Müsəlmanlar

Banklardan kredit götürmək pulu pulla almaq demək deyilmi?

Sual: Banklardan kredit götürdükdə deyilir ki, bank faizli borc verir və bu, İslama əsasən haramdır. Amma avtosalondan maşın aldıqda deyirlər ki, bu, nisyə mal almaq kimidir, yəni, al-verdir. Bu isə halaldır. Halbuki biz belə fikirləşə bilərik: Bank da pul satır, pul onun satdığı maldır və hər iki tərəf (həm bank, həm də krediti götürən) də buna razıdır. Belə olan halda buna nə üçün al-ver deməyək?

Cavab: Ticarət (al-ver) bir malı başqa bir malla dəyişdirmək deməkdir. Borc isə eyni malın müəyyən müddətə qədər dəyişdirilmə əməliyyatıdır. Bəli, deyilir ki, banklar pul satırlar. Əslində isə bu, al-ver deyil, borc əməliyyatıdır. Çünki bank əvvəlcə pulu (kredit) verir, sonra da eyni pulu və onun artığını – faiz alır. Odur ki, əsas olan əməliyyatın adı deyil, mahiyyətidir, necə deyərlər, məğzidir. Vədəli satış və faizin arasında oxşarlıq olmağı onların eyni şey olduğunu göstərmir.

Faiz borcdan gələn gəlirdir. Borclar misli ilə qaytarılır. Yəni, 100 manat borcu olan 100 manat qaytarır. Əvvəlcədən bağlanan bir müqaviləyə əsasən borclunun ödəyəcəyi (ödədiyi) hər bir artıq miqdar faizdir. Al-ver isə iki ayrı malı dəyişdirməkdir.

Əsl fərq borcun öz vaxtında qaytarılmamağı halında üzə çıxır. Vədəli satışda vaxtında ödənməyən borcun üstünə əlavə bir şey gəlmir. Çünki belə olsa (bu əlavə), faiz olar. İnflyasiyanın olduğu bir şəraitdə borcun gecikməsi ucbatından yaranan qiymət itkisini almağın isə faizlə bir əlaqəsi yoxdur. Qısa desək, bu, faiz deyil. Çünki o, borcun yiyəsinin ziyana düşməyinin qarşısını almaq və borclunun nahaq yerə qazanc götürməyinə mane olmaq üçündür.

Faizli borclar belə deyil. Vaxtında ödənməyən borcun alınmağı üçün bir tərəfdən təminatlar işə qarışdırılır və müsadirə əməliyyatları aparılır, digər tərəfdən də təzə faiz nisbəti müəyyən olunur və keçən hər bir gün üçün borca əlavələr olunur. Bu isə borcunu qaytarmaqda onsuz da çətinlik çəkən borclunu tamamilə məhv edir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.