirkdən başqa günahları istədiyi kimsə üçün bağışlayar. Bağışlanmayan yeganə günah şirkdir. Mənim məqsədim bəndə haqqının əhəmiyyətini azaltmaq, yaxud onu əhəmiyyətsiz bir şey kimi göstərmək deyil. Sözün düzü, mən Qurani-Kərimdə bu barədə açıq-aydın bir şey tapa bilmədim. Hədislərdə də bəndə haqqının bağışlanmayacağına dair heç nə tapmadım. Bəzi kitablarda da yazılıb ki, bəndənin haqqı Allahın haqqından əvvəl ödənməlidir. Lakin həmin kitablarda bu sözlərin əsaslandığı dəlillər göstərilməyib. Siz mənə bu barədə Quran və hədislərə əsasən məlumat versəniz, çox şad olaram. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab: Allah Qurani-Kərimdə bildirib ki, O, ancaq şirk günahını bağışlamır:

Allah Özünə ortaq (şərik) qoşulmağını əsla bağışlamaz. Bundan başqa olanı (günahları) istədiyi kimsə üçün bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah (ilə) iftira edir (Nisa, 4/48).

Bu ayədən açıq-aşkar məlum olur ki, Allah istədiyi kəslərin bütün günahlarını bağışlayacaq. Bağışlamaq istəmədiyi bəndələrinə isə onların öz günahları qədər əzab verəcək.

Bir insanın hüququna təcavüz etmək bəndə haqqıdır və bu, böyük günahlardan biridir. Allah istədiyi kəslərin bütün günahlarını bağışlayacağını bildirdiyinə görə bəndə haqqı da buna daxildir. Allah zərər görən tərəfə də haqqını necə deyərlər, ödəyər və onu razı edər. Lakin Allah əgər bir kəsi bağışlamayacaqsa və həmin şəxs başqasının haqqına xələl gətiribsə, onun vəziyyəti necə olacaq? Bu məsələni peyğəmbərimiz (ə. s.) bir hədisində belə izah edib:

“Kim bəndə haqqı yeyibsə, dərhal o qardaşı ilə halallaşsın. Çünki (Qiyamət günü) dirhəm də keçmir, dinar da. Belə olduqda o (haqq yeyən) insanın savabları alınıb o adama yüklənilir. Əgər savabı yoxdursa, həmin haqqını yediyi adamın günahları buna yüklənilir” (Buxari, Riqaq, 48).

Müsəlman heç kimin haqq-hüququna təcavüz etməməlidir. Belə bir günah iş gördükdə isə o insandan halallıq istəməli və tövbə-istiğfar etməlidir. Əsas odur ki, Allahın axirətdə bütün günahlarını bağışlayacağı bəndələrdən olmağa çalışasan.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.