Müsəlmanlar
Dinlər tarixinin əhəmiyyəti

Dinlər tarixinin əhəmiyyəti

Sual: Bir elm sahəsi kimi "dinlər tarixi" barədə məlumat verərdinizmi?

Dinlər tarixinin əhəmiyyəti

Hazırda başqa dinləri öyrənmək, onlar haqqında məlumat əldə etmək dünya görüşü ilə əlaqələndirilən məsələlərdən biridir. Ziyalı hər bir insan başqa dinlərlə bağlı məsələləri araşdırmaq və onların haqqında qısa da olsa, məlumat əldə etmək istəyir. Bunun üçün dinlər tarixini oxumaq kifayətdir. Dinlər tarixi müxtəlif dinləri, adlarını eşitdiyimiz və eşitmədiyimiz dinlər haqqında məlumat verən elm sahəsidir. Dinlər tarixi sayəsində dinlər haqqında ətraflı məlumat əldə edən insanlar dinləri asanlıqla müqayisə edə bilirlər.

Hazırda insanlar, xalqlar bir-biriləri ilə ticari, iqtisadi, siyasi, mədəni, hərbi və dini əlaqələr qururlar. Bu münasibətlərin daha yüksək səviyyədə davam etməsi üçün qarşı tərəfin dini etiqadların bilinməsi çox əhəmiyyətlidir. Dinlər arasındakı rəqabət, missioner fəaliyyətləri insanların həm öz dinlərini, həm də başqa dinləri öyrənməyə sövq edib. Bir dini müdafiə etmək üçün başqa dinləri də yaxşı bilmək lazımdır. Əks təqdirdə, nailiyyət əldə etmək mümkün deyil. Bu bütün dinlərə və həmin dinlərin mənsublarına aiddir. Hər bir din mənsubu mənsub olduğu dini daha yaxşı öyrənməyə, dərk etməyə və başqa dinlərə qarşı müdafiə etməyə əhəmiyyət verir və həmin dini ən doğru din hesab edir.

Müxtəlif dinlərə mənsub olanlar arasında dinlər tarixinə qarşı mənfi münasibət bəsləyənlər var. Bu, dindaşlarının başqa dinlərin təsiri altında qalması qorxusu ilə bağlıdır. Əbul Həsən Əli əl-Həsəni ən-Nədvi başqa dinləri öyrənməklə bağlı bunları bildirir:

“Müqayisəli şəkildə dinləri öyrənməyə çox ehtiyac var. Çünki müsəlman müqayisə aparmasa, İslamın – bu kamil din vasitəsilə Allahın ona bəxş etdiyi nemətin dəyərini dərk edə bilməz…” ((Əbul Həsən Əli əl-Həsəni ən-Nədvi, “əl-ərkanul ərbəə”, Beyrut, 1968, səh. 8.))

Hətta bəzi yerlərdə böyük məscidlərin rəhbərləri təyin edilərkən belə şərt qoyulub: “İslamın uca həqiqətlərini göstərə bilməsi üçün müqayisəli şəkildə dinləri və dinlər tarixini bilməlidir.” ((Aydın Taneri, “Türk devlet geleneği”, Ankara, 1981, səh. 194.))

Dinlər tarixi sahəsində ilk və əhəmiyyətli işlər görənlər müsəlman alimlər olublar. Onlar bu məsələdə Quranı özlərinə rəhbər götürüblər. Çünki Quranda başqa dinlər haqqında məlumat verilir. Müsəlmanların Quranda qeyd edilən dinlərlə əlaqəli məlumatları daha ətraflı və yaxşı öyrənib dəyərləndirmələri ancaq dinlər tarixi ilə mümkün olub. Buna görə, başqalarından fərqli olaraq heç bir müsəlman dinlər tarixinə mənfi deyil, müsbət yanaşmalıdır. İslam alimləri dinlər tarixinin əhəmiyyətini dərk edərək başqa dinlərlə yaxından maraqlanıblar. Bu marağın müxtəlif səbəbləri var:

1. İslamın yayılmasından sonra müsəlmanların hakimiyyətinə daxil olanların və ya qonşuluqdakı xalqların, millətlərin inamlarını öyrənmək ehtiyacının ortaya çıxması.

2. İslamı başqa dinə inananlar arasında yaya bilmək üçün onların inandıqları dinlərin öyrənilməsi və İslamın üstünlüklərinin göstərilməsi.

3. Müsəlmn olanlar arasında əvvəlki inamlarını qismən davam etdirənlərə həmin inamlarının İslamdan əvvələ əsaslandığı göstərmək istəyi.

4. Başqa dinlərin və məzhəblərin İslamın əsaslarını dəyişdirmək və səhv olduğu göstərmək kimi fəaliyyətlərin qarşısını almaq və həmin dinlərin səhv və nöqsanlı yönlərinin olduğunu bildirmək.

5. Quranın özündən əvvəlkiləri təsdiq etməsi, hər xalqa çatdırılmaq üçün göndərildiyini və onların İslamda olduqlarını bildirməsi şəklindəki məlumatların izah edilməsi və dəyərləndirilməsi.

6. İslamın tolerantlığının göstərilməsi və başa salınması.

7. Quranın başqa səmavi kitablarda həzrəti Muhəmmədin gələcəyinin yazılı olduğu xəbərinin tədqiq etmək və bu məsələyə başqa din mənsublarının diqqətinin cəlb etmək.

İnsanlar başqalarının inancları ilə həmişə maraqlanıblar və öyrənmək istəyiblər. Belə məlumata ilk dəfə Yunan və Roma müəlliflərində görürük. Məsələn, Heredot (b.e.ə. V əsr) araşdırdığı millətlərin dinləri haqqında da məlumat verib. Bu maraq orta əsrlərin Avropasında da mövcud idi. Ancaq başqa dinlər haqqında məlumat verən müəlliflər xristianların təsir altına düşməməsi üçün həmin dinləri pisləmək yolunu tutmuşdular. Buna son qoyan isə müsəlman müəlliflər olub.

Hazırda müasir dinlər tarixi tədqiqatlarının başlanğıcı bir əsr yarıma gedib çıxır. Əslində bu dövrü də İslam aləmi və Qərbdəki bəzi çalışmalar hazırlayıb.

MƏNBƏ: din.az (13/05/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.