Müsəlmanlar
Ali-İmran surəsinin 81-ci ayəsi

Ali-İmran surəsinin 81-ci ayəsi

Sual: Ali-İmran surəsinin 81-ci ayəsində Allah Təala nəbilərdən söz aldığını bildirir. Bu sözə görə, təzə bir peyğəmbər gələndə əvvəl gələn peyğəmbərlərin kitabını təsdiq edərsə, əvvəlki peyğəmbər təzə gələn peyğəmbərə inanacaq və ona kömək edəcək. Başımı qarışdıran məsələ budur: Peyğəmbərlər vəfat etdikdən sonra da bu dünyada bizim bilmədiyimiz şəkildə təzə göndərilən peyğəmbərə kömək edəcəklərmi? Eyni dövrdə birdən çox kitab endirilən peyğəmbər olmayacağına görə (ya da mən bunu indiyə kimi heç eşitmədim və əslində bu ayənin bağlayıcılığından uzaq görünür) daha əvvəl gələn peyğəmbəri təsdiqləyici təzə bir peyğəmbər gələndə; əvvəlki peyğəmbərin təzə peyğəmbərə köməyi və onu təsdiq etməsi necə olur?

Cavab: Sualınızla əlaqəli olaraq aşağıdakı yazını oxumanızı tövsiyə edirik. Çünki bu yazı, sualınıza geniş məramda cavab xüsusiyyəti daşımaqdadır:

Bütün nəbilər, əvvəlki ilahi kitabları təsdiq edici olaraq gəlir. Bu, onların Nəbi olduqlarının bir növ sənədidir.Bu ayə bu yöndən çox mühümdür:

“Allah nəbilərdən söz aldığı gün onlara, “ Sizə bir kitap və hikmət verəndə əlinizdə olanı təsdiq edən bir elçi gələrsə ona şüphəsiz inanacaqsınız və dəstək verəcəksiniz.” demişdi.” (Ali-İmran  3/81)

Yuxarıdakı ayədə, nəbilərdən alınan ifadə misaq/söz, onlar vasitəsiylə ümmətlərdən alınan sözdür.İnsanlar bu sözü, əllərindəki Kitaba iman etməklə vermiş olurlar. Bu söz, ilahi bir kitaba bağlı olub bir nəbi gözləyənlərə, əllərindəki kitabı təsdiq edən bir nəbi gələndə, ona inanıb dəstəkləmə məsuliyyəti yükləyir. Bu məsuliyyətdən ötrü Əhl-i Kitaba, ilk inkar edənlərin özləri olmaması nəsihət edilmişdir. (Bəqərə 2/41) Yenə bundan ötrü, əllərindəki Kitabı təsdiq edən bir rəsulə inansalar özlərinə ikiqat mükafat veriləcəyi bildirilməktədir. (Qəsas 8/54) Bu məsuliyyət, Qurana hələ inanmamış olan bütün Əhl-i Kitab üçün qüvvədədir. Ayətdə keçən rəsul kəliməsinin bu cəhətiylə əhəmiyyəti olmalıdır. Çünki insanlar, əllərindəki ilahi bir Kitaba verdikləri sözü, bir “Nəbiylə” bərabər Allahın kitabını təbliğ edən bir “Rəsulə” inanaraq da yerinə gətirə bilərlər.

Rəsulullahın yaşadığı dövrdə yaşamamış insanlar üçün əllərindəki kitabı təsdiq edən “rəsul” əslində Quranı onlara təbliğ edən şəxslərdir. Bu, nəticədə təsdiq edənin Quran olması mənasına gəlir. Həqiqətən də özünə kitab verilən “nəbi”, “rəsul” vəsfiylə kitabı təbliğ etdiyi üçün “musaddiq” olan həm rəsul həm də kitabdır. Bu iki ayə bunu göstərməkdədir:

“Gün gəldi, Allah qatından onlara, əllərində olanı doğru sayan bir kitab çatdı. Daha əvvəl onun, inanmayanlara qarşı qabaqlarını açacağını ümid edirdilər. Nə vaxt ki, o gələcəyini əvvəlcədən bildikləri Quran onlara çatdı, onu görməməzlik etdilər. Allahın lənəti o kafirlər üzərinədir.” (Bəqərə 2/89)

“Nə vaxt Allah qatından, əllərində olanı təsdiq edən bir elçi gəlsə, özlərinə Kitab verilənlərdən bir qrupu tutub, Allahın kitabını arxalarına atarlar. Sanki bunu bilməyənlər kimi davranırlar.” (Bəqərə 2/101)

Yuxarıdakı iki ayəni bərabər fikirləşəndə, kitab və rəsul kəlimələrinin eyni mənaya gəldiyi görülür. Çünki insanlara “əllərində olanı təsdiq edən bir elçinin gəlməsi”, ancaq kitabla olur.

