Müsəlmanlar
Namaz nəyə görə bəzi müsəlmanları şirk günahından qorumur?

Namaz nəyə görə bəzi müsəlmanları şirk günahından qorumur?

Sual: Quranda deyilir ki, namaz insanı pis əməllərdən qoruyur. Elə isə bəzi müsəlmanlar nə üçün şirk günahına batırlar? Namaz onları bu pis əməldən qorumalı deyilmi?

Cavab: İnsan özünü şirk günahından qoruyub saxlamasa, heç bir şey onun müşrik olmağına mane olmaz. Məlumdur ki, peyğəmbərlər öz ibadətlərində nöqsana yol verməyiblər. Buna baxmayaraq Allah onlara da şirk məsələsində xəbərdarlıq edib. Bunu Qurandan öyrənirik:

De: “Məndən Allahdan qeyrisinəmi ibadət etməyimi istəyirsiniz, ey cahillər?”

Sənə də, səndən əvvəlkilərə də belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.”

Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!

Onlar Allahı layiqincə qiymətləndirə bilmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağında büküləcəkdir. O, onların (Ona) qoşduqları şəriklərdən uzaq və ucadır.” (Zümər, 39/64-67)

De: “Mən göyləri və yeri bölünmə qanunu ilə yaradan Allahdan başqasınımı dost tutacağam? O, hər şeyi himayə edir, ama Özünün himayəyə ehtiyacı yoxdur.” De: “Mənə bu əmr verildi: “Müsəlmanların ən qabaqda gedəni ol. Qətiyyən müşriklərdən olma!”

De: “O böyük günün əzabından qorxduğuma görə Rəbbimə asi olmaram.” (Ənam, 6/14-15)

Sualınızda qeyd etdiyiniz ayə isə budur:

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

“Sənə vəhy olunan kitaba tabe ol və namazı tam qıl. Çünki namaz həyasızlıq və pisliyə mane olur. Allahı zikr etmək əlbəttə ki, əzəmətli əməldir. Allah sizin nə etdiyinizi bilir.” (Ənkəbut, 29/45)

Namazın pis işlərə mane olmağı o deməkdir ki, namaz qılan insanın daxili dünyası bu məsələdə daha həssasdır. Belə bir insanın günah törətməyə davam etməsi, yaxud da Allaha şərik qoşmağı onu göstərir ki, qıldığı namazı lazımi qaydada qılmır. Həzrəti Muhəmmədin (s. a. v.) bununla əlaqədar bir hədisi belədir:

من لم تنهه صلاته عن الفحشاء والمنكر لم تزده من الله إلا بعدا

“Kimin namazı onu həyasızlıq və pis əməldən qorumursa, o namaz ona Allahdan uzaqlaşmaqdan başqa bir şey verməz.” ((Təbərani, Mucəmu-l-kəbir, 11-ci cild, s. 54.))

Çünki belə bir şəxs düzgün (haqq) yoldan çıxdığı halda namaz qıldığına görə özünü o yolda hesab edir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.