Müsəlmanlar
“2 günü eyni olan aldanıb” sözü hədisdir?

“2 günü eyni olan aldanıb” sözü hədisdir?

Sual: “2 günü eyni olan aldanıb” sözü hədisdir? Əgər hədisdirsə, alimlər tərəfindən nə cür qiymətləndirilir?

Cavab: Qeyd etdiyiniz hədis rəvayətinin mətni aşağıdakı kimidir:

Əbdüləziz ibn Rəvvad nəql edir:

Yuxumda həzrəti Muhəmmədi gördüm. Ona dedim ki, ey Allahın elçisi, mənə öyüd-nəsihət verin. O da cavab olaraq belə dedi:

“İki günü bir-biri ilə eyni olan insan ziyan içərisindədir. Günü gecədən (dünənindən) pis olan lənətlənib. (Gününə) nəsə əlavə etməyən ziyan içindədir. Ölmək onun üçün daha yaxşıdır. Cənnəti arzulayan xeyirli işlər görər.”

Hədis alimlərindən əl-Fəttəni (vəfat tarixi 986-cı il) və Əliyyu-l-Qari (vəfat tarixi 1014-cü il) bu hədisi Beyhəqidən rəvayət etdiyini bildiriblər. Onlar bunu saxta hədislərlə əlaqədar kitablarında qeyd ediblər. ((Muhəmməd ibn Tahir əl-Fəttəni, Təzkiratu-l-mövzua, s. 22; Əliyyu-l-Qari, əl-Əsraru-l-mərfua fi-l-əxbari-l-mövzua, s. 219; Qeyd edilir ki, bu hədis Beyhəqinin Zühd adlı əsərində də var. Bununla belə, orijinal nüsxədə olub olmaması məsələsi mübahisəlidir. Bununla əlaqədar olaraq baxın: Ənbiya Yıldırım, “Beyhəqi və hədis rəvayətində yuxuya verdiyi qiymət”, Cumhuriyyət Universiteti İlahiyyat fakültəsinin elmi jurnalı, 5-ci cild, nömrə 1, 2001-ci il, s. 183.))

Əlavə olaraq, deyilir ki, Deyləmi bu hədisi həzrəti Əli ibn Əbu Talibə zəif bir sənədlə aid etməklə nəql edib. ((Baxın: Səxavi, əl-Məqasidu-l-həsənə, s. 471.))

Digər tərəfdən də bu rəvayət tabein alimlərindən olan Həsən Bəsriyə sənəd göstərilmədən izafə edilib. ((Baxın: Əbu-l-Leys əs-Səmərqəndi, Tənbihu-l-qafilin, s. 220.)) Eyni zamanda məşhur təsəvvüfçülərdən biri olan İbrahim ibn Ədhəmə aid olunan bir rəvayətə əsasən Həsən Bəsri bu hədisi həzrəti peyğəmbərdən yuxuda alıb. ((Baxın: Əbu Nueym, Hilyətu-l-övliya, 8-ci cild, s. 35.)) Başqa rəvayətlərə baxdıqda isə məlum olur ki, hədisi həzrəti peyğəmbəri yuxuda görməklə alan Süleym oğullarından bir şeyx və ya başqa bir nəfər olub. Bütün bunlar da göstərir ki, bu yuxunu kimin gördüyü məlum deyil. Yəni, bu məsələdə belə bir anlaşmazlıq və qeyri-müəyyənlik var. ((Baxın: İbn Əbu-d-Dünya, əl-Mənamat, s. 144; Xətib əl-Bağdadi, İqtizau-l-elm, s. 319.))

Qeyd edilməlidir ki, hədis alimləri tərəfindən müəyyən olunan rəvayət etmə metodlarının siyahısında yuxu deyilən bir şey yoxdur. Odur ki, yuxu və kəşf vasitəsilə hədis rəvayəti məqbul hesab olunmur. Bu fikirdə olan bəzi alimlər bunlardır: Əliyyu-l-Qari, Ləknəvi, Mübarəkfuri, İzmirli İsmayıl Haqqı, Əbdülfəttah Əbu Ğuddə, Albani, Əhməd əz-Zeyn, Xeyri Qırbaşoğlu, İbrahim Canan. ((Baxın: Seyit Avcı, Kəşf yolu ilə hədis rəvayəti məsələsi”, Din bilimleri akademik araşdırma jurnalı, 4-cü cild, nömrə 4, dekabr, 2004-cü il, s. 183 və digərləri.))

Yeri gəlmişkən, mərhum hədis elmləri professoru İbrahim Cananın aşağıdakı fikirləri bu məsələyə aydınlıq gətirir:

“Bəzi kitablarda mükaşifə və yuxu vasitəsilə həzrəti peyğəmbərdən alındığı deyilən sözlərə hədis deyilə bilməz, onların dini bir qiyməti yoxdur. Çünki yuxu təkcə onu görən şəxs üçün bir məna ifadə edir. Halbuki hədis Qiyamətədək hamı üçün dini hökmlər bildirən bir şeydir. Bunun da öz qayda-qanunu, obyektiv şərtləri var; hədis həmişə yoxlanması və təhqiq edilməsi mümkün olan bir rəvayətdən keçir. Bunun əksini irəli sürən və subyektivliyi əsas götürən heç bir sünni hədis alimi olmayıb.” ((MƏNBƏ: İbrahim Canan, Kütubi-sittə müxtəsəri tərcümə və şərhi, 2-ci cild, s. 68.))

Məlumdur ki, hədis alimləri mötəbər hədisləri bir yerə yığmaq üçün səyahətə çıxıblar. Hədisləri rəvayət edənlərin kim olduqlarını müəyyənləşdirib nə dərəcədə mötəbər olduqlarını bildirmək üçün müxtəlif kitablar yazıblar. İndi də belədir. İnsanlar hədis elmini öyrənmək üçün illərlə zəhmət çəkirlər. Həm savabı, həm də səhvlərlə birlikdə 1000 ildən çox davam edən bu cidd-cəhdləri hədis elmi barədə yazılmış və sayları yüzlərlə cildə çatan kitablara baxdıqda görmək olar.

Deməli, hədisləri kəşf və ya yuxu vasitəsilə nəql etmək münasib bir şey olsaydı, heç belə əzab-əziyyət və zəhmətə ehtiyac qalmazdı.

“İki günü eyni olan ziyandadır” rəvayəti mötəbər hesab edilən hədis kitablarında qeyd olunmayıb. Yuxu vasitəsilə peyğəmbərdən alındığı irəli sürülən rəvayətləri qəbul etmək ən yüngül ifadə ilə desək, hədislə məşğul olanlara hörmətsizlikdir.

Suala cavab verdi: Cüneyt Coşkun

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.