Elçilər kitabı təbliğ etdiklərinə görə,(1) onların gəlməsi kitabın yəni risalətin gəlməsi mənasına gəlir. Yuxarıda 89-cu ayədə, Əhl-i Kitabın bir nəbi gözləmələri, o nəbinin gəlməsiylə kafirlərə qarşı bir güc qazanacaqlarını umduqları, necəki gözlədikləri nəbi gəldiyi vaxt onun gözlənən nəbi olduğunu bilmələrinə baxmayaraq inkar etdikləri bildirilməkdədir. Əhl-i Kitabın, Rəsulullahın gözlənən nəbi olduğunu başa düşmələri, Quranın əllərindəki kitabı təsdiq etməsiylə mümkün olmuşdur. Necəki, Rəsulullahdan möcüzə istəyənlərə, Quranın əllərindəki kitabları təsdiq edən ayələri əhatə etməsinin, onlar üçün kifayət edəcək bir dəlil olduğu xatırladılaraq belə cavab verilmişdir:

“Sənə endirdiyimiz kitabdan  özlərinə oxuduqların, onlar üçün kifayət bir dəlil deyilmi?” (Ankəbut 29/51)

Təsdiq, külli (tamamilə) olmaya bilər. İlahi kitablar özlərindən əvvəlki kitabların bir qismini daha xeyirlisi ilə nəsx edə bilər. İsa (a.s.) Tövratı təsdiq edici olaraq gəlməsiylə bərabər haram edilən bəzi şeyləri də halal etmək üçün gəldiyini demişdir:

“Mən qarşımdakı Tövratı təsdiq edən və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gələn bir elçiyəm. Sizə Rəbbinizin bir sübutunu da gətirdim, Allahdan qorxun və mənə itaət edin.” (Əli-İmran 3/50)

“Quranın əvvəlki kitabları təsdiq etməsi, o kitablarda olan və Quranın da misliylə (eynisiylə) nəsx etdiyi ayələrə şamildir. Uca Allah belə buyurur:

“Özündə olanla əvvəlkiləri təsdiqləyən və müdafiə edən bu kitabı sənə həqq olaraq endirdik. O halda aralarında Allahın endirdiyi ilə hökm et. Sənə gələn doğruları buraxıb onların arzularına uyma.” (Maidə 5/48)

Yuxarıda keçən ayədə Kitab kəliməsinin iki dəfə təkrarlanması bunu göstərir. Yəni Quran, özündə olan ayələr nisbətində əvvəlki kitabları təsdiq etmiş olur. Bunu ayədə keçən “mühəymin” kəliməsi də təsdiqləməktədir. Quranın əvvəlki kitablar üzərində mühəymin olması, o kitabdakıların Allahın ayələri olub olmaması xüsusunda son söz sahibi olması mənasındadır.(2) Quranı qəbul etmək, bütün ilahi kitabları qəbul etmək mənasına gəlir. Bütün nəbi və kitablara iman etmək də ancaq belə mümkün olur.

Nəticə olaraq Quran, əvvəlki kitabları böyük ölçüdə təsdiq etmişdir. Bu, misliylə nəsxdir. Əvvəlki kitablardakı bir qisim hökümləri də daha xeyrlisi ilə nəsx etmişdir. Əlavə olaraq Quran, əvvəlki kitablarda gizlənən və ya üzərində mübahisə edilən mövzuları da təbyin (açıqlama) etmişdir.”

Mənbə: Fatih Orum, Quran və Sünnət Təməlində Quranı Anlama Üsulu, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2013, s: 137-140.

[1] Maidə 5/67, 92; Nəhl 16/35, 82; Əraf 7/62, 68, 79, 93; Hud 11/57; Əhkaf 46/23; Əhzab 33/39.

[2] Zəmaxşəri, el-Kəşşaf, II, 246.

Türk dilindən çevirən: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.