Müsəlmanlar

Orucumu qəsdən pozdum. Nə etməliyəm?

Sual: Mən Ramazan ayında orucumu qəsdən pozdum. Bunun üçün nə etməliyəm? Kəffarəsi var? Varsa, pul verib yerinə yetirə bilərəm? Bu məsələdə əsas meyar nədir?

Cavab: Ramazan ayında həddi-büluğ dövrünə çatmış və əqli cəhətdən normal olan hər bir müsəlman oruc tutmalıdır. Üzrsüz yerə oruc tutmamaq haramdır, böyük günah hesab olunur. Allah Quranda orucla əlaqədar olaraq belə buyurur:

“Orucu sayı məlum olan günlərdə tutun. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Sizdən kim bu aya yetişsə, onu orucla keçirsin. Kim də xəstə və ya yol üstündə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz”. (Bəqərə, 2/184-185)

Ayələrdə qeyd olunur ki, təkcə xəstə və səfər üstündə olanlar oruc tutmadıqları təqdirdə onu qəza edə bilərlər. Ramazan ayında üzrsüz yerə oruc tutmayan şəxs bütün ömrünü oruc tutmaqla keçirsə belə, o çatışmazlığı aradan qaldıra bilməz. Rəvayətə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Kim Ramazan günündə bir üzrlü halı və xəstəliyi olmadan yeyib içsə, bütün vaxtını oruclu keçirsə belə, həmin günün əskiyini tamamlaya bilməz.” ((Buxari, Savm, 29; Tirmizi, Savm, 27; İbn Macə, Siyam, 14; Darimi, Savm, 18; Əhməd ibn Hənbəl, 2/458, 470.))

Belə bir şəxs tövbə etməli və bir də eyni günah işi görməməlidir.

Oxşar bir sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3747.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